Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Azərbaycan xəbərləri

Hesablama Palatasından hökumətə təklif

-

Hesablama Palatası 18 faiz səviyyəsində müəyyən edilən əlavə dəyər vergisinin differensiallaşdırılmasını təklif edir.

APA-nın xəbərinə görə, palata hesab edir ki, 2015-ci ildən enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan kəskin azalmalar iqtisadiyyatda artım templərinin səngiməsini şərtləndirsə də bunu fürsətə çevirmək olar.

Palatadan bildiriblər ki, iqtisadiyyatdakı azalma ilk baxışda mənfi səciyyələndirilsə də şaxələndirilmiş modelə keçid dövründə gərəkli addımları atmaqla irəliləyiş əldə etmək olar. Bu zaman bazar qiymətlərinin vergi dərəcələrinin optimallaşdırılmasına gedilə bilər.

“Vergi dərəcələrinin optimallaşdırılması zamanı əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılması nəzərdə tutulmalıdır. Həmin stimullaşdırıcı tədbirlər çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan əlavə dəyər vergisinin dərəcəsinin differensiallaşdırılmasından ibarətdir”.

Palata qeyd edir ki, qeyri-xammal iqtisadi modellərə malik əksər ölkələrdə ƏDV-nin standart dərəcəsinin mal qrupları üzrə differensiallaşdırılması təcrübəsi mövcuddur.

Bunları nəzərə alaraq Hesablama Palatası vergi qanunvericiliyinin əlavə dəyər vergisini 18 faiz səviyyəsində müəyyən edən normalarının dəyişdirilməsinin məqsədəmüvafiq olduğunu ifadə edir.

ƏDV dərəcəsinin diferensiallaşdırılsı dedikdə müxtəlif faiz dərəcələrinin müəyyən edilməsindən söhbət gedir. Yəni, belədə əlavə dəyər vergisi maldan və onun qruplarından aslı olaraq müxtəlif ola bilər.

Bütün xəbərləri izləyin

Afiəddin Məmmədov  həbs edilib

Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçildiyi bildirilir.

Həmin təşkilatdan verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Bildirildiyinə görə, onun barəsində sentyabrın 21-də Xətai Rayon Məhkəməsi qərar verib.

Təşkilatdan habelə qeyd olunub ki, Məmmədov özünü təqsirli bilmir və fəaliyyətinə görə, şərləndiyini düşünür.

Afiəddin Məmmədovun dünən, sentyabrın 20-də evdən çıxarkən saxlandığı bildirilirdi.

Yaxınlarının verdiyi məlumata görə, həmin vaxt evin yanında bir nəfər özünə xəsarət yetirərək bıçağı Məmmədovun üstünə atıb: “Hadisə yerinə dərhal polis əməkdaşları gələrək onu saxlayıb”.

Amma bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Reportyor, keçmiş diplomat həbs ediliblər

Emin İbrahimov

Reportyor həbs edilib

Reportyor Nurlan Qəhrəmanlı sentyabrın 21-də 30 sutka həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) ilə ittiham edilib. Qərarı Yasamal Rayon Məhkəməsi çıxarıb.

Qəhrəmanlının yaxınları bildiriblər ki, onu sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən mülki geyimli şəxslər zorla aparıb:

"İnternet provayderi adından gələrək Nurlanı çağırıblar. Nurlan çıxan kimi qollarını buraraq tutub aparıblar".

Məhkəmədə Nurlan Qəhrəmanlı jurnalistlərə bildirib ki, mənəvi və fiziki təzyiqə məruz qalıb, bədənində xəsarət izləri var.

Amma bu iddialara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Keçmiş diplomat Emin İbrahimov inzibati qaydada həbs olunub.

Bu barədə onun vəkili Aqil Layıc bildirib. Onun verdiyi məlumata görə, E.İbrahimov sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə 30 sutka həbs olunub.

Sentyabrın 20-də digər fəal Əmrah Təhməzovun da 30 sutka müddətinə həbs olunduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, o da İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilib.

Hər iki fəalın həbsinə səbəb kimi onların son günlər keçirilən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə yazdıqları statuslar göstərilir.

Hər iki şəxsin həbsi və yaxınlarının fikirləri ilə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son günlər olanlar...

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin Qarabağ regionundan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Döyüşlərdə hər iki tərəfdən itkilər olduğu bildirilir.

