Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33

SOCAR qapalılıq pərdəsini götürür


►Şirkət satınalma əməliyyatlarını şəffaflaşdırır

Dövlət Neft Şirkəti - SOCAR məbləği ildə yüz milyonlarla manat həcmində qiymətləndirilən satınalma əməliyyatlarını şaffaflaşdırır. Şirkət öz korporativ saytında bu presedurlarla bağlı ayrıca bölmə yaradıb.

SOCAR təchizatçılara ilin 2-ci yarısında tələb olunan mal, iş və xidmətlər haqqında ətraflı məlumat (adı, ölçüsü, miqdarı, təchizat müddəti və şərtləri), eləcə də elan edilən tenderlər və nəticələri barədə bilgilər təqdim edir.

Satınalma planlarını SOCAR-a daxil 26 struktur bölməsi, o cümlədən şirkətin müxtəlif idarə, zavod, istehsal birlikləri («Azərkimya», «Azəriqaz», «Azneft») və Bakı Ali Neft Məktəbi açıqlayıb.

İndiyədək təchizatçılar haqqında məlumat da qapalı idi

İndiyədək SOCAR «Dövlət satınalmaları haqqında» qanundan yan ötərək, gerçəkləşdirdiyi satınalmalara dair ictimaiyyətə, hətta maraqlı tərəflərə (istehsalçı, idxalçı və təchizatçılara, tikinti şirkətlərinə və s.-ə) rəsmi mənbələr vasitəsilə məlumat təqdim etmirdi. Şirkətin təchizatıları haqqında məlumat da qapalı idi.

Şirkətin internet səhifəsində satınalmalara dair daxili normativlər olduğu bildirilsə də, sənəd hələ də sayta yerləşdirilməyib.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban SOCAR-ın satınalmalar sahəsində şaffaflığın təmin edilməsi yönündəki bu addımı şirkətin öz təşəbbüsü saymır. O, AzadlıqRadiosuna müsahibəsində belə deyib və ardından fikrini tamamlayıb:

«Kreditorların əsas tələblərindən biri də...»

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

«Dəyəri milyard dollarlarla ölçülən çoxsaylı yeni layihələrə başlayan SOCAR beynəlxalq maliyyə qurumlarına müraciət etməli olacaq. Kreditorların əsas tələblərindən biri də maliyyə vəsaitlərinin səmərəli və şəffaf yönəldilməsidir. Satınalmalar haqqında bilgilərin bu kontekstdə ictimaiyyətə açıqlanması təqdirəlayiq haldır».

Birləşdirilmiş maliyyə hesabatına görə, SOCAR ötən il əsas vəsaitlərin alınmasına 1 milyard 625 milyon manat xərcləyib. Manatın dəyərsizləşsə də, əsasən, xaricdən təchizata köklənən satınalmalara sərf olunan vəsait ilboyu 810 milyon manat azalıb. Bundan başqa, qeyri-maddi aktivlərin alınmasına 22 milyon manat (2014-cü ildə - 40 milyon manat) xərclənib.

SOCAR prezidenti Rövnəq Abdullayev ötən il qənaət rejiminə keçildiyini elan etmişdi.

Açıqlanan satınalma müqavilələrinə görə...

SOCAR-ın builki tərəfdaşları arasında «Leks qurupa kompaniya» (32 min 736,32 ABŞ dolları), «İFO TİRE LTD» (2 milyon 337 min 617,54 avro), «MT Group» LLC (7 min 366 ABŞ dolları), «Luxborg LP (43812 USD), «Ninox Alliance LTD» (32 min 100 ABŞ dolları), «İnterpipe M.E FZE» (137 min 243,30 ABŞ dolları), «UAB Tulona» (15 min 640 ABŞ dolları), «New Dynasty International Group Limited» (342 min 852 ABŞ dolları), «Petroleum Tools Machinery LTD» (1 milyon 650 min 942,10 ABŞ dolları), «Stanfill Limited» (152 min 550 ABŞ dolları), «Longford Structure LP» (80 min 740 ABŞ dolları), «GE Petroleum Equipment CO LTD» (515 min 400 ABŞ dolları) şirkətlərinin adları var.

Yerli müəssisələrlə müqavilələr

SOCAR-la müqavilə münasibətində olan bəzi yerli müəssisə və təşkilatlar da var. Bunlar «Emerson» MMC (50 min AZN), «Gəncə Əlvan Metal Emalı» ASC (30 min 330,72 AZN), «Maşınqayırma Texnologiyası İnstitutu» törəmə ASC (9 min 149,72 AZN), «Baku Steel Company» MMC (734 min 219,30 AZN), «Technova» MMC (ƏDV daxil 160 min 291,44 AZN) və «Fərid-1980» MMC-dir (77 min 860,16 AZN).

Maraqlıdır ki, «Technova» MMC SOCAR-la müqavilə bağlamazdan bir qədər öncə (3 mart 2016-cı il) yaradılıb, «Fərid-1980» MMC barədə isə hər hansı bilgi yoxdur.

XS
SM
MD
LG