Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 09:26

Nazir: «Ermənistan əməkdaşlığa təhlükədir»


Zakir Həsənov
Zakir Həsənov

-

«Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən ötrü səylərini artırmalıdırlar».

*Youtube Kanalımızda yeni videolar var - Abunə ol, hadisələrdən xəbərin olsun

Müdafiə naziri Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotyga ilə görüşündə belə deyib.

Görüş haqda xəbəri nazirliyin mətbuat xidməti yayıb.

Nazir qonağa cəbhə xəttində son hadisələr və hazırkı vəziyyətə dair bilgi verib. O, Azərbaycanın mülki əhalisinə, obyektlərinə qarşı ağır silahlardan və beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edildiyini deyib.

Məlumatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

A.Fotyga Azərbaycanın terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.

O, Avropanın enerji təminatı baxımından Azərbaycanın ciddi və etibarlı tərəfdaş olduğunu qeyd edib.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər gedib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG