Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

Səməd Vurğun: "Bizdə partiya kimi sevirsə, xalq da onu sevir"


Ramiz Rövşən
Ramiz Rövşən

-

“Səməd Vurğun 20 il daha artıq yaşasaydı..”

Yazıçılar Birliyinin "Azərbaycan" jurnalının son sayında çıxmış müsahibəsində Ramiz Rövşənin Səməd Vurğun haqda dediyi polemik fikirlərdən seçmələr

- “Komsomol” poemasının qiyməti təkcə onun anti-sovetliyində deyil, bu əsər Füzulilnin “Leyli və Məcnun”undan sonra yazılı ədəbiyyatımızda ən gözəl sevgi poemasıdı. Bu əsərin bir cüt qəhrəmanı Cəlalla Humay isə milli poeziyamızda Leyliylə Məcnundan sonra ən məşhur bir cüt nakam sevgili obrazıdı. Belə xoşbəxtlik hər böyük şairin bəxtinə düşmür.

- Bir vaxtlar məni (və elə bilirəm ki, təkcə məni yox) düşündürən bir sual vardı: görəsən, Müşfiq sağ qalsaydı, Səməd Vurğunun o dövrdəki şöhrətinə şərik çıxmazdı ki? Məncə, yox. Müşfiq sağ qalsaydı, yenə o dövrün ən məşhur şairi Azərbaycan Sovet poeziyasının bayraqdarı Səməd Vurğun olacaqdı.

Mikayıl Müşfiq və Səməd Vurğun, 1935
Mikayıl Müşfiq və Səməd Vurğun, 1935

- İçi mən qarışıq bizim şair xalqın yaddaşında şairə xitabən deyilmiş məşhur misralar Müşfiqin yox, Səməd Vurğunundu. "Şair, hökmdarın hüzurundasan" və bir də "Şair, nə tez qocaldın sən".

- Onun populyarlığının bir səbəbi də yəqin bundaydı: Səməd Vurğun danışdığı kimi də yazırdı. Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə bu gün də bir çox şairlərimizin, hətta istedadlılarının da bədbəxtliyi danışdığı kimi yazmamaqlarındadı.

- Qəribədi, Sovet İttifaqında millətçilik cinayət sayılsa da, Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunun şeirlərində milli ruh – Azərbaycançılıq hissi çox güclüydü.

- Uşaqlığımda Səməd Vurğunun adına çıxılan bir məşhur kəlam vardı: “Bizdə partiya kimi sevirsə, xalq da onu sevir”.

Mircəfər Bağırov
Mircəfər Bağırov

Bu gün də öz əhəmiyyətini itirməyən bu kəlama misal olaraq, Səməd Vurğunun öz taleyilə bağlı Vaqif Səmədoğlunun bir vaxtlar mənə danışdığı bir əhvalatı xatırlayıram.

Stalinin ölümündən biraz qabaq, 1952-ci ildə SSRİ-də repressiyaların yeni dalğası başlayır, qələm əhlindən hədəfdə olanların ən birincisi Səməd Vurğun idi. Görünür, Səməd Vurğunun böyük şöhrəti hər halda Mircəfər Bağırova rahatlıq vermirmiş. Mətbuatda şairin ünvanına kəskin tənqidlər, ittihamlar səslənirdi. Çoxuna elə gəlirdi ki, bugün-sabah onu tutacaqlar. Şairin ailəsi də böyük təşviş və narahatlıq içindəydi.

Vaqif danışırdı ki, belə günlərin birində atam səhər tezdən tüfəngini götürdü, mindi maşına, rayona ova getdi. Ov etməkdən də çox fikrini dğaıtmaq üçün. Amma elə o gün gecə yarısı qayıtdı. Sifəti qapqara qaralmışdı. İynə vursan qanı çıxmazdı.

Sən demə, rayonun mərkəzində maşından düşəndə həmişə onun üstünə cumub qucaqlayan, öpən camaatın içindən bir nəfər də olsun, qorxusundan ona yaxınlaşb salam verməyə ürək eləməmişdi. Şair də elə oradaca maşına minib evə qayıtmışdı.

Vaqif deyirdi ki, gecəyarısı atam bizimlə bir kəlmə də kəsmədi. Səssiscə girdi kabinetinə və bir gün sonra əlində “Zamanın bayraqdarı” poeması kabinetindən çıxdı.

Deməli, kommunist partiyasını tərənnüm edən bu poemanın kökündə partiyaya böyük sevgi yox, şairin keçirtdiyi sarsıntı dururmuş.

Maraqlıdı, görəsən, şair sarsıntını sözə çevirsəydi, nə alınardı? Yəqin bu fikir təkcə mənim yox, Vaqifin də beynindən dəfələrlə keçmişdi. Və hər ikimizin Səməd Vuröunun bu faciəsindən aldığımız dərs də eyniydi: həmişə özünlə səmimi ol, nə duyursansa onu yaz. Sevinclisənsə sevinci, qəmlisənsə qəmi, sarsıntıdırsa sarsıntını.

XS
SM
MD
LG