Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Polis «Kabus»un klip təqdimatına icazə vermədi


Həbib Rüstəm
Həbib Rüstəm

-

Gənc reper, «Kabus» ləqəbi ilə tanınan Həbib Rüstəmin klip təqdimatına icazə verilməyib.

Bu barədə AzadlıqRadiosuna reperin özü məlumat verib. Təqdimat aprelin 24-də Bakının mərkəzindəki kafelərdən birində baş tutmalı idi. Ötən il polis «Kabus»un «Ergenekon» adlı solo-konsertinə də icazə vermədiyindən bu dəfə reper özü əvvəldən polisə müraciət edib. Amma bu dəfə də planları dəyişdirməli olublar.

Təfərrüatlarla bağlı sualları Həbib Rüstəm belə cavablandırır:

- Klip təqdimatınızla bağlı nə baş verir?

- Konserti aprelin 24-ə planlaşdırmışdıq. Aprelin 10-dan Bakı şəhər Baş Polis İdarəsinə və Nəsimi rayon Polis İdarəsinə məktub yazmışdıq ki, icazə alaq. Çünki ötən il də polis konsertimizin qarşısını almışdı. Bu dəfə icazə aldıq ki, heç bir bəhanə gətirilməsin. Aprelin 21-də məni bölməyə çağırdılar və təqdimatın təfərrüatları barədə suallar verdilər. Sabahı gün onlara klipi göstərməyimi istədilər. Klipi apardım, Nəsimi rayon Polis İdarəsinin rəis müavini ilə görüşdüm. Klipə baxdılar və dedilər ki, icazə verilməyəcək.

- Səbəb göstərildimi?

- Səbəbi onlar demədilər. Amma 22-ci bölmədə dedilər ki, yer uyğun deyil, təhlükəsizliyimizi düşünərək icazə verilmir. Mən dedim ki, təhlükəsizliyimizi düşünürsünüzsə, əməkdaşlarınızı göndərin. Dedilər ki, bu, artıq bizim qərarımız deyil, göstəriş yuxarıdan gəlib.

- Sizcə səbəb nədir?

- Bilmirəm. Mənə də maraqlıdır.​

- Klipdə söhbət nədən gedir?

- Klipin mövzusu ümumidir. Siyasi xarakter daşımır. Ətraflı şərhi təqdimatdan sonra verə bilərəm.

- Klipin hansı mövzuda olduğunu deyə bilərsiniz?

- Yox, indi bunu deyə bilmərəm. Bu açıqlamanı təqdimatdan sonra verə bilərəm.

- Siz dediniz ki, təhlükəsizlik məsələsini əsas gətirdilər. Sizcə, klip təqdimatı zamanı həqiqətən də təhlükəsizliklə bağlı problem yaşana bilərdimi?

- Mənə dedilər ki, ola bilsin, klip kiminsə xoşuna gələ bilər, kiminsə yox. Amma bu, məncə səbəb deyil. Çünki bu klipdə təhqir yoxdur ki, hansısa bir qarşıdurma yarana bilsin.

- Ötən il də belə bir problemlə qarşılaşmışdınız. O məsələni araşdırdınızmı, konsertinizin qarşısının alınmasının səbəbi bəlli oldumu sizə?

- Ötən il konsertimizin qarşısı alınandan sonra Nəsimi heykəlinin qarşısında dinc aksiya təşkil olundu. Aksiyadan sonra bir nəfər həbs olundu. Söhbət etdik, anlaşıldı ki, burada problemli heç nə yoxdur və həmin şəxsi azad etdilər. Amma səbəb tam olaraq aydınlaşmadı. Çox güman ki, konsertin adının «Ergenekon» olması ilə bağlı idi. Bunu yəqin həm Türkiyədəki terror təşkilatına, həm də faşizmə bağladılar.

- İndi nə etməyi düşünürsünüz?

- Təqdimatın vaxtını dəyişmədik, aprelin 24-də olacaq. Amma həmin məkanda yox, Beynəlxalq Mətbuat Mərkəzində. Mən iltizam yazdım ki, həmin məkanda olmayacaq tədbir.

- Sizin üçün təqdimatın həmin məkanda keçirilməsi nə qədər önəmli idi?

- Həmin məkanda təqdimatdan sonra kiçik «party» olacaqdı, kiçik konsert verəcəkdim. BMM bizim klipin ruhuna uyğun yer deyil, orada artıq «party» də keçirilməyəcək. Yalnız təqdimat olacaq.

- Şikayətçi olacaqsız?

- Yox, şikayətçi olmağı düşünmürəm. Sadəcə, bunun artıq ikinci dəfə təkrarlanması mənim özüm üçün də maraqlıdır ki, bir təsadüfdür, yoxsa nədir.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, bununla bağlı suallarımıza hazırda cavab vermək imkanında deyillər. Bildirdilər ki, araşdırıb cavab veriləcək.

XS
SM
MD
LG