Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Hələ ki, yan binadan drel səsi gəlmir


İllüstrasiya. Şuşa, 2014
İllüstrasiya. Şuşa, 2014

- "Əslində çoxdandı ki, məcburiyyətlə könüllülük arasındakı sərhədi itirmişəm. Bütün bu yaşadıqlarımızın hansının məcburiyyət, hansının
zərurət, hansının həvəs olduğunu ayırd edə bilmirəm."

"Sinoptiklər xəbər vermişdilər: "Ola bilər ki, bir gün gələr, oralara da yağış yağar”. Deyəsən, o gün bu gün idi."

"İlahi, bu nədir belə, əlimdə bir buket gül dayanmışam qapının ağzında. Arvadım da donub qalmışdı, mən də. Necə almışam, nə vaxt almışam, haradan almışam, niyə almışam, ən əsası neçəyə almışam, heç biri yadımda deyil."

Eyyub Məmmədov

Qəribəliyin dözülməz yüngüllüyü

Bu gün yuxudan ayılanda özümü qəribə hiss etdim. Sanki üzərimə xəfif bir gümrahlıq çökmüşdü. Pəncərədən içəri doluşub axan günəş şüaları ilə birlikdə canıma yayılan istiliyin bədənimdə həzin-həzin dövr etdiyini duymağa başlamışdım.

Bir anlıq elə hiss etdim ki, sanki otuz beş illik bədənimdə soyuyub buz bağlamış ruhum buzdan düzəldilmiş heykəl kimi yavaş-yavaş isinməyə başlayır.

Biraz da belə getsə, bu cür isinməyə öyrəşməmiş ruhum tamamən əriyib yoxa çıxa bilərdi. Qorxdum. Cəld yerimdən qalxıb paltarımı geyindim.

Arvadım həmişəki kimi məndən tez qalxmışdı. Nə də olsa, iki uşaq anasıdı.Tez qalxmağa borclu idi.

Qarşılıqlı anlaşmağımız müqabilində mən ən azı önümüzdəki iyirmi ili işləyib pul qazanacaq, evə ruzi gətirəcək, arvadımsa o gətirdiklərimdən biş-düş hazırlayaraq uşaqlarımıza yedirdəcəkdi.

Bu gedişatla ailə həyatımız normal şəkildə öz mövcudluğunu sürdürür. Qısası, ailədə hər kəs öz işini yaxşı bilir. Daha dəqiq, nə edəcəyimizdən tutmuş, harda və nə vaxt edəcəyimizə qədər. Buna baxmayaraq, mən arvadımı çox sevirəm.

Adamın başının üstündə allah var.Arvad var, iki uşağı atıb ərinin üstünə, başqa kişiyə qoşulub gedir. Özü də heç bir problem çıxmır. Hələ üstəlik televizyaya da müsahibə verir. Allah qorusun.

Düzdü, mənim arvadım belə iş tutmaz, ancaq hər halda hər bir qadın kimi onun da içində illərlə dəhşətli sükuta qərq olmuş vulkan yatır.

Lazım olanda, daha doğrusu, insan ömrünün bir gününə düşəndə (baxır o da insanın bəxtinə) o vulkan püskürür və o vulkanın odu-alovu insan elə yandırıb yaxır ki, onun ağrılarını unutmağa bir insan ömrü də bəs etmir.

Hər halda mənim arvadım məni sevir. Baxmayaraq ki, həqiqətə qalsa mən onu sevmirəm. Heç əslində o da məni sevmir.

Elə sevgimizin böyüklüyü də ondadır ki, bir-birimizi sevmədiyimizə baxmayaraq, illərlə bir yastığa baş qoyuruq, eyni həyatı bölüşürük. Sevgini də yaradan budur. O da bilir ki, məhz bu amillərə görə bu yazığı sevməyə dəyər.

İşin vaxtına hələ bir saat vardı. Lazım olsa beş-on dəqiqə də artırmaq olar. Ancaq buna ehtiyac yoxdur. Niyə də olsun axı?

Ümumiyyətlə, bəzi şeylər var ki, onlar haqqda danışanda biz həddən artıq şişirdir, ona sanki taleyüklü məsələ imiş kimi əhəmiyyət qatırıq.

Halbuki, haqqında danışdığlmız “beş-on dəqiqə” kimi o qədər sıradan və bəsit şeylər var ki, onların uğruna nəinki hərəkət etmək, hətta onları düşünmək belə, ağılsızlıq olardı. Bu da belə.

Ən yaxşısı, yeməyimi yeyib, işə yollanmağımdır. Oyanandan bura şahidi olduğum qəribəliyi yemək stolunun ətrafında da sezirəm. Maraqlıdır, yemək stolumuz sanki böyüyüb. Ya da mənə elə gəlir, bilmirəm.

Hər halda bunu evdəkilərə desəm, mənə gülərlər. Arvadım da deyəsən, gülür. Yəqin ürəyimdə fikirləşdiyimdən xəbər tutub. Belə getsə birazdan güləcəklər.

Onsuz da uşaqlara gülmək üçün xırda bir mövzu bəs edər. Olsun, gülsünlər, ancaq mənə yox. Zəhləm gedir kimsə mənə güləndə. Uşaqlıqdan nifrət etmişəm buna.

Hətta o qədər nifrət edirdim, bir gün anladım ki, əslində mən gülməyə belə, nifrət edirəm. Niyə axı kimsə mənə gülsün? Lap olsun öz doğmaca oğlum. Nə olsun, çox da ki, öz övladımdır, hətta deyə bilərlər ki, ”o, uşaqdır”. Yenə deyirəm: "Nə olsun? Mən uşaq olmamışam?”

Bəlkə də həyatımda ilk dəfə olaraq avtobusa rahat minə bildim. Hər şey necə də mənasızdır. Bütün avtobuslardakı dolu oturacaqlardan tutmuş salonun boş olmasına rəğmən avtobusda boş yerin olmadığını və buna görə avtobusdan düşməyimi xahiş edən sürücüyə kimi.

Deyəsən, azca gecikmişəm. Dayanacaq­da düşən qadının yerinə mənimlə birlikdə dayanacaqda eyni avtobusu gözləyən bir xanım oturmuşdu. Məcburən metro ilə getməli idim.

Əslində çoxdandı ki, məcburiyyətlə könüllülük arasındakı sərhədi itirmişəm. Bütün bu yaşadıqlarımızın hansının məcburiyyət, hansının
zərurət, hansının həvəs olduğunu ayırd edə bilmirəm.

Bilmirəm, bəlkə də metro ilə getməyin özündə də bir sevda gizlənir. Hər halda mən heç nə düşünmək istəmirəm.

Metro lap dəhşətlidir. Hamımız sıraya durmuşuq. Polis növbə ilə çantalarımızı yoxlayır. Qanuni dövlətdə yaşayırıq. Bir də gördün, allah eləməmiş, hardansa bir başdanxarab çıxıb partlatdı özünü metroda. Gəl indi eşşəyi çıxar palçıqdan.

O qədər insan öləcək, axırda da bir özü kimi xəstənin biri çıxıb deyəcək ki, nədir, nədir, sən demə, cinayətkarın üzərində "varlığın dözülməz yüngüllüyü“ varmış. Ay hay!

Sənin başına kül. Diaqnoza bax! Sənin özüvə həkim lazımdır, a qardaş! Kişi o boyda ürək yeyib gəlib soxub özünü arı pətəyinə ki, sən də oturub kreslonda belə gic-gic cümlələrinlə camaata nağıl danışasan?

Yaxşı-yaxşı, zarafat edirəm.Terrora nifrət edirəm. Belə şeylərlə oyun olmaz. Hər halda sakitlik yaxşı şeydir, ya da ola bilər bəlkə, hər halda yoxlamağa dəyər.

O mənasını bilmədiyim yarımçıq cümləni isə bir filmdə eşitmişəm. Maraqlı cümlədir. "Varlığın dözülməz yüngüllüyü”.

Turniketdən keçib platformaya doğru gedirəm. Gedə-gedə əmimi xatırlayıram. Yazıq həmişə qorxurdu metrodan. Deyirdi, öləndə yerin altında ölmək istəmirəm. Heç olmasa qoy meyidimi tapıb götürə bilsinlər.

Yazıq. Guya neynirlər sən öləndən sonra sənin cansız bədənini. Həmişə Bakıya gələndə məni taksi ilə gəzdirirdi. Çox yaxşı insan idi. İndi bilmirəm hardadı. Bir onu bilirəm ki, sağdı.

Çox şükür yenə. Qatarın gəlməsini gözləyirəm. Tuneldən bağıra-bağıra gələn qatardan qorxmuram artıq. Çox güman, belə getsə bir-iki ilə dost da olarıq.

Qapılar açılır. Bir birimizə yol verə-verə qatara daxil oluruq. İnsanlar hamsı bir-birinə gülümsəyir. Dəhşət! Deyəsən, səhərki qəribəlik yenə davam edir.

Görəsən, bu lənət məni hara qədər təqib edəcək? Hər halda həyacanlanmağa dəyməz. Yəqin özümü pis hiss edirəm. Həmişə metroda özümü pis hiss etmişəm. Deyəsən, yenə elə olacaq.

Maraqlısı burasındadır. Metroda adam olmayanda da insan özünü narahat hiss edərmiş. Dünyanın işindən baş açmaq olmur.

Azca yerişimi sürətləndirib metrodan çıxıram. Yerin altından çıxan kimi qəfil yağısa tutuldum. Sinoptiklər xəbər vermişdilər: "Ola bilər ki, bir gün gələr, oralara da yağış yağar”.

Deyəsən, o gün bu gün idi. Yağışda islanmaqdan ötrü ürəyim gedir. Çoxdandır yağışın iyini unutmuşam. Yağışda o yana, bu yana qaçdığım vaxtlarda isə bir igidin ömrü keçər, yalan olmasın.

Həmişə anam danlayardı bizi. Deyirdi, xəstələnəcəksiz. Durmayın yağışın altında. Həsrət qoymuşdu arvad bizi yağışa.

Utanmasaydım, yağışın damlalarını cibimə yığıb işə aparardım. Divin xəlbirlə su gətirdiyini oxuya-oxuya böyüdüyümüz, xəlbirlə evə su gətirdiyimiz, ununu, şəkərini artıqlardan xəlbirlə təmizlədiyimiz xəlbiri bol məmləkətdə yığımcıllığa yaman öyrəşmişik.

Təsadüfi deyil ki, bu ölkə də göl də damla-damla olur. Damla-damla göl olar deyəndə görəsən, babalarımız hansı gölü nəzərdə tuturmuş. Hansı bekar olub ki, o oturub bütöv bir ömürü damlanın damlaya qarışaraq göl yaratmasını izləyib. Hər nə isə, işqabağı özünü çox yormaq lazım deyil.

İşin başlamasına az qalır. Asta-asta Tanrıya tərəf gedib çıxan dolama pilləkənləri qalxıram. Ən sonuncu mərtəbədə, yəni pilləkənlərin qurtardığı yerdə müdir oturur.

Demək olar ki, düz tanrının yanında. Bizim müdir tanrı kimidir. Hamımıza baxır, əlimizdən tutur, bizə iş verir, kasıblara, yetimlərə hər il əl tutur. Təbii ki, öz nəslinə, qohum-əqrabasına da həmçinin.

Bir sözlə, bizləri yaşadır. Arada kefinə düşəndə, yəni əsəbiləşəndə hətta bizləri yaratdığını da iddia edir. Yəqin ki, valideynləri də gələcəyi görüb övladalarının adını qoymuşdular. Tanrının verdiyi, balaca tanrı, Tanrıverdi bala.

Kiminçünsə Tanrıverdi müəllim, kimincünsə Tanrıverdi qardaş, kimincünsə Tanrıverdi bala, kiminçünsə də sadəcə Tolik…

Bu gün nədənsə müdir bizə acıqlanmadı. Heç biz tərəfə gəlmədi də. Yəqin nəsə olmuşdu. Adətən bizim müdir standartlardan uzaq adam olduğu üçün onun haqqda heç bir norma təyin etmək mümkün deyil.

Bu baxımdan, biz işçilərin vəziyyəti bir qədər ağırdır. Qəribə adamdır Tanrıverdi müəllim. Sağı göstərib solu vuran adamdı. Nə desən, gözləmək olar.

Bir də gördün allah eləməmiş, kefinə düşər özünü atar pəncərədən aşağı. Di gəl, özünə təzə müdir axtar. Allah Tanrıverdi müəllimin canını sağ eləsin.

