Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:04

Saytlarda tanışlıq axtarmağın xatası çıxdı


AshleyMadison.com tanışlıq saytından müştərilərə aid həssas məlumatı oğurlamış hakerlər ələ keçirdikləri informasiyaları yayıblar. 9.7 qiqabaytlıq məlumat yığını avqustun 18-də onlayn yerləşdirilib. Bu məlumatlar təxminən 32 milyonluq istifadəçiyə aiddir.

AshleyMadison.com eşq macərası axtaran ailəli şəxslər üçün əsas tanışlıq saytı sayılır.

EŞQ MACƏRALARI AXTARANLARA AİD HƏR ŞEY

“Wired.com” yazır ki, açıqlanmış məlumatlar başlanğıcını 2007-ci ildən götürür. Buraya kredit kartı, ödəniş əməliyyatlarının detalları kimi informasiyalar da daxildir. Daha nələr yoxdur ki? Milyonlarla ödəniş əməliyyatları, adlar, yaşayış ünvanları, email ünvanları, ödənilən məbləğlər. Kredit kartlarının nömrələri olmasa da, hər bir əməliyyat üçün son 4 rəqəm göstərilib və bu, kredit kartının son 4 rəqəmi, yaxud hər bir əməliyyatın ID-si ola bilər.

“Ashley Madison evli şəxslərin ailə xəyanəti, sevgili tapması üçün ən məşhur saytdır,” saytda belə deyilir. “Ailəsini aldadan minlərlə arvad və ər hər gün burada sevgi axtarırlar. Bitkin partnyor tapacağınıza zəmanət verilir”.

Hakerlərin açıqladığı məlumatlarda adlar, ünvanlar, telefon nömrələri olsa da, üzvlərin sayta hüquqi detallar təqdim etdiyi bəlli deyil. Məlumatların bir hissəsinin təhlili istifadəçilərin təsadüfi nömrələr və ünvanlar verdiyini göstərir. Kredit kartı əməliyyatlarında əsl adlar və ünvanlar ola bilərdi, ancaq üzvlər anonim kartlardan da istifadə edə bilərlər. Email ünvanlarının təhlili göstərir ki, 15 min ünvan .mil və ya .gov domenlidir.

Yayılan informasiyalarda üzvlərin nə axtardığı da oxumaq olur. “Evdə xoşbəxt olmayan və ya darıxan, həyəcan istəyən birini axtarıram,” - bunu Ottavada yaşadığını göstərən bir nəfər yazıb.

HAKERLƏRİN TƏLƏBİ

Özlərini Impact Team adlandıran hakerlər məlumatları ötən ay ələ keçiriblər. Onlar AshleyMadison.com və Established Men saytlarının rəhbəri Avid Life Media-dan saytları bağlamağı tələb ediblər. Əks halda, hakerlər bütün müştərilərə dair məlumatları yaymaqla hədələyiblər.

Hakerlər bu saytları bir tərəfdən əxlaqi dəyərlərə görə hədəfə alıb. Ancaq onlar həmçinin saytların biznes məsələsində saxtakarlıq etdiyini deyiblər. Belə ki, 19 dollarlıq ödəniş əvəzində müştərilərə onların informasiyasını pozacağını vəd edən sayt sözünü tutmayıb və məlumatları serverlərdə saxlayıb.

“O kişilərə ayıb olsun ki, adamları aldadıblar. ALM-ə ayıb olsun, məxfilik boyun olublar, əməl eləməyiblər,” - bunu hakerlər yazırdılar.

Avid Life Media xəbərdarlıqları vecinə almayıb, hər iki saytı saxlayıb və müştərilərə deyib ki, şəbəkələrin təhlükəsizliyini artırıb.

AİLƏ DRAMLARI GƏLİR

Ancaq təhlükəsizliyin gücləndirilməsi məlumatları oğurlanmış müştərilər üçün artıq vaxtı keçmiş məsələ idi.

İndi bu kiber-qisasın qurbanlarını nələr gözləyir – ictimai qınaq, aldatdığı partnyorlarının qəzəbi, mümkün şantaj və şəxsi məlumatlarından, bank kartı informasiyalarından istifadə ilə potensial dələduzluq.

Hakerlər bəri başdan qurbanlara vurduqları hər hansı ziyana görə məsuliyyəti də boyunlarından atıblar. “Sizi ələ verən, aldadan ALM-dir. Onları məhkəməyə verin və ziyana görə kompensasiya istəyin. Dərsinizi alın və özünüzü dəyişin. İndi utanacaqsız, ancaq bunu da keçəcəksiz,” onlar yazıblar.

“Wired.com” yazır ki, Ashely Madison-da qeydiyyatdan keçmək üçün email ünvanının təsdiqi istənilmir və ola bilsin saytın bəzi üzvləri hüquqi ünvanları ələ keçirib istifadə ediblər. Məsələn, bir emailin Böyük Britaniyanın keçmiş naziri Tony Blair-ə məxsus olduğu görünür.

Avid Life Media məlumatların yayılmasını pisləyib, bunu hakerlik deyil, cinayət aktı adlandırıb. Şirkət bəyanatında deyib ki, “bu, təkcə saytın üzvlərinə qarşı deyil, qanuni onlayn fəaliyyətlə məşğul olan azad düşüncəli hər kəsə qarşı qanunsuz hərəkətdir."

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG