Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:10

3000 yaşı olan qəbirlər kimsəsiz qalıb [Fotolar]


Nəsib Muxtarlı. Foto: www.azerbaijanacademy.com
Nəsib Muxtarlı. Foto: www.azerbaijanacademy.com
-
«Yağışlı gecələrdə yuxum qaçır, deyirəm artıq bu abidələr məhv oldu. Nə olar buna bir sahib duranda».

Arxeoloq Nəsib Muxtarlının yuxusunu ərşə çəkən yağışın onun yaratdığı muzeyin içinə dammasıdır. Bu, Şəkinin Fazil kəndindəki «Əbədi sükut dünyası» adlanan yeraltı muzeydir.

Arxeoloq 1984-cü ildən indiyə qədər tapıb üzə çıxardıqları və 3000 ilə yaxın yaşı olan qədim kurqanların hər an təhlükədə olduğunu bildirir. Deyir, Qafqaz Albaniyası dövrünü əhatə edən qəbirlərin üstünü açdıqdan sonra onları saxlamaq üçün 70 metrlik yeraltı muzeyin yaradılmasına nail olsalar da, indi həmin muzeyə sahib çıxan yoxdur:

«Mənim istədiyim odur ki, bizim tariximizə saxta münasibətlərə son qoyulsun. Bu, Azərbaycanın antik dövr abidəsidir. Bizim əcdadlarımızın əli Aralıq dənizinə qədər gedib çıxıb. Həmin qəbirlərdə elə büt abidələr var ki, onlara dünyanın heç yerində rast gəlinmir. Bir ekspozisiya var. Bu, Azərbaycan folklorunun əsl simasıdır. Qəbrin başında at dəfn olunub, bir tərəfində inək, digər tərəfində qoyun, it, pişik. Bir də müxtəlif qablar var. Qabların içində də Allah bilir nələr var. Biz hələ o qəbri sona qədər aça bilmədik. Çünki açanda qəbir dağılır. Ona görə saxlamışıq».


ÖTƏN İL BİTMƏLİ OLAN İŞLƏRƏ HƏLƏ BAŞLANMAYIB

2011-ci ilin Turizm ili elan olunması ilə əlaqədar Tədbirlər Planına Şəkinin Fazil kəndindəki qədim kurqanlara dair bənd salınıb. Həmin bənddə ərazisinin abadlaşdırılması, yeraltı muzey işlərinin tamamlanması və turizm marşrutunun salınması nəzərdə tutulub.

Planda Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrə bu işlərin il ərzində başa çatdırılması tapşırılıb.

NAZİRLİYİN NÖVBƏTİ GÜNLƏRƏ QALAN CAVABI

«Əbədi sükut dünyası» muzeyi
«Əbədi sükut dünyası» muzeyi
Nəsib Muxtarlı deyir ki, bir dəfə rayonun sabiq icra başçısı ərazidə olub, bəzi işlərin görülməsinə maddi yardım da edib. Amma bundan sonra arxeoloji abidənin ərazisi ilə maraqlanan olmayıb.

Tədbirlər Planında Mədəniyyət və Turizm Nazirliyinin adı keçsə də, həmin qurumdan bu məsələ ilə bağlı konkret məlumat ala bilmədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva araşdırma apardıqdan sonra bizə məlumat verə biləcəyini qeyd etdi.

İCRA HAKİMİYYƏTİ: «YERİN YİYƏSİ NAZİRLİKDİR»

Şəki şəhər İcra Hakimiyyətində humanitar şöbənin müdiri Zərinə Cavadova isə deyir ki, icra hakimiyyəti indiyə qədər müəyyən yardımlar edib. Amma əsas cavabdeh tərəf Mədəniyyət və Turizm Nazirliyi olduğundan bütün məsələləri də o, həll etməlidir:

«Muzeyin bizim balansımızda olmamasına, dövlət büdcəsindən ora vəsait ayrılmamasına baxmayaraq, icra hakimiyyəti orda müəyyən işlər görüb. Tarixi abidələrin icra hakimiyyətinə aidiyyəti yoxdur. İcra hakimiyyətinin də elə bir səlahiyyəti yoxdur ki, gedib hansısa tarixi abidəni hansısa səviyyədə bərpa etsin. Yəni, biz orda nəyisə itirə bilərik. O abidənin yiyəsi var, o da Mədəniyyət və Turizm Nazirliyidir».

«Əbədi sükut dünyası» muzeyi
«Əbədi sükut dünyası» muzeyi
Şöbə müdiri deyir ki, bu məsələdə icra hakimiyyətinin üzərinə düşən öhdəlik isə həmin əraziyə yol çəkilməsidir. Bu işə də yaxın vaxtlarda başlanılması planlaşdırılır.

«TƏDQİQAT MƏRKƏZİNƏ ÇEVİRƏ BİLƏRİK»

Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki qrupunun rəhbəri Nəsib Muxtarlı isə hesab edir ki, bu iş dövlət səviyyəsində görülməlidir:

«Sadəcə olaraq bizim icra başçımız, Mədəniyyət və Turizm nazirimiz bir dəfə bu muzeyə baş çəkməyib. Mən bizim Milli Elmlər Akademiyasının prezidentinə də yazmışam bu barədə. Bu yerləri həm də tədqiqat mərkəzlərinə çevirə bilərik. Qoy, gəlsinlər, burdan elmi işlər yazılsın».

Nəsib Muxtarlı deyir ki, onun rəhbərliyi ilə digər rayonlarda da belə yerləri aşkarlayıb üzə çıxarıblar. Amma o, təəssüflənir ki, Azərbaycanın qədim yaşayış məskəni olduğunu sübut edən həmin tapıntılar da sahibsiz, baxımsız qalıb.
XS
SM
MD
LG