Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

-

“Hə, yəqin ki, mən – probleməm. Əvvəllər mənim şəxsim nə isə dəyərli bir şeyi təcəssüm eləyirdi, amma indi yalnız probleməm. Masamın üstündə ssenari olmalıdı, amma hələ oxumamışam”.

Hollywoodun susqun simalı aktyoru: Bill Murray

Hollywoodun ən yaxşı komik aktyorlarından biri olan Bill Murray mehriban təbəssümü, hazırcavablığı, yüngül ironiyası və özünə qarşı kinayəsi ilə elə ilk görüşdən qarşısındakı insanda xoş təəssürat oyadır. Sanki o, hər şeyə qeyri-ciddi yanaşır və özünü o qədər də əhəmiyyətli insan hesab eləmir. Onun zahiri görünüşü, sadə geyimləri də bundan xəbər verir. B. Murray ürəyəyatımlı danışıq tərzi var, fikirləri heç vaxt dolaşmır, söhbət zamanı bir mövzudan o birinə “hoppanmır”. Lakin hərdən suallara birbaşa cavab verməkdən qaçır.

Bill Murray ona ilk uğuru qazandıran "Kabus ovçuları" filmində

Bill Murray ona ilk uğuru qazandıran "Kabus ovçuları" filmində

Əksər tamaşaçılar üçün Bill Murray adı hər şeydən əvvəl “Kabus ovçuları”, “Dağ siçanı günü”, “Tutsi” komediyaları, “Tərcümənin çətinlikləri” dramı ilə assosiasiya olunur. Amma onun “Şənbə günü axşam” şousunda necə aparıcılıq etdiyini xatırlayanlar da tapılır.

Murrayın filmoqrafiyasında ən müxtəlif filmlərdə ikinci dərəcəli xeyli rol var. Ona görə yox ki, onu baş rollara dəvət etmirlər, ona görə ki, özü aktiv işləməyə çox da həvəsli deyil. İş ondadır ki, Murray Hollywoodda təkcə filmləri, televiziya şouları ilə yox, həm də gözlərdən uzaq həyat keçirməyi ilə məşhurdur. Murrayın agenti, ya da meneceri yoxdu, layihələrə dəvəti isə həmişə sönülü olan telefonun avtocavabı “çatdırır” ona. Deyilənə görə, Bill avtocavablayıcını da nadir hallarda yoxlayır, buna görə də dəvət alıb oynaya bilmədiyi xeyli rollar var. Özü bu barədə danışanda “mən heç kimin həyatını

Bill Murray

Bill Murray

çətinləşdirmirəm, sadəcə öz həyatımı yaşayıram. Əgər sizi yırtıcılar izləyirsə, sağ qalmağın ən yaxşı yolu onlardan uzaq durmaq, onların gəzdiyi cığırlara ayaq basmamaqdır. Bizim biznesdə məni tapmağı yalnız ən yaxşılar bacarıblar, o da həqiqətən vacib olanda. Əslində mən heç bir yaxşı layihəni əldən buraxmamışam. Bütün karyeram boyu oynamaq istədiyim, ancaq almadığım bircə rol olub. Onu da xəbərim olmadığına görə almamışam ” deyir.

***

Bill Murray (William James Murray) 21 sentyabr 1950-ci ildə İllinoys ştatının Uilmett şəhərində dünyaya gəlib - odun hazırlayan şirkətdə satış üzrə agent işləyən irlandiyalı Edvard Murrayla evdar qadın Lyüsil Doylun ailəsində. Ailədəki doqquz uşağın beşincisidi. Qatı katolik olan valideynləri uşaqlarını iezuit məktəbinə göndəriblər. Amma Bill nə onda, nə də sonrakı illərdə təhsil maraqlandırmır. Onu daha çox qolf oynamaq, sinif yoldaşları ilə dalaşmaq, müəllimlərinin karikaturasını çəkmək, məktəb teatrında oynamaq cəlb edirdi – sonuncu ilə sənətə həvəs göstərdiyinə görə yox,qızlara baxmaq üçün məşğul olurdu.

Məktəbi bitirib Denverdə tibb kollecinə daxil olanda da vəziyyət dəyişmir. O, demək olar ki, dərslərə girmir, marixuana çəkir, tez-tez gecəni polis bölməsində keçirir. Onsuz da kolleci bitirmək də “qismət olmur”, marixuana daşıdığına görə Denver Hava limanında həbs olunandan və qısa müddət həbsdə yatandan sonra kollecdən qovulur. Əslində bu hadisə olmaya bilərdi, əgər Bill polislərlə zarafat etmək fikrinə düşməsəydi. Hava limanının mühafizə xidməti gənc oğlana, Bill çamodanında bomba olduğunu qışqırandan sonra fikir vermişdi. Yoxlama zamanı Murrayın çamodanından bomba əvəzinə marixuana çıxmışdı.

Bill Murray "Tərcümənin çətinlikləri" filmində

Bill Murray "Tərcümənin çətinlikləri" filmində

Bu hadisədən sonra Çikaqoya qayıdan Bill bir müddət təsadüfi işlərdə başını girləyir. Qardaşı, Çikaqonun ən məşhur aktyorluq kurslarından biri olan “Second City”də aktyorluq sənətinin sirlərini öyrənən Brayan Doyl Murray ona özünü sınamağı təklif edənə qədər.

Studiyada ilk imtahan Billin qeyri-adi aktyorluq istedadını üzə çıxarır. Hətta ona təqaüd də ayırırlar və Bill digər tələbələrdən fərqli olaraq kursda pulsuz oxuyur.

Murray aktyorluq dərslərinə də başdansovdu yanaşsa da, bu dəfə istedad öz işini görür. O, ciddi səy göstərmədən “Şənbə günü axşam” adlı məşhur teleşouya, ordan da Hollywooda dəvət alır.

Bill Murrayın Hollywoodda ilk ciddi rolu “Qolf klubu” adlı filmdə (rej.Harold Ramis; 1980) oynadığı qolf meydançasının sahibi Karl olur. Aktyor həmişə müsahibələrində bu filmi məmnuniyyətlə xatırlayır və deyir ki, sevimli hobbisindən bəhs eləyən bu film onu kinematoqrafiya ilə barışdırıb.

Ondan bir il sonra azbüdcəli “Küftələr” filminə çəkilən aktyor bu filmdə iştirak etməyə bir şərtlə razılıq verir – oynadığı rola görə ona qonorar yox, filmin prokatından faiz verilməlidi. Agenti, “heç kimin tanımadığı bir aktyor üçün belə bir tələb ağılsızlıqdı, buna görə səni industriyadan birdəfəlik uzaqlaşdıra bilərlər” deyərək onu fikrindən döndərməyə çalışsa da, Bill daşı ətəyindən tökmür. Nəticədə filmin prodüserləri aktyorun tələbini qəbul eləyirlər. Prokatdan 43 milyon dollar gəlir götürən film aktyoru varlandırır.

Bill Murray və Bruce Willis

Bill Murray və Bruce Willis

Ancaq aktyor kimi ilk böyük uğurunu Sydney Pollackın məşhur “Tutsi” (1982) filmində oynadığı ikinci dərəcəli rolla - Dustin Hoffmanın qəhrəmanının ən yaxın dostu – qazanır. Məhz, bu roldan sonra kino tənqidçiləri ona diqqət yetirməyə başlayır, ifasını göylərə qaldırırlar.

1984-cü ildə Ivan Reitmanın “Kabus ovçuları” komediyasında Peter Venkman roluna çəkiləndən sonra isə bütün dünyada məşhurlaşır.

Adətən, şöhrətin zirvəsinə çatan, onu bir dəfə dadan insan zirvədə qalmaq üçün əlindən gələni eləyir. Xüsüsən də, insanı zirvəyə qaldırdığı kimi bir anda yerə çırpmağa qadir Hollywoodda. Amma Bill Murray 4 illik fasilə götürür və Sarbonnaya fransız dilini öyrənməyə gedir.

Dörd ildən sonra Hollywooda qayıdan aktyor hər şeyə başdan başlayır, bir neçə ortabab filmə çəkilir. Lakin bu dəfə uğur ondan üz döndərir. Yalnız 1989-cu ildə “Kabus ovçuları”nın ikinci hissəsi ekranlara çıxanda Murray dörd il əvvəlki şöhrətinə qovuşa bilir.

***

Bill Murrayın hazırda 66 yaşı var. Hollywooda qədəm basdığı gündən indiyə qədər, təxminən, 60-a yaxın filmə çəkilib. Bəzilərində baş, əksəriyyətində ikinci, üçüncü dərəcəli rolları, bəzilərində də özünü oynayıb.

