- "Zatən mən ətim töküldüyü üçün bu təqdimatı yarımçıq tərk etdim."
Azad Qaradərəli
Repressiya və yazıçı
Bu günlərdə Sabir Rüstəmxanlının şəxsi dəvəti ilə onun Məhəmməd Hadinin taleyindən bəhs edən “Şair və şər” kitabının AYB-ın Natəvan klubundakı təqdimatına qatılmışdım.
Bu təqdimatın cansıxıcılığından, orada çıxış edənlərin (mənim iştirakıma qədərkilərin) 50-60 il əvvəlki təhkiyə və təlimatla çıxış etmələrindən (bir şair lap gül vurdu: Süleyman Rüstəmin azadlıq uğrunda (!) mübarizəsindən danışıb şeirindən misal da gətirdi) danışıb ətinizi tökməyəcəyəm.
Zatən mən ətim töküldüyü üçün bu təqdimatı yarımçıq tərk etdim – Məhəmməd Hadinin ruhu bağışlayar yəqin.
Orada gözüm bir baralyefi axtardı – repressiya qurbanlarının xatirəsinə həsr olunmuş baralyefi, - və üstündəki yazıları oxumaq istədim, hətta gözüm bu vurhavurda müstəqillik dövründə repressiya olunanları da axtardı:
Rafiq Tağını, Əkrəm Əylislini, Şərif Ağayarı... lap elə bu günlərdə “Azərbaycan” dərgisindəki vəzifəsindən qovulan çox istedadlı bir tənqidçini. (Mən onun adını burada çəkmək istəmirəm, səbəbini özü yaxşı bilir.)
Təbii ki, nə o baralyefi gördüm – görünür, bura nadir hallarda gəldiyimdəndir – nə də yeni repressiya olunanların adlarını.
Bu əhvalatı elə oradaca unudacaqdım. Zira, Salam Sarvan AYB-dan istefa verməsəydi və möhtərəmlər Anar, Fikrət Qoca və Rəşad Məcid bu olaya ironiya ilə cavab verməsəydilər.
Ən çox məni təsirləndirən Rəşad Məcidin münasibəti oldu: "Məgər Salam Sarvan AYB-ın üzvü idi?"
Bilənlər bilir ki, bu sualın altında çox mətləblər gizlənib. Başlıcası, Rəşad Məcid bu yaxınlarda dediyi bir fikrin alt-üst olmasına dözməyib. O, AYB-də daha üsyançıların qalıb-qalmamasına belə münasibət bildirmişdi:”Hamısını zərərsizləşdirmişik.”
Amma məlum oldu ki, belə deyilmiş. Salam Sarvan bu qəfəsə sığmadığını və özünü ora layiq bilmədiyini bəyan etdi.
Nəsimi necə demişdi: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə!”
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)