Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Müxalifət düşərgəsində inteqrasiya meylləri…


Fuad Mustafayev: «İndi hamını «Azərbaycan hara gedir» sualı düşündürməlidir
Fuad Mustafayev: «İndi hamını «Azərbaycan hara gedir» sualı düşündürməlidir

Son vaxtlar müxalifət düşərgəsində yenidən inteqrasiyaya meyli müşahidə edilməkdədir. Yeni yaradılan «Azərbaycan Uğrunda» işçi qrupunun təsisçiləri də ölkədə baş verən proseslərin birgə müzakirəsinə ehtiyac görürlər. İşçi qrupa əksər müxalifət partiyaları ilə yanaşı, bir neçə Qeyri Hökumət Təşkilatı və kütləvi informasiya vasitələri də daxildir.


Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Mustafayev deyir ki, belə bir qurumu yaratmaqda onların məqsədi ölkədəki bütün qüvvələrin iştirakı ilə «Milli Seçim» adlı ümummilli konfransın keçirilməsinə nail olmaqdır.


Fuad Mustafayev hesab edir ki, son vaxtlar Azərbaycanda sivil dünyaya inteqrasiya prosesi dayanıb, demokratik institutlara təzyiqlər artıb. Ona görə də indi hamını «Azərbaycan hara gedir?» sualı düşündürməlidir. İşçi qrupun təsisçiləri bu təşəbbüsün dairəsini müxalifət düşərgəsi ilə məhdudlaşdırmaq istəmirlər. Fuad Mustafayev deyir ki, onlar «Milli Seçim» konfransında hakimiyyəti də görmək istəyirlər. Ancaq, hakim düşərgədə bu təşəbbüs deyəsən heç də xoş qarşılanmayıb. Parlamentin İnsan Hüquqları Komissiyasının sədri Rəbiyyət Aslanova: «Bəlkə, onlar üçün bu aydın deyil. Ancaq, biz hara getdiyimizi çox yaxşı bilirik…»


«Biz hamımız dinimizi sevirik. Ancaq, islam demokratiyanın yerini tutmamalıdır. Bu təhlükə Azərbaycanı təhdid edir»
Rəbiyyət Aslanova deyir ki, hakimiyyətin məqsədi Azərbaycanı iqtisadi-siyasi baxımdan inkişaf etdirmək, ona dünyada layiq olduğu yeri qazandırmaqdır. Görünür, ölkədə baş verən proseslərlə bağlı cəmiyyətdə kəskin fikir ayrılıqları var. Noyabrın 3-də də ölkədə fəaliyyət göstərən bir qrup müxalifət partiyaları, Qeyri Hökumət Təşkilatları və KİV təmsilçiləri bir araya gələrək mətbuat azadlığına ciddi təhlükə yarandığını bəyan etdilər. Bu toplantıda da həm mətbuat azadlığının boğulmasına qarşı birgə mübarizədən, həm də ölkənin gələcək taleyindən bəhs edildi. Hüquqşünas Aslan İsmayılov dedi ki, ictimai inkişaf olmadan iqtisadi uğurlar müsbət nəticə verə bilməz: «Əgər müxalifət olmayacaqsa, söz və mətbuat azadlığı olmayacaqsa Azərbaycanı xoş gələcək gözləmir. Bu sismentsiz tikilən uca binanı xatırladır».


Toplantı iştirakçıları son vaxtlar söz və mətbuat azadlığına qarşı təyziqlərin artdığını qeyd edərək bunun səbəblərindən danışdılar. AXCP sədri Əli Kərimli dedi ki, hakimiyyət 2008-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qədər müxalifət partiyalarını və müstəqil mətbuatı sıradan çıxarmağa çalışır. «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlu isə dedi ki, hakimiyyət artıq məqsədə yaxınlaşmaqdadır. Rauf Arifoğlunun sözlərinə görə, «Yeni Müsavat»da artıq daxili senzura tətbiq edilib: «O adamlar ki, yazıya görə jurnalistin qətlini sifariş verə bilər, onu oğurlatdıra bilər, mən tapşırmışam ki, əməkdaşlar bir qədər ehtiyatlı olsunlar. Mən 17 ildir redaktoram. Ancaq, birinci dəfədir ki, senzura tətbiq edirəm…»


Bu toplantıda Azərbaycanı ötən əsrin 70-ci illərindəki İranla müqayisə edənlər də oldu. Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu dedi ki, korrupsiya və demokratik seçkilərə inamın azalması əhalidə kütləvi sürətdə İslam dininə maraq yaradıb. Milli Birlik Hərəkatının sədri lala Şövkət Hacıyeva isə bildirdi ki, əhalinin kütləvi sürətdə dinə qayıtması heç də pis tendensiya deyil. Ancaq, o, bu məsələdə narahatlığını da dilə gətirdi: «Biz hamımız dinimizi sevirik. Ancaq, islam demokratiyanın yerini tutmamalıdır. Bu təhlükə Azərbaycanı təhdid edir». Lalə Şövkət Hacıyevanın sözlərinə görə yalnız ölkədəki bütün tərəqqipərvər qüvvələrin birləşməsi yolu ilə bu təhlükəni dəf etmək olar.


Toplantıda müxalifətin də ünvanına tənqidlər səsləndi. Hüquqşünas Aslan İsmayılov dedi ki, hakimiyyət kimi müxalifət də onun kimi fikirləşməyən insanlara yad nəzərlərlə baxır. Bu da bütün cəmiyyətin birləşməsinə mane olur.


2005-ci il parlament seçkilərindən sonra birinci dəfədir ki, müxalifət düşərgəsində inteqrasiya meylləri özünü göstərməkdədir. 2005-ci il noyabrın 26-da oturaq aksiyanın dağıdılmasından sonra müxalifət düşərgəsində daha çox bir-birinə qarşılıqlı inamsızlıq fikirləri səslənirdi. Müxalifət partiyalarının yenidən birləşmək təşəbbüslərində nə qədər səmimi olduqlarını indi demək çətindir. Ancaq, indi müxalifət partiyaları arasında belə bir fikir dolaşır ki, artıq onların taleyi həll olunur. Demokratik mübarizə üsullarının tamamilə aradan qalxması onların birdəfəlik süqutu ilə nəticələnə bilər…


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG