-
"Vəziyyət elə çərçivəyə salınıb ki, ya sən mediadan getməlisən, ya da hakimiyyətin qayda və prinsipləri ilə razılaşıb işləməlisən."
22 iyul – Azərbaycan milli mətbuatının 140-ci ildönümündə mətbuatın hazırkı durumu ilə bağlı AzadlıqRadiosunun suallarını media eksperti, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev cavablandırır.
- Mehman bəy, 140 yaşlı Azərbaycan mətbuatının bu gününü qısaca necə təsvir edərdiz?
- Vəziyyət faciəvidir. O mənada ki, Azərbaycan mətbuatı öz müstəqilliyini itirib. Biz müstəqil dövlət quranda müstəqil mətbuat nəzərdə tuturduq. Əgər dövlətin müstəqil mətbuatı yoxdursa, onda onun müstəqilliyi də yoxdur. Mənim özümün son araşdırmalarım, iqtisadi durum, diffamasiya məsələləri və s. – bunlar hamısı onu göstərir ki, vəziyyət kifayət qədər pisdir. 140-cı ildönümü 130 və 135 illik ilə müqayisə edirəm və görünən odur ki, vəziyyət ildən-ilə pisləşməyə doğru gedir.
- Müstəqillik illərində, ümumiyyətlə Azərbaycan mətbuatının müstəqil olduğu, durumun yaxşı olduğu illər olubmu?
İqtisadi azadlığın yoxdursa, özünü dolandıra bilmirsənsə, deməli, kimdənsə asılı vəziyyətə düşürsən.
- SSRİ dağılan zaman mətbuatın müstəqillik dövrü başlayıb, “perestroyka” illərində artıb, əsasən 1992-ci ildən – Xalq Cəbhəsi dövründə çox yaxşı inkişaf edib. Təbii ki, müəyyən problemlər var idi, amma 1998-ci ilədək qəzetlər oxunurdu, kifayət qədər müstəqil fəaliyyət göstərirdi, medianın maliyyə imkanları gündən-günə yaxşılaşırdı. Amma 1998-ci ildən yeni bir siyasətə start verildi və mən deyərdim ki, Azərbaycan mətbuatının da “qara günləri” başlandı.
- Azad mətbuata ən böyük zərbə nə oldu?
- Ən böyük zərbə mətbuatın iqtisadi azadlığının əlindən alınması oldu. İqtisadi azadlığın yoxdursa, özünü dolandıra bilmirsənsə, deməli, kimdənsə asılı vəziyyətə düşürsən. Bununla da özünüsenzura güclənir. Ona görə də əsas məsələ iqtisadi azadlıqdır.
- Mətbuatın bügünkü durumunda günahkar kimdir, təkcə hakimiyyətmi?
- İlk növbədə hakimiyyət günahkardır, çünki media ilə bağlı siyasəti hakimiyyət aparır. Xatırlayıram ki, 2001-ci ildə media nümayəndələri Heydər Əliyevlə görüşəndə hami deyirdi ki, mətbuata yardım, güzəşt lazımdır, amma mən dedim ki, “heç bir yardım lazım deyil, Azərbaycan mediası biznesin, iqtisadiyyatın tərkib hissəsidir, iqtisadiyyat normal inkişaf edirsə, biznes azaddırsa, Azərbaycan mediası da yaşayacaq”. Dedim ki, “ona görə də bizi o sahədən ayırmayın və azadlıqları bütün iqtisadiyyat sahələrinə, biznesə verin ki, biz də inkişaf edək”. Yardımlar, güzəştlərlə medianın durumunu düzəltmək mümkün olmayacaq. 15 il keçib, amma vəziyyət eləcə qalır.
- Sizcə, Azərbaycan mediası özü bu gün müstəqil olmağa can atırmı?
- Düşünürəm ki, hər kəs müstəqil olmaq istərdi. Amma vəziyyət elə çərçivəyə salınıb ki, ya sən mediadan getməlisən, ya da hakimiyyətin qayda və prinsipləri ilə razılaşıb işləməlisən. Başqa çıxış yolu yoxdur.
- Prezident çıxışında mətbuatdan korrupsiya və insan haqlarından yazmasını xahiş edib. Ölkədə sosial ədalətsizlik, məmur özbaşınalığı və digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması hallarının olduğunu deyib və mətbuatı bu halları işıqlandırmağa çağırıb. Nə dərəcədə səmimi sayırsız bu çağırışı?
1998-ci ildən yeni bir siyasətə start verildi və mən deyərdim ki, Azərbaycan mətbuatının da “qara günləri” başladı.
- Mən hesab etmirəm ki, o, səmimidir. Əgər belə olsaydı, onda onlar çalışardılar ki, Azərbaycan jurnalistikası müstəqil olsun və hakimiyyət üzərində ictimai nəzarət funksiyasını həyata keçirsin. Bunun üçün media azad olmalı, sağa-sola baxmamalıdır. Əgər bu, medianın əlindən alınırsa, deməli deyilənlər ancaq sözdür. Biz monitorinq etsək, görərik ki, onların maliyyələşdirdiyi media bu istiqamətdə heç bir iş görmür. Əksinə, qıraqda qalan media ki var, məhz onlar korrupsiyadan yazır, problemləri işıqlandırır. Və əgər o özü nəsə oxuyursa, elə həmin mediadan oxuyur, öz mediasından elə şeylər tapa bilməz.
- Yaxın gələcəkdə Azərbaycan mətbuatını müstəqil görürsüzmü?
- Azərbaycan mətbuatının azadlığı Azərbaycanın öz azadlığından keçir. Azadlıq, azad iqtisadiyyat olmayanadək media da azad ola bilməz. Bizim iki yolumuz var: ya iqtisadiyyatı, cəmiyyəti azad etmək və bu proseslərə təkan vermək, ya da qeyri-stabil, çox pis bir vəziyyətə düşmək.