Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

Hakimiyyətdaxili mübarizə, yoxsa qəzetlərin versiyası?


Ekspertlər mübarizənin Daxili İşlər naziri ilə Fövqəladə Hallar naziri arasında getdiyini yazırlar
Ekspertlər mübarizənin Daxili İşlər naziri ilə Fövqəladə Hallar naziri arasında getdiyini yazırlar
Son vaxtlar Azərbaycanda əsasən müxalifət yönümlü qəzetlər ya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həbs olunduğunu, ya da onun yaxın günlərdə vəzifədən kənarlaşdırılacağını yazırlar. Amma, bu yazılanlara hələlik rəsmi mənbələrdən heç bir reaksiya yoxdur.

Rəyini öyrəndiyim əksər ekspertlər də məlumat qıtlığı olduğundan və əsasən müxalifət qəzetlərində yer alan təsdiqlənməmiş məlumatlar əsasında təhlil qurmaqda çətinlik çəkdiklərini bildirdilər. Amma, Turan İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev hesab edir ki, həqiqətən də Fövqəladə Hallar naziri fövqəladə duruma düşüb və mövqelərini itirməkdədir. Zəfər Quliyev hətta cənab Heydərovun maliyyələşdirdiyi iddia olunan iki qəzetin nəşrini dayandırmasını da birbaşa bu proseslərlə bağlayır. O, hər an prezidentin sərəncamla naziri vəzifəsindən uzaqlaşdıracağını istisna etmir.


Siyasi icmalçı Rauf Mirqədirov isə düşünür ki, əslində, proses yalnız Kəmaləddin Heydərovun ətrafında cərəyan etmir, indi ümumilikdə hakimiyyətdaxili qruplaşmaların arasında mübarizə kəskinləşib. Bu mübarizə isə ideoloji və ya siyasi-iqtisadi islahatların hansı yöndə aparılması üstündə deyil. Rauf Mirqədirov qruplararası mübarizəni həm də mövcud strukturla bağlıdır. O, deyir ki, hakimiyyətdə əlində iqtisadi, siyasi və hətta hərbi imkanları cəmləşdirmiş bir neçə güc mərkəzi var. İndi onlar birinci olmaq uğrunda çarpışır, öz təsir və maliyyə imkanlarını artırmağa, prezidentə daha yaxın olmağa çalışırlar.


«Turan»ın eksperti Zəfər Quliyev də indi mübarizənin Daxili İşlər naziri ilə Fövqəladə Hallar naziri arasında getdiyini, digər güc mərkəzlərinin isə onların ətrafında birləşdiyini düşünür:


«Ramil Usubovun arxasında Ramiz Mehdiyev durur. İkincinin imkanları daha genişdir. Güman etmək olar ki, Kəmaləddin Heydərova hücumların arxasında o da durur».


Bakıdakı təhlilçilər arasında prezidentin Kəmaləddin Heydərovu komandasından yaxın aylarda uzaqlaşdıracağı barədə fikirlər tez-tez səslənir. Amma məsələn, Zəfər Quliyevə görə, əlində yetərincə maliyyə, hərbi güc olan məmuru, oliqarxı hakimiyyətdən uzaqlaşdırmaq asan deyil.


Ekspertlərə görə, bütün bunlar ölkə üçün yaxşı heç nə vəd etmir. Bu mübarizə ölkəni və ölkə başçısının hakimiyyətini də zəiflədə bilər. Odur ki, dövlət başçısı da çox gözləyə bilməyəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG