-
Cəmi 26 il ömür yaşamış, 20 May 1921–ci ildə Hamburqda anadan olan alman yazıçı, dramaturq və şair Wolfgang Borchert (Volfqanq Borxert) II. Dünya Müharibəsinin sonlarında ortaya çıxan, şəhərlərin yıxılması, ailələrin dağılması və müharibə travmalarını əks etdirən bir ədəbiyyat növü olub, təxminən 50-ci illərə qədər davam edən ədəbiyyat cərəyanının, - Xarabalıq Ədəbiyyatının (almanca:Trümmerliteratur) yaradıcılarından biridir.
Müharibədən sonra Almaniyada ortaya çıxmış bu ədəbiyyat cərəyanında parçalanmış Almaniyanın gerçəkləri var.
Bu cərəyanın anti-faşist, anti-militarist yazarları öz mövzularını müharibənin cəmiyyətdə yaratdığı dağıdıcı təsirindən alırdılar.
Müəllim Fritz Borxert və yazar Erta Borxertin oğlu olaraq Hamburgda dünyaya gələn Volfqanq 15 yaşındaykən şeir yazmağa başlamışdı, bunlardan bəziləri “Hamburger Anzeiger” qəzetində yayımlanmışdı.
1938 –ci ildə, son imtahanını vermədən məktəbi tərk edən Borxert, Nasizm rejminin əleyhinə olduğu üçün zorla qatıldığı "Hitler Gəncliyi"-ndən güclə də olsa ayrıldı.
1940-cı ildə Gestapo tərəfindən həbs edilsə də, tezliklə azad edildi. Borxert bir kitab maqazasında köməkçi işləməyə, eləcə də Helmut Gmelin'dən aktyorluq dərsləri almağa başladı.
1940-cı ildə aktyorluq imtahanında uğurlu olsa da dərsləri yarıda buraxdı. 1938-ci ildə, hələ 17 yaşında olarkən, ilk dram əsəri olan, "Hamlet" əsərinə bənzər bir mövzuya malik "Dəlisov Yorick" ("Yorick der Narr" ) tragediyasını yazdı.
Volfqanq müharibənin əleyhinə olsa da, müharibədə iştirak etmiş və 1942-ci ildə sol əlindən yaralanmışdı. Amma əlindəki yaranı əsgərlikdən yayınmaq üçün öz etdiyindən şübhələnirlər, onu həbs edirlər, yenidən cəbhəyə göndərilmək şərti ilə altı həftə ağır həbs cəzası kəsirlər.
Cəbhədə ayaqlarının donması səbəbindən xəstəxanaya göndərilir, elə burada da sarılıq və yatalaq xəstəliyinə tutulur.
İcazə alaraq doğulduğu Hamburq şəhərinə gəldiyində bəzi kabarelərdə rol alsa da, səhhəti pisə doğru gedirdi. Rol aldığı gecə klublarında da Nasizm propaqandası aparan Nazir Josef Göbbelsi təhqir etdiyi bəhanəsi ilə 1943 -cü ildə təkrar həbs edilir. Məhkəmədən sonra 9 ay həbs cəzasına məhkum edilir və cəzasından sonra təkrar cəbhəyə göndərilir.
Müharibənin sonlarına yaxın, 1945-ci ilin yazında Frankfurt yaxınlığında Fransız dəstələrinə təslim olan Borxert, əsirlərlə bərabər qaçmağı bacardı.
Müharibədən sonra teatr və kabarelərdə müxtəlif rollar ifa etsə də, öz əsərlərini də səhnələşdirdi. Lakin sağlamlığı getdikcə zəiflədiyi üçün əsərlərinin çoxunu xəstə yatağında yazmağa çalışırdı. Sanki çox zamanı qalmadığını duyurmuş kimi, dayanmadan yazırdı.
20 noyabr 1947–ci il, cəmi 26 yaşında erkən ölümü ədəbiyyat üçün böyük itki oldu.
Yazılarında yarımçıq, qısa cümlələr Borxert üslubunun özəlliklərindən biridir.
"Çörək" ("Das Brot"), "Fırtına" ("Das Gewitter"), "Sabaha odun" ("Das Holz für morgen"), "Yazıçı" ("Der Schriftsteller"), "Albalılar" ("Die Kirschen"), "Mətbəx saatı" ("Die Küchenuhr") "Mənim solğun qardaşım" ("Mein bleicher Bruder") kimi əsərləri məşhurdur.
Müharibənin dəhşətini və aclıq illərini, özünün axıcı və kövrək cümlələri ilə təsvir etdiyi hekayələrindən biri də məşhur "Çörək" hekayəsidir.
Wolfgang Borchert
Tərcümə edən: Günel Treu
ÇÖRƏK
Qəfil yuxudan oyandı, saat üçün yarısı idi. Onu oyandıran səbəbin nə olduğunu düşündü. Xatırladı! Mətbəxdə kimsə stula toxunmuşdur. Diqqətlə mətbəxi dinlədi, səssizlik idi. Əli ilə yatağın üzərini yoxladı, boş olduğunu gördü. Demək ki, ərinin nəfəsinin səsi gəlmədiyi üçün bu qədər səssizlik idi.
Ayağa qalxıb, qaranlıq divarlardan tuta-tuta mətbəxə keçdi. Mətbəxdə qarşılaşdılar. Üçün yarısı idi. Mətbəx dolabında gözünə nə isə ağ rəngdə bir şey sataşdı. İşığı yandırdı. Gecə köynəkdə qarşı-qarşıya dayandılar. Mətbəxdə. Gecəyarı. Saat üçün yarısı.
Mətbəx stolunun üstündə çörəkqabı vardı. Çörəkdən bir dilim kəsilmişdi. Bıçaq hələ çörəkqabının yanında idi. Süfrəyə çörək qırıntıları yayılmışdı.
Qadın həmişə yatmazdan əvvəl masanın üstünü təmizləyərdi. Hər gecə. Amma indi süfrənin üzərində qırıntılar vardı. Bıçaq da ortada qalmışdı. O yerə döşənmiş kirəmitin soyuğunun yavaş yavaş ayaqlarından yuxarıya doğru necə qalxdığını hiss etməyə başladı. Baxışlarını çörəkqabından yana çevirdi.
"Məncə burda nəsə olub" - deyə əri dilləndi və mətbəxin dörd tərəfini nəzərdən keçirdi.
"Mən də nəsə səs eşitdim" - deyə qadın cavab verdi.
Sanki indi fərqinə vardı ki, əri gecə köynəyində daha da yaşlı görünür. Elə yaşı da xeyli irəliləmişdi, altmış üç yaşındaydı. Gündüzlər bəzən daha cavan görünürdü. Elə kişi də ürəyində arvadının artıq yaşlandığını düşünürdü, qadın gecə köynəyində xüsusilə yaşlı görünürdü. Amma bəlkə də belə yaşlı görünməsinə səbəb saçları idi. Axı qadınlar adətən saçlarına görə yaşlı görünürlər.
"Heç olmasa başmaqlarını geyinərdin, ayaqyalın kafelin üstündə dayanmısan, soyuqlayarsan" - deyə kişi dilləndi.
Qadın baxışlarını başqa tərəfə çevirdi, çünki daha ərinin yalanlarına dözə bilmədi. Evləndiklərindən otuz bir il sonra eşitdiyi yalana dözə bilmirdi.
"Məncə, burda nəsə olub" - deyə kişi yenindən dilləndi və anlaqsız halda mətbəxin künc-bucağına baxdı. - "Qulağıma səs gəldi, düşündüm ki, burda nəsə var."
"Mən də nəsə eşitdim. Amma demək heç nə yox imiş" - qadın dilləndi.
Çörəkqabını stolun üstündən götürüb, qırıntıları süfrədən təmizlədi.
"Hə, demək bir şey yox imiş" - deyə səsində tərəddüd duyulan kişi qadının dediklərin təkrarladı.
Qadın ona köməyə gəldi:
"Gəl görüm. Yəqin külək idi. Gəl uzan, xəstələnərsən. Yer buz kimidi."
Kişi pəncərəyə nəzər saldı.
"Hə, hər halda çöldən olub, yoxsa nəsə görərdik."
Qadın əlini işaq düyməsinə uzatdı. "İşığı söndürməliyəm" – düşündü, - "çörək qabına baxmadan dözə bilmərəm, mən çörəkqabına mütləq baxmalıyam".
"Sən gəl" - deyə ərinə səslənib, işıqı söndürdü.
"Bu, həqiqətən cöldən olub. Yağış novdan töküləndə külək onu həmişə divara çırpır. Yağışın səsi olub. Külək yağışı divara çırpıb deyə tıqqıltı olub."
Onlar hər ikisi qaranlıq dəhlizdə əllərini divara çəkə-çəkə yataq otağına tərəf getdilər. Onların yalın ayaqları döşəməyə dəydikcə tappıltı eşidilirdi.
"Hava yaman küləklidir" – kişi dedi, - "bütün gecə külək əsib".
Qadın yatağa uzana-uzana:
"Hə, bütün gecəni külək idi, bu, yağışın səsi olub."
"Hə, mən də sandım, mətbəxtdə nəsə oldu. Yağış edibmiş."
O, elə danışırdı, sanki artıq yarı-yuxuda idi. Lakin qadın ərinin səsindəki saxtalıqdan onun yalan danışdığını anlayırdı.
"Soyuqdur" - deyə qadın astaca əsnəyib, yorğana büründü.
"Gecən xeyrə."
"Xeyrə qarşı" - əri cavab verdi. – "Hə, özü də necə soyuq!"
Ətrafa sakitlik çökdü. Bir qədər keçdikdən sonra qadın ərinin yavaş və ehtiyatla nəsə çeynədiyini eşitdi. Qadın qəsdən dərindən və aramla nəfəs alırdı ki, əri onun oyaq olduğunu hiss etməsin. Amma onun çeynəməsi elə müntəzəm və sakit idi ki, qadın nə zaman yuxuya getdiyini bilmədi.
Ertəsi gün kişi evə gələndə qadın onun qarşısına dörd dilim çörək qoydu. Başqa vaxtlar kişi ancaq üç dilim çörək yeyə bilirdi.
"Rahat dörd dilim yeyə bilərsən" - deyə qadın lampanın önündən çəkildi. - "Mən onsuz da bu çörəyi yeyə bilmirəm, sən birini də ye. Mədəm götürmür bu çörəyi."
Əri acgözlüklə başını boşqaba tərəf əydi. Yeyərkən başını heç yuxarı qaldırmırdı. Onun belə etməsindən qadının bir anlıq ürəyi ağrıdı.
"Amma sənə iki dilim çörək bəs etməz axı" – deyə kişi boşqaba baxaraq dilləndi.
"Onsuz da axşamlar elə də çörək yeyə bilmirəm. Sən ye! Ye!"
Yalnız bir müddətdən sonra qayıdıb, stolun ətrafında, lampanın altında oturdu.
Buna da bax: Hekayə əsasında tamaşa