Dünya xəbərləri
Avropa Birliyindən reaksiyalar
“Avropa Parlamenti Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından çox məyusdur”.
Bunu iyunun 24-də mətbuat konfransında Avropa Parlamentinin prezidenti Martin Şults deyib”
“Biz Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından çox məyusuq. Amma bu britaniyalıların suveren ifadəsidir. Hər iki tərəf üçün çətin məqamdır, istər Avropa Birliyi, istərsə də Böyük Britaniya üçün. Biz hazırda hüquqi və prosedur baxımdan növbəti lazımi addımları götür-qoy edirik”.
Avropa Şurasının prezidenti Donald Tusk isə Avropa Birliyi rəhbərliyinin referendumun bu cür nəticəsinə hazır olduğunu deyib: “Gizlətməyəcəm, biz dünənki referendumdan başqa nəticəgörmək istərdik. Bunun nə qədər ciddi olduğunu tam anlayıram və hətta siyasi baxımdan dramatik məqamdır. Bu hadisənin siyasi aqibətini proqnozlaşdırmaq mümkün deyil, xüsusilə də Böyük Britaniyada.
Bu tarixi andır, amma mütləqdir və əsəbi reaksiya vaxtı deyil. Sizi əmin etmək istərdim ki, biz hətta pis senariyə də hazır idik”, deyə Tusk bildirirb.
İndi referendumun nəticələrindən daha çox xaricdəki britaniyalılar narahatdır.
Bürokratik prosedurlar baxımından onları qeyri-müəyyənlik dövrü gözləyir. Belə ki, ölkə Avropa Birliyindən çıxdıqdan sonra xaricdə yaşayan britaniyalılar iş vizası və yaşayış icazəsi alanda çətinliklərlə üzləşə bilərlər.
Bütün xəbərləri izləyin
'Bloomberg': Rusiyanın neft ixracından gəlirləri iki dəfə artıb
Rusiya Ukrayna ilə müharibə başlayandan neftin ixracından daha çox gəlir əldə edir, Yaxın Şərqdəki müharibədən qazanır. "Bloomberg" bunun neftin bahalanması və sanksiyaların zəiflədilməsi ilə bağlı olduğunu yazır.
Son üç həftədə Rusiyanın neft ixracından gündəlik gəlirləri iki dəfə artıb - 135 milyon dollardan 270 milyon dollara qalxıb. Agentlik bunun Yaxın Şərqdəki münaqişə, Hörmüz boğazının bağlanması və sanksiyaların yumşaldılması ilə bağlı olduğunu yazır. Martın 13-də ABŞ martın 12-dək tankerlərə vurulmuş Rusiya xam nefti və neft məhsullarının satışına icazə verib.
"Bloomberg" qeyd edir ki, Hindistanın neftayırma zavodları apreldə çatdırılma üçün Rusiyadan 60 milyon barelə yaxın neft alıb. Onlar dekabrda bəri sanksiyalara görə birbaşa tədarükdən çəkinirdilər.
"S&P Global Commodities at Sea" təhlilçilərinin hesablamasına görə, martda Rusiyadan Hindistana neft tədarükü 27 faiz, sutkada 1.4 milyon barelədək artıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent isə daha öncə bildirmişdi ki, sanksiyaların zəiflədilməsi Moskvanın neft satışından gəlirlərini artırmayacaq, əksinə azaldacaq. Onun dediyinə görə, Rusiyanın əlavə gəliri 2 milyard dolları aşmayacaq, bu isə "Rusiya büdcəsinin dibi deməkdir".
Ukrayna Rusiya limanlarını vurub
Martın 25-də Ukrayna Rusiyadakı hədəflərə 400-dək dron buraxıb. Rusiyanın Müdafiə Nazirliyi azı 10 vilayətə və ilhaq edilmiş Krım yarımadasına hücum olunduğunu bildirir. Bir çoxları bunun dörd il öncə müharibə başlayandan bəri Ukraynanın böyük hücumlarından biri olduğunu deyir.
Bir gün öncə Rusiya Ukrayna vilayətlərinə azı 500 dron və raketlə hücum etmişdi.
Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanında yanğın başlayıb. Açıqlamanı Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko verib. O, hazırda yanğının söndürüldüyünü bildirib.
Ukrayna hücumu təsdiqləyib, bunu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) günündə "Kiyevin Rusiyaya hədiyyəsi" adlandırıb.
Ukrayna ordusu isə Rusiyanın "Purqa" buzqıran gəmisinin vurulduğunu bildirib. Bu hücum Ukrayna sərhədindən 900 km uzaqda, Leninqrad vilayətindəki Vıborq şəhərində gerçəkləşdirilib.
Rusiya rəsmiləri bu zərbənin baş verdiyini təsdiqləməyib. Amma Drozdenko Vıborqda yaşayış binasının damına ziyan dəydiyini deyib.
Martın 23-də oxşar hücumlar nəticəsində Ust-Luqa və Primorsk limanları xam neft və yanacaq ixracını bir günlüyə təxirə salmalı olmuşdu.
Son vaxtlar Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu arada neftin bahalanmasının, ABŞ-nin Yaxın Şərq münaqişəsi fonunda Rusiyaya sanksiyaları müvəqqəti yumşaltmasının Moskvanın iqtisadiyyatına stimul verəcəyi, hərbi işğalı daha da körükləyəcəyi sarıdan narahatlıq var.
Rusiyanın Leninqrad və Pskov vilayətləri ilə həmsərhəd Estoniya və Latviyaya Rusiya ərazisindən dron müdaxilələri olduğu bildirilir. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dronun yerli elektrik stansiyasını vurduğunu, amma bu ölkəyə yönəlmədiyini deyib.
"Bu, Rusiyanın tammiqyaslı təcavüzünün konkret nəticəsidir", – Tsahkna X-də yazıb. Elektrik stansiyasına ziyan dəydiyi, yaxud hər hansı itki baş verdiyi açıqlanmayıb.
Rusiyada özəl mühafizə qurumlarına döyüş silahı gəzdirməyə icazə verilir
Rusiya prezidenti Vladimir Putin özəl mühafizə təşkilatlarının əməkdaşlarına döyüş silahı daşımağa icazə verən qanunu imzalayıb. Məqsəd mühafizə olunan obyektləri dronlardan qorumaqdır.
Sənəddə deyilir ki, mühafizəçilər kritik əhəmiyyətli obyektlər siyahısında olan yerlərdə dronların qarşısını kəsmək üçün döyüş silahından istifadə edə bilərlər.
Silahı yalnız strateji müəssisələr və dövlət şirkətlərinin təsis etdiyi təşkilatların əməkdaşları gəzdirə biləcəklər. Bu təşkilatlar "xüsusi hərbi əməliyyat" müddətində silahı "Rosqvardiya"dan ala biləcəklər. Rusiya hakimiyyəti Ukraynada beşinci ildir apardığı təcavüzkar müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.
Bundan öncə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Vasili Piskaryov demişdi ki, yanacaq-energetika kompleksinə aid obyektlərin 80 faizindən çoxunu özəl mühafizə təşkilatları qoruyur.
"Ancaq qanunla onların yalnız xidməti silahdan istifadə icazəsi var, çox vaxt bu, dronların və digər (sualtı, suüstü, quru) pilotsuz vasitələrin hücumunu tez və effektli dəf etməyə yetmir", – deputat bildirib.
Kolumbiyada hərbi təyyarə qəzasında 66 nəfər həlak olub
Martın 23-də Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb. 66 nəfər həlak olub, dörd nəfər itkin düşüb.
Təyyarədəki 128 nəfərin 11-i Hava Qüvvələri üzvləri, 115-i hərbçilər, ikisi polis zabiti olub.
"LMT.N Hercules C-130" nəqliyyat təyyarəsi Peru ilə sərhəddə yerləşən Puerto Leqisamodan qalxarkən qəzaya düşüb. Təyyarədə yanğın başlayıb, göyərtəsindəki bəzi partlayıcı qurğular partlayıb.
Yerli sakinlər qəzadan sağ çıxanları xilas etməyə başlayıblar. Yayılan videolarda kişilərin motosikletlərlə yaralı əsgərləri daşıdığı görünür.
Hərbi maşınlar sonradan hadisə yerinə çatıb. Rəsmi qurumlar qəzanın baş verdiyi ərazinin çətin relyefdə yerləşdiyini, bunun da xilasetmə işlərini çətinləşdirdiyini deyirlər.
57 nəfər xəstəxanaya yerləşdirilib, 30-nun vəziyyəti ağır deyil.
Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub
Martın 18-də Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün – martın 19-da Rusiyanın müvəqqəti işlər vəkilini çağırdıqlarını bildirib.
İnsident Estoniyanın şimal sərhədində, Finlandiya Körfəzindəki Vayndlo adası yaxınlığında baş verib. Rusiyanın SU-30 qırıcı təyyarəsi Estoniyanın hava məkanına daxil olaraq orada bir dəqiqəyədək qalıb.
"Bu pozuntuya İtaliyanın Hava Qüvvələrinin bölməsi reaksiya verib, Estoniyanın təhlükəsizliyinə təhdid yaranmayıb", – Tsahkna vurğulayıb.
Rusiya ötən il Estoniyanın hava məkanını dörd dəfə pozub, Rusiyanın müvəqqəti işlər vəkilinə etiraz bildirilib.
Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. Ötən il Rusiya dronları NATO və Aİ üzvləri - Polşa və Rumıniya ərazisinə də girib.
Taliban: Pakistan Kabildə xəstəxananı vurub, yüzlərlə ölü var
Pakistanın Kabildə xəstəxanaya hava hücumu azı 400 nəfərin ölümünə, 250 nəfərin yaralanmasına səbəb olub. Bu məlumatı Əfqanıstan Talibanı yayıb. Pakistan isə iddiaları rədd edib.
Kabildə 2 min çarpayılıq Omid Xəstəxanasının Pakistanın hava hücumuna martın 16-da məruz qaldığı bildirilir.
Xilasetmə işləri, meyitlərin çıxarılması prosesi davam edir, Taliban hökumətinin sözçü müavini Həmdullah Fitrat deyib.
O, X-də yazıb ki, Pakistan qüvvələri narkotik asılılığının müalicə olunduğu Omid xəstəxanasına hava hücumu gerçəkləşdirib, xəstəxananın xeyli hissəsi dağıdılıb.
Pakistanın İnformasiya Nazirliyi isə bildirib ki, zərbə Kabildə və Nəngərhar əyalətində hərbi obyektləri hədəf alıb, mülki şəxslər qəsdən vurulmayıb.
"Kabildə iki yerdə texniki dəstək infrastrukturu və sursat anbarları məhv edilib", – bunu Pakistanın informasiya naziri Attaullah Tarar X paylaşımında yazıb.
Tərəflərin iddialarını müstəqil qaynaqlardan təsdiqlətmək mümkün olmayıb.
Bu zərbə sərhədyanı toqquşmaların davam etdiyi Əfqanıstan və Pakistan arasında gərginliyi kəskin artırıb.
'Crocus'da terrora görə 15 nəfərə ömürlük həbs verildi
Rusiya 2024-cü ildə Moskvada törədilmiş terror hücumu ilə bağlı 15 nəfəri ömürlük həbsə məhkum edib.
Həmin ilin martında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert mərkəzinə hücumda 149 nəfər öldürülmüşdü. Tacikistanın dörd vətəndaşı terror hücumunu həyata keçirməkdə təqsirli bilinib. Onlarla əlbirlikdə təqsirləndirilən 11 nəfər də ömürlük həbsə məhkum edilib.
Ümumilikdə, bu iş üzrə 19 nəfərə ittiham irəli sürülmüşdü.
Digər dörd təqsirləndirilənə 19 ildən 22 ilə qədər həbs cəzası verildiyi bildirilir.
Hücuma görə məsuliyyəti "İslam Dövləti–Xorasan" (ISIS-K) qruplaşması üzərinə götürmüşdü.
Təqsirləndirilənlərdən Dalerjon Mirzoyevin anası Qulrakat Mirzoyeva AzadlıqRadiosunun tacik xidmətinə məhkəmə qərarını ədalətsiz saydığını deyib: "Böhtandır, hamısı yalandır. Bizi heç dəvət etmədilər, bizimlə danışmadılar. Bu, oğluma böhtandır. O bunları etməyib. Etirafları işgəncə və döyülmə ilə alıblar".
Məhkəmə qapalı keçirilib.
Rusiyanın İstintaq Komitəsi istintaqın əvvəlində bildirmişdi ki, dörd silahlının Ukrayna ilə əlaqəsi olduğuna dair sübutlar var. Kiyev və Vaşinqton bu iddianı rədd edib.
ABŞ və Rusiya təmsilçiləri Floridada görüşüblər
ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, Ağ evin müşaviri Coş Qruenbaum Floridada Rusiya prezidentinin təmsilçisi Kirill Dmitriyev ilə görüşüblər.
Dmitriyevin dediyinə görə, tərəflər Rusiya-ABŞ münasibətlərinin bərpasına kömək edə biləcək layihələri və qlobal enerji bazarlarında böhran vəziyyətini müzakirə ediblər.
"Bu gün bir çox ölkələr, ilk növbədə ABŞ Rusiya nefti və qazının dünya iqtisadiyyatında sabitliyinin təmin edilməsində əsas sistemyaradan rolunu, Rusiyaya qarşı sanksiyaların səmərəsiz və dağıdıcı xarakterini daha yaxşı anlamağa başlayır", – o, Telegram-kanalında yazıb.
Uitkoffun ofisi yalnız tərəflərin bir sıra məsələləri müzakirə etdiyini, təmasları saxlamaqla bağlı razılığa gəldiyini bildirib.
Daha öncə yayılmış məlumata görə, ABŞ dünya enerji bazarındakı təzyiqi azaltmaq üçün Rusiya neftinə sanksiyaları zəiflətməyi nəzərdən keçirir. Bazar ABŞ və İsrailin İrana qarşı müharibəsindən dolayı şok yaşayır.
Hindistanın neft emalı zavodlarına artıq dənizdə olan Rusiya neftini almağa müvəqqəti icazə verilib. ABŞ maliyyə naziri Skott Bessent bunun Rusiyanın Ukraynadakı təcavüzkar müharibəni maliyyələşdirməsinə kritik təsir göstərməyəcəyini bildirib.
Rusiya və Ukrayna əsirləri dəyişirlər
Rusiya və Ukrayna bu gün və sabah hər tərəfdən 500 hərbi əsir dəyişəcəklər. Açıqlamanı Kremlin köməkçisi Vladimir Medinski verib.
Medinski Telegram-kanalında yazıb ki, Ukrayna və Rusiya martın 5-6-da hərbi əsirləri "500-ə 500" formulu üzrə dəyişəcək və bu, Cenevrədə əldə edilmiş razılaşmalar çərçivəsində gerçəkləşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, martın 5-də 200 rusiyalı hərbçi Rusiyaya qaytarılıb. Martın 6-da isə "300-ə 300" formulu üzrə mübadilə planlaşdırılıb.
Ukrayna hələlik bu məlumatları şərh etməyib.
Əvvəlki əsir mübadiləsi fevralın 5-də "157-yə 157" formulu üzrə aparılıb. Ukrayna prezidenti Volodimir Zelenski onda 150 hərbçi və 7 mülki ukraynalının azad edildiyini, onların arasında yaralı hərbçilərin də olduğunu demişdi.
İsveçdə Fransa təyyarədaşıyanı yaxınlığında dron zərərsizləşdirilib
İsveçin Silahlı Qüvvələri Malmö limanında Fransanın "Charles de Gaulle" atom təyyarədaşıyanı yaxınlığında naməlum dronu zərərsizləşdirib. Məlumat SVT telekanalı yayıb.
Dronu İsveç Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi aşkarlayıb.
İsveçin müdafiə naziri Pol Yonson hadisənin Rusiya hərbi gəmisi İsveçin ərazi sularında – Eresunn boğazında olduğu vaxt baş verdiyini bildirib. Nazirin sözlərinə görə, "görünən odur ki, Rusiya hərbi gəmisi ilə bu pilotsuz aparat arasında sıx əlaqə var".
İsveç Silahlı Qüvvələri dronu zərərsizləşdirib. İsveç ordusu SVT-yə bildirib ki, müdaxilədən sonra dronla əlaqə itib.
İnsidentlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb.
Dron radioelektron vasitələrlə təyyarədaşıyandan 13 kilometr aralıda susdurulub. Bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah nümayəndəsi Giyom Verne "France Presse" agentliyinə deyib. "İsveç sistemi qüsursuz işləyib və bu, gəminin göyərtəsindəki fəaliyyətə təsir göstərməyib", – o bildirib.
"Charles de Gaulle" ABŞ-yə məxsus olmayan ən böyük atom təyyarədaşıyanıdır. Gəmi Malmö limanına fevralın 25-də gəlib, Baltik, Şimal, Norveç və Aralıq dənizlərində NATO təlimlərində iştirak edəcək.
Ötən payız Şimali və Qərbi Avropanın bir sıra ölkələrinin, o cümlədən İsveçin hakimiyyət orqanları naməlum dronlar, hərbi obyektlər üzərində insidentlər barədə məlumat vermişdi. Rusiyanın bu hadisələrdə iştirakı birbaşa təsdiqlənməyib. Amma onların Moskvanın apardığı hibrid müharibənin elementi ola biləcəyi ilə bağlı şübhələr səsləndirilib.
Paşinyan və Akopyan vətəndaş nikahlarının bitdiyini elan etdilər
Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə paylaşım edərək vətəndaş nikahlarının bitdiyini elan ediblər.
Akopyan Paşinyanla evliliyinin bitdiyini və hökumət malikanəsindən köçdüyünü bildirib.
Akopyan və Paşinyanın dörd övladı var.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, bir neçə gün öncə Akopyan sosial mediada vətəndaş nikahlarının başa çatdığını yazanda çoxları bunu uzun illər birlikdə yaşadıqdan sonra qanuni nikaha işarə kimi anlamışdı.
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan yenidən baş nazir seçilmək istəyir. Paşinyan və Akopyanın qərarı məhz belə bir ərəfədə açıqlanır.
Akopyan yazıb ki, "Mənim addımım" xeyriyyə fonduna rəhbərliyi davam etdirəcək. O, bu fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməyib.
Ermənistanda seçkilərdən öncə xeyriyyə fəaliyyətinə qadağa qoyulub.
Azad Avropa Radiosunun rumın və bolqar xidmətləri bağlanır
Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) rumın və bolqar xidmətləri büdcə səbəblərinə görə 2026-cı il martın 31-dən fəaliyyətini dayandırır.
Bu redaksiyalar ilk dəfə 1950-ci ildə açılıb. 2004-cü ildə Rumıniya və Bolqarıstan Avropa İttifaqına (Aİ) qoşulduqdan sonra həmin ölkələrə radio yayımları dayandırılıb. 2019-cu ildə hər iki redaksiya rəqəmsal formatda fəaliyyətini bərpa edib.
RFE/RL prezidenti Stiven Kapus rumın və bolqar xidmətlərinin jurnalistlərin işini yüksək qiymətləndirib: "Onların bağlanması qərarı büdcə məhdudiyyətlərinin davam etməsi ilə əlaqədardır. "Свободна Европа" və "Europa Liberă România"nın 2019-cu ildə Bolqarıstan və Rumıniyaya qayıdandan bəri məşğul olduğu prinsipial və balanslı jurnalistika ilə fəxr edirik. Bu komandalara son yeddi ildə auditoriyalarına və AzadlıqRadiosuna sədaqətə görə minnətdarıq".
Donald Tramp administrasiyası ötən ilin yanvarında vəzifəyə başlayandan AzadlıqRadiosu ciddi maliyyə problemləri ilə üzləşib. Ötən ilin martında radioya nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ABŞ Konqresinin 2025-ci maliyyə ili üçün ayırdığı qrantı bloklamağa cəhd göstərib. Məhkəməyə müraciətdən sonra vəsait hissə-hissə ödənib. Radionun 2026-cı il üçün büdcəsi isə 20 faizdən çox azaldılıb.
AzadlıqRadiosu ABŞ Konqresinin illik qrantı ilə maliyyələşir. Korporasiyanın nizamnaməsi onun redaksiya fəaliyyətinə hər hansı siyasi müdaxiləni yasaqlayır. AzadlıqRadiosu azı 20 dildə fəaliyyət göstərir. Radio ciddi qənaət tədbirlərinə əl atmaqla yanaşı, fəaliyyətini uğurla davam etdirir.
Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Ukraynaya qarşı tammiqyaslı işğalın dördüncü ildönümündə Rusiyaya yeni sanksiyalar elan edib.
Siyahıya 297 qurum salınıb. Britaniya hakimiyyətinin bildirdiyinə görə, Rusiya neft ixracının 80 faizindən çoxunun daşınmasına cavabdeh "Transneft" ASC də siyahıdadır. Şirkətə məhdudiyyətlər "Kremlin öz neftinə alıcı tapmaq üçün çarəsiz cəhdlərini daha da çətinləşdirəcək", - hökumət bildirir.
48 neft tankerinə və 175 şirkətə də sanksiyalar qoyulub. Onların Rusiyanın kölgə donanmasının ən iri operatorlarından və əsas neft treyderlərindən sayılan "2Rivers" (Coral Energy) neft şəbəkəsinə aid olduğu iddia edilir.
Rusiyaya dəstək göstərən 49 hüquqi və fiziki şəxs də sanksiya siyahısına salınıb. Onların arasında Rusiya silahları üçün mal, komponent və texnologiyalar təqdim edən beynəlxalq təchizatçılar da var.
Ümumilikdə siyahıda doqquz bankın adı yer alıb. Britaniya hökuməti qeyd edir ki, Rusiya bankları "Rusiyanın beynəlxalq bazarlara çıxışını qoruyub saxlamaq, hərbi əməliyyatları maliyyələşdirmək cəhdlərində həyati rol oynayır".
"Rusiya artıq dörd ildir ki, Putinin üçgünlük hesabladığı işğalı davam etdirir", – bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib. Kuper hazırda Kiyevdədir. O, Ukraynanın dayanıqlığını gücləndirmək üçün 30 milyon funt sterlinq ayrıldığını elan edəcək. Bu vəsaitin 25 milyon funt sterlinqdən çoxu enerji infrastrukturunun bərpasına və əhaliyə dəstəyə yönəldiləcək.
ABŞ ordusu Suriyadakı əsas bazasından çıxmağa başlayıb
Fevralın 23-də ABŞ qüvvələri Suriyanın şimal-şərqindəki ən böyük bazasından çıxmağa başlayıb. "Reuters" bu barədə üç suriyalı hərbi və təhlükəsizlik mənbəyinə istinadla yazır.
Şahidlərin sözlərinə görə, bu gün səhər əl-Həsəkə vilayətinin Qəsrək bazasından onlarla yük maşını çıxıb, onların bəzisi zirehli texnika daşıyıb. "Reuters" yük maşınlarının Qamışlı şəhərinin kənarındakı magistral yolla hərəkət etdiyini lentə alıb.
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) elektron məktuba cavab verməyib.
Qəsrəkdən savayı, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın İraq sərhədi yaxınlığında, "Xarəb əl-Cir" kimi də tanınan Rmelan bazası da var.
Qəsrək bazası ABŞ-nin "İslam Dövləti"nə qarşı qlobal koalisiyanın əsas mərkəzlərindən biri olub. Təxminən 10 il öncə ABŞ qoşunları Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə birlikdə bu cihadçı qrupa qarşı mübarizə aparıb.
ABŞ-nin planlarından məlumatlı suriyalı hərbi rəsmilərdən biri çıxışın təxminən bir ay çəkəcəyini deyib. Amma bunun müvəqqəti, yoxsa daimi olduğu hələ aydın deyil.
Əhməd əş-Şaraa hökuməti ötən ay ölkənin şimal-şərqində böyük ərazilərə nəzarəti Suriya Demokratik Qüvvələrindən alıb. Bundan sonra ABŞ qüvvələri Həsəkə vilayətindəki Əş-Şəddadi bazasından, Suriya-İraq-İordaniya sərhədlərinin kəsişməsindəki Ət-Tənf qarnizonundan da çıxıb.
'Iran Human Rights': İranda azı 26 etirazçı ölüm cəzasına məhkum edilib
İranda azı 26 etirazçı ölüm cəzasına məhkum edilib. Məlumatı Norveçdə yerləşən "Iran Human Rights" hüquq-müdafiə təşkilatı yayıb.
Yetkinlik yaşına çatmayan şəxslər daxil, yüzlərlə etirazçı isə ölüm cəzası nəzərdə tutulan cinayətlərdə ittiham olunurlar. Hüquq müdafiəçiləri bildirirlər ki, təqsirləndirilən şəxslər və onların ailələri bu məlumatların ictimaiyyətə açıqlanmaması üçün təzyiq və təhdidlərlə üzləşirlər.
Təşkilatın bildirdiyinə görə, fevralın 16-da İranın məhkəmə hakimiyyətinin rəhbəri "iğtişaş və terror aktlarının əsas günahkarlarını təqib etmək və cəzalandırmaq" əmri verildiyini təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp ötən ay bəyan edib ki, İran hakimiyyəti antihökumət aksiyalarının iştirakçılarını edam etməyi planlaşdırmır. Amma həm də xəbərdarlıq edib ki, edamlar başlarsa, çox sərt tədbirlər görüləcək.
Barəsində ölüm hökmü çıxarılan etirazçıların sayını müstəqil təsdiqləmək mümkün deyil. Rəsmi qurumlar bu haqda açıqlama verməyiblər.
İranda etirazlar dekabrın sonunda rialın kəskin ucuzlaşması fonunda başlayıb. İqtisadi tələblər sonradan hakimiyyətə qarşı şüarlara keçib.
ABŞ-də yerləşən "Human Rights Activists in Iran" (HRAI) təşkilatı İranda azı 53 min nəfərin həbs edildiyini bildirir. "Radio Fərda" məhkəmə sistemi təmsilçisinə istinadla etirazçılar barəsində azı 23 min cinayət işi açıldığını xəbər verir. "Iran Human Rights" isə etirazlarla əlaqədar azı 8.8 min ittiham aktı irəli sürüldüyünü bildirib.