-
Dizayner cildinə girmiş arxeoloqlar və əksinə
Azərbaycanda dizaynelər arxeoloq kimi, arxeoloqlar isə dizayner kimi işləyirlər. Əslində arxeoloq nədir, dizayner nədir, Azərbaycanda bunlar öz yerlərini bir-birinə nə cür verirlər?
Arxeoloq qazıntılar arasında bir tikili və ya əşya tapır. Aşağıdakı peşə suallarına özü üçün cavab verir: onu harada, hansı şəraitdə tapdım, nədən düzəldilib, ondan kimlər, nə üçün istifadə edib, hansı dövrə aiddir...
Bu məlumatlara əsasən artıq mövcud olmayan keçmiş bir mədəniyyəti bərpa edir və təhlil edir. Arxeoloqlar - antidizaynerdir, keçmiş bir dövrü bərpa edərkən bir tarixi reallıq çərçivəsində dəqiq davranmağa məcburdurlar.
Dizayner - antiarxeoloqdur. Dizayner yeni bir mənzərə, yeni bir quruluş yaradır. Dizayner sənətinin məhdudiyyəti yoxdur, onların təxəyyülü əngəlsiz və azad olmalıdır.
Arxeoloq üçün müqəddəs olan obyektiv reallıq var və onun bərpasına nail olmaq, ona riayət etmək lazımdır. Dizayner isə mövcud düzən, tərtibat, əşya və ya qurğulardan aralanıb yenisini yaratmalıdır.
Yerdə qalan bütün sənətləri bu iki qrup üzrə qruplaşdırmaq olar. Məsələn, yazıçılar, mühəndislər dizaynerlər kimidir. Tarixçilər, alimlər, həkimlər isə arxeoloq kimi işləyirlər.
Bizim ölkəmizdə isə arxeoloq yerin dərin qatlarından tapdığı məişət əşyalarını, döyüş predmetlərini dövlətin daha qədim, qüdrətli keçmişi olduğuna sübut kimi daha qədim tarixin adına yaza bilir, tarixi dizayn edir.
Yaxud bir ara qəzetlər Elmlər Akademiyasının Ədəbiyyat və Folklor institutları arasındakı qovğadan yazırdı. Yazırdılar ki, Folklor institutunda hansısa bir alim özündən ata sözləri, deyimlər qondararaq, onları XII yüzil folklorundan bir hissə tapması kimi təqdim edib.
Sözügedən alim öz təxəyyülünün məhsulu olan ata sözlərini, deyimləri guya araşdırmaqla tarixin dərin qatlarından tapılmış qələmə vermişdi. Başqa bir həmkarı isə onu buna görə ittiham edirdi.
Bir insanın yaradıcı təxəyyülünün gücü ilə atalar sözləri yazması gözəldir və yazımızın lüğətindən bəhrələnsək, - dizaynerlikdir.
Ancaq ölkədə dizayner təfəkkür qrupundan olmaq qiymətləndirilmədiyindən, bu insanlar arxeoloq qrupunda olmağa üstünlük verir, özünün yazmadığını, tarixdən hazır şəkildə tapdığını bəyan edirlər.
Paltar modelyerlərimiz dizayner cildinə girmiş arxeoloqlardır. Onlar müasir Azərbaycan qadınının bədəni simasında qədim qadını bərpa etməyə çalışırlar.
Azərbaycan orta məktəblərində şagirdlərə inşa yazdırarkən müəllimlər ümumqəbul olunmuş metoda görə öyrədirlər ki, hansısa mütəfəkkirdən sitat gətirib yazıdakı fikirlərini daha əsaslı etsinlər.
Nəticədə sudan söhbət gedəndə Nizaminin məşhur “Artıq içiləndə dərd verir o da” misrası, çaydan söhbət gedəndə Heraklitin məşhur “Axar çaya yalnız bir dəfə girmək olar” aforizmi kimi ədəbi-fəlsəfi klişelər nəsildən-nəslə keçərək bədii mətnlərin vazkeçilməz ünsürünə çevrilir, dizaynerlik tələb olunan sahələrə arxeoloq vərdişləri gətirir.
Sən şagird su haqqında inşa yazırsansa, sən telejurnalist su haqqında veriliş hazırlayırsansa, təxəyyülün su kimi hər tərəfə axa bilmir, təxəyyülün arxeoloq kimi hərəkət edir.
Azərbaycan mədəniyyətini burada və xaricdə təbliğ edən afişaların, kitabların görünüşünü sanki dizaynerlər deyil, qədim Azərbaycan evini bərpa etməyə çalışan arxeoloqlar hazırlayırlar.
Beləcə, arxeoloq ruhlu dizaynerlər və dizayner ruhlu arxeoloqlar yetişir.
Dizayner
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)