Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 19:59

Dünya xəbərləri

Avropa Şurasının rəhbəri islahatlar təklif edib

 Donald Tusk
Donald Tusk

Avropa Şurasının prezidenti Donald Tusk Böyük Britaniyanı birlikdə qalmağa inandırmaq üçün islahatlar təklif edib.

Təkliflərdə Avropa Birliyinə gələn miqrantlara mübahisəli təzminatın kəsilməsi nəzərdə tutulur.

Avropa Birliyi ölkələri ictimai xidmətlərin həddən artıq gərgin olduğunu sübut edə bilsələr bu vasitəyə əl ata bilərlər.

London ilkin olaraq təzminat və vergi güzəştlərinin artıqlığını əsas gətirərək miqrantlara 4 illik qadağa qoymaq istəsə də bu ciddi narazılıqla qarşılandı.

Avropa Birliyi ölkələri hesab edir ki, bu Böyük Britaniyada işləyən vətəndaşlarına qarşı ayrı-seçkiliyə səbəb ola bilər.

Avropa Birliyi ölkələri fevralın 18-19-da Brüssel sammitində bu təklifi müzakirə edəcəklər.

Böyük Britaniyann baş naziri David Cameron məsələnin iyunda ölkədə keçiriləcək referenduma çıxarılması üçün tezliklə həllinə çalışır.

Britaniya Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referenduma hazırlaşır.

Bütün xəbərləri izləyin

Hərbi cinayətlərə görə məhkum edilmiş Ratko Mladiç 84 yaşında ölüb

Ratko Mladiç məhkəməsində, 2017-ci il
Ratko Mladiç məhkəməsində, 2017-ci il

Bosniya serblərinin hərbi komandiri, “Bosniya qəssabı” kimi tanınan Ratko Mladiç 84 yaşında ölüb. O, soyqırımı və insanlığa qarşı cinayətlərə görə Haaqada ömürlük həbs cəzası çəkirdi.

Beynəlxalq məhkəmə Mladiçi 1995-ci ilin yayında BMT-nin mühafizəsi altında olan Srebrenitsada təxminən 8 min bosniyalıya qarşı soyqırımında, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibə vaxtı törədilmiş digər hərbi cinayətlərdə təqsirli bilib.

Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib. O, təxminən 16 il Haaqa Tribunalının ən çox axtarılan şəxsi olub. Mladiç həbs olunaraq Haaqadakı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına (ICTY) təhvil verilib.

Haaqa Tribunalı 2021-ci il iyunun 8-də uzun sürən məhkəmə prosesindən sonra Mladiçi ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə Bosniya müharibəsinin ən ağır vəhşiliklərindən bəzilərini detallı sənədləşdirib.

Məhkəmə 2012-ci il mayın 16-da başlayıb, 530 gün çəkib. Prosesdə 592 şahid dindirilib, təxminən 10 min sübut təqdim olunub.

Mladiç son aylar bir neçə dəfə insult keçirib. Ailəsi, Serbiya rəsmiləri onun humanitar əsaslarla azadlığa buraxılması üçün müraciətlər etmişdilər. Haaqa Tribunalı bu müraciətləri rədd edib. Sonuncu müraciət avqustun 18-də təqdim olunmuşdu.

Mənbələr: MKİ rəhbəri Rusiyanı Baltik ölkələrinə hücumdan çəkindirməyə gedib

Con Retkliff
Con Retkliff

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff bu həftə Moskvaya ona görə gedib ki, NATO ölkələrinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücum etməməsi üçün Rusiyaya xəbərdarlıq etsin. Bunu AzadlıqRadiosuna səfərin detallarından xəbərdar mənbələr deyiblər.

Bu səfər Baltik ölkələrində Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlığın artdığı vaxtda gerçəkləşib.

Baltik ölkələrindən birinin diplomatı anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, Retkliffin Moskvaya səfəri barədə rəsmiləri “əvvəlcədən xəbərdar etmişdilər”.

Rusiya səfəri təsdiqləyib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MKİ direktoru ilə “işgüzar görüş” keçirdiyini bildirib. O, tərəflərin həssas məsələləri müzakirə etdiklərini deyib, detallı danışmayıb.

Kremlin sözçüsü Dmitri isə avqustun 27-də jurnalistlərə bildirib ki, “hazırda bu cür qorxuducu xəbərlər çox yayılır... Onların reallıqla heç bir əlaqəsi yoxdur”.

“Politico” nəşrinin mənbəsinə görə, Retkliff səfərdən Rusiyaya İranın hərbi və iqtisadi dəstəyini azaltması üçün təzyiq göstərmək üçün də istifadə edib.

ABŞ prezidenti Donald Tramp isə bundan əvvəl mediada Retkliffin Rusiya səfərinin mövzularına dair səsləndirilən bir sıra ehtimalların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, səfər zamanı nə Rusiyanın NATO ölkələrinə mümkün təhdidləri, “İngiltərəyə hücum”, nə də İrana qarşı sanksiyalarla bağlı məsələlər müzakirə olunub. Trampın sözlərindən belə çıxır ki, görüşlərin əsas mövzusu Ukraynadakı müharibə olub.

26.08.2026

Tramp: MKİ direktorunun Rusiyaya səfərinin nəsə nəticəsi ola bilər

ABŞ prezidenti Donald Tramp deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin müəyyən nəticələri ola bilər. Prezident avqustun 26-da “Glenn Beck Program” verilişinə müsahibə verib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə “Washington Post” qəzetinə deyib ki, MKİ rəhbəri Moskvaya “xüsusi xidmətlər arasında əlaqə yaratmaq” üçün gedib.

Peskov TASS agentliyinə bildirib ki, MKİ direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.