İşdən çıxıb biraz gəzişmək istədim. Bu gün işdən biraz tez çıxmışdım. Təbii ki, Tanrıverdi müəllimin icazəsi ilə. Bəli ,düz düşündünüz. Qəribəlik hələ də davam edir.

Allah axırın yaxşı etsin, ancaq nəsə gözüm su içmir. Səkidə qarnı üstdə uzanıb özünü günəşə verərək, xoşhal olan məstan pişiyin əndişəsizliyi şübhələrimi daha da artırır.

Yavaş-yavaş qorxularım artır, deyəsən. Düzdü, bu küçədən keçəndə həmişə qorxuram. Ancaq bu dəfə qorxularım tamam başqa səbəbdəndir.

Onu da deyim ki, həmişəkindən fərqli olaraq, bu gün küçədə heç kəsə rast gəlmədim. Bir inli cinli gözə dəymirdi.

Halbuki, adətən belə vaxtlar küçədə getdiyin yerdə bir də gördün qəfildən əlinə Mendeleyevin 118 elementini toplamış bir “Sonanın uşağı” səni saxlayıb bütün məhlənin qeyrətinin hesabını səndən soruşurdu.

Bəli, bu cür macəralarla dolu ölkənın darıxan şairlərinin darıxmalı kitablarını heç kimin alıb oxumurdu. Və oxunmamasınada heç bir qəribəlik yoxdur… Buna təəccüblənmək ağılsızlıq olardı. Bunu hamı bilirdi, hamıya da başa salmaq olurdu, bir şairlərdən başqa.

Bu gün hamı özünü qəribə aparır. Bir manatlıq konturu bir manat iyirmi qəpiyə yox, bir manata satan satıcı Gülyanaq bacıdan tutmuş məhlənin bomju Akimə kimi.

Deyəsən, məhlədə də sakitçilikdir. Qonşular blokun girişində samovar qaynatmayıb. Hələ ki, yan binadan drel səsi gəlmir. Pəncərədən başıma uşaq pampresi düşməyib.

Ən əhəmiyyətsizi, sağ-salamat qapımızın önündəyəm. Zəngi basıram. Arvadım qapını açır. Üzündə xoş bir təbəssüm var. Yəqin ki, səhərki söhbətə hələ də gülür.

Bir anlıq fikirləşib əsəbləşirəm. Arvadımın gözlərinə baxıram. Fikri deyəsən, başqa yerdədir. Daha doğrusu, əlimə diqqətlə baxır. Bayaqkı gülüş ifadəsinin yerini təəccüb alıb. Özüm də təəccüblənirəm.

Görəsən, əlimə nə olub. Əlimi azca yuxarı qaldırıram. Yüngül bir ağırlıq duyuram əllərimdə. İlahi, bu nədir belə, əlimdə bir buket gül dayanmışam qapının ağzında.

Arvadım da donub qalmışdı, mən də. Necə almışam, nə vaxt almışam, haradan almışam, niyə almışam, ən əsası neçəyə almışam, heç biri yadımda deyil.

Həqiqətən yadımda deyil. Yavaş-yavaş gülləri və onun bərabərində digər əlimi yuxarı qaldırıram. Arvadımın qarşısında təslim oluram.

Stol həqiqətən böyümüşdü. Artıq kabus görmədiyimə inanmağa başlamışam. Bu gedişlə stolumuz böyüyə-böyüyə lap qayınatamgilə də gedib çıxa bilər.

Hələlik süfrə arxasında biz özümüzük. Ailəm. Yəni mən, arvadım və iki övladım. Uşaqlar məktəbdə baş verənlərdən danışırlar. Biz isə qulaq asıb gülürük.

Gülməyə qorxuram. Uşaqlarıma nifrət etməyə qorxuram. Mən onları həqiqətən sevirəm. Çox sevirəm. Amma gülmək lazımdı. Arvadım da gülür. Ona qoşulub lap ürəkdən gülürəm.

Belə getsə, deyəsən, birazdan uşaqları da götürüb parka gəzməyə də gedəcəyik. Durduq yerə, əcəb işə düşdük də. Heç nə baş açmaq olmur bu işlərdən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG