Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:20

Əlisa Nicat: Azərbaycan xalqının vecinə də deyil hakimiyyətdə kimdir, kim gələcək


Yazıçı Əlisa Nicat.
Yazıçı Əlisa Nicat.

-

Bu günlərdə Azərbaycan yazıçısı və tərcüməçisi Əlisa Nicatın 80 yaşı tamam olub. O 60 ildir ki, ədəbiyyata xidmət edir və bu illər ərzində yazdığı əsərlərin sayı 50 cilddən çoxdur. Lakin Əlisa Nicat heç bir yazıçı təşkilatına, siyasi partiyaya, ictimai dərnəklərə qatılmadığı üçün cəmiyyət onu az-az görür. Yazıçı ədəbi fəaliyyəti, ictimai düşüncəsi, ölkəmizdəki siyasi hadisələrlə bağlı münasibətini Oxu Zalı ilə bölüşüb.

– Əlisa bəy, 80 illik yubileyiniz münasibətilə sizi təbrik edirəm. Demək olar ən çox yaşayan yazıçılarımızdansınız. 85-90 illiyinizlə bağlı hansı gözləntiləriniz var?

– Xüsusi heç bir şey. Özümü elə bir dar, məhdud çərçivəyə salmışam ki, hər iki tərəf hündür, dar hasardı. Təsəvvür edin ki, iki hasarın arasından güclə yeriyirəm. Bu yolun axırı da, əvvəli də bilinir. Ona görə də bu yaşdan sonra fərqli nəsə olacağına inanmıram.

Bununla yanaşı gənc dostlarımızdan biri çalışır ki, Nietzsche haqqında kitabımı Almaniyada çap etdirsin. Hazırda kitab üzərində işlər gedir. Bir də hekayələrimi İngiltərədə çap etmək üçün götürüblər. Amma tərcüməçi tapılmır. Yəqin, ümid edirlər ki, hardansa 1500 avro tapacam və kitabımı tərcümə etdirəcəyəm. Bu məsələ də hələki göydə qalıb. 100 yaşıma qədər yaşayacağamsa belə, bu 20 ildə xüsusi nəsə dəyişəcəyini gözləmirəm. Hətta hardasa çay qırağında bir otaqlı evim olacağı, balıq tutacağımla bağlı arzularım da çox uzaqda görünür.

- 80 illik yubileyinizlə bağlı dövlətdən, Yazıçılar Birliyindən təbrik aldınızmı? Bir vaxtlar deyirdiniz ki, Fatma Abdullazadə sizə qadağalar qoyur. Bu qadağalar davam edirmi?

Mən yalnız bir dənə Prezident təqaüdünü gözləyirəm. Onu da deyirəm ki, neftin puludur və bu da xalqa məxsusdur. Kimsə cibindən çıxardıb vermir ki?

- O qadağalar öz yerində qalır. Heç özüm də nəsə gözləmirəm. Tutalım, sabah desələr ki, sənə hansısa münasibətlə fəxri ad, orden-medal verəcəyik imtina edərəm. Çünki qəbul etsəm, onda mən də qoşuluram o cərgəyə. Necə ki, böyük bir kəsim dindar olur, milyardlıq dəstəyə qoşulur. Əgər şəxsiyyətsənsə, heç vaxt dəstəyə qoşulmamalısan. Qoyun sürüyə qoşulur axı. Nietzsche deyir ki, "Kütlənin qoşulduğu nəyəsə sən də ona qoşuldunsa olursan onların bir tayı". İndi mən bütün günü Anarı, Elçini tənqid edirəm, onların yaradıcılığını namenklatura adlandırıram. Bütün bunlardan sonra onların aldığı ünvanları alsam, həmin cərgəyə qoşulsam düz gəlmir. Adamdam soruşarlar dediyin hara, etdiyin hara?

Mən yalnız bir dənə Prezident təqaüdünü gözləyirəm. Onu da deyirəm ki, neftin puludur və bu da xalqa məxsusdur. Kimsə cibindən çıxardıb vermir ki? Ona görə də düşünürəm ki, həmin təqüadə haqqım çatır. Ona da Fatma Abdullazadə Ərəb-Zəngi kimi qabağımı kəsib.

Orden-medal almaq üçün heç olmasa gərək heç danışmayasan. Bunları tərifləməsən də, gərək tənqid də etməyəsən. Onda bəlkə sənə də müəyyən adlardan verərlər. Amma mən aktiv tənqid edirəm. Tənqidsiz də mümkün deyil axı. Kimsə bunları deməlidir. Gedib müxtəlif ölkələrdə abidə tikirlər, park salırlar ancaq öz xalqına əl tutmurlar. Başqa ölkədən gələn işçiyə yüksək maaş verirlər, ancaq öz vətəndaşına qəpik-quruş.

Buna da bax: "Yazıçı Əlisa Nicatın 80 yaşı tamam olub"

– Tələbələriniz 80 illik yubileyinizlə bağlı kitab hazırlayıb. Hər halda bu bütün orden-medallardan üstündür...

Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab.
Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab.

– Azərbaycanda çox az adam var ki, sağlığında ona həsr olunmuş məqalələrdən ibarət kitab çıxsın. Səhv etmirəmsə, Bəxtiyar Vahabzadə haqqında var idi. Ama mən Bəxtiyar Vahabzadə kimi akademik deyiləm, böyük şöhrətim yoxdu, heç bir vəzifəli qohumum, pulum, sərvətim də yoxdur. Buna rəğmən uşaqlar mənim haqqımda ürək dolusu yazılar yazıblar, kitab çap etdiriblər. Kitabda çox gözəl epitetlər var. Bu mənə kifayət edir ki, “80 illik yubileyimi gözəl keçirdim” deyə bilim. Düşünmürəm ki, mənim qədər xoşbəxt adam olsun. Kitabda həm dəqiq analizlər, tənqidi yanaşmalar, həm də mənim şəxsiyyətim, mövqeyim haqqında maraqlı yazılar var. Buna görə də onların hər birinə minnətdaram.

– Türkiyədə baş verən prosesləri izləyirsinizmi? Sizcə Türkiyənin Osmanlılara meyl etməsinin Azərbaycana hansısa bir zərəri varmı?

– Bizə heç bir dəxli yoxdur. Türkiyə ayrı bir dövlətdir, biz isə ayrı. Amma Ərdoğanın özü milliyyətcə türk yox, lazdır. Lazlar da Türkiyəyə gəlmə

Bütün bu çevriliş söhbətləri Ərdoğanın uydurmasıdır. Başdan-ayağa mənasız uşaq oyunudur.

gürcülərdir. Ona görə də Ərdoğan türkləri sevmir. Hamı bilir ki, mənim Türkiyə xalqına böyük hörmətim var. Hətta Türkiyənin müstəqilliyi ilə Sovet dövründə belə fəxr etmişəm. Ərdoğan hökuməti artıq diktaturaya keçib. Kimi istəyir öldürür, kimi istəyir həbs edir. Türkiyə də Azərbaycan kimi bir dövlət olub. Bütün bu çevriliş söhbətləri Ərdoğanın uydurmasıdır. Başdan-ayağa mənasız uşaq oyunudur. Bütün bu oyunların səbəbi odur ki, istəyir öz diktaturasını möhkəmləndirsin. Çünki Türkiyədə hərbçilər çox güclü idi. Hərbi sistem elita idi. Türkiyədə üç dəfə hərbi çevrilişin şahidi olmuşam. Türkiyədə həqiqi demokratiyanı boğmaq istəyən, diktatura yaratmaq istəyən kim olurdusa, hərbçilər onu hakimiyyətdən salırdı. Ərdoğan da bunu bilirdi və birinci növbədə də işi hərbçiləri axtalamaq oldu. Öz istəyinə də çatdı. Hərbçilərin içində kişi kimi sözünü deyən generalları həbs etdirib. İndi bunun yolu diktaturaya tam açıqdı.

– Siz deyirsiniz ki, hərbi çevriliş demokratikiyanı bərqərar edib. Ancaq Türkiyədəki bütün əsas müxalifət partiyaları ­- hansıki, hərbçilərə daha yaxındılar - CHP və MHP hərbi çevrilişi pisləyirlər. Çevrilişin demokratiyaya böyük zərbə olduğunu deyirlər.

– Əvvəla, Ərdoğan hamının gözünü qorxudub. Bir növ qorxularından deyirlər. Birinci səbəb budur. Yəni qorxurlarki, partiyamı da ləğv edərlər, özümü də həbs. İkincisi də, bu yolla çalışırlar ki, partiyalarının imkanlarını genişləndirib, öz sözlərini deyə bilsinlər.

Əlisa Nicatın Türkiyədə çap olunmuş "Qızılbaşlar" kitabı.
Əlisa Nicatın Türkiyədə çap olunmuş "Qızılbaşlar" kitabı.

Axırıncı dəfə Evren çevriliş etdi, prezident səlahiyyətini götürdü, sonra ölkədə demokratik mühit yaratdı. Sonra da hakimiyyəti Turqut Özala verdi və çəkildi. Çevriliş edən hərbçilərin heç biri hakimiyyətdə uzun müddət qalmayıblar. Ərdoğan kimi hakimiyyət uğrunda min cür oyundan çıxmayıblar. Ona görə hərbçilər demokratiyaya qəsb edə bilməzlər. Bu çevriliş axı yalançı idi. Boş saraya yalandan güllə atırlar. Çevriliş belə olmur. Banqladeşdə Motiur Rəhman var idi. Banqladeşin müstəqilliyini elan etdi və Pakistandan ayrıldı. Bundan sonra özünə güvəni bir az da artdı. Bir tərəfdən də SSRİ-nin təsiri ilə, dedi ki, Banqladeşdə sosializm quracağam. Bunu görən hərbi məktəbin kursantları Rəhmanı, ata-anasını, əmilərini, dayılarını, yeznələrini, bacılarının uşaqlarınıgüllələdi. Çevriliş belə olur. Bu necə çevrilişdi ki, Ərdoğanın adamlarının birinin də burnu qanamadı?!

Moskva 15 iyulda Türkiyədən canlı yayım verirdi. Özü də baş verənləri lağa qoyurdular ki, bu necə çevrilişdi axı? Sonra Ərdoğan Dumada Putindən üzr istədi və kanallardan yığışdırıldı.

Bir də deyim ki, Fətullah Gülənin elə çox gücü yoxdur. Ərdoğanın özü də dini adamdı və din vasitəsilə hakimiyyətə gəlib. İkisi də dindardısa niyə bir-biri ilə mübarizə aparır? Özü də Fətullah Gülənin üzündən görünür ki, bəsit adamdır. Düzü heç ondan da xoşum gəlmir. Bizim mollalardan da savad səviyyəsi aşağı olan birisidir. Sadəcə Ərdoğan ondan istifadə edir.

Buna da bax: "Güntay Gəncalp: Azərbaycan bir ailənin özəl mülkü deyil"

– Azərbaycan da referenduma hazırlaşır. Referendumla bağlı fikirləriniz nələrdir?

– Azərbaycanda son illər neçə dəfə seçkilər olub? Dünya mətbuatı bu barədə nə yazıb? Yazıb ki, bütün seçkilər saxtalaşdırılıb. Necə oldu ki, bütün seçkilər saxtalaşdırıldı, referendum isə ideal keçirildi. Elə şey olarmı? Deməli, cənablara nə lazımdı, o da elan olunacaq. Seçkilərin nəticəsi açıqlanacaq ki, 65 faiz səs yığılıb, onunla da məsələ bağlanacaq.

Ümumiyyətlə Azərbaycan xalqının vecinə deyil ki, hakimiyyətdə kimdir, kim gələcək, kim gedəcək? Xalq kreditlə maşın alıb, oturub taksilərdə. Gözünü zilləyir ki, görüm kim bir manat pul verəcək. Azərbaycan xalqı küçələrdə siqaret satır, alver edir. Xalqımızın təbiəti budur. Burda nə iqtidarın nə də başqa qüvvələrin günahı yoxdu. Xalqın siyasi şüuru sıfır dərəcəsindədir.

– Sizin Füzuli ilə bağlı belə bir fikriniz var. Deyirsiniz ki, Füzulinin əsərləri ancaq gözəllərin təsvirindən ibarətdir. Bu o deməkdirmi ki, Füzulinin əsərlərində fəlsəfi fikirlər yoxdur?

Milli Kitabxanada Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab sərgisi.
Milli Kitabxanada Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab sərgisi.

– Yox, Füzulidə dərin fəlsəfi fikirlər çoxdur. Bəla burasındadır ki, türkcə yox farsca yazırdı. Xalqın başa düşmədiyi dildə. Sabiri kimdən soruşsan tanıyırlar. Çünki öz dilimizdə yazırdı. Kimdir Füzulinin əsərlərini qarşısına lüğət qoyub oxuyan? Adicə vağzalda Cəfər Cabbarlının heykəlini göstərib soruşdum ki, bu kimin heykəlidi, hamı ağzını büzüb dedi ki, sən də avara qalmısan, nə bilim kimindi? Ona görə gərək xalqa təmiz öz dilində yazmaq lazımdı.

