Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:27

Çoxları yazmaqdan əl çəkir


Natalka Sniadanko
Natalka Sniadanko

- Tanınmış çağdaş Ukrayna yazıçısı Natalka Sniadanko (1973) Ukrayna ədəbiyyatındakı vəziyyət haqda məqalə yazıb. Məqalənin tərcüməsini kiçik ixtisarlarla təqdim edirik.

Ədəbiyyat son səngər kimi

Ukraynada yazıçılar siyasi mövzularda yazmağı çox xoşlayırlar. Keçən il noyabrın 30-da Maydan hərəkatının ilk döyüşləri başlayanda bu xəbəri mən bir siyasətçinin yox, bir yazıçının - dostum Svitlana Povalyevanın Facebook səhifəsindən oxumuşdum.

Səhərə yaxın saat 4-də tələbələr döyülmüşdü və ondan düz 30 dəqiqə sonra o, bu haqda Facebookda yazmışdı.

Yəni yazıçı ictimai həyatda bu qədər fəaldır. Jurnalistlərin və siyasətçilərin Facebook postları onun postundan sonra İnterneti bürümüşdü.

Svitlana, əri və iki oğlu Maydanda üç ay qaldılar, ilk gündən son günə qədər. İndi onun oğlanları Şərqi Ukraynada döyüşürlər.

Svitlananın tarixçəsi unikal, nadir hadisə deyil. Orda başqa yazıçılar da bu qədər aktiv idilər.

Yazıçılar ordu üçün, yaralılar üçün pul toplayırlar, xeyriyyə məqsədilə qiraət turları keçirirlər və özləri də Orduya yazılır, gedib könüllü döyüşürlər.

İndi Şərqi Ukraynada yazıçıların öz döyüş təcrübələri haqda yazdıqları çox yaxşı ədəbiyyat yaranmaqdadır. Bunları sosial mediada Ukrayna dilində yayırlar. Onların bir gün evlərinə dönüb Ukraynanın Remarkları olmasını istərdim.

Ukrayna ədəbiyyatı Ukraynadilli və rusdilli, qərbpərəst və ruspərəst ədəbiyyata bölünmür təkcə. Həm də Ukrayna dilinin öz daxilində bölünmə var. Rəsmi Ukrayna dili və müstəqil Urayna dili.

Rəsmi ədəbiyyatı dövlət himayəsində olan Yaızçılar Birliyi yazarları yazır, o birliyin mərkəzi və regional bölmələri, öz media kanalları, işçiləri var, hətta öz üzvləri üçün yay kurortları da mövcuddur.

Amma bu birliyin üzvlərinin yazdığı ədəbiyyat hipotetikdir, onların estetikası Sovetdən qalma sosialist realizmidir.

Bu yazıçılar mütəmadi olaraq hökumət mükafatları alırlar. Rəsmi olaraq heç bir kitab dükanında olmayan kitablarına görə alırlar bu mükafatları, amma əslində, qeyri-rəsmi olaraq, bu mükafatlar onlara kiminsə qohumu, dostu olduqları üçün verilir.

Onlar tədbirlər keçirirlər, dövri qəzet, hətta hərdənbir kitab da çıxarırlar. Bu qəzet, jurnal və kitablar heç bir oxucuya gedib çatmır, çox az tirajla çıxır və elə mükafatı verən hökumət qurumlarına hədiyyə verilir.

Müstəqil Ukrayna ədəbiyyatı isə heç bir dövlət dəstəyi olmadan, heç bir qrant, rəsmi təşkilat, konfrans, mükafat, subsidiya nəşrləri olmadan ayaq üstə dayanmağa çalılşır.

Müstəqil Ukrayna yazıçılarını dəstəkləmək üçün heç bir proqram yoxdur, başqa Avropa xalqlarından fərqi olaraq, onları xaricdə təmsil etmək üçün də bir proqram yoxdur. Onların müəllif haqlarını qorumaq üçün heç bir proqram mövcud deyil.

Əgər bir Ukrayna yazıçısı xarici dilə tərcümə olunursa, bu, sırf xoşbəxt rastlantıdır və könüllü, entuziast müstəqil tərcüməçilərin sayəsindədir.

Qrant, mükafat yoxdur. Festivallarda qiraət etdiklərinə və iştirak etdiklərinə görə qonorar yoxdur. Onminlərlə tirajla çıxan kitablar üçün isə ən yaxşı halda bir neçə yüz dollar qonorar alırlar. Qəzet köşəsinin qonorarı cəmi 15 dollardır, hələ onu da versələr.

Sırf öz əsərlərini nəşr etdirməklə və satdırmaqla yaşayan “professional” yazıçılar Ukraynada sadəcə olaraq, yoxdur.

Çətindir. Başqa sahələrdə işləyirlər. Çoxları yazmaqdan əl çəkir. Çoxları mühacirət edir. Bəziləri xaricdəki rezidensiyalara gedir, orda bir neçə ay qalıb yazır və qonorarını alıb geri qayıdır.

Çıxış yolu görünmür. Bu öz fəsadlarını ədəbiyyatda göstərir. Çoxları pessimistdir.

Amma bəzən gözlənilməz hadisələr də olur. Məsələn, ədəbiyyat tədbirlərinə gözləniləndən dəfələrlə artıq adam - xalq gəlir. Xalq dəstək verir. Xüsusən Ukraynanın “Russophone” şərqi regionlarında.

Cəbhədə Ukrayna mədəniyyətinə çox böyük maraq var. Ordudan kitablara tələb var. Bəzən yazıçılar özləri öz kitablarının tam tirajının orduya göndərilməsini maliyyələşdirirlər.

***

Əvvəllər naşirlər xarici ədəbiyyatın Ukrayna dilinə tərcümənin satılmadığını deyirdilər və bu işə girirşmirdilər. Amma son vaxtlarda naşirlər dünya ədəbiyyatından tərcümələrə maraq göstərməyə başlayıblar, özü də klassik deyil, çağdaş dünya ədəbiyyatına. Bu da təəccüblüdür bizim üçün.

Ədəbiyyat bazarı, kommersiya motivləri olmasa da, elə məhz bu, Ukrayna ədəbi səhnəsinə müsbət təsir göstərib. Yazıçılar arasında çox möhkəm dostluq, həmrəylik var, onlar bir-birini fəal şəkildə dəstəkləyir və təbliğ edirlər.

Başqa ölkələrdə yazıçılar arasında qısqanclıq olur. Ukraynada isə müstəqil yazıçılar arasında hər hansı münaqişə olursa, bunun səbəbi siyasi fikir ayrılığı olur. Aramızda proletar həmrəyliyindən güclü həmrəylik var.

Sovet dövründə yazıçı olmaq böyük prestij idi, cəlbedici idi, çünki dövlət rejimə loyal olanları hər cür maliyyələşdirirdi. İndi isə yazıçılar üçün heç bir perspektiv olmaya-olmaya bəziləri bu işə həyatını qoyur.

***

Ukrayna tarixən patriarxal ölkə olub. Amma son illərdə qadın yazıçılar parlayır. Onlar özlərini feminist adlandırmaqdan çəkinirlər, öz uğurlarını feminist emblem ilə ictimailəşdirmək istəmirlər.

Yazmaq bir çox qadınların şəxsi həyatlarının ayrılmaz parçası kimidir. Uğurlu qadın yazıçılar adətən ya gənc qızlardır, ya da dullar. Hələ də qadınlar yazmaq və ailə arasında seçim etməli olurlar. Bunun da səbəbi ümumilikdə Ukrayna ailəsində ev işləri bölgüsünün nadir hadisə olmasıdır. Ev işləri – qadın işi hesab olunur.

***

1990-cı illərdə əksər yazıçılar Ukraynanın Qərb ərazilərində yaşayr və mərkəzləşirdilər. Bu gün əksər yazıçılar Kiyevdə mərkəzləşirlər və şərqdə.

Ukrayna regional müxtəlifliyi kəskin olan bir ölkədir. Burada ədəbi məktəblər regionlara görə adlanır. “Kiyev poeziya məktəbi”, Ukraynanın qərbində yerləşən bir şəhərin adıyla Zhytomyr məktəbi, Stanyslaviv fenomeni (Ivano-Frankivsk şəhəri şərəfinə, həmin şəhər qərbi Ukraynada Stanyslaviv kimi tanınır) .

Bu gün yazıçılar Kiyevə köçməyə çalışırlar. Əvvəllər isə periferiyadan periferiyaya köç güclü olub.

Eyni zamanda böyük nəşriyyatlar Ukraynanın şərqində, hətta Rusiya ilə sərhəddə - Xarkovda yerləşir.