“Washington Post” yazır ki, Peskov bir gün əvvəl Moskvanın Vnukovo hava limanına gələn ABŞ hərbi təyyarələri barədə Kremldə məlumat olmadığını bildirmişdi.

Avqustun 25-də CBS və Axios adı açıqlanmayan mənbələrə istinadla Retkliffin Moskvaya öncədən elan olunmamış səfəri barədə məlumat yayıb. “Axios”un jurnalisti Barak Ravid yazıb ki, Retkliffin səfəri zamanı ABŞ hakimiyyəti Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmağı xahiş edib.

“The Wall Street Journal” Retkliffin səfərinin bir neçə mümkün səbəbini göstərib. Bunlar Rusiyada ehtimal olunan səfərbərlik, Ukraynanın Rusiyaya hücumlarını intensivləşdirməsi, İranla müharibə və ya Moskvanın NATO ölkələrinə qarşı mümkün təxribatı ola bilər.

Kremlin müxbirləri qrupundan jurnalist Aleksandr Yunaşevin ehtimalına görə, Rusiya prezidentinin iş qrafiki məhz Retkliffin səfərinə görə dəyişdirilib. Onun sözlərinə görə, avqustun 25-nə “çox genişmiqyaslı tədbir” planlaşdırılmışdı, MKİ direktorunun səfərindən bir neçə gün əvvəl həmin tədbir başqa vaxta keçirilib.

MKİ direktoru Moskvaya qəfil səfər edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff avqustun 25-də Moskvaya qəfil səfər edib. Xəbəri ABŞ rəsmiləri AzadlıqRadiosuna təsdiqləyiblər, amma onun kimlərlə görüşdüyünü açıqlamayıblar.

MKİ və Ağ Ev də məsələ ilə açıqlama verməyib.

Bu qəfil səfər ABŞ kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya niyə şəxsən getməsi ilə bağlı suallar doğurub. Bundan əvvəl MKİ rəhbəri Uilyam Börnsün Rusiyaya getdiyi bəllidir. O, 2021-ci ilin noyabrında, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan üç ay əvvəl Rusiya prezidenti ilə görüşüb.

Hazırda Rusiyanın işğalçı müharibəsini bitirmək üçün Vaşinqtonun səyləri dalana dirənib. Digər yandan Moskvanın Tehranla münasibətləri ilə bağlı gərginlik var.

ABŞ-də yerləşən Saratoqa Fondunun sədri, Rusiya üzrə ekspert Qlen Hovard AzadlıqRadiosuna bildirib ki, səfərin xarakteri məsələnin ciddi olduğunu göstərir.

“MKİ direktorları nəsə istəmək niyyətləri olmayanda Moskvaya getmirlər”, – Hovard deyib. Onun sözlərinə görə, məsələ mühüm olmadıqca onlar “Rusiyaya qədər gedib çıxmırlar”.

“Börns 2021-ci ilin noyabrında, Rusiyanın işğalından əvvəl ora getmişdi ki, onları Ukraynaya hücum etməməyə çağırsın”, – o bildirib.

ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri müharibə dövründə rusiyalı həmkarları ilə əlaqələri davam etdirirlər. Amma bu səviyyədə üzbəüz görüşlər nadir hallarda keçirilir.

Ukrayna və İran

Səfərin mümkün səbəblərindən biri Ukrayna ola bilər. Prezident Donald Trampın 2025-ci ilin avqustunda Alyaskada Putinlə keçirdiyi sammitə baxmayaraq, ABŞ-nin vasitəçiliyi ilə aparılan səylər dalana dirənib.

“Ümid etmək istərdim ki, onun siyahısının başında Vladimir Putin qarşısında Ukraynadakı bu açıq təcavüz müharibəsini dayandırmaqla bağlı barədə tələb dayanır”, – Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Bouman AzadlıqRadiosuna bildirib.

Bouman səfər zamanı Rusiyanın İrana dəstəyinin də müzakirə oluna biləcəyini deyir.

“Ümid edirəm ki, o, Vladimir Putinə İranın peyklər buraxmasına yardım göstərməyi dayandırmağın vacib olduğunu da deyir”, – Bouman bildirib.

Hovardın da fikrincə, İran məsələsi Retkliffin missiyasının mərkəzində dayana bilər. Amma bunu özünün şəxsi ehtimalı da adlandırır. Hovardın fikrincə, Retkliff Moskvanı İrana silah və ya digər yardım verməyi dayandırmağa razı salmağa çalışa, bu səfər Kremlə qeyri-adi dərəcədə birbaşa xəbərdarlıq ola bilər.

Tokayevin bacısı qızı parlamentə düşüb

Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il
Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il

Qazaxıstanda parlament seçkilərinin qalibin elan olunmuş “Ədalət” (“Ədilet”) partiyası deputat mandatı alacaq üzvlərinin siyahısını açıqlayıb. Bu partiya yeni birpalatalı parlamentə - Qurultaya avqustun 24-də keçirilmiş seçkilərin qalibi elan edilib.

AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” xəbər verir ki, siyahıda prezident Kasım-Jomart Tokayevin bacısı qızı Dana Medeuovanın adı var. O, Tokayevin bacısı Karlığa İzbastina və onun həyat yoldaşı, diplomat, Qazaxıstanın Bolqarıstandakı keçmiş səfiri Temirtay İzbastinin qızıdır.

110 namizəd arasında “Ədalət” partiyasının sədri, Tokayev administrasiyasının keçmiş rəhbəri Aybek Dadebay, son çağırış Məclisin deputatı, keçmiş təhsil naziri Asxat Aymağambetov, keçmiş məmur Kuandık Bişimbayevin məhkəmə prosesindən sonra tanınan keçmiş prokuror Ayjan Aymağanova, son çağırış Məclisin deputatı, politoloq Aydos Sarım, söz azadlığını müdafiə edən “Ədil söz” Fondunun keçmiş rəhbəri Karlığaş Jamankulova da var.

Keçmiş dövlət müşaviri Yerlan Karin, “Kazaxtelekom” milli şirkətinin rəhbəri və keçmiş rəqəmsallaşma naziri Bağdat Musin, maarif naziri Juldız Süleymenova, “Qazax dili” (“Қазақ тілі”) Beynəlxalq Cəmiyyətinin prezidenti Rauan Kenjehanulının siyahıdan kənar qalıblar.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 528 min 948 nəfər “Ədalət” partiyasına səs verib. Bu, seçici siyahılarına daxil edilmiş şəxslərin ümumi sayının 71,17 faizi deməkdir.

Astana seçkiləri baş tutmuş elan edib. ATƏT/DTİHB və ATƏT PA müşahidəçiləri bildiriblər ki, Qazaxıstanda seçkilər ciddi pozuntular olmadan keçib, lakin real müxalifət və siyasi plüralizm olmayıb.

Avqustun 26-da Qurultaya keçən digər dörd partiya da deputatlığa namizədlərinin siyahısını təqdim edib.

Türkmənistanda ətin qiymətinə etiraz edənləri saxlayıblar

Aşqabad yaxınlığında bazar
Aşqabad yaxınlığında bazar

Türkmənistanın Türkmənabad şəhərində bazarda alıcılar ətin qiymətindən narazılıq bildirərək satıcılarla mübahisəyə başlayıblar. “TurkmenNews” mənbələrinə istinadla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının etirazçıları saxladığını yazır.

Nəşrin məlumatına görə, təxminən 30 nəfər qiymətlərdən narazılıq bildirib. Onlar deyiblər ki, maaşları azdır və ucadan etiraz etməyə başlayıblar. Əvvəlcə hadisə yerinə polis gəlib, kütləni sakitləşdirməyə çalışıb. Bir müddət sonra bazara Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib və əsasən kişiləri saxlayıb.

“Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı onlara deyib ki, ‘toxluqdan qudurublar’, ‘çox danışsalar, ümumiyyətlə ətsiz qalacaqlar’. Bu, etirazçıları lap qəzəbləndirib”, – “TurkmenNews”un mənbəsi bildirir.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin kütləni dağıtması təxminən iki saat çəkib, baş verənləri videoya çəkməyə də imkan verməyiblər. Saxlanılanlara hansı cəza verildiyi bəlli deyil.

“Türkmənistan xronikası” isə xəbər verir ki, Arxadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov məscidinin tikintisi münasibətilə keçirilən sədəqə mərasimindən sonra ətin qiyməti kəskin bahalaşıb. Nəşrin məlumatına görə, mayda sümüklü mal ətinin kiloqramı 135 manat olub, indi 160 manata qalxıb.

Avqustun əvvəlində AzadlıqRadiosunun türkmən xidməti xəbər vermişdi ki, mal və quş ətinin bahalaşması Lebap vilayətində sakinlərini etiraza çıxmağa vadar edib. Türkmənistan sərt nəzarət altındadır deyə belə etirazlar nadir hal sayılır.

Nepalda və Çində daşqından sonra təxminən 1500 nəfər itkin düşüb

Daşqından sonra
Daşqından sonra

Nepal və Çinin Tibet bölgəsində daşqından sonra təxminən 1500 nəfər, o cümlədən 800-ə yaxın əcnəbi itkin düşüb. Qəfil daşqına Himalay dağlarında palçıq və qaya kütləsinin çaya uçması səbəb olub.

Polis ölənlərin sayının 165-i keçəcəyini bildirib.

Nepalda xilasedicilər sağ qalanların axtarışına helikopterlərlə çıxıblar. Ölkədə itkin düşmüş 826 nəfərdən təxminən 500-ü əcnəbidir.

Onların arasında Hindistan, ABŞ, Avstraliya, Britaniya və Kanada vətəndaşları var.

“Reuters” yaxır ki, həqiqiliyi təsdiqlənmiş videolarda nəhəng su və dağıntı kütləsinin onlarla insanı apardığı görünür. Sel Nepalda evləri, yolları və enerji infrastrukturu obyektlərini də yuyub aparıb.

“Birbaşa üstümüzə nəhəng palçıq axını gəlirdi”, — Nepalda xəstəxanada müalicə olunan 68 yaşlı Keşav Prasad Baral deyib.

Dörd saat sonra helikopter Baralı təhlükəsiz yerə çatdırıb. “Həyat yoldaşım hələ də palçığın altındadır. O, artıq yoxdur”, – o əlavə edib.

Daşqından sağ çıxan başqa bir nəfər deyib ki, manqo ağacından yapışaraq xilas olub, işlədiyi ev gözünün qabağındaca yoxa çıxıb.

Meta uşaqlarla bağlı məhkəmə iddialarına görə 18 milyard dollar ödəyəcək

"Meta"nın loqosu
"Meta"nın loqosu

“Meta Platforms” uşaqlarda sosial media asılılığı ilə bağlı ABŞ-də qaldırılmış məhkəmə iddialarının həlli üçün qarşıdakı on il ərzində 18 milyard dollar ödəyəcək. Şirkət yeniyetmələrin Facebook və Instagram-dan istifadəsinə ciddi məhdudiyyətlər qoyacaq. Bu barədə ABŞ ştatlarının demək olar ki, hamısı ilə razılaşma əldə olunub. Ştatlar "Meta"nı bu platformaları uşaqlarda asılılıq yaratmaq məqsədilə hazırlamaqda ittiham edirdi.

Razılaşma avqustun 26-da açıqlanıb. “Reuters” yazır ki, "Meta"nın fəaliyyətində köklü dəyişiklik edilməyəcək. Amma bu razılaşmalar şirkətin azyaşlı və yeniyetmə istifadəçilərə xidmətinə təsir göstərmək cəhdidir.

Bu razılaşma sosial media şirkətlərinə qarşı minlərlə məhkəmə iddiasının həlli üçün nümunə ola bilər. Dünyanın müxtəlif ölkələri uşaqların zərərli onlayn məzmuna çıxışını məhdudlaşdırmağa çalışır. Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilib.

Meta qarşıdakı on il ərzində yeniyetmələrin Facebook və Instagram-dan istifadəsini gündə iki saata salmağa razılaşıb. Valideynlərin razılığı olmayanda isə gecə saat 12-dən səhər 6-dək bu platformalardan istifadə tam bloklanacaq.

Snapchat, TikTok və YouTube da oxşar qaydalar tətbiq edərsə, bu məhdudiyyətlər daha da sərtləşdirilə bilər. Meta dərs saatlarında yeniyetmə istifadəçilərə göndərilən ani bildirişləri əsasən deaktiv edəcək.

Meta razılaşmanı qəbul etsə də, hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib. Ödəniləcək məbləğ şirkətin təxminən üç-dörd aylıq mənfəətinə və bir aylıq gəlirinə bərabərdir.

Robert Koçaryan 2 ay müddətinə həbs edilib

Robert Koçaryan
Robert Koçaryan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. AzadlıqRadiosunun erməni xidməti Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin etdiyini xəbər verir.

Xəbərdə deyilir ki, R.Koçaryan gecə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindən xəstəxanaya aparılıb və məhkəmə onun iştirakı olmadan davam edib. Bu barədə jurnalistlərə onun kiçik oğlu Levon Koçaryan məlumat verib. Koçaryanın sözlərinə görə, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün sayıblar.

Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunur.

Sedrak Koçaryan 2 ay müddətinə həbs edilib

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın iki ay müddətinə həbs olunduğu bildirilir. Bu barədə jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlama verib.

Vəkil deyib ki, Koçaryanın həyat yoldaşı və uşaqları istisna olmaqla, görüş hüquqları da məhduddur.

Robert Koçaryan və oğlu avqustun 25-də saxlanılıblar. Onlara çirkli pulların yuyulması və rüşvətxorluq ittihamları irəli sürülüb .

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin ikinci prezidentə qarşı işi çərçivəsində 6 nəfər həbs edilib. Üçüncü prezident Serj Sarkisyan daxil 10 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Robert Koçaryanın vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun barəsində hələlik, həbs qərarının olmadığı bildirilir.

Putinin ən effektiv 'silahı' – Milyarderlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
25.08.2026

Sarkisyana da ittiham irəli sürülüb

Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana da ittiham irəli sürülüb. Bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

Serj Sarkisyan vəzifəli şəxsin hakimiyyət və ya qulluq səlahiyyətlərindən sui-istifadə etmə, səlahiyyət həddini aşmada ittiham olunur.

Bundan əvvəl Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb.

Daha doqquz şəxs barəsində də cinayət təqibi başlayıb. Onların arasında Robert Koçaryanın oğlu Sedrak Koçaryan, Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, Yerevanın keçmiş meri Qagik Beqlaryan, “Local Developers” MMC-nin iştirakçısı Samvel Mayrapetyan, Kond malikanələri təsərrüfatının direktoru vəzifəsində çalışmış Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı var.

“News.am” yazır ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına ölkənin ikinci prezidenti Robert Koçaryanın və üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı tapşırıq verib.

Koçaryan və oğlu saxlanılıb

Ermənistanın keçmiş presidenti Robert Koçaryan və oğlu Sedrak Koçaryanın saxlandığını bildirir.

Ölkənin Antikorrupsiya Komitəsinin iddiasına görə, keçmiş prezident bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxarıb, bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib. Keçmiş prezidentin bunu yaxın adamları ilə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif saxta əsaslarla həyata keçirdiyi iddia olunur.

“NEWS.am”ın yaydığı xəbərdə deyilir ki, əmlakın həqiqi sahibinin, onun cinayət yolu ilə əldə edilməsinin gizlədilməsi məqsədilə həmin əmlak bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Daha sonra əmlak üzərində tikinti aparılıb və satılıb, üçüncü şəxslərə özgəninkiləşdirilib, əmlaka sahib şirkətlərin payları başqa şəxslərə hədiyyə verilib.

Məlumatda dəyəri onmilyonlarla dram olan ölçülən əmlaklardan söz açılır. Onlardan bəzilərinin keçmiş prezidentin oğlunun adına qeydiyyata salındığı bildirilir.

Cinayət işi çərçivəsində ümumilikdə 6 nəfər saxlanılıb.

Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.

Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb

Avqustun 25-də səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb. Bu barədə Ermənistanın media orqanları məlumat yayıb.

Antikorrupsiya Komitəsi məlumatı təsdiqləyib, Robert Koçaryan və onun oğlu Levon Koçaryanın evlərində axtarış aparıldığını bildirib.

“Ermənistanın Antikorrupsiya Komitəsinin araşdırdığı korrupsiya xarakterli cinayət faktları üzrə cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”, – komitənin mətbuat katibi Marina Ohancanyan bildirib.

"Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan AzadlıqRadiosunun erməni xidməti "Azatutyan"a bildirib ki, Robert Koçaryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb, lakin digər detallar hələlik, bilinmir. R.Koçaryanın ofisinin rəhbəri bildirib ki, bu səhər istintaq orqanları keçmiş prezidenti Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil veriblər.

Bir gün əvvəl baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərkən “Ermənistan” blokunun deputatı Levon Koçaryanın sualını cavablandırarkən Robert Koçaryanı məhkəməyə verəcəyini bildirmişdi.

“Ailəniz niyə milyonçudur? Bu sərvəti haradan əldə etmisiniz? Demək istəyirsiniz ki, milyonlarınız övladlarınıza miras qalacaq... Mən sizə birbaşa deyirəm ki, bu, baş verməyəcək. Bu, şəxsi məsələ deyil, siyasi məsələdir. Bunun hər bir hissəsi Ermənistan Respublikasına qaytarılmalıdır".

Koçaryan isə cavabında deyib ki, “nəyin kimə qaytarılacağına ölkənin birinci şəxsi yox, məhkəmə qərar verməlidir”.

Ermənistanda 7 iyun parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faiz, milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23.2 faizini, Koçaryanın "Hayastan" alyansı isə 9.9 faizini toplayıb. Digər milyarder Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası 3.9 faiz səs qazanaraq parlamentə düşə bilməyib. Baş nazir Paşinyan demişdi ki, "xalq üçbaşlı mafiyanı diz çökdürməyi və məhv etməyi tələb edir". İyunun 15-də Robert Koçaryanı Ermənistandan buraxmamışdılar.

İyulun 7-də isə məhkəmə müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri, milyarder Qaqik Tsarukyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. O, irimiqyaslı dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. Tsarukyanın tərəfdarlarına görə, hüquq-mühafizə qurumları baş nazir Paşinyanın şəxsi göstərişi ilə hərəkət edir.

Rusiyada yeni səfərbərlik olarsa, Ermənistan rusiyalıları qəbul etməyə hazırdır

Alen Simonyan
Alen Simonyan

Ermənistan Rusiyada yeni səfərbərlikdən qaçan vətəndaşların ölkəyə girişinə mane olmayacaq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalına müsahibəsində deyib.

Simonyan Rusiyada yeni səfərbərlik elan edilərsə, Ukraynada müharibəyə getmək istəməyənlərin Yerevana mümkün yeni axını barədə sualı cavablandırıb.

“Sərhəddə heç kim heç kimdən bura niyə gəldiyini soruşmayacaq. Rusiyadan insanlar bizə xarici pasportsuz gələ bilərlər. Rusiyalılara yalnız bir söz deyə bilərəm: ‘Ermənistana xoş gəlmisiniz’. Ermənistan buna mane olmayacaq”, – Simonyan bildirib.

Ermənistan Rusiya vətəndaşlarının ən çox üz tutduğu ölkələrdən biridir. Onlar əsasən Kremlin siyasəti, Ukraynaya qarşı müharibə ilə razılaşmayanlardır. 2022-ci ildə Ermənistana təxminən 110 min rusiyalı köçüb. Bundan başqa ölkədən tranzit məntəqəsi kimi istifadə edənlər də var.

Sentyabrın 18-20-də Dövlət Dumasına seçkilər keçiriləcək. Rusiya prezidenti Vladimir Putinin seçkilərdən sonra yeni səfərbərlik elan olunacağına dair şayiələr yayılmağa başlayıb. Rusiya vətəndaşları isə ölkədən getmək imkanları ilə daha çox maraqlanmağa başlayıblar.

Rusiya rəsmiləri yeni səfərbərlik planlarının olmadığını deyirlər.

Rusiya Çerniqova zərbə endirib, iki nəfər həlak olub

Çerniqov zərbədən sonra
Çerniqov zərbədən sonra

Avqustun 26-na keçən gecə Rusiya qüvvələri Ukraynaya yenidən hücum edib, ölkəyə azı 160 dron buraxıb. Ukrayna Hərbi Hava Qüvvələri dronlardan 134-nün vurulduğunu açıqlayıb.

Çerniqovda dronun fərdi yaşayış evinə düşməsi nəticəsində bir qadın və dörd yaşlı qız həlak olub. 14 yaşlı qız isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rusiya avqustun 25-də gündüz də Çerniqova dron hücumu edib. Üç nəfər xəsarət alıb, bir neçə mühüm infrastruktur obyektinə ziyan dəyib.

Rusiya Ukraynanı hər gün atəşə tutur. Rusiya Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə zərbələr endirdiyini bildirir. Nazirlik dinc sakinlərin həlak olması, yaşayış evlərinin, mülki infrastrukturun dağıdılması barədə şərh vermir.

Rusiyaya dron hücumları

Avqustun 26-na keçən gecə Ukrayna da Rusiyanın bir neçə regionuna dron hücumları edib.

Lipetsk dairəsində dron zərbəsindən bir kişi və 14 yaşlı yeniyetmə həlak olub. İki qadın xəsarət alıb.

Tambov vilayətində “Wildberries” şirkətinin anbarında yanğın başlayıb. Şirkət əməkdaşı xəsarət alıb.

Bundan əvvəl də Tambov vilayətindəki “Wildberries” anbarı dron hücumuna məruz qalıb. İyulun 18-nə keçən gecə hücum nəticəsində 7 nəfər həlak olub, 25 nəfər xəsarət alıb.

Gecə dron hücumundan sonra Nijni Novqorod vilayətində də yanğın başlayıb. Ukraynanın monitorinq kanalları Kstovoda “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodunda yanğın baş verdiyini yazırlar. Bu məlumat rəsmən təsdiqlənməyib.

Tula vilayətinə hücum nəticəsində bir nəfər xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynanın 426 dronunun məhv edildiyini bildirib.

İran Omanla Hörmüz boğazı ilə bağlı yeni qaydalar üzərində işləyir

Hörmüz boğazı
Hörmüz boğazı

“Hörmüz boğazının sahilində cəmi iki ölkə yerləşir, İran İslam Respublikası və Oman Sultanlığı”, – İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 25-də ölkənin dövlət mediasına bildirib.

Bu açıqlamadan əvvəl Oman və İranın xarici işlər nazirləri birgə bəyanat yayaraq bildiriblər ki, gəmilərin Hörmüz boğazından “təhlükəsiz keçidinin” bərpası üçün mərhələli planı müzakirə edirlər. Plana müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılması, Hörmüz boğazının minalardan təmizlənməsi üzrə birgə layihə daxildir.

İran xarici işlər nazirinin müavini bildirib ki, ölkə hələ də müharibə vəziyyətindədir və Hörmüz boğazı hazırda İranın milli təhlükəsizlik məsələsidir. Onun dediyinə görə, boğaza giriş və çıxış marşrutlarına köklü dəyişikliklər edilməlidir.

Qəribabadiyə görə, Omanla İran arasındakı ilkin razılaşma yeni dəniz marşrutunun “gediş-gəliş magistralı” prinsipi ilə işləməsini nəzərdə tutur. Fars körfəzinə giriş İran suları, çıxış isə Omanın ərazi sularından keçəcək, gəmilər hər iki marşrutda İran sularından keçəcəklər.

Hörmüz boğazının cənub marşrutunun bağlanması, Beynəlxalq Dəniz Təşkilatına məlumat verilməsi nəzərdə tutulur.

Bu rejimin müvəqqəti olacağı gözlənilir. Tehran və Məsqət daimi razılaşma hazırlamaq üçün özlərinə 60 günədək vaxt qoyublar.

Qəribabadi bir daha bildirib ki, Birləşmiş Ştatlar İranın iqtisadi blokadasını aradan qaldırmayınca, Livan daxil bütün cəbhələrdə müharibəni dayandırmayınca Hörmüz boğazı gəmilərin tam hərəkəti üçün bağlı qalacaq.

Omanın xarici işlər naziri Bədr əl-Busaidi avqustun 25-də Tehranda İranın xarici işlər naziri Abbas Əraqçı ilə Hörmüzdəki durumu müzakirə edib.

Əraqçı görüşdən sonra X sosial şəbəkəsində yazıb ki, tezliklə “Hörmüzdə müvəqqəti dəhlizin yaradıldığını... elan edəcəyinə” ümid edir.

ABŞ prezidenti Donald Tramp avqustun 25-də “Truth Social”da elan edib ki, “Hörmüz boğazının beynəlxalq sularındakı bütün minalar təmizlənib və ya partladılaraq məhv edilib”. O, ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatlarına istinad edib. Tramp gəmiçilik marşrutlarının nəqliyyat üçün açıq olduğunu da elan edib. Qəribabadi isə bu açıqlamanı təbliğat adlandırıb.

Rusiya Ukrayna-Moldova sərhədində keçid məntəqəsinə zərbə endirib

Ukrayna zərbədən sonra
Ukrayna zərbədən sonra

Avqustun 25-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya bir “İsgəndər-M” ballistik raketi, X-31P idarəolunan aviasiya raketi və 150 zərbə dronu buraxıb. Ukrayna Silahlı Qüvvələri dronlardan 124-ünü vurduğunu bildirir.

Kiyevdə bir qadın xəsarət alıb.

Odessa vilayətində Moldova ilə sərhəd-keçid məntəqəsi hücuma məruz qalıb. Ukrayna zərbələrin “Şahed” tipli dronlarla endirildiyini bildirir. Keçid məntəqəsinin infrastrukturu zədələnib. Moldova tərəfi məntəqədən vətəndaşların və nəqliyyat vasitələrinin keçidinin dayandırıldığını bildirib.

Bundan əvvəl avqustun 21-nə keçən gecə Rusiya hərbçiləri Moldova ilə sərhəddə “Tabaki” sərhəd-keçid məntəqəsini zədələyiblər.

Rusiya qüvvələri Ukraynanın digər vilayətlərinə də zərbələr endirib, xəsarət alanlar var.

Zaporojye vilayətində iki, Xarkovda bir nəfər həlak olub.

Rusiyaya zərbələr

Rusiyanın Krasnodar diyarında isə mülki obyektlərə, o cümlədən neft emalı zavoduna hücum edilib. Məlumatı vilayət qubernatoru Veniamin Kondratyev verib.

Onun sözlərinə görə, dron qalıqları Afipskaya dəmir yolu stansiyasına düşüb. İki nəfər həlak olub, iki nəfər xəsarət alıb. Neft emalı müəssisəsinin ərazisində yanğın olub.

Teleqram kanalları gecə saatlarında Afipski neft emalı zavoduna dronların zərbə endirdiyini yazıb. Ukraynanın “Supernova+” OSINT kanalımım məlumatına görə, müəssisənin ərazisində rezervuarlardan biri yanıb.

“Supernova+” kanalı həmçinin dronların Rostov vilayətində Novoşaxtinsk Neft Məhsulları Zavoduna hücum etdiyini iddia edib. Rostov vilayətinin qubernatoru Yuri Slyusar neft emalı zavoduna hücumu təsdiqləyib. Onun sözlərinə görə, zavoda ziyan dəyib və müəssisə fəaliyyətini müvəqqəti dayandırıb.

Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətləri, ilhaq edilmiş Krım üzərində 148 hava hədəfinin vurulduğunu bildirib.

Rusiyanın uşaq ombudsmanı: Məni oğurlamaq istəyiblər

Mariya Lvova-Belova
Mariya Lvova-Belova

Rusiyanın uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belova “Vedomosti” qəzetinə müsahibəsində deyib ki, naməlum şəxslər onu bir neçə dəfə oğurlamaq istəyiblər. O, bunu Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində həbs orderi çıxarması ilə əlaqələndirib.