Səməd Vurğunun yaradıcılığı başdan-ayağa məddahlıq, yaltaqlıqdı.

– Məsələn Səməd Vurğun kimi?

– Dil baxımından Səməd Vurğun kimi, amma mövzu baxımından yox. Səməd Vurğunun yaradıcılığı başdan-ayağa məddahlıq, yaltaqlıqdı. Məşhur şeirdə belə bir misra var idi “Afrikadan, Hindistandan, Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar”.

Ay rəhmətlik, yaltaqlığın da bir meyarı olar da. Axı quşlara necə zülm edə bilərlər? Desən ki, zəncilərə zülm edirlər, bunu başa düşərəm.

Buna da bax: "Səməd Vurğun: "Bizdə partiya kimi sevirsə, xalq da onu sevir""

– Ancaq belə bir fikir var ki, Səməd Vurğun yaltaqlanmaq üçün yox, sadəcə inandığı üçün yazırdı.

– İnanıb-inanmamağının əhəmiyyəti yoxdur. Tutaq ki, inanırdı. Söhbət ortada olandan gedir. Səməd Vurğunun 5 cildiyi var. Deyək ki, 50 min misrası. Onun da 49 mini partiya, Lenin, Stalin haqqındadır. “Komsomol” poeması yazıb. Azərbaycanda Sovet hakimiyyəti gələnə qədər komsomol nə gəzirdi? “Şamo” romanı yazılmışdı yalandan. Azərbaycanda nə bilirdilər inqilab nədi? Ona görə də Azərbaycan Sovet ədəbiyyatı başdan-ayağa ölüdür. Heç maklaturada deyil. Çünki cürüyüb tökülür.

– Siz adətən filosof kimi çıxış edirsiniz, Nietzsche ilə mənəvi bağlılığınız olduğunu deyirsiniz. Ancaq bununla yanaşı həm də Allaha inanırsınız. Bu ziddiyyəti necə izah edərdiniz?

Biz necə gedib o, dəqiqə partiyaya üzv oluruqsa, o zaman da İslamı eləcə qəbul etmişik.

– Mən heç bir dinə inanmıram. Sadəcə özüm oturub fikirləşirəm ki, həyat, yer kürəsi, günəş sistemi nədir, necə yaranıb? Bunlar haqqında düşünürəm, öz fikirlərim var. Atomlardan tutmuş kainata qədər hər biri barəsində düşünürəm. Eyni zamanda xalqların tarixini dərindən öyrənmişəm. Tarixi, fəlsəfəni oxumuşam. Bu aləmdə dinə yer yoxdu. Tutaq ki, İslamı götürək. Ərəbistanda ağıllı, dünya görüşlü Məhəmməd adlı biri aşağı səviyyədə olan xalqı üçün belə bir kitab yazıb. Burada insanlara məsləhətlər verir, necə yaşamağın qaydasını göstərir. “Quran" tamamilə Məhəmmədin öz kitabıdır, heç bir ilahidən söhbət gedə bilməz. Bunun nəticəsində Ərəbistanda milli partlayış oldu. 50 il ərzində ərəblərdən böyük şairlər, yazıçılar, memarlar çıxdı. Nəticədə dünyada 5 sivilzasiya varsa, ondan biri də ərəb sivilzasiyası oldu. Amma o kitabda

Yazıçı Əlisa Nicat.
Yazıçı Əlisa Nicat.

