-
Alyoşa
Oturmuşuq
oturmuşuq, aramızda
yaşca bizdən böyük masa yığmış bədənimizi
keçmişi, unudulan duzqabından
gecikənin kiçik boşluğundan
aşmış qırmızıdan başqa nə?
oturmuşuq, küçə masamızın ayaqların axtarır
məhlədən enən bir gəmi pərdənin naxışına yan alır
dəniz o anın içində, bu fonu...
biz hələ də yerimizdə, içimiz dünyanı qurdalayır
yaşca bizdən böyük qapı səssizcə açır qırmızı xalatını
döşəməyə tökülüşən gülüşlər əllərimizi bürüyür
beləcə
(otaq, kişinin stansiyası, ümidli
yataq, qadının uşaqlıq oyunu, röyalı)
oturmuşuq üstümüzdə yaşca bizdən kiçik lampa
qədim bir işıq tökülür masaya
gecə, yaddaşın miladdan öncəsi
oturmuşuq, çay içirik
20.11.15
Beşmərtəbəli
Təkbaşına bir ağac ama durub baxır mənə əriyindən
Qorxusu korluq mən qarğanı uçuram uzaqda
Özümdən keçib bir şəhərə çatıram
Çılpaq o beşmərtəbəlinin sarı süzülən əynindən sənə atdım bədənimi
Ailə olmadı, heyifmi
ataları söndürür analar və yalannan yatırlar bədənlərində bu da heyifmi
o ağacın korluğu şəhərə girir gözümdən mən hələ də qarğaya
bir yalan uydururam, orda özümü güllələyib müharibə qalıram
oyanır qadın əlindəki ərikdən götürür budaqlarımı
bu qədər bəsdirmi oyan beşmərtəbəli soyuqdu
bir azdan qar yağacaq.
29.11.15