“Bir neçə dəfə müxtəlif regionlarda diversiyalar hazırlanıb, hansısa adamları tutublar”, – Lvova-Belova deyib.

Müxbir bunun sui-qəsd cəhdi olub-olmadığı barədə dəqiqləşdirici sual verib.

“Yox, sui-qəsd deyildi. Onlara sağ lazımam. Məni ələ keçirmək istəyirlər ki, prezidentə qarşı ifadə verim”, – deyən uşaq ombudsmanı bundan sonra ona şəxsi mühafizə ayrıldığını əlavə edib.

Lvova-Belova təkcə özünə deyil, ailəsinə də təhqir və təhdidlərin gəldiyini vurğulayıb.

AzadlıqRadiosunun rus xidməti yazır ki, Rusiyanın Daxili İşlər Nazirliyi, digər güc strukturları bundan əvvəl Lvova-Belovaya qarşı hər hansı hücum və ya oğurluq cəhdinin qarşısının alınması barədə məlumat yaymayıblar.

2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və prezident yanında uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderləri çıxarıb. Onlar ukraynalı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya deportasiyası və qanunsuz köçürülməsində, uşaqların Rusiya ailələrinə və müəssisələrinə məcburi verilməsində ittiham olunurlar. Lvova-Belova isə öz hərəkətləri ilə fəxr etdiyini bildirib.

Ombudsmanın 2022-ci il üzrə fəaliyyət hesabatında bildirilir ki, “Rusiya Federasiyası Ukrayna və Donbas respublikalarından təxminən 4,8 milyon nəfəri qəbul edib, onların 700 mindən çoxu uşaqlardır”.

Hesabatda o da qeyd olunur ki, uşaq evləri və sığınacaqlardan 1,5 min uşaq Rusiyaya aparılıb.

Britaniya Ukraynaya 'Storm Shadow' raketlərinin istehsal texnologiyasını verəcək

"İstəklilər koalisiyası"nın toplantısı
"İstəklilər koalisiyası"nın toplantısı

Avropa ölkələri müharibə aparan Ukraynanı bundan sonra da dəstəkləyəcəklər. Avqustun 23-də Dövlət Bayrağı Günü və avqustun 24-də Müstəqillik Günü tədbirlərində bu ölkələrin liderləri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskini buna əmin ediblər. Liderlərin bəziləri Kiyevə gəlib, digərləri görüşə videokonfransla qoşulublar.

Böyük Britaniyanın baş naziri Endi Börnem, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası” adından birgə bəyanat yayıblar. Onlar Rusiyanın davam edən təcavüzünü, Ukrayna şəhərlərinə, kritik infrastruktura və dinc əhaliyə zərbələrini pisləyiblər. Liderlər Ukraynaya dəstəyi gücləndirməyi vəd ediblər. Buraya ən əsası hava hücumundan müdafiə sahəsində yardım, Ukraynanın hərbi sənayesi ilə əməkdaşlıq daxildir.

Endi Börnem bildirib ki, Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlərinin istehsal texnologiyasını verəcək. Bununla da Ukraynanın müdafiə müəssisələri həmin raketləri özləri istehsal edə biləcəklər.

Börnem Rusiyadan təhdidlərə də toxunub. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı gələcəkdə həmin zavodları məhv etmək üçün artıq raketlərin istehsal yerləri barədə məlumat toplamağa çalışır. Amma o, Volodimir Zelenskini əmin edib ki, bu təhdidlər Britaniyanın Ukraynaya yardım etmək əzminə təsir göstərməyəcək.

Böyük Britaniya və Ukrayna hərbi texnologiyalarda süni intellektin tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş də imzalayıblar.

“Ukrayna təhlükəsizliyimizdə boşluq deyil, Avropanın müdafiəçisidir, Avropada sülhün müdafiəsinin ön xəttidir”, – Börnem deyib.

Norveç 2027-ci ildə Ukraynaya təxminən 9 milyard dollar ayırmağı planlaşdırır. Bunu ölkənin baş naziri Yonas Qar Störe deyib. Norveç 2026-cı il üçün də Ukraynaya təxminən eyni məbləğdə vəsait ayırıb.

Avropa Komissiyası isə Ukraynanın Müstəqillik Günündə Kiyevə hərbi xərclər üçün daha bir 6,1 milyard avroluq tranş ayırıb. Bu açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen verib. Onun sözlərinə görə, vəsait Ukraynanın hazırda ciddi ehtiyac duyduğu “hava və raket hücumundan müdafiə sistemlərinin, raketlərin, sursatların və radiolokasiya stansiyalarının” alınması üçün nəzərdə tutulub.

Bu tranş 2026-2027-ci illərdə Avropanın Ukraynaya dəstək üçün nəzərdə tutduğu 90 milyard avroluq kreditin bir hissəsidir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrindən 30 milyard avro həcmində dəstək gözlədiyini bildirmişdi. Zelenski Müdafiə Nazirliyinin büdcəsindəki kəsiri 27 milyard dollar qiymətləndirmişdi.

Zelenski: Seçkilər indi keçirilsə, Ukrayna üçün 'sunami' olar

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixaylo Fedorovun Rusiyayla müharibə bitməmiş ölkədə seçkilərin keçirilməsi çağırışına münasibət bildirib. Zelenskinin sözlərinə görə, hazırda keçiriləcək seçkilər "Ukraynanı parçalayacaq sunami"yə çevrilər. Fedorovun istefası küçə etirazlarına səbəb olmuşdu.

Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib ki, təxminən bir il əvvəl müxtəlif tərəflər Ukraynanı müharibə dövründə seçkilər keçirməyə çağırırdı. ABŞ administrasiyasının da buna tərəfdar olduğu bildirilirdi. Zelenskinin jurnalistlərlə söhbəti barədə BBC və “Suspilne” yazır.

Prezidentin dediyinə görə, tərəfdaşlar hərbçilərin səsvermədə iştirakını, cəbhəyanı ərazilərdə və milyonlarla ukraynalının getdiyi xaricdə seçkilərin təhlükəsiz təşkilini təmin etsəydi, buna hazır idi. Zelenski deyib ki, o zaman Qərb tərəfdaşlarından heç biri bunun üçün konkret təhlükəsizlik mexanizmi təklif etməyib. Rusiya da seçki kampaniyası dövründə atəşkəsi dayandırmaqdan imtina edib, üstəlik, Rusiyada yaşayan Ukrayna vətəndaşları üçün seçki məntəqələrinin açılmasını tələb edib.

"İndi keçiriləcək seçkilər Ukraynanı parçalayacaq sunamidir. Buna görə də mənim strategiyam müharibəni başa çatdırmaq, müstəqil və suveren dövləti qorumaqdır", – Zelenski deyib.

Zelenski döyüşlərin gedişi barədə deyib ki, Rusiya bu il Ukraynanın təxminən 990 kvadrat kilometr ərazisini ələ keçirib, Ukrayna isə cəbhənin digər istiqamətlərində 820 kvadrat kilometr ərazini geri qaytarıb. O, ilin sonunadək bu nisbətin 1:1 olacağına ümid etdiyini deyib. Prezidentin dediyinə görə, Rusiya ilin sonunadək bütün Donbası, ilk növbədə Slavyansk və Kramatorskı ələ keçirməyə çalışır, lakin Ukrayna buna imkan verməyəcək.

Zelenskinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı ilə Donbasda müəyyən ərazilərdən qoşunların qarşılıqlı çıxarılması əsasında bufer zonanın yaradılması imkanları hələ də müzakirə olunur. Rusiya bundan əvvəl bunun qəbuledilməz olduğunu bildirmişdi. Ukrayna enerji və kənd təsərrüfatı infrastrukturuna zərbələrin dayandırılmasını da müzakirə etməyə hazırdır, ancaq yalnız qarşılıqlı əsasda.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyanın Ukrayna infrastrukturuna artan zərbələri Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücumlarının artmasına cavab adlandırıb. Putin bildirib ki, Rusiyaya atəşkəslə bağlı təkliflər hələ də təqdim olunur və onlardan bəzilərini "ekzotik" adlandırıb. O, Moskvanın "yerdəki reallıqlar" nəzərə alınmaqla atəşkəsi müzakirə etməyə hazır olduğunu deyib. Moskva Ukraynanın nəzarətində olan ərazilərin də ona verilməsini də tələb edir.

Zelenski müharibənin dayandırılması üçün "dəhliz"in 2027-ci ilin yayınadək qalacağını vurğulayıb. Bundan sonra ABŞ-də seçki kampaniyasının fəal mərhələsi başlayacaq. Zelenski daha əvvəl Rusiyanı sülhə məcbur etmək üçün ən əlverişli imkanların bu il payızın sonunadək qalacağını deyirdi.

Zelenski Fedorovla münaqişəsindən də danışıb. O deyib ki, müdafiə naziri postundan gedənən sonra Fedorova dörd fərqli vəzifə təklif edib, lakin o, razılaşmayıb.

Prezident ona da eyham vurub ki, Fedorov onu "Starlink"in sahibi İlon Maskın mövqeyi ilə bağlı səhv yönəldib. Zelenskinin iddiasına görə, Fedorov ona Maskın Ukraynanın Rusiyaya zərbələrin təşkili üçün "Starlink"dən istifadə etməsinə razılıq verdiyini demişdi. ABŞ prezidenti Donald Tramp isə Zelenski ilə görüşdə bunu təkzib edərək deyib ki, Mask belə razılıq verməyib. Fedorov, hələlik, buna münasibət bildirməyib.

Zelenski ətrafındakı bəzi şəxslərlə bağlı korrupsiya ittihamlarına da toxunub. O deyib ki, həmin şübhələr ortaya çıxan gün Prezident Ofisi rəhbərinin müavini İrina Mudranı vəzifədən azad edib. Prezident əlavə edib ki, onun özü ilə bağlı korrupsiya şübhəsi yoxdur və "bu onun üçün vacibdir".

Rusiya Krivoy Roqda ticarət mərkəzini vurub, 6 nəfər həlak olub

Hadisə yeri
Hadisə yeri

Avqustun 21-də günorta saatlarında Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə dron zərbələri endirib. Beş nəfər həlak olub, azı 50 nəfər yaralanıb. Onlardan altısı uşaqdır.

Ticarət mərkəzində mağazalar yanıb.

Şəhər Müdafiə Şurasının sədri Aleksandr Vilkul “Şahed” dronlarının təkrar hücum həyata keçirdiyini bildirib.

Rəsmilərin sözlərinə görə, zərbə şəhərin mərkəzində yerləşən ən böyük ticarət mərkəzinə endirilib.

Ukrayna prezidenti Volodimir Zelenski zərbələri pisləyib.

“Belə zərbələr sadəcə terror aktıdır. Dünya təcavüzkara real təzyiq göstərməklə buna cavab verməlidir. Sülhün əldə olunması üçün Rusiya real məsuliyyət daşımalıdır”, – Zelenski yazıb.

Rusiya Ukraynanı hər gün atəşə tutur. Rusiya Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə zərbələr endirdiyini bildirir, dinc sakinlərin ölümü, yaşayış evlərinin, mülki infrastrukturun dağıdılmasını şərh etmir.

Davamı

XS
SM
MD
LG