2026, 19 Noyabr, cümə axşamı, Bakı vaxtı 00:42

Dünya xəbərləri

Rusiyada vəziyyət pisləşə bilər

Kudrin
Kudrin

2015-ci ilin noyabrınadək Rusiya iqtisadiyyatında 4 faiz geriləmə olub.

İqtisadi İnkişaf Nazirliyinin deekabrıb 28-də açıqladığı hesabatda belə deyilir.

İlin əvvəllərindən bu yana Rusiyada qiymətlər 12 faiz qalxıb, illik baxımdan isə bu 15 faiz deməkdir.

İqtisadi inkişaf naziri Aleksei Ulyukaev hələ noyabrın sonunda ölkədə iqtisadi tənəzzülün bitdiyini bildirmişdi.

Amma artıq dekabrın ortalarında nazir ölkədə iqtisadi vəziyyətin bir qədər pisləşdiyini etiraf elədi.

Prezident Putin isə dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında böhranın pik həddinin ötüşdüyünü demişdi.

Amma Rusiyanın keçmiş maliyyə naziri Aleksei Kudrin bununla razılaşmır.

O İnterfaks agentliyinə müsahibəsində bildirib ki, əgər neftin qiyməti yarım il ərzində aşağı həddə olsa, Rusiyada iqtisadi geriləmə davam edəcək.

Kudrin həmçinin antiböhran proqramının hazırkı riski bir qədər neytrallaşdırması ilə bağlı hökumətin nikbinliyi ilə bölüşmür.

O hesab edir ki, bu tədbirlər bank sektorunda mühüm rol oynasa da sərmayyələr və əhalinin real gəlirləri xeyli azalıb.

Bütün xəbərləri izləyin

Kemerovoda hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər həlak olub

An-12 təyyarəsi
An-12 təyyarəsi

Noyabrın 17-də Rusiyanın Müdafiə Nazirliyi Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. 19 nəfərin həlak olduğu açıqlanıb.

Məlumata görə, qəza planlı uçuş zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb.

Müdafiə Nazirliyi qəzanın səbəbi kimi texniki nasazlığı göstərib, hadisə yerində Rusiya Hava-Kosmik Qüvvələrinin komissiyasının işlədiyini bildirib.

Bundan əvvəl bir sıra media orqanları və Teleqram kanalları Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğradığını xəbər vermişdi. Güc strukturlarına yaxınlığı ilə tanınan SHOT Teleqram kanalı və REN TV təyyarə olan 17 nəfərin hamısının həlak olduğunu bildirmişdi.

Vilayətin qubernatoru İlya Seredyuk əvvəlcə sosial şəbəkələrdə Yaqunovo kəndi yaxınlığında aviasiya hadisəsinin baş verdiyini yazmışdı. Daha sonra o, qəza yerindən yaydığı videomüraciətdə Kemerovo yaxınlığında qəzaya uğrayan təyyarənin vilayətdən tranzitlə keçdiyini bildirmişdi. Qubernator təyyarədə olan şəxslərlə bağlı məlumat verməmişdi.

SHOT qeyd edir ki, Novosibirskdən Kanska uçan təyyarə Yaqunovo yaxınlığında tarlaya düşüb. Qalıqları 500 metr radiusda ətrafa səpələnib. Kanalı təyyarədə təhlükəli yüklərin olmadığını, yerdə heç bir dağıntının qeydə alınmadığını bildirib.

Baza Teleqram kanalı şahidlərə istinadla təyyarənin havada yanmağa başladığını yazır.

Yaqunovo kəndi Kemerovo hava limanından 5 kilometr məsafədə yerləşir.

Britaniyanın baş naziri Breksiti tənqid edib

Endi Börnem
Endi Börnem

Böyük Britaniyanın baş naziri Endi Börnem Breksiti tənqid edərək onun “işə yaramadığını”, ölkənin “qazandığından daha çox şey itirdiyini” bildirib. O, ölkəsinin Avropa İttifaqı (Aİ) ilə Breksit sazişinə yenidən baxılması üçün danışıqlara başladığını açıqlayıb.

Breksit Böyük Britaniyanın Aİ-dən çıxması prosesinə deyilir.

“Breksit dünyada təcridçilik və proteksionizmə doğru qlobal hərəkatda yıxılan ilk domino daşı oldu. Düşmənlərimiz də məhz bunu istəyirdi. Rusiya NATO daxilində parçalanma və Avropanın zəifləməsini istəyirdi”, – Börnem bildirib.

Noyabrın 20-də Börnemin Brüsseldə Avropa liderləri ilə görüşəcəyi gözlənilir. Onlar ərzaq və kənd təsərrüfatı, emissiya kvotalarının ticarəti sahələrində əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.

Britaniyanın baş naziri deyib ki, bu razılaşmalar ölkənin ümumi daxili məhsulunu 0,4 faiz, yəni təxminən 17 milyard funt sterlinq artıra bilər.

Sammit ərəfəsində Börnem Breksit sazişinə yenidən baxılması üçün üç şərt irəli sürüb. Birincisi, yeni razılaşma Leyboristlər Partiyasının seçkiqabağı verdikləri vahid bazara, gömrük ittifaqına və sərbəst hərəkət rejiminə qayıtmamaq barədə vədlərə zidd olmamalıdır. İkincisi, mövcud sazişdən daha yaxşı olmalı və 2016-cı ildə Aİ-dən çıxmağa səs vermiş britaniyalıların gözləntilərinə cavab verməlidir. Üçüncüsü, insanların gündəlik həyatında nəzərəçarpacaq yaxşılaşmalara səbəb olmalıdır.

Börnem vurğulayıb ki, müzakirələrin hər mərhələsində “son söz Britaniya xalqının olacaq”.

O, əvvəlki hökumətləri tənqid edib, onların Böyük Britaniyanın müttəfiqlərinə kifayət qədər diqqət ayırmadıqlarını, bununla ölkənin beynəlxalq nüfuzuna zərər vurduqlarını söyləyib.

2016-cı ilin iyununda Böyük Britaniya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirib. Seçicilərin 51,9 faizi Breksiti, 48,1 faizi isə Aİ üzvlüyünün saxlanılmasını dəstəkləyib.

Böyük Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqını rəsmən tərk edib, keçid dövrü isə həmin ilin sonunda başa çatıb.

Breksiti dəstəkləyənlər ölkənin daxili siyasəti və qanunvericiliyi üzərində milli nəzarəti bərpa etmək, eləcə də immiqrasiyanı məhdudlaşdırmaq istəyirdilər.

Cənubi Koreya qəbul imtahanlarında gizli kamera yoxlamasını sərtləşdirir

Koreyalı tələbələr
Koreyalı tələbələr

Cənubi Koreya bu həftə ali məktəblərə keçiriləcək qəbul imtahanında nəzarəti gücləndirəcək. Məqsəd abituriyentlərin geyimlərində miniatür kameralar gizlətməsinin qarşısını almaqdır. Bunu noyabrın 17-də ölkənin baş naziri Han Son Suk açıqlayıb.

O, mətbuat konfransında deyib ki, iki gün sonra təxminən 550 min nəfərin qatılacağı qəbul imtahanı zamanı abituriyentlərin paltarlarındakı düymələrə xüsusi stikerlər yapışdırılacaq.

Bu yaxınlarda vergi mühasibləri imtahanında süni intellektdən istifadə ilə bağlı köçürmə qalmaqalı yaşanıb.

İmtahanda ən yüksək balı toplamış Cənubi Koreya vətəndaşı noyabrın 14-də elektron cihazlardan və generativ süni intellektdən yararlanaraq köçürdüyünü etiraf edib. Bu hadisə cəmiyyətdə dövlət imtahanlarının şəffaflığı və etibarlılığı ilə bağlı suallar doğurub.

