-
Amin Mehdi
Şeirlər
Neçə il keçib varlığını itirməyimdən?
bilmirəm,
amma xoşbəxtəm.
Yoxluğunla evlənmişik
sən gedəndən
Bir çox şeyi dəyişmişik
gecələr bir yatırıq
səhərlər də bir dururuq
bir içirik,
bir yeyirik dərdi-səri
hətta bir yuyunub
bir gəzirik şəhəri.
Gecələr
yarıyuxulu sevişirik yoxluğunla.
Dünən öyrəndim ata olacam
artıq bir ailəm də var
Özümə də uyğun
bir iş tapmışam.
Ucuz şeirlər yazacam.
Çox utanıram.
Yoxluğun əlimdən tutub
Heç vaxt getməyəcəm - dedi.
Həkim də arxadan səsləndi:
“Qəm topu kimi
Bir kədəriniz də oldu”
Amma mən hələ də
varlığını şeirləyirəm.
Xəyanət edirəm yoxluğuna
Gör nə nankor adamam!
Üstəlik
Neçə kədərli atayam!
***
Tütün qoxan qadınlardan
barıt qoxan kişilərdən
qan qoxusuna məhkum olan
körpələrin qırıntılarını gizlətməyin.
Bəlkə mərhəmətlənər ürəkləri
Bəlkə rəhmət oxuyub özlərinə
iş işdən keçməmiş
gələrlər özlərinə.
Ataların varlığında nəvazişə
Anaların varlığında səadətə yatıb qalan
Boz küçədən tozlu ürək tapıram hər gün.
İçində yetim yazısı böyük hərflə həkk olubdu.
Yetim olmaq mövcudluqdan yarım qalmaq
ya da varlıqlardan kasad olmaqdan çox
bir küçədə səadətə yatıb qalmaqdan
və hekayəsi yarım qalmaqdan ibarətdi.
Ən əsası da körpələrin qırıntılarını gizlətməsi
və böyüdükcə körpəliyin ölməsidir…yetim qalmaq.