Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Əsas məsələ qanunun icrası üçün siyasi iradədir


ATƏT Azərbaycanda qarşıdurmanın olmamasını, sərbəst toplaşmaq hüququnun təmin edilməsini istəyir
ATƏT Azərbaycanda qarşıdurmanın olmamasını, sərbəst toplaşmaq hüququnun təmin edilməsini istəyir

ATƏT-in Bakı ofisi sərbəst toplaşma azadlığı ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasını istəyir. Bunu Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində dedi. Hökumətlə sərbəst toplaşmaq azadlığı haqqında qanunun müzakirəsi aparılan tədbir qapalı keçirildiyindən təşkilatçı - ATƏT-in Bakı ofisi diskussiyalar barədə təfərrüatı ilə açıqlama vermir. Amma Əli Həsənov bildirir ki, müzakirələr toplaşmaq hüququna qoyulan qadağaların səbəbləri, aksiyanın keçirilməsi üçün yerlərin seçilməsi, dövlətin nümayişçilərin təhlükəsizliyini təmin etməsi yönündə gedib. Eyni zamanda, ATƏT bir sıra tövsiyələrini təqdim edib. Əli Həsənovun sözlərinə görə, ATƏT-in verdiyi təkliflərin bəzisi keçərli olsa da, bəzisi çətin ki qəbul olunsun. O, qanunun özü və onun tətbiqi prosesində bəzi məqamlarda fikir ayrılıqları olduğunu da söylədi. Amma əlavə etdi ki, müzakirələr gedir və məqsəd anlaşılmazlıqları aradan qaldırmaqdır: «Bizim prinsipimiz budur ki, bir insanın hüququ başlanan yerdə başqasının hüququ bitir. Yəni heç bir hüquq mütləq deyil. Hər bir hüquq lazım olan anda başqasının xeyrinə məhdudlaşdırıla bilər…»


Bu tədbirdə ekspert qismində iştirak edən yerli hüquqşünaslara görə, müzakirələr əsasən «Sərbəst toplaşma azadlığı haqqında» qanunun Azərbaycanın qoşulduğu müqavilələrə nə dərəcədə uyğun olması yönündə gedib. Hüquqşünas İntiqam Əliyev deyir ki, sərbəst toplaşmaq hüququ ilə bağlı problemlərin olduğunu rəsmilər də etiraf edirlər. Müzakirələrə qatılan digər ekspert Rəşid Hacılının sözlərinə görəsə, ekspertlər bu qənaətə gəliblər ki, həm qanunun özündə, həm də tətbiqində dəyişikliklər etmək lazımdır. Qanunun tətbiqində ikitərəfli yozumlara imkan verən, demokratik prinsiplərə zidd dəyişikliklər aradan qaldırılmalı və heç bir yozuma yer qalmamalıdır: «Məsələn, aksiyaların icazəli keçirilməsi ilə bağlı maddə dəyişdirilməlidir və ya aksiyanın keçirilməsinə icazə verilməsi yerli icra hakimiyyəti orqanından asılı olur. Bu problem həll olunmalıdır».


Ümumi razılaşmaya görə, ATƏT-in Bakı ofisi dəyirmi masada müzakirə edilən məsələlər barədə yalnız sentyabrın 20-də məlumat veriləcək.


Əli Həsənovun açıqlamasından isə belə başa düşmək olar ki, əslində, bu müzakirələrin açılmasının təşəbbüskarı elə hökumət özüdür. Cənab Həsənov qanunda problem olduğunu etiraf edir və hökumətin hər cür dəyişikliyə hazır olduğunu bəyan edir. O, 2003-2005-ci illərdə sərbəst toplaşmaq hüququ və onun reallaşdırılması ilə bağlı hökumətlə müxalifət arasında anlaşılmazlıq olduğunu və bu üzdən də qanunu Avropa Şurası Venesiya Komissiyasına göndərdiklərini deyir.


«Hökumət qanuna istinad edərək müxalifətin yürüş-mitinq keçirmək hüququnun mütləq olmadığını bildirib və bəzən də dövlət maraqlarından çıxış edib sərbəst toplaşmaq hüququnu məhdudlaşdırıb. Müxalifətsə Konstitusiya hüququna istinad edərək istənilən yerdə, istənilən vaxtda aksiya keçirmək hüququ olduğunu bəyan edib».


Əli Həsənovun sözlərinə görə, bu üzdən də seçkini müşahidə edən beynəlxalq təşkilatlar qanunun özündə və tətbiqində problem olduğunu iddia edirdilər.


«Biz də bununla razıydıq. Real problemlər vardı. Nəticədə polislə müxalifətin qarşıdurması, iğtişaşlar yaranırdı. Bu da Azərbaycanda insanların hüquqlarının və asayişin pozulmasına və ölkə ilə bağlı ictimai rəyin mənfi olmasına səbəb olurdu. Ona görə də Avropa Şurası Venesiya Komissiyasına müraciət etdik ki, «Sərbəst toplaşmaq haqqında» qanunun təkmilləşdirilməsinə ehtiyac var». PA-da İctimai-Siyasi Şöbənin müdiri bildirir ki, nəhayət hökumət Avropa Şurası Venesiya Komissiyasından problemin kökünü araşdırmasını istəyib. Eyni zamanda, ATƏT də müzakirə açmaq qərarına gəlib. Hökumət də bu müzakirələrə açıq olduğunu və ATƏT-in təşəbbüsünü bəyəndiyini bəyan edib. Əli Həsənov deyir ki, bu qurumun istədiyi də Azərbaycanda qarşıdurmanın olmaması, insanların sərbəst toplaşmaq hüququnun təmin olunmasıdır.


O ki qaldı, müxalifət müzakirələrə niyə qatılmayıb sualına, o maraqlı tərəf olduğu üçün müzakirələrə dəvət olunmayıb. Hər halda, Əli Həsənov belə dedi. Amma tədbirin təşkilatçısı olan ATƏT bu haqda hələlik rəsmi açıqlama verməyib. ATƏT-dəki mənbə isə müzakirələrin səmərəli olması və mübahisələr yaranmaması üçün müxalifətin dəvət olunmadığı bildirir.


Yerli ekspertlər arasında belə fikirlər də var ki, elə indi qüvvədə olan qanunun özü də normalıdır. Əsas odur ki, onun icrası üçün siyasi iradə və bir də müstəqil məhkəmə olsun.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG