- Orxan Bahadırsoy
Eybi yox
Yenə mən, yenə gecə,
yenə təkəm, bilirsən...
Bəlkə çıxıb gələsən
yanıma, nə deyirsən?
Təklik də bahalaşıb -
şərab, siqaret baha...
Gecəni tək keçirsəm,
pulum qalmaz sabaha.
Gəl, qapım da açıqdır,
heç döyməsən də olar.
Qapısın açıq qoyur
bütün tənha adamlar.
Gəl, bir başına dönüm,
haçandı pir gəzirəm.
Uzan, qollarını aç,
ölməyə yer gəzirəm.
Gəl, heç sarılma mənə,
əlimi tut, eybi yox.
Gəl, bu gecə dərdləşək,
sonra unut, eybi yox.
Görüm ki...
Gecə yatım, səhər durum,
Bir də görüm ölmüşəm.
Göydən baxım, qəribsəyim,
Yerdə görüm ölmüşəm.
Görüm hamı şadlıq edir,
Nə xoşbəxtdir şəhərim!
Mənim kimi tənha qalıb
Meyidim üstə qəhərim!
Görüm sevinir anam,
Atam, bacım, qardaşım.
Görüm ki, kədərdən yox,
Sevincdəndir göz yaşı…
Görüm dostlarım gülür,
Rəqs edir sevgilim də.
Görüm bir kağız şeir
Bükülüdür əlimdə.
Görüm ki, mən ölmüşəm,
Şeirlərim yaşayır.
Bir şairin yükünü
O şeirlər daşıyır.
Üşüdünsə, bağışla
Bir dost gəlib deyə ki,
-dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar.
Bir də Tanrının səsi
titrədə yeri, göyü,
üzgün-üzgün deyə ki,
-üşüdünsə, bağışla...
Bir yandan anam gələ,
əlində yun jaketim,
dillənə ki,
-soyuqdur,
bürün buna, ay bala!
Beləcə dostum kimi,
beləcə Tanrı kimi,
beləcə anam kimi
hamı qayğıma qala.
Mənsə səndən nigaran,
bir mesaj yazam sənə,
soruşam ki,
-necəsən,
soyuqdan üşümürsən?
Hamı məni düşünür,
mənim vecimə deyil,
mənə sən maraqlısan,
sən məni düşünürsən?
Yazam bir dostun kimi.
-dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar,
əynini qalın geyin,
bir yun jaketə bürün,
sən mənim yoxluğuma,
üşüdünsə, bağışla...
Parçalanmış nar kimiyəm
Parçalanmış nar kimiyəm,
gilə-gilə səpilmişəm əhatənə.
Topla məni
parça-parça,
tikə-tikə,
dənə-dənə.
Bir sözünlə dağıt yenə...
Bax, beləcə ötüb keçər
bu ömür-gün aram-aram.
Mən səninçün
milyon kərə toplanaram,
milyon kərə dağılaram.
Elə bilmə əzilmişəm,
yox, hələ də qarşındayam,
dayanmışam məğrur-məğrur.
Sükut-sükut addımlayıb
intizarım saçlarında yuva qurur.
Bilirəm ki, bir darıxmaq
alar məni saçlarının arasından
bir qəzəblə çırpar yerə.
Elə çırpar dənələrim
səpələnər bu şəhərə.
Sənsə yenə...
sənsə yenə...
Sənsə yenə...
topla məni
gilə-gilə,
dənə-dənə.
Bax, beləcə,
yığ təzədən yarat məni.
Qorxma, yenə parçalayar
zəhlətökən həyat məni.