Baş nazir həmçinin bildirib ki, imtahana girənlərin yaxalıqlarında gizli cihazların olub-olmaması metal detektorlarla yoxlanılacaq.

İştirakçıların eynəkləri də yoxlamadan keçiriləcək. Məqsəd onların gizli çəkiliş aparan ağıllı eynəklər olub-olmamasını yoxlamaqdır.

Hökumət başçısının sözlərinə görə, rəsmi qurumlar texnologiya şirkətləri ilə birgə imtahan suallarının çəkilərək generativ süni intellekt tətbiqlərinə göndərilib-göndərilmədiyini araşdırmağı planlaşdırır.

Ölkə üzrə imtahan mərkəzlərinə əlavə olaraq təxminən 8 min 400 nəzarətçi cəlb olunacaq.

Köçürmə zamanı yaxalanan şəxslərin imtahanı yenidən verməsinə qoyulan qadağanın müddəti isə 1 ildən 10 ilə qədər uzadılacaq.

Krım körpüsü qismən çöküb

Krım körpüsü zərbədən sonra
Krım körpüsü zərbədən sonra

Ukrayna noyabrın 17-nə keçən gecə Krım körpüsünə yenidən zərbə endirib. Bu haqda Ukraynanın "Exilenova+" və "Supernova+" Telegram-kanalları məlumat yayıb.

Məlumatı Rusiyanın ilhaq olunmuş Krıma rəhbər təyin etdiyi Sergey Aksyonov da təsdiqləyib. Onun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Exilenova+" kanalı bunun kombinə olunmuş hücum olduğunu bildirir. Zərbələrin FP-5 "Flaminqo" raketləri ilə endirildiyi iddia edilir. Ancaq bu məlumat rəsmən təsdiqlənməyib.

"Astra" nəşri yazır ki, əvvəlki gün də hədəfə alınan iki körpü tağına yenidən zərbə vurulub. Onlardan biri dağılıb. "Krımski veter" Telegram-kanalı yazır ki, həmin tağla birlikdə körpünün avtomobil yolu hissəsi də çöküb, dağıntılar isə gəmilərin hərəkəti üçün nəzərdə tutulan su yolunu bağlayıb.

Rusiyanın Nəqliyyat Nazirliyi dəymiş ziyanı qiymətləndirir. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, körpüyə aparan yollarda qidalanma və isinmə məntəqələri fəaliyyətini davam etdirir.

Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətlər üzərində Ukraynaya məxsus 1441 dronun məhv edildiyini açıqlayıb.

Rusiyanın Kamışevaxaya aviazərbəsində ölənlərin sayı 72-yə çatıb

Kamışevaxada Rusiya aviabombalarından birinin düşdüyü yer.
Kamışevaxada Rusiya aviabombalarından birinin düşdüyü yer.

Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə Rusiyanın endirdiyi zərbədən sonra iki həftə davam edən axtarış-xilasetmə işləri başa çatıb. Ukraynanın daxili işlər naziri İvan Vıqovski 72 nəfərin meyitinin tapıldığını bildirib.

Dörd nəfər hələ də itkin sayılır. Hücumdan sonrakı ilk saatlarda xilas edilən dörd yaralı isə xəstəxanada müalicə alır.

Həlak olanlar arasında xilasedicilər, polislər, tibb işçiləri, kommunal xidmət əməkdaşları, eləcə də gimnaziya və inzibati xidmətlər mərkəzinin işçiləri var. Ölən müəllimə isə uşaqlara onlayn dərs keçmək üçün hər gün sığınacağa gəlirmiş.

Ukrayna rəsmilərinin məlumatına görə, iki həftəlik xilasetmə işləri zamanı Rusiya qoşunları qəsəbəni 11 dəfə atəşə tutub. Zərbələrdən doqquzu məhz dağıntıların təmizləndiyi əraziyə düşüb. Bu hücumlar nəticəsində üç polis və dörd xilasedici xəsarət alıb.

Noyabrın 2-də Rusiya Kamışevaxanın mərkəzinə doqquz aviabomba atıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri işləməyən məktəb binasındakı humanitar yardım paylama məntəqəsinə toplaşan insanları, ardınca isə hadisə yerinə çatan xilasediciləri və polisləri hədəfə alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumda iştirak edən Rusiya hərbçilərinin kimliyini müəyyənləşdirib. Bunlar altı pilot və hücumun təşkilatçısı olduğu bildirilən, "Dnepr" qoşun qruplaşmasının qərargahında atəşlə məhvetmə qrupuna başçılıq edən polkovnik Fyodor Zubakovdur.

Aİ Rusiyaya sanksiyaları genişləndirib

Tatyana Kim
Tatyana Kim

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiya siyahılarına 145 fiziki və hüquqi şəxsin əlavə edilməsi barədə razılığa gəliblər. Buraya "kölgə donanması" adlandırılan donanmaya məxsus gəmilər də daxildir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Barronun sözlərinə görə, sanksiyalar xüsusilə "Wildberries" şirkətinin rəhbəri Tatyana Kimə şamil olunacaq. Sankt-Peterburqdakı neft terminalı da məhdudiyyətlərə məruz qalacaq.

Tam siyahı hələ dərc olunmayıb. Bu, sanksiyaların yeni, 22-ci paketi deyil; siyahılara yeni adlar mütəmadi aparılan yeniləmə çərçivəsində daxil edilib.

Azadlıq Radiosunun müxbiri yazır ki, 22-ci sanksiya paketinin müzakirəsinə bu həftə başlanacaq və onun Milad bayramınadək qəbul edilməsi planlaşdırılır.

Bundan əvvəl "Sistema" araşdırma layihəsi müəyyən edib ki, Aİ ölkələrinin daimi nümayəndələrinin noyabrın 11-də razılaşdırdığı siyahıda ilkin müzakirələrdə nəzərdə tutulan dörd hüquqi şəxs yer almayıb. Müzakirələr zamanı Birinci İnvestisiya Bankı, İnvestisiya Kooperativ Bankı, "RESO Kredit" bankı və "TANEKO" neft şirkəti siyahıdan çıxarılıb.

Bu qurumların hamısı avropalı səhmdarların maraq dairəsinə daxildir.

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi bağlayır

Estoniya-Rusiya sərhədi
Estoniya-Rusiya sərhədi

Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, sərhədin bağlanması təxribat cəhdinə cavab tədbiri olacaq. Tallin bu cəhdin arxasında Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) dayandığını hesab edir.

"Rusiya anlamalıdır ki, Estoniyaya qarşı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq. Sərhəd keçidlərinin bağlanması Rusiyanın Estoniyada düşmənçilik fəaliyyəti aparmaq imkanlarını məhdudlaşdıracaq, sanksiyalardan yayınma hallarının qarşısını almaq imkanlarımızı isə gücləndirəcək", – Tsahkna vurğulayıb.

O, Finlandiya, Latviya və Litvadakı tərəfdaşların da bu qərar barədə məlumatlandırıldığını əlavə edib.

Noyabrın 15-də Estoniyada dron istehsal edən "Threod Systems" müəssisəsini yandırmağa cəhddə şübhəli bilinən səkkiz Latviya vətəndaşı saxlanılıb. Müəssisənin təhlükəsizlik xidməti yanğının qarşısını vaxtında ala bilib.

Estoniyanın Daxili Təhlükəsizlik Xidmətinin baş direktoru Marqo Palloson bildirib ki, əks-kəşfiyyat orqanları yanğın törətmək cəhdində Rusiyanın əli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu əməliyyat Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən əlaqələndirilib.

Bu, il ərzində Estoniyanın müdafiə sənayesi müəssisələrinə qarşı ikinci yanğın cəhdidir.