Bill Murray onu ən çox tanıtmış "Dağsiçanı günü" filmində

Bill Murray onu ən çox tanıtmış "Dağsiçanı günü" filmində

Bu altmış filmin arasında tamaşaçıların yadında, məhz, Bill Murraya görə qalan ekran əsərlərinin sayı barmaqla sayılacaq qədərdi – Harold Ramisin “Dağ sıçanı günü” filmi (1993) kimi... Hərçənd aktyor bu filmdə canlandırdığı jurnalist Phil Connors obrazına görə Oskar alacağına ümid edirdi və bu arzusu gözündə qalmışdı – tənqidçilər də, tamaşaçılar da filmə layiq olduğu qiyməti vermişdilər. Elə Murray özü də onu ən yaxşı filmlərindən biri hesab eləyir. Hollywoodun kult filmləri siyahısına salınmış “Dağ siçanı günü”, Murraya Amerikanın ən istedadlı komik aktyorlarından biri titulunu qazandırır. Lakin bu filmdən sonra onun karyerasında yenə qara xətt başlayır, təxminən, beş il maraqlı rolları olmur.

90-cı illərin sonlarında Murrayın yaradıcılığında yeni mərhələ başlayır – o, müstəqil filmlərdə dramatik rollara dəvət alır – Wes Andersonun “Raşmor akademiyası”, “Su həyatı”, Jim Jarmushun “Kofe və siqaret”, “Sındırılmış çıçəklər”, Sofia Coppolanın “Tərcümənin çətinlikləri” filmində çəkilir.

1999-cu ildə “Raşmor akademiyası”ndakı roluna görə ikinci dəfə “Qızıl qlobus”a namizəd olur.

“Tərcümənin çətinlikləri” filmi Murraya Britaniya kinoakademiyasının “Qızıl Bafta” mükafatını, “Qızıl Qlobus” və “Oskara” namizədlik (ən yaxşı kişi roluna görə; 2004) qazandırır.

Jim Jarmushun “Sındırılmış çiçəklər” filmi isə 2005-ci ildə 58-ci Kann kinofestivalının Qran-prisinə layiq görülür. (Yeri gəlmişkən, bu filmdə Murrayın oğlu Homer epizodik rollardan birini oynayır).

Bill Murrayın son oynadığı filmərdən biri "Sındırılmış çiçəklər"

Bill Murrayın son oynadığı filmərdən biri "Sındırılmış çiçəklər"

Sadalanan filmlər Bill Murrayın komediya qədər dram janrında da son dərəcə istedadlı olduğunu ortaya çıxardır.

***

O ki qaldı aktyorun şəxsi həyatına... yazının əvvəlində onun gözlərdən uzaq yaşamağa üstünlük verdiyini qeyd eləmişdik. Bill Murray şəxsi həyatı barədə çox nadir hallarda danışır.

Ancaq məlumdur ki, ilk dəfə 1980-ci ildə, uzun müddət sevgili kimi yaşadığı Margaret Kelli ilə evlənib. Cütlüyün ailə həyatı on üç il sürüb, iki oğulları olub. Artıq Hollywood ulduzlarının sırasına qoşulan Murray tez-tez içki məclislərində olmağa, dava salmağa başlayıb və arvadı ilə münasibəti də korlanıb.

Murray ikinci həyat yoldaşı, geyim rəssamı Jeniffer Butlerlə “Yeni milad nağılı” filminin çəkilişləri zamanı tanış olub. Marqaretlə münasibətləri günü-gündən gərginləşən aktyor təsəllini Jenniferin qoynunda axtarıb. Ərinin sevgilisi olduğunu öyrənən Margaret boşanmaqdan imtina eləyib. Murray Jenniferin evinə köçüb. 1993-cü ildə onların Jackson adlı oğlu dünyaya gəlib. Bir il sonra isə Margaret boşanmağa razılıq verib.

Bill Murray Eric Claptonla birlikdə konsert verir

Bill Murray Eric Claptonla birlikdə konsert verir

Üç ildən sonra yenidən ata olacağını öyrənəndə Bill Jeniferə evlənmək təklif edib.

2006-cı ildə artıq dörd uşağı olan Jeniffer aktyordan ayrılıb, 2008-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Aktyoru əyyaşlıqda, narkotiklərdən istifadədə, xəyanətdə ittiham eləyən Jeniffer boşanmadan sonra bir neçə milyon dollar alıb.

Bill Murrayın üç qardaşı – Con, Coel və Brayan da aktyordu. Onlar birlikdə “Təzə milad nağılı” filmində çəkiliblər (1988).

Günün bütün mövzuları

XS
SM
MD
LG