Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

"Həmidə xanım çox heyrətamiz qadındı"


Həsən Cavadi
Həsən Cavadi

-

"Mirzə Cəlili öldürə bilərdilər, Həmidə xanım cangüdən tutur ki, ərini mühafizə eləsin".

"Mirzə Cəlil deyir, onda qoy mən jurnalı ermənicə çıxarım".

"Həmin felyeton Təbrizdə elə səs-küy yaradır ki, məmurlar fahişləri o məhəllədən qovurlar".

ABŞ-da yaşayan, əslən İran Azərbaycanından olan alim Dr. Həsən Cavadi Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşirin xatirələrini ingiliscəyə çevirib. Həsən bəylə telefonla söhbətləşdik.

Gözlə

No media source currently available

0:00 0:03:54 0:00
Direct-ə keçid

- Həsən bəy, yəqin ki, ingilis dilinə çevrilməli çox əsər var Azərbaycanda, amma siz məhz Həmidə xanımın xatirələrini seçdiniz. Bu əsər hansı məziyyəti ilə diqqətinizi çəkdi?

- Bir səbəb odur ki, mən uzun müddət "Molla Nəsrəddin" jurnalı ilə bağlı araşdırma aparmışam. C.Məmmədquluzadə haqqında məqalələr yazmışam. Eləcə də Sabir haqqında. Sabirin əsərlərini tərcümə etmişəm.

"Molla Nəsrəddin" jurnalı həm İranda, həm Azərbaycanda, həm də Türkiyə və Orta Asiyada böyük nüfuza malik olub.

Digər tərəfdən, Həmidə xanım çox heyrətamiz qadındır, şəxsiyyəti, xarakteri ilə məni valeh edib.

Onun xatirələri 1907-ci ildən başlanır.

O, ikinci dəfə ərə gedir - C.Məmmədquluzadənin xanımı olur.

Həmidə Cavanşir
Həmidə Cavanşir

O zamanlar Bakıda vəziyyət tamam başqa idi, qadınların azadlığı çox məhdud idi. Həmidə xanıma atasından bir kənd qalmışdı, o kəndi özü idarə edirdi, orada, məsələn, peyvənd etməyi öyrənmişdi. Qızılca çıxaranları peyvənd edirdi.

Çox fəal qadındı. Məktəb, xeyriyyə cəmiyyəti açmışdı.

Bundan başqa C.Məmmədquluzadə kimi görkəmli yazara həyat yoldaşı olmaqla yanaşı onun təhlükəsizliyini qoruyurdu.

Mirzə Cəlilin yazdığı əsərləri xoşlamayan ruhanilər onun ölümünə fitva vermişdilər.

Hətta Həmidə xanımın ailəsi də onun C.Məmmədquluzadə ilə ailə qurmasının əleyhinə idi.

Mirzə Cəlili öldürə bilərdilər, Həmidə xanım tüfəngçi (cangüdən) tutur ki, ərini mühafizə eləsin.

Mirzə Cəlillə Həmidə xanım İranda da mühüm işlər görüblər.

Onlar birlikdə Təbrizə gedirlər. Əsərdə həmin səfər çox maraqlı təsvir edilib.

Onlar qərara gəlirlər ki, "Molla Nəsrəddin" jurnalını Təbrizdə çıxarsınlar.

Mirzə Cəlilə orada deyirlər ki, gərək jurnalı farsca çıxarasan.

C.Məmmədquluzadə razılaşmır, deyir ki, bu jurnal xalq üçündür, ona görə də azəricə çıxmalıdır. "Təbrizdə neçə nəfər farsca bilir axı? Təbrizin dili türk dilidir" deyir.

Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə

Görəndə ki söhbət uzanır, C. Məmmədquluzadə soruşur ki, burada nə qədər erməni yaşayır, deyirlər filan qədər, soruşur ki, bəs burada ermənicə neçə qəzet çıxır? Deyirlər üç dənə. Mirzə Cəlil deyir, onda qoy mən jurnalı ermənicə çıxarım. O, ermənicə də bilirdi.

Onda söhbət etdiyi adamlar utanırlar, deyirlər ki, yaxşı türkcə çıxar.

Bu çox böyük hadisə idi.

Jurnalın nüfuzu böyük idi. Məsələn, orda “Bekarlar idarəsi” adlı bir felyeton dərc olunur. Dövlət məmurları tənqid edilir. Deyilir ki, onlar dövlət idarəsində oturub maaş alırlar, amma heç bir iş görmürlər. Bir eşşək var ki, bu işçilərin maaşını gətirir. Həmin eşşək gələndə hamı ona təzim edir...

Jurnal çap olunur və Təbrizin hakimi tapşırıq verir ki, bütün tiraj müsadirə edilsin.

Jurnal min nüsxədə çap olunurdu.

Həmin sayın 600 dənəsi ilk gündə satılır. Qalanı C.Məmmədquluzadənin yaşadığı evə gətirilir.

Məmurlar gəlib Həmidə xanıma deyirlər ki, bu, qadağan edilib, gəlmişik müsadirə edək.

Həmidə xanım onlara cəmi 3 nüsxə jurnal verir. Qalanları arxa qapıdan çıxardıılıb qaçırılır. .

- Kitabda Təbrizlə bağlı başqa hansı hadisələr yer alır?

- Başqa bir felyetonda Təbrizdə fahişələrin toplaşdığı məhəllədən danışılır.

Bu məqalə elə səs-küy yaradır ki, dövlət məmurları fahişələri oradan qovurlar. Maraqlıdır ki, həmin qadınlar qatara minib başqa yerə gedəndə onların aludəsi olan bəzi zadəganlar da onlara qoşulub gedirlər. Bunun özü də böyük qalmaqal olur.

- Həsən bəy, Həmidə xanımın xatirələrini sovet dövründə Abbas Zamanov (qismən), SSRİ dağılandan sonra isə Mehriban Vəzir araşdıraraq çap etdiriblər. Siz əsəri ingilis dilinə çevirəndə onların hansından istifadə etmisiniz?

- İkisindən də.

Abbas Zamanov bəzi yerləri ixtisar edib. O, sovet dövründə əsəri tam çap etdirə bilməzdi. Çünki əsərdə bolşevik ideologyası təbliğ edilmirdi. Üstəlik də xatirələri Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırov çap etdirmək istəyirdi. Özünün də "inqilabi fəaliyyəti"nin orada əks olunmasını istəyirdi. Həmidə xanım isə "Mən görmədiyim şeydən yaza bilmərəm" deyə bundan imtina etmişdi. Buna görə əsər rəhbərin qəzəbinə düçar olmuş, yazılsa da, çap olunmamışdı. Bağırov vaxtilə Qarabağda qaçaqlıq etmişdi və işi çətinə düşəndə Həmidə xanım ona kömək etmiş, həyatını xilas etmişdi.

Həmidə xanımın xatirələri Mehriban Vəzirin tərcüməsində
Həmidə xanımın xatirələri Mehriban Vəzirin tərcüməsində

Mən təxminən 25 il öncə Abbas Zamanovla görüşmüşdüm.

O mənə kitab haqda danışmışdı. Həmidə xanımın xatirələrinin yer aldığı kitabdan mənə bir nüsxə vermişdi.

Sonradan Mehriban Vəzir orijinalı rusca olan xatirələrin digər hissələrini də tərcümə edir.

- Həsən bəy, kitab nə vaxt nəşr olunacaq?

- ABŞ-da bunun üçün naşir tapmaq çətindir.

Bu, gəlir gətirməyəcək deyə naşirlər çap etmək istəmirlər.

Mənim Azərbaycan ədəbiyyatına aid başqa tərcümələrim də var, amma onlara da nəşriyyatlarda elə bir maraq yoxdur.

Amma Vaşinqtonda bir nəşriyyatın razılığını almışam.

Neçə dəfə Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya bu barədə yazdım, amma nəticəsi olmadı. Çox şeyə pul tapılır, amma belə işlərə tapılmır.

İstəyirəm ki, kitabda təkcə Həmidə xanımın xatirələri olmasın.

"Molla Nəsirəddin", Sabir haqqında, "Molla Nəsirəddin"in karikaturaçı rəssamları haqqında olan araşdırmalarımı da oraya əlavə edim.

Məndə "Molla Nəsrəddin"in nüsxələri də var, ordakı 60 dənə karikaturanı kitaba əlavə etmək istəyirəm.

- Həsən bəy, bu, xüsusi bir sahəyə aid kitab olacaq, Amerikada belə bir kitabın oxucuları, alıcıları kim olacaq?

- Burada bir qrup adam var ki, Azərbaycanla maraqlanırlar. Həm də insanları Azərbaycanla bu kitab vasitəsilə tanış etmək olar. Mən indiyədək bir neçə əsər tərcümə etmişəm. Bakıxanovun "Gülüstani-İrəm"ini fars dilindən tərcümə etmişəm və çap olunub. Bir də Mir Cəlalın hekayələrini çevirmişəm, o da çap olunub, Əsəd bəyin “Blood and Oil in the Orient” əsərini, Mirzə Fətəli Axundovun bütün pyeslərini də tərcümə etmişəm.

Amma təəssüf ki, bir sıra tərcümələri çap etdirə bilməmişəm.

Neçə dəfə Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya bu barədə yazdım, amma nəticəsi olmadı. Çox şeyə pul tapılır, amma belə işlərə tapılmır.

XS
SM
MD
LG