Avqustun 15-nə keçən gecə Tallindəki "Milrem Robotics" zavodunda da yanğın baş verib. Pilotsuz yerüstü döyüş maşınları istehsal edən bu şirkət Ukrayna ilə sıx işləyir.

Həmin yanğını törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Estoniya bu hadisəyə görə də Rusiyanı ittiham edib.

Çexiyada son 33 ilin ən böyük etiraz aksiyası keçirilib

Praqada etiraz aksiyası
Praqada etiraz aksiyası

Noyabrın 15-də Çexiyanın paytaxtı Praqada son 33 ilin ən böyük etiraz aksiyası keçirilib. Yüzminlərlə insan hökumətin kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürdüyü islahata qarşı nümayişə çıxıblar. Təşkilatçılar aksiyaya 350-400 min nəfərin qatıldığını bildiriblər. İştirakçıların çoxu Praqaya ölkənin digər şəhərlərindən gəlib.

Oktyabrın 24-də medianın maliyyələşdirilməsi haqqında qanun layihəsi Çexiya parlamentində birinci oxunuşdan keçib. Layihədə Çexiyanın əsas ictimai media qurumları – Çexiya Televiziyası və Çexiya Radiosunun ictimai maliyyələşdirmədən dövlət maliyyələşdirməsinə keçirilməsi nəzərdə tutulur.

Hazırda ölkədə hər ev təsərrüfatı milli televiziya və radio yayımı üçün aylıq 205 kron (təxminən 9,5 dollar) məcburi ödəniş edir. Qanunvericilər bunu dövlət büdcəsindən maliyyələşdirmə ilə əvəzləməyi təklif edirlər.

İctimaiyyət isə dəyişikliyə etiraz edir. Etirazçıların mövqeyinə görə, yeni sistem nəticəsində media müstəqilliyini itirə, maliyyələşdirmə dövlətin jurnalistlərə təzyiq vasitəsinə çevrilə bilər. Digər yandan, təklif olunan dövlət vəsaiti medianın hazırda ictimai ödənişlərdən əldə etdiyindən 15 faiz azdır.

Praqanın mərkəzindəki Letna parkı etirazçılarla dolub. Onlar “Əlinizi mediadan çəkin!” və “Qoy mətbuat özü siyasətçilərlə məşğul olsun!” yazılmış plakatlar qaldırıblar.

Bazar günü Praqada polis patrulları və təcili tibbi yardım briqadalarının sayı artırılıb, ictimai nəqliyyatın əlavə reysləri təşkil edilib. Polis nümayişin dinc keçdiyini bildirib.

Bu, Çexiyanın müstəqil dövlət olduğu 1993-cü ildən bəri Praqada keçirilən ən böyük nümayişdir.

Bundan əvvəl isə noyabrın 3-də Çexiya Radiosu və Televiziyasının əməkdaşları tətil keçiriblər. Tətil televiziya və radio yayımında fasilələrə səbəb olub.

Aİ liderləri ilk süni intellekt sammitini keçirəcəklər

Süni intellekt
Süni intellekt

Noyabrın 13-də Avropa İttifaqı (Aİ) liderləri Dublində süni intellektə (Sİ) həsr olunmuş ilk sammitə toplaşacaqlar. Görüşdə bu sahədə ABŞ və Çinlə rəqabət aparmağın yolları, maliyyələşmə və digər aktual məsələlər müzakirə olunacaq.

Son aylar süni intellekt agentlərinin nəzarətdən çıxması ilə bağlı bir neçə narahatedici hadisə qeydə alınıb. "Nvidia" şirkətinin rəhbəri Censen Huanqın bu həftə istefa verməsi isə sektoru yenidən sarsıdıb və Sİ sənayesi ən böyük dəstəkçilərindən birini itirib.

Dublin sammitində Aİ liderləri bürokratik əngəllərin aradan qaldırılması yollarını və süni intellektdən istifadə qaydalarını da dəyərləndirəcəklər.

"Mistral AI" şirkətinin baş icraçı direktoru Artur Menş və Nobel mükafatı laureatı, süni intellekt sahəsinin öncüllərindən sayılan Cefri Hinton toplantıda çıxış edərək liderləri məlumatlandıracaqlar.

Sammitdə Ukrayna məsələsi də diqqət mərkəzində olacaq. Bu mövzu tədbirin gündəliyinə sonradan ikinci əsas məsələ kimi daxil edilib. Belə ki, bir gün əvvəl ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, ardınca Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə gediblər.

Aİ-nin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, liderlər Avropanın sülh danışıqlarındakı rolunu və atəşkəs əldə olunacağı halda Ukraynaya verilə biləcək mümkün təhlükəsizlik zəmanətlərini nəzərdən keçirəcəklər.

'Microsoft'un xidmətlərindəki nasazlıq saatlarla davam edib

"Microsoft"
"Microsoft"

Noyabrın 12-də "Microsoft"un "Outlook" və "Teams" xidmətlərinin işində təxminən 10 saatlıq fasilə yaranıb. Nasazlıq dünya üzrə bu populyar platformalardan istifadə edən şirkətlərin və dövlət qurumlarının fəaliyyətinə təsir göstərib.

"Microsoft" son açıqlamasında xidmətlərin işini yaxşılaşdırmaq səylərinin gözlənildiyi kimi getmədiyini bildirib.

Şirkətdən verilən məlumata görə, "Microsoft 365"in "Exchange Online" və elektron poçtdan asılı digər funksiyaları nasazlıqla üzləşib. "Exchange Online"dan asılı olmayan funksiyalar isə adi qaydada işləməyə davam edib. "Exchange Online" şirkətin elektron poçt, təqvim, kontaktlar və tapşırıqların idarə olunmasını təmin edən bulud əsaslı mesajlaşma platformasıdır.

Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Toni Börk bildirib ki, "Microsoft" baş verənlərin kiberhücumla əlaqəli olmadığını düşünür. O, problemə uğursuz sistem yeniləməsinin səbəb ola biləcəyini vurğulayıb.

Yaranan problemlər Avstraliyanın kəşfiyyat xidməti və federal polisinə də təsirsiz ötüşməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası isə nasazlığın onların istifadəçilərini də əhatə etdiyini və mühəndislərin problemi aradan qaldırmaq üçün "Microsoft"la birlikdə çalışdığını açıqlayıb.

'Nvidia'nın rəhbəri Censen Huanq istefa verib

Censen Huanq
Censen Huanq

Süni intellekt texnologiyaları sahəsindəki ən nəhəng korporasiyalardan olan "Nvidia"nın rəhbəri Censen Huanq vəzifəsindən gedib. Bu barədə noyabrın 12-də şirkətin mətbuat xidməti məlumat yayıb.

Huanq prezident, baş icraçı direktor və Direktorlar Şurasının üzvü postlarından ayrılıb. Baş icraçı direktorun səlahiyyətlərini müvəqqəti olaraq şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru Kolett Kress icra edəcək.

Şirkətin açıqlamasında Huanqın istefasının səbəbləri göstərilməyib. Ancaq son günlər onun bir qadınla intim münasibətinin olduğu üzə çıxıb. ABŞ hakimiyyəti həmin qadının Çin xüsusi xidmət orqanlarına işlədiyindən şübhələnir. Huanq həyat yoldaşına xəyanət etdiyini boynuna alıb. Bundan bir gün əvvəl isə onun tabeliyində çalışan digər bir qadınla da sevgi münasibəti yaşadığı ortaya çıxıb.

"Reuters" noyabrın 12-də iki mənbəyə istinadla biznesmenin üçüncü qadınla – "Nvidia"nın daha bir əməkdaşı ilə yaxın münasibətlərinin olduğunu yazıb. Agentlik həmin qadının adını açıqlamayıb və onunla əlaqə yarada bilmədiyini vurğulayıb.

Yaranmış bu qalmaqal şirkətin səhmlərinin dəyərini kəskin şəkildə aşağı salıb.

İsrail Qəzzadakı xəstəxanada HƏMAS komandirini vurduğunu bildirir

Xan-Yunisdəki "Nasir" xəstəxanasının binası daxilindəki dağıntılar
Xan-Yunisdəki "Nasir" xəstəxanasının binası daxilindəki dağıntılar

Noyabrın 12-nə keçən gecə İsrail hərbçiləri Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ilə birlikdə Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhərində yerləşən "Nasir" xəstəxanasına zərbə endiriblər. İsrail ordusunun məlumatına görə, hücumun hədəfi ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşmasının yüksəkrütbəli komandirləri olub. Daha sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) zərbə nəticəsində HƏMAS-ın Xan-Yunis bölgəsi üzrə briqada komandiri Məhəmməd Əbu İsmayılın öldürüldüyünü təsdiqləyib. Qruplaşmanın digər komandirləri də hücuma məruz qalıblar.

İsmayılın briqadanın fəaliyyətini əlaqələndirdiyi, eləcə də İsrail hərbçilərinə və mülki şəxslərinə qarşı əməliyyatların keçirilməsinə əmr verdiyi iddia olunur. O, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı girov götürülmüş çoxsaylı şəxslərin saxlanılmasına görə də məsuliyyət daşıyıb.

İsrail ordusu bildirir ki, HƏMAS nümayəndələri xəstəxana ərazisində komanda məntəqəsi yaradıblar. Zərbədən əvvəl mülki əhalinin xəbərdar edilməsi üçün tədbirlər görüldüyü vurğulanır.

Qəzzanın Mülki Müdafiə Xidmətindən isə bildirilib ki, zərbə xəstəxananın cərrahiyyə şöbəsinə endirilib. Nəticədə azı altı nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb. Ölənlər arasında cərrah həkimin, yaralananlar arasında isə mülki şəxslərin olduğu iddia edilir. Öldürülən HƏMAS döyüşçülərinin sayı barədə məlumat verilmir. Qruplaşma bu hücumu "hərbi cinayət" adlandırıb.

Qəzzanın bir hissəsi hələ də HƏMAS-ın nəzarətindədir və bir ildən çoxdur ki, orada atəşkəs rejimi qüvvədədir. İsrail HƏMAS-la əlaqəli konkret şəxsləri zərərsizləşdirmək məqsədilə vaxtaşırı hədəfli zərbələr endirir.

Ötən ilin oktyabrından bəri Qəzzada 1500-dən çox fələstinlinin həlak olduğu bildirilir. Onlardan neçəsinin HƏMAS-la əlaqəli olduğu açıqlanmır.

Britaniyada casusluq işi üzrə ABŞ hərbçisi saxlanılıb

London polisi
London polisi

London polisinin antiterror bölməsi Böyük Britaniyada ABŞ ordusunun hərbi qulluqçusunun saxlanıldığını bildirib. O, milli təhlükəsizlik qanunvericiliyinin pozulmasında və Rusiya ilə əlaqəli qanunsuz fəaliyyətlərdə şübhəli bilinir.

41 yaşlı yüksəkrütbəli hərbçinin dünən – noyabrın 10-da Qloster şəhəri yaxınlığında saxlanıldığı vurğulanır. BBC-nin məlumatına görə, ona qarşı şübhələr gizli məlumatların əldə edilməsi və ya yayılması, habelə xarici kəşfiyyat xidmətinə işləməklə bağlı maddələrlə əlaqədardır.

İstintaq çərçivəsində Qlosterşir qraflığındakı iki ünvanda axtarış aparılıb.

BBC-nin verdiyi xəbərə görə, həmin hərbçi Qlosterşir qraflığının İnnsvort qəsəbəsində yerləşən "İmcin" hərbi bazasında xidmət edirmiş. Bu bazada NATO-nun Sürətli Reaksiya Korpusunun qərargahı yerləşir.

London polisi istintaq çərçivəsində Britaniya hüquq-mühafizə orqanlarının ABŞ ilə, xüsusilə də Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq etdiyini bildirib.

FTB direktoru Keş Patel casusluq ittihamı ilə bağlı bu həbsi "mühüm qərar" adlandırıb.

"İstintaqın davam etdiyi bir vaxtda açıq şəkildə bildirmək istəyirəm: FTB ABŞ-yə verdiyi sədaqət andını pozan, öz əməlləri ilə milli təhlükəsizliyimizə, eləcə də tərəfdaşlarımızın təhlükəsizliyinə təhlükə yaradan heç kimə qarşı güzəştə getməyəcək", –Patel vurğulayıb.

Hərbçinin adı açıqlanmır. Hazırda o, London polis bölmələrindən birində saxlanılır.

Neftin qiyməti 90 dollardan aşağı düşüb

Nyu-York Fond Birjası
Nyu-York Fond Birjası

Bu gün – noyabrın 10-da neftin qiymətində ucuzlaşma davam edib. Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlara ehtiyac olmadığını bildirməsi Yaxın Şərqdən neft tədarükündə uzunmüddətli fasilələrlə bağlı narahatlıqları azaldıb.

"Brent" markalı neftin fyuçersləri 2.39 dollar və ya 2.58 faiz ucuzlaşaraq bir barel üçün 90.18 dollara enib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 2.11 dollar və ya 2.43 faiz ucuzlaşaraq 84.74 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti avqustun 31-dən bəri ilk dəfə 90 dollardan aşağı düşüb.

Tramp noyabrın 9-da bəyan edib ki, Qətərin baş naziri də daxil olmaqla, region ölkələrinin müraciətlərindən sonra İrana qarşı yeni hərbi zərbələr endirməkdən hələlik çəkinməyi planlaşdırır.

Bəzi təhlilçilərin fikrincə, yüksək qiymətlər tələbatı azaltdığından qlobal neft bazarında yenidən izafi təklif (təklif artıqlığı) yaranıb.

"JPMorgan" bankının ötən həftə açıqladığı hesabata görə, oktyabrda qlobal neft bazarında gündəlik izafi təklif təxminən 1.4 milyon barel olub.

Təklifə gəldikdə isə, oktyabrda OPEC ölkələrində neft hasilatı artıb. Artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt və İraqın hasilatı hesabına baş verib.

"Brent" markalı neftin qiyməti oktyabrın 30-da çatdığı altı aylıq maksimum həddən – 118 dollardan təxminən 23 faiz aşağı düşüb.

Ermənistanda iki rusiyalı hərbçi ukraynalını döyməkdə şübhəli bilinir

Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?

No media source currently available

Gümrüdəki Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşının döyülməsi işi üzrə saxlanılıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin İstintaq Komitəsinə istinadla məlumat yayıb.

İnsidentin təxminən bir ay əvvəl baş verdiyi bildirilir. Ukrayna vətəndaşı Dimitri Samuyelenko Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döyməsi ilə bağlı şikayət ərizəsi verib.

İstintaq Komitəsi bir qrup şəxs tərəfindən fiziki zorakılıq maddəsi ilə cinayət işi açıb və məhkəmə-tibbi ekspertiza təyin edib. Şübhəlilər sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə həbs olunublar.

Ukraynalının hansı səbəbdən döyüldüyü açıqlanmır.

"Azatutyun" yazır ki, bu, son vaxtlar Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə baş verən ilk insident deyil. Bundan əvvəl hüquq müdafiəçisi Artur Sakunts rusiyalı hərbçilərin bir gənci döyməsi və alçaltması barədə məlumat vermişdi. Ermənistan Baş Prokurorluğu həmin hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Baza 1995-ci ildə Moskva ilə Yerevan arasında imzalanmış dövlətlərarası saziş əsasında rəsmiləşdirilib.

Davamı

XS
SM
MD
LG