yazılan hər bir cümlə ərəblər üçündü. Ərəblər də böyük xalqdı. Onlar da bu dinə inanırlar. Bizdə isə İslam dini yoxdur. Çünki biz qılınc gücünə qəbul etmişik. Vergidən azad olmaq, yaxşı vəzifəyə keçmək üçün İslamı qəbul ediblər. Erməni, gürcü buna getməyib. Vəzifədən də imtina edib, öz dinlərində qalıblar. Biz necə gedib o, dəqiqə partiyaya üzv oluruqsa, onda da İslamı eləcə qəbul etmişik. Yəni din əhəmiyyətsiz bir şeydi. Ancaq Allah tamam başqadır. O, hamısının fövqündədir. Məni düşündürən budur ki, Allah necə bir qüvvədir, dünyanı necə idarə edir, necə qurub bu sistemi? Elm kainatın yaradılışını izah edir. Ancaq burada ziddiyətlər var. Kainatın ən ucqar nöqtəsində bir qalaktika görünüb. Bu qalaktikanın quruluşu standartlardan çox qıraqdadı. Biz həmin qalaktikanın 20 milyard il əvvəlki vəziyyətini görürük. O, 20 il milyard qabaq vəziyyətdə ola bilməzdi. Bu formanı almaq üçün 40 milyard il vaxt lazım idi. Amma deyirlər ki, kainatın yaşı 15-20 milyard il arasındadı. Bu nəzəriyyə də özünü doğrultmur. Bu mənada Allahın varlığını sübut edəcək əlamətlər çoxdur. Məsələn, insan orqanizmi. Elə ustalıqla qurulub, elə dəqiqlə toxunulub ki... Düzdü mən hərdən düşünürəm ki, Allah gərək belə qurmayaydı, bunun daha asan həlli vardı. Amma bu mürəkkbəlikdə quruluş adamda şübhə yaradır ki, insan heç nədən yaranıb? Adamda belə hiss oyanır ki, bunu kimsə yaradıb. Bunun sxemini qurub. Əlbəttə dediklərimin lehinə də, əleyhinə də olan faktlar çoxdur. Fikirləşirsən ki, Allah olsaydı onda gərək viruslar da olmazdı. İnsan onsuz da 50-60 il yaşayır. Bu virusları insanın içinə salmaqda məqsədi nə idi? Allah axı belə şey etməz? O, öz yaratdığı canlının içinə bir milyon virus salmaz.

– Hazırda bir sıra elm adamı düşünür ki, fəlsəfə elmdən çox-çox geridə qalır. Tarixən fəlsəfə ilə elm paralel gediblər, bir-birilərinin inkişafında kömək olublar. Ancaq indi elm həddən çox sürətlə inkişaf etdiyi üçün fəsləfə ona çatmaqda çətinlik çəkir.

– Fəlsəfə hər şeyin məğzini açır. Fəlsədə inkişaf zad olmur. Fəlsəfə budur ki, hadisələrin mahiyyətini açsın. Bunun üçün də dərin, böyük zəka istəyir ki, adi şeylərin mahiyyətini aça biləsən. Adicə bir şey deyim. Uşaqlıq vaxtımda Lənkəranda cırcıramalar dolu idi. İndi bri dənə də olsun yoxdu. Fəlsəfə bunun səbəbini izah etməyə çalışır. Bu barədə fikirləşir. Nəticədə gedib elmlə birləşir. Elm bunun izahını verir ki, məsələn, düşmənləri olan sərçələrin sayı çoxaldı, ya da bunların yaşayış arealı azaldığı üçün belə oldu. Fəlsəfə ilə elm qoşa gedir. Ancaq elmdə inkişaf var, fəlsəfədə yox. Fəlsəfə elm deyil ki, universiteti qurtarasan filosof olasan. Min il də oxusan filosof ola bilməyəcəksən. Çünki filosofun beyninin quruluşu anadan gəlmə elə olur.Demokrit çaya baxırmış, birdən-birə dedi ki, insan bir dəfə çimdiyi çayda bir də çimə bilməz. Bunu elm bilmir, fəlsəfə açır. Fəlsəfə heç nə kəşf etmir. Ayrı-ayrı dahilər fikir yürüdürlər. Məsələn, Nitşse deyir ki, insanın mahiyyətcə paxıl, xəbis bir varlıqdır. Xırda adamlardan üfunət iyi gəlir. Sonra gördüm ki, necə də düz deyir. Avtobusda insanlardan iy gəlir. Bu iy onların üstündən yox e, mahiyyətindən, düşüncəsindən yağır. Bunu demək üçün elm lazım deyil.

– Yaradıcılığınızda hansı yeniliklər var? 50 cidlliyinizi çap etdirirdiniz, hansı mərhələdədir?

– Hazırda 22 cildi çıxıb. Yavaş-yavaş hazırlayıram. Hər cildi çıxardıb, satıram sonra da növbəti cildi çap edirik. “Hüriyyət” qəzetində yeni romanım çıxır. Adı “Uzurpat”dır. Yəni qəsbkar deməkdi. İctimai-siyasi romandı.

XS
SM
MD
LG