- Tural İsmayılov
Şəhərlər adamlaşanda...
Dünyadakı bütün şəhərlərə,
Meqapolislərə və kiçik paytaxtlara
Səslənirəm içimdəki üsyankarlığın
Çılğın qəlpələrilə.
Öldürülən ümidlərin qatilləri
Kişilərin səfalətinin
Qadınların göz yaşlarının
Günahkarı olan şəhərlər.
İçində yaşayır nərlər
İgidlik titulu qazanıb
Fəhləliklə bir qarın çörəyə tabe tutulan ərlər
Arvad döyən
Uşaq söyən
Lazım olanda hətta içib üyüdən
Ərənlikdən meyxoş olan "ərlər".
Sizin qatilinizdir şəhərlər.
Ucuz bar köşələri ,
Pritonlar
Və saatı bəzən bir zəhmətkeşin maaşına
Bərabər olan fahişələr.
Soyuq küçələrdə zingildəyən itlərə
Həmdəm olan bomjlar,
Var dövlət qazanmaq ümidiylə iri şəhərlərə
Kəndlərdən köç edənlər,
Hər səhər günəşin doğmasıyla həyatları ölən
Gecələrin sakinləri
Hamınızın qatilidir şəhərlər.
Göydələnləri ucalığında
Kiçilən ucalıqlar,
Büzüşən ali təhsilli
Paltar satıcıları,
Qıvranan məlun kütlə
Qınanan savadsız tikişçi qadınlar
Sizə göz dikib ağzının suyunu axıdan
Qəddar şəhərlər.
Yetimlərin sonrakı ümid yeri
Küçələrdə saatlarla maşın dayanacaqlarında
Qəpik-quruş gözləyən
Təhsilsizlər də
Ofisiant işləyən təhsillilər də
Sizin qoynunuzda
Son inam üçün
Bütün gün
Sizə sığınır
Sizin keyfiniz istəyəndə isə
Didərgin edirsiniz şəhərlər.
Bağdad qan ağlarkən,
İmperializm asi cocuğu satır
Alverçi Moskvaya...
Qafqaz bədbəxtliyə düçar olanda
Nəhənglər yenə səssiz.
Moskva isə hər gün daha şıltaq
daha kapitalist
daha sələmçi
daha ovçu....
Brüssel demokrat maskası taxıb
Şamı inama mahmızlayıb
Tehranla dirəşməkdə ikən
Hələb, Hums və Qahirə ölən uşaqlarına yas saxlayır..
Amsterdam laxlayır,
Ankara da qərarsız
Təl Əviv kimi.
Susmuş ikən bütün şəhərlər
Əlləri göylərdə qalan
Aclara
Yetimlərə
Savaşda nurunu itirən
Əlillərə
Müharibənin körpələrinə
Afrikanın tifillərinə
Bir göyərçin göndərə bilmir dünya.
Al başına çırp şəhərlərini
İnsanlarını
və yararsız quşlarını
Dünyadan ümid kəsilmişkən
Tanrı da səssiz görünür nədənsə.