Sentyabrın 20-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Büdcə az da olsa kiçilir

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir. Həmin göstəricilər 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən, müvafiq olaraq, 0.4 faiz və 0.7 faiz azdır.

2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində nəzərdə tutulur.

Gəlirlərin 49.6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun payına düşür.

Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Müdafiə və milli təhlükəsizlik xərcləri artır

Növbəti il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği artırılır. (6 milyard 421 milyon manat) Bu, 2023-cü ilin təsdiq olunmuş proqnoz ilə müqayisədə 6 faiz çoxdur.

Neft Fondundan transfertlər artacaq

Azərbaycan Dövlət Neft Fondundan (ADNF) transfertin məbləği isə 12 milyard 781 milyon manat nəzərdə tutulub. Bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9 faiz çoxdur.

Maliyyə Nazirliyi qeyd edir ki, 2024-cü ildə ADNF-dən transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37.9 faizinə bərabərdir.

ABŞ dolları/manat (USD/AZN) rəsmi məzənnəsi gələn il də sabit (1.7 manat) qalmalıdır.

Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib. Bu məbləğdə dəyişiklik yoxdur.

Rail Abbasov 4 aylıq həbs edilib

Bugün, sentyabrın 20-də ictimai fəal Rail Abbasov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Müdafiə tərəfi bildirmişdi ki, Abbasov sentyabrın 19-da səhər saatlarında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib:

"Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb".

Vəkili əlavə edib ki, Rail Abbasovla bağlı 1 nəfərin şikayəti var: "Lakin o, özünü təqsirli bilmir".

Rail Abbasov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dostudur və onun ictimai müdafiə kampaniyasında iştirak edib.

Bəzi hüquq müdafiəçilərin fikrincə Rail Abbasov məhz buna görə həbs olunub. Amma bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Bununla belə rəsmilər ölkədə insanların siyasi, tənqidi baxışlarına və hüquq müdafiəsi ilə bağlı fəaliyyətinə görə, təqib edilməsinə dair fikirləri qəbul etmirlər.

Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bu il iyunun 16-da istintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunması ilə bağlı çağırışlar səsləndiriblər.

Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. B.Hacıyev də ona qarşı ittihamları qəbul etmir.

Fəalların saxlandığı deyilir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədovun saxlanıldığı bildirilir.

Təşkilatdan iddia olunub ki, Məmmədov sentyabrın 20-də günorta saatlarında evdən çıxarkən saxlanıb:

"Evin yanında bir nəfər özünü bıçaqlayaraq bıçağı Afiəddinin üstünə atıb. Dərhal peyda olan polislər Afiədfini saxlayaraq aparıblar".

Təşkilatdan qeyd olunub ki, bu, Məmmədovun fəaliyyəti ilə bağlıdır və təxribatdır.

Sentyabrın 20-də digər ictimai fəal Nemət Abbasovun da saxlandığı deyilir.

Onu isə Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı, sonra isə Nərimanov Rayon 17-ci polis bölməsinə aparıldığı vurğulanır.

Hər iki fəalla bağlı deyilənlərə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

İctimai fəal saxlanıb

Polis

İctimai fəal Rail Abbasovun saxlandığı bildirilir.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Abbasovu sentyabrın 19-da səhər saatlarında evdən çıxarkən polis saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirib: "Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb. Sabah, sentyabrın 20-də məhkəməyə çıxarılması gözlənilir".

Vəkil əlavə edib ki, Abbasovla bağlı bir nəfərin şikayəti var: "Lakin o, özünü təqsirli bilmir".

Amma o, şikayətin detallarını açıqlamayıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Həmin maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Ənvər Ağamalızadənin saxlanıldığı deyilir

Ənvər Ağamalızadə

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlanıldığı bildirilir.

Partiyadan "Turan"a bildirilib ki, səhər saat 9 radələrində evindən dükana alış-veriş məqsədilə çıxan Ə.Ağamalızadə yaşadığı binanın həyətində saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu saata qədər onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Ə.Ağamalızadə ötən ay da polis tərəfindən saxlanılmışdı. Onun sözlərinə görə, saxlanılarkən fiziki təzyiqə məruz qalmışdı.

Qubad İbadoğlunun həbsi

ADR sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

Suriyaya 10 il öncə gedən azərbaycanlıya 10 il cəza verildi

Xanımı, qaynı və qayınanasıyla 10 il öncə Suriyaya gedən Bəxtiyar Şıxıyev illər sonra buna görə ağır cəzalandırılıb. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 10 il həbs cəzası kəsilib.

Ötən ilin mayından bəri həbsdə olan 34 yaşlı Şıxıyev Cinayət Məcəlləsininn 283-1.3 maddəsilə - Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə yaradılan qrup, təlim və ya silahlı münaqişələrə qatılmaqda ittiham olunur.

O, Suriyaya getdiyini təsdiqləyir, ancaq orada İŞİD-in tərkibində döyüşmədiyini, sadəcə, 2013-cü ildə çox sadəlövh davrandığını iddia edir:

“Ora gedib çatanda gördüm ki, vəziyyət əvvəl mənə deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma orada bir-birini öldürür”.

Bəxtiyar Şıxıyev Suriyada yaxınlarının aqibətindən də söz açaraq deyib ki, astma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib. Qayınanası orada ərə gedib. Özünün də orada övladı doğulub. Bir neçə ay sonra uşağı da götürüb, xanımıyla birgə Türkiyəyə gəlib. Sonradan həyat yoldaşı Azərbaycana qayıtsa da, özü 9 ilə yaxın Türkiyədə qalıb. Ötən il özü də Azərbaycana qayıdanda həbs olunub.

Hazırda Şıxıyevin özüylə yanaşı, həyat yoldaşı da həbsdə olduğundan, onların 9 yaşlı övladı babasının himayəsindədir.

Hirkan meşələri UNESCO siyahısına salınıb

Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Azərbaycanın ilk təbiət ərazisi olub.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Xidmətin rəisi Firuddin Əliyevin sözlərinə görə, Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar, hazırda UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən 45-ci sessiyasında qəbul olunub.

Hirkan meşələri Xəzər dənizinin cənub qərbində, Azərbaycanın Astara və Lənkəran rayonları ərazisində yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu ərazidə çox sayda qırmızı siyahıda olan ağaç və bitki növləri yaşamaqdadır.

ADR üzvünün həbs edildiyi deyilir

Sentyabr 16-da Azərbaycan Demokratik və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayevin 30 sutka inzibatı qaydada həbs edildiyi bildirilir. Onun barəsində bu qərarı Xəzər Rayon Məhkəməsinin çıxardığı qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna ADR Partiyasından məlumat veriblər.

Partiyadan vurğulandığına görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama ) ilə təqsirli bilinib.

Partiya sədrinin müavini Ədalət Yusifin sözlərinə görə, Allahverdi Babayev sentyabrın 15-də Qubad İbadoğlu ilə bağlı verdiyi müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib.

Bu deyilənlərə, hələlik, Xəzər Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər birqayda olaraq deyirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyəti və tənqidi fikirlərinə görə təqibə məruz qalmır.

Qubad İbadoğlunun həbsi

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

update

Qudyalçay üzərində körpü çöküb (Video)

Qudyalçay üzərində körpü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) körpünün uçması nəticəsində üç nəfərin xəsarət aldığını bildirir.

+++

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla iki nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. /FHN/

+++

Qudyalçay üzərində yerləşən körpü sentyabrın 15-də çöküb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Turan"a bildirilib ki, 1974-cü ildə inşa edilmiş körpünün çökmə səbəbi intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları olub: "Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır".

AAYDA-dan bildirilib ki, sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

Qudyalçay Quba və Xaçmaz rayonları ərazisində axıb Xəzər dənizinə tökülür.

Bakının işğaldan azad olunmasından 105 il keçir

1918-ci il, 15 sentyabr. Qafqaz İslam Ordusu Bakıya daxil olur

Sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 105 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti rəhbərlik edib.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı işğal etdiyindən devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

Müdafiə Nazirliyi təxribatın qarşısını aldığını bildirir

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycanın Müdafiə Nazirliyinin sentyabrın 13-də yaydığı məlumata görə, kəşfiyyat-diversiya qrupunun tərxibatının qarşısını alıblar.

"Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstə ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək, bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib"- deyə, məlumatda bildirilir.

Müdafiə Nazirliyi Kəşfiyyat-diversiya qrupunun bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edildiyini bildirir.
Qarabağdakı separatçı rejimin müdafiə nazirliyi bu məlumatı təkzib edib və yayılan məlumatları yalan adlandırıb.

Xatırlatma

Müasir mərhələdə 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma son illər tərəflər arasında həm Avropa İttifaqı və həm də Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycanın 3 hərbçisi həlak olub

Arxiv foto

Sentyabrın 13-ü Azərbaycanın 3 hərbi qulluqçusu həlak olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda onların çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olduğu vurğulanır.

Nazirliyin məlumatında faktla bağlı araşdırma aparıldığı açıqlanıb.
Amma, hələlik, rəsmi məlumata, orada adları çəkilən hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan və İran generalları danışıb

Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri

Sentyabrın 13-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"M.H.Baqeri bəzi qüvvələrin..., guya, İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb", - məlumatda bildirilir.

Açıqlamaya görə, telefon danışığı zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilirdi. İranın ötən il Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi rəsmi Bakının narazılığına səbəb olmuşdu. Daha sonra Azərbaycan da İranla sərhəddə təlimlər keçirmişdi.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə isə silahlı hücum olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanmışdı. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.

Moskvadan Bakıya demarş

Rusiya XİN-in binası

Bakının işğal olunmuş Ukrayna ərazilərində keçirilən seçkiləri tanımaması ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya diplomatik kanallar vasitəsilə Azərbaycana demarş edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 13-də keçirilən brifinq zamanı deyib.

Sentyabrın 9-da Azərbaycan XİN Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in heç bir qanuni qüvvəsi olmadığını bildirib.

Zaxarovanın sözlərinə görə, belə qiymətləndirmələr qəbuledilməzdir: "Belə qiymətləndirmələr ölkələrimiz arasında müttəfiq münasibətlərinin səviyyəsi ilə uyğun gəlmir... Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Hansı ki, burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir".

Sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) "regional parlamentlərə deputat seçkiləri" keçirib.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə silahlı hücuma keçib. Eyni zamanda, Ukraynanın işğal etdiyi dörd vilayətini özünə birləşdirdiyini elan edib. 2014-cü ildə də Rusiya Ukraynanın Krım ərazisini ilhaq etmişdi.

ABŞ və dünyanın əksər ölkələri Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Ötən il fevralın 22-də Moskvada iki ölkənin dövlət başçıları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb. Bəyannamədə siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

'Əsrin kontraktı'ndan Azərbaycan 170 milyard dollara yaxın gəlir götürüb

Prezident Heydər Əliyev, İlham Əliyev və SOCAR-ın sədri Natiq Əliyev "Əsrin kontraktı"nın imzalanmasından sonra ilk neft hasilatını qeyd edirlər.

Azərbaycan "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.

AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 13-də Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi media-tur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Onda BP 35.78, "Chevron" 11.27, "ExxonMobil" 8, "ONGC Videsh Limited" 2.72, "Inpex" 10.96, "Itochu" 4.3, SOCAR 11.65, "Statoil" 8.56 və TPAO 6.75 faiz pay sahibi idi.

Bu blok üzrə 2017-ci ildə saziş yenilənərək 2050-ci ilə kimi uzadılıb. Bu dəfə BP 30.37, AzACG (SOCAR) 25, "Chevron" 9.57, "Inpex" 9.31, "Statoil" 7.27, "ExxonMobil" 6.79, TPAO 5.73, "Itochu" 3.65 və "ONGC Videsh Limited (OVL)" 2.31 faiz paya yiyələniblər.

AFFA UEFA-ya müraciət edəcək

Stadionda Qarabağ separatçılarının bayrağı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistan-Xorvatiya oyunu ilə bağlı bəyanat verib.

Assosiasiya sentyabrın 11-də keçirilən oyunun 35-ci dəqiqəsində dron vasitəsilə Qarabağda separatçı rejimin bayrağının nümayiş etdirilməsini qınayır, Ermənistan Futbol Federasiyasından öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədilə tədbirlər görməsi tələb olunur.

Bəyanatda həmçinin bildirilir ki, AFFA futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və digər üstqurumlara şikayətlərini çatdıracaq. Qurum UEFA-nın ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edir.

Bəyanata, hələlik, Ermənistan Futbol Federasiyası və UEFA-nın münasibəti bəlli deyil.

Ermənistan-Xorvatiya oyunu 0-1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

Bu qrupda Xorvatiyanın 4 oyundan 10, Ermənistanın isə 5 oyundan 7 xalı var. Türkiyə də 10, Uels isə 7 xal toplayıb. Latviya isə 5 oyunda heç bir xal toplamayıb.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Bu münaqişə Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında sülh sazişi bağlanmayıb.

Rusiya sülhməramlılarının yeni komandanı Azərbaycana təqdim edilib

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Sentyabrın 12-də Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukov bu ölkənin sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu Azərbaycan müdafiə naziri Zakir Həsənova təqdim edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, Qarabağda əməliyyat şəraiti barədə danışan Z.Həsənov son zamanlarda erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandirinin bu ayın əvvəlində dəyişdiyi açıqlanmışdı. K.Kulakov bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.

K.Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Onların müddətinin ilkin mərhələdə 5 il olduğu bildirilir.

MN Azərbaycan hərbçilərinə qarşı təxribatın qarşısını aldıqlarını deyir

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı separatçı rejimin təxribat məqsədi ilə heyvanlardan istifadə etdiklərini iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağdakı “qeyri-qanuni silahlı dəstələr” təxribat məqsədilə heyvandan istifadə edir. Bu barədə sentyabrın 11-də Müdafiə Nazirliyi məlumat yayıb.

“Saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər” - deyə, Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamaya görə, itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq, onların mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər:

“Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində… itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb”.

Müdafiə Nazirliyi bunun sübutu kimi itin şəklini paylaşıb.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Qarabağdakı separatçı rejim bu ittihamları rədd edib, bunu uydurma və yalan adlandırıb.

Müasir mərhələdə 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Yaxınları Qubad İbadoğlunun müayinə nəticələrinin saxtalaşdırıldığını deyir

Qubad İbadoğlu

Yaxınları Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Siyasətçinin qardaşı Qalib Toğrul bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etmək üçün hazırlanan sağlamlıq sənədlərində Q.İbadoğlunun səhhəti ilə bağlı iyulun 25-dən keçirilmiş müxtəlif müayinə və analizlərin nəticələri total saxtalaşdırılıb.

Müdafiə tərəfinin bildirməsinə görə, AİHM ötən həftə Q.İbadoğlunun işi ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib. Yaxınlarının deməsinə görə, AİHM-ə onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması ilə bağlı müraciət edilib.

Q.Toğrul habelə qeyd edib ki, vəkil Zideydə Sadıqova iyulun sonundan başlayaraq tibbi müayinənin nəticələrini almaq üçün dəfələrlə sorğu göndərib, amma həmin sorğulara ya imtina gəlib, ya cavab verməyiblər: "Nəhayət, yarım-yarımçıq nəticələri veriblər. Tam nəticə 80 səhifəlik olsa da, cəmi 21 səhifəni veriblər. Onu da saxtakaşdırıblar. Xolesterin, hemoqlobin,... qan təzyiqi - xülasə, bütün göstəricilər ideal səviyyədə. Obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər artırıblar, onu da olduğu kimi yazmağa cəsarət etməyiblər".

Q.Toğrul əlavə edib ki, bütün analiz nəticələri qələmlə, əllə yazılıb, analiz nəticələrinin bəzilərində isə həkim-laborantın adı qeyd olunmayıb.

Amma bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

Müsavat və AXCP dövlət qeydiyyatına alındı

Əliyevin yeniliyi və partiyaların bağlanmaq təhlükəsi: Müxalifətin sonu nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

Sentyabrın 9-da Ədliyyə Nazirliyinin daha bir neçə partiyanı dövlət qeydiyyatına aldığı açıqlanıb.

Bunlar Azərbaycan Xalq Cəbhəsi (Əli Kərimli), Müsavat (Arif Hacılı), Respublikaçı Alternativ (İlqar Məmmədov), Klassik Xalq Cəbhəsi (Mirmahmud Mirəloğlu) və Müasir Müsavat (Hafiz Hacıyev) partiyalarıdır.

Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 19-a çatıb.

Qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan daha 8-nə, hələlik, cavab verilməyib. Onlardan YAP-dan başqa 26-sının sənədləri imzalarda yanlışlıqlar səbəb göstərilərək geri qaytarılmışdı. Həmin partiyalar sənədlərini ikinci dəfə Ədliyyə Nazirliyinə göndəriblər.

