Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 07:13

Sabir Əhmədli - 85


Sabir Əhmədli
Sabir Əhmədli

-

Azad Qaradərəli

YASAQ ƏDƏBİYYATIN YARADICISI

Sabir Əhmədli... Bu ad uzun zaman Azərbaycan ədəbiyyatını məşğul edib. Bu, onun sağlığında baş verib.

Zira, sağlığında dildə-dişdə olanları çox görmüşük. Ruhu bədənindən çıxan kimi, cismi soyumamış yazdıqları ömrünü başa vurub.

Sizə uzun bir siyahı göstərə bilərdim, fəqət böyük ustadın yazısına kiçik adamların adını bulaşdırmağı rəva görmədim.

Özü həyatda olmayanda haqqında daha çox danışılanlar isə əsl ədəbiyyat adamlarıdır.

Bu dəfə onların əvəzindən yazdıqları, yaratdıqları şəhadət verər. Məsələn, “Dünyanın arşını” romanı deyəcək ki, məni yazan adamın başına olmazın əzablarını açmışam.

Mən çap olunandan sonra onu o ki var, incitdilər. Əsərlərinin çapını qadağan etdilər. Hətta rus və başqa dillərdə çıxası kitablarının çapına belə, əl qoydular. Adı Mərkəzi Komitənin qərarına düşdü və hakəza...

“Yamacda nişanə” sübüt edəcək ki, məni yazmaqla Sabir müəllim “möhtəşəm sovet gəncliyi” deyilən bir anlayışın əslində fiasko olduğunu göstərdi.

Bu əsər və onun talesiz qəhrəmanı bir faciəvi filmə ssenari ola bilərdi. Amma... film qəhrəmanı olan yazıçılar varkən, Sabir Əhmədovun əsərlərini kinolaşdıran kim idi?

“Toğana”, “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzürdü” kimi möhtəşəm romanlar Azərbaycanda roman janrının inkişafına mühüm töhfələr verdi.

Amma bu əsərlər Sovet rejiminin necə dayanaqsız, içdən çürümüş bir quruluş olduğunu da təsdiqləməklə müəllifinə böyük təhlükə yaradırdı.

Lakin yazıçı öz düz yolundan bir an belə, sapmır, icazəli qəhrəmanlıqlar edən yazçıların yoluyla deyil, Azərbaycan Sovet ədəbiyyatının əksinə olaraq, YASAQ ƏDƏBİYYATIN izi ilə irəliləyirdi.

Əslində, bizdə bu yeni ədəbiyyatın yaradıcısı da o özü idi. Yasaq demişkən, yazıçının “Yasaq edilmiş oyun” adlı bir romanı var.

Qeyri-adi üslubda qələmə alınan bu əsər rus ədəbiyyatında Bulqakovun, Platonovun yaradıcılığında verilən sosializmin əslində anti-humanist bir cəmiyyət olduğunu açıb ortaya qoyurdu.

Romanda xalq oyun üslubuyla roman təhkiyəsi elə birləşib və qara yumorla elə çulğaşıb ki, ayıq oxucu sözün nədən getdiyini yaxşı bilir.

“Allahsızlar cəmiyyəti”-ndən tutmuş məşhur “Üçlük”-lərəcən, əsərdə böyük bir qorxulu dəstənin sifəti açılır. Və buna alternativ olan xalq oyunu – şah, vəzir, vəkil və onların çıxardığı “oyun”lar...

Sabir Əhmədli neçə il əvvəl vəfat edib. Onu Fəxri Xiyaban deyilən yerdə dəfn etmədilər.

Əsərlərinin çapına qadağa qoydular... Yasaq ədəbiyyatın üstündən yasaq hələ də götürülmədi ki...

Bu günlərdə ustadın “Yazılmayan yazı” memuar romanı ikinci dəfə nəşr edildi.

Başlandı! Artıq Sabir Əhmədli yaradıcılığının ikinci dövrü başlandı. Gün gələcək, onun cild-cild əsərlərinin çap edildiyini də görəcəyik.

"Yazı" dərgisi

XS
SM
MD
LG