Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

Qan Turalının "Fələk qırmancı" romanı çıxıb


Kitab
Kitab

-

Yazıçı Qan Turalının "Fələk qırmancı" adlı yeni kitabı çıxıb. Kitabın redaktoru Səhər Əhməddir.

Paralel süjet üzərində qurulmuş roman müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır, tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.

Kitabın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb.

“Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub. Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunmuşdu.

Şair, publisist Qismət kitab haqqında resenziyasında deyir:

Qan Turalının kitab təqdimatı
Qan Turalının kitab təqdimatı

"Bu roman mətn içində mətn metodu ilə qurulub; romanda paralel zamanlar, pastiş/parodiya kimi çağdaş romançılığın məşhur fəndlərin istifadə olunub və qeyd olunan cəhətlərdən əlavə, bizim ədəbiyyatımızdan Yusuf Səmədoğlunun “Qətl günü”, qərb ədəbiyyatından Tolstoyun “Sergi ata”, Orxan Pamukun “Yeni həyat”, Meşa Selimoviçin “Dərviş və ölüm” romanları ilə intertekstual əlaqə yaradılıb.

Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib.

“Fələk qırmancı” romanının qəhrəmanı yazmaqdan imtina etmiş bir ədəbiyyatçıdır və roman bu tərəfilə də bizim ədəbiyyatda yeni hadisədir.

Yazmaqdan imtina etmiş yazıçıların həyatını romanlaşdıran ispan yazıçısı Enrike Vila Matasın “Bartlbi və çevrəsi” əsərindəki “bartlbilik” terminindən istifadə etsək, deyə bilərik ki, Qan Turalının bu romanı həm də “milli bartlbilər” haqqındadır. Bu baxımdan, bizim ədəbiyyatda son on ildə çox danışılan, lakin bədii mətn səviyyəsində adekvat həllini tapmayan postmodernist nəsrin günümüzdəki ən yaxşı nümunələrindən olan “Fələk qırmancı” qırmanc kimi romandır."

XS
SM
MD
LG