Rəsmi qeydə alınan partiyalar

Yeni Azərbaycan Partiyası (İlham Əliyev)

Ağ Partiya (Tural Abbaslı)

Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı)

Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev)

Milli Cəbhə Partiyası (Razi Nurullayev)

Ana Vətən Partiyası (Fəzail Ağamalı)

Haqq Ədalət Partiyası (Əli İnsanov)

Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə)

Ümid Partiyası (İqbal Ağazadə)

Böyük Azərbaycan Partiyası (Elşad Quliyev)

Demokrat Partiyası (Sərdar Cəlaloğlu)

Xalq Partiyası (Pənah Hüseyn)

Vəhdət Partiyası (Tahir Kərimli)

Azad Vətən Partiyası (Akif Nağı)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (Əli Kərimli)

Müsavat Partiyası (Arif Hacılı)

Respublikaçı Alternativ Partiyası (İlqar Məmmədov)

Klassik Xalq Cəbhəsi Partiyası (Mirmahmud Mirəloğlu)

Müasir Müsavat Partiyası (Hafiz Hacıyev)

Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə ikisi ləğv edilib. 2021-ci ildə altı partiya iqtidarda olan YAP-a birləşdiyini bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.

"Siyasi partiyalar haqqında" yeni qanun qüvvəyə mindikdən sonra bu siyasi partiyalardan 31-i ləğv olunmaları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan imza sayının 1 mindən 5 minə qaldırılması ilə izah edildi.

Xatırlatma

Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun ötən il qəbul edilib və bu ilin əvvəlində qüvvəyə minib. Yeni qanunun qəbulu ilə də partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxıb. Yeni qanunda qeydiyyat üçün üzv sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.

Avropa Şurasının Venesiya Komissiyası qanunvericiliyə edilən bu dəyişikliklərə tənqidi rəy verib.

Dövlət Departamenti Laçın və digər yolların eyni vaxtda açılmasına çağırır

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Sentyabrın 7-də ABŞ Azərbaycanla Ermənistanı humanitar yüklərin Dağlıq Qarabağa çatdırılması üçün Laçın və digər marşrutları dərhal, eyni zamanda açmaqdan ötrü birlikdə işləməyə çağırıb.

"Turan"ın xəbərinə görə, bu barədə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bildirib.

"Marşrutların açılması və birbaşa danışıqlar həll olunmamış məsələlərin həlli üçün açardır", - məlumatda vurğulanır.

Sentyabrın 7-də Y.Kim Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda söhbət edib.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, bunun 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə iki aylıq İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Üç futbolçu Ermənistana göndərilib

Azərbaycan ombudsmanı həbs edilən erməni futbolçulara baş çəkib

Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan üç nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan, Levon Qriqoryan Ermənistana qaytarılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə onların inzibati qaydada həbs olunma müdəti başa çatıb və onların Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib

AzadlıqRadiosunun erməni xidməti yazır ki, qaytarılan 3 futbolçunun yaxınları onlarla danışa bilmədiklərini deyir.

Rəsmi məlumata görə, avqustun 28-də Laçın sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı olan futbolçular həbs edilib.

Ermənistan tərəfi isə onların oğurlandığını bildirib.

Azərbaycan tərəfi həmin üç futbolçunun Azərbaycan bayrağını təhqir etməkdə günahlandırıldığını deyib.

Futbolçuların fikri mətbuata bəlli deyil.

Azərbaycan hökuməti jurnalistə 6 min avro ödəyəcək

Şahvələd Çobanoğlu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 7-də jurnalist Şahvələd Çobanoğlunun işi üzrə qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti jurnalistə təzminat ödəyəcək.

Məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumların qadağa qoyması ilə bağlı idi. Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 10 (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusundan da şikayət etmişdi.

Hüquqşünas Xalid Ağalıyevin bildirməsinə görə, hökumət Ş.Çobanoğlunun effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib.

Ş.Çobanoğlunun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən məhdudiyyət qoymuşdu. Jurnalist bildirmişdi ki, bu onun peşə fəaliyyəti ilə bağlı olub. 2020-ci ildə onun ölkədən çıxışına qadağa götürülmüşdü.

Hələlik, qərara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru işləyib, "Azadlıq" qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən bir çoxu AİHM-ə üz tutub.

Sonrakı illərdə ölkədən çıxışı qadağan olunan jurnalistlərdən bəzilərinə (əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülmüşdü.

Davamı

XS
SM
MD
LG