1920-ci illərdə Xarkov şəhərində Ukraynanın çox böyük yazıçıları yaşayıb, orada yazıçıların kütləvi qətli kimi hadisələr olub. Ukrayna ədəbiyyatında həmin hadisələri təsvir etmək üçün belə bir ifadə var: “Sürgün edilmiş İntibah”

Ukraynalılar o vaxtdan indiyədək ədəbiyyatda və başqa sənət sahələrində yeni intibah dalğası gözləməkdədirlər. Hələliksə biz ədəbiyyata son bastion kimi baxırıq və bura sığınmışıq.

***

Narıncı İnqilabdan sonra (2004) qısa müddət çağdaş Ukrayna ədəbiyyatı dəbdə oldu. Lviv-də kitab sərgisi oldu. Amma son illərdə yenidən 1990-cı illərin sərt ədəbi reallıqları qayıdıb.

Bir çox naşirlər biznesdən gedirlər, olanlarsa debüt müəllifləri çap etməyə qorxurlar, çünki satılacağına təminat yoxdur. Piratlar da bu yandan bütün kitabların onlayn versiyalarını yaradırlar, pirat kitablar çıxarırlar və nəşriyyatların evini yıxırlar.

***

1970-ci illərdən etibarən bohemlər Ermənin kilsəsinin yanında bir kafe var ki, ora toplaşıblar. Amma indi o görüşmək ənənəsi aradan qalxıb, çünki artıq İnternet var.

O zamanlar nə vaxt getsəydin, erməni kilsənin yanındakı kafedə yazarların toplaşıb qəhvə içdiyini və müzakirələr apardığını görərdin.

Kafedə kofe dəmləyən, içki verən qadınlar – baristalar həmişə vacib insanlar olublar Ukraynada. Onlara romanlar həsr olunur, TV şoulara çıxırlar...

Erməni kilsəsi indi sosial şəbəkə rolunu itirib, amma yenə də qocalar bura gəlib öz gənclik illərinin nostaljisini yaşayırlar.

Bizdə baristalar o qədər məşhurdurlar ki, onlarla foto çəkdirmək üçün pul ödəməlisən. Turistlər də onlara çox maraq göstərirlər, çünki baristaların Ukrayna mədəniyyətində hörmət olunan fiqur olduqlaırnı bilirlər. Amma bu son yerdir bohemlər üçün.

Ukrayna ədəbyyatında və bütövlükdə mədəniyyətində “sonuncu” sözü çox tez-tez işlənir. Son bastion, jurnalın son nömrəsi, bankrot olmuş nəşriyyatın son kitabları, son Ukraynadilli oxucular...

Ukraynada məşhur çağdaş klassik var, Yuri Andrukhovych. Onun məqalələr toplusu “Sonuncu ərazi” adlanır. Bir art menecment agentliyi “Son Bastion" adlanır.

Ukrayna ədəbiyyatı intellektual gettodur sanki. Özü də bunun fərqindədir. 1920-ci illərdən biz bunun fərqindəyik. Hətta yerli Ukrayna radiosunda “Gettodan musiqilər” adlı radio verilişi olub uzun müddət.

***

Vaaxtilə Ukrayna ədəbiyyatı bütün Avropa mədəni trend və ənənələrinə ayaq uydurub, 20-ci əsrin əvvəlində güclü Modernizm dalğası olub Ukraynada. 1920-ci illərində şərqi Ukraynada Sovet İttifaqı qurulan kimi yazıçılar kütləvi şəkildə güllələndilər.

Xarkovda o zaman yazıçılar bir küçədə koloniyalar kimi yaşayırdılar. İndi Rusiyadan bir neçə kilometr aralıda yerləşən Xarkovda çoxlu yazıçı koloniyaları vardı,

Rusiya Ukraynaya bu şəhərdən girməyə başladı və girərkən də yolunda dayanan yazıçıları ortadan qaldırdı.

Ruslaşdırma aparıldı və Ulrayna dili rus dilinin bir dialekti kimi təqdim olundu. Ukrayna linqvistikası deyilən sahə tamamiə məhv edildi. Rus dilində qarşılığı olmayan Ukrayna sözləri lüğətlərdən yararsız sözlər kimi çıxarıldı.

Hələ də Ukrayna mədəniyyəti təqib altındadır.

Uraynanın olan bütün hər şey “Ukrayna millətçiliyi” kimi qələmə verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG