Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

«Qərb istəmir müharibə başlasın, neft kəmərlərinə risk yaransın»


Qarabağda Ermənistan əsgərləri, 3 aprel, 2016.
Qarabağda Ermənistan əsgərləri, 3 aprel, 2016.

Milli Məclisin qəbul etdiyi amnistiya aktı, Qarabağ münaqişəsinin həll yolları, ölkədə bankların və İpoteka Fondunun vəziyyəti bu gün - 23 may, 2016-cı ildə medianın aparıcı mövzusudur.

Müharibə istəmirsinizsə...

“Yeni Müsavat” qəzeti isə Qarabağ münaqişəsinin həll yollarını ekspertlərlə müzakirə edib. Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə bu məsələnin hərb yolla həllini qeyri mümkün hesab edən beynəlxalq vasitəçilərin mövqeyini tənqid edib: “Qərbi götürsək, onların marağı enerji layihələrinə köklənib. Onlar istəmirlər ki, müharibə başlasın və neft kəmərlərinə risk yaransın. Əgər müharibə istəmirlərsə o zaman Ermənistana təzyiq göstərilməlidir ki. işğal etdikləri torpaqlardan geri çəkilsinlər”.

H. Hacızadə bu məsələdə Rusiyanı neytrallaşdırmağın vacib olduğunu qeyd edir.

İctimai fəal Bəxtiyar Hacıyev də yaxın 2-3 ildə danışıqlarla problemin həlinə şübhə ilə yanaşır. Eyni zamanda o müharibə variantını da ağrılı sayır: “4 günlük aprel savaşındakı itkilər göstərdi ki, bu hər iki tərəfə ağır başa gələcək. Amma beynəlxalq vasitəçilər də anlamalıdırlar ki, ölkənin təxminən beşdə birinin 20 ildən yuxarı işğal altında saxlanması dövlət qurmağa mane olur. O zaman, problemin həlli üçün beynəlxalq vasitəçilər ortaya iradə qoymalıdır”.

Ədalətin mərhəməti

Mehriban Əliyeva
Mehriban Əliyeva

“Azərbaycan” qəzeti deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən amnistiya aktını dəyərləndirib. “Ədalətin mərhəməti” sərlövhəli məqalədə qeyd edilir ki, M. Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərə qəbul edilən 4 amnistiya aktı bütünlükdə 39481 nəfər məhbusa şamil edilib: “Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir”.

Daha sonra müəllif yazır ki, bütün bu humanizmin kökündə keçmiş prezident Heydər Əliyevin siyasəti durur: “Beləliklə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən 4 amnistiya aktı ümumilikdə 39481 məhkuma şamil edilib. H .Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlilik və insanpərvərlik ənənələrini davam etdirən M .Əliyevanı 28 may Respublika Günü münasibətilə Milli Məclisə göndərdiyi amnistiya aktının təsdiqi 3500 məhbusun azadlığa qovuşması ilə nəticələnəcək”.

Bankların qara günü

“Azadlıq” qəzeti isə ölkə banklarının problemlərini və ipoteka kreditlərini ekspertlərlə araşdırmağa çalışıb.

Məqalədə qeyd edilir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı missiyalarının artıq başa çatan, Avropa Yenidənqurma və İnkişaf Bankı rəhbərinin gözlənilən səfəri fonunda bu məsələ xeyli aktualıq kəsb edir.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev qəzetə bildirib ki, banklar ağrı duruma düşüblər. O bunun səbəbini belə izah edir: “Bank sektoru iki devalvasiya nəticəsində ağır duruma düşüb. Bank aktivlərinin sağlamlaşdırılmasına ehtiyac var. Problemli kreditlər aktual olaraq qalır. Banklar verdikləri kreditləri geri ala bilmədiklərinə görə, öhdəliklərini yerinə yetirə bilmirlər. Kreditləşmə yox dərəcəsindədir, bankların iqtisadiyyatda rolu azalır. Bank sektorundakı problemlərə dırnaqarası yanaşmaq ölkəyə baha baş gələ bilər”.

S. Əliyev ilk növbədə problemli kreditlərin həll olunmasının vacibliyini bildirir.

İpoteka kreditlərinin verilməsinin kəskin azalmasını isə Oqtay Haqverdiyev şərh edib. O, indi bu sahədə meydana çıxan problemləri İpoteka Fondunun yenidən qurulması ilə əlaqələndirir: “Fondun yenidən qurulması hələ başa çatmayıb. Bu iş başa çatandan sonra ipoteka , o cümlədən sosial ipoteka kreditləşməsi davam edə bilər”.

Ekspert onu da deyib ki, yeni ipoteka şərtlərinin özü hələ məlum deyil: “Hamı ipoteka kreditləşməsinin müsbət olacağına ümid edir, amma nəyin yaxşı olacağı bəlli deyil”.

XS
SM
MD
LG