-
Türkiyə ölkənin cənub-şərqindəki kürd yaraqlılara qarşı ən böyük hərbi əməliyyatını keçirir. Bunu Prezident Recep Tayyip Erdogan sentyabrın 8-də bəyan edib.
Erdogan deyib ki, PKK-ya bağlı dövlət qulluqçularına qarşı əməliyyatları bu silahlı qruplaşmayla savaşın əsas elementidir.
Bu arada PKK ilə əlaqəli olmaqda şübhəli bilinən minlərlə müəllimin işdən çıxarılması, ordunun isə onlarla PKK-çını öldürməsi barədə məlumatlar yayılıb.
Türkiyə ordusu çərşənbə günü 186 PKK-çının öldürüldüyünü bildirib.
Təhsil nazirliyi isə “Twitter” hesabında yazıb ki, “separatçı-terrorçu quruma bağlı” 11 min 285 nəfər işdən çıxarılıb. Həmin müəllimlər istintaq bitənədək maaşlarının üçdə ikisini alacaqlar, Anadolu agentliyi belə yazır.
1984-cü ildən bəri PKK ilə savaşda 40 min nəfər həlak olub. Ötən ilin iyulundan qruplaşmayla atəşkəs də pozulub.