Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Türkiyəli tələbələrin əsas problemi


Azərbaycanda təhsil alan 5000-dən çox xarici tələbənin əksəriyyəti Türkiyədən gələnlərdir
Azərbaycanda təhsil alan 5000-dən çox xarici tələbənin əksəriyyəti Türkiyədən gələnlərdir
Türkiyə vətəndaşı Fərhad Unutmaz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir. Deyir ki, Türkiyədə ali məktəblərə qəbul balları çox yüksək olduğundan təhsil almaq üçün Azərbaycana gəlib. Amma, Bakıda ciblərinə uyğun mənzil tapmaqda çox çətinlik çəkir. Türkiyədən təhsil dalınca Bakıya gələn tələbələrlə söhbətdə çox problemlərindən söhbət aşdılar: kitabların əksəriyyətinin rus dilində olmasına görə onları oxuya bilməmələrindən tutmuş, təqaüd çətinliklərinə qədər hər çox şeydən. Lakin, bir şeyi də xüsusi vurğuladılar ki, əvvəllər tez-tez rastlaşdıqları rüşvət problemi Türkiyə səfirliyinin təhsil müşavirinin sərt müdaxiləsindən sonra azalıb.

«İstəyirik ki, türkiyəli iş adamlarını türkiyəli tələbələrin qalması üçün yataqxana tikməkdə maraqlandıraq»
Söhbət etdiyim türkiyəli tələbələrin əksəriyyəti kimi Fərhad Unutmaz da daha çox kirayə mənzil tapmağın çətinliyindən şikayətlidir: «Əsas problemimiz evlə bağlıdır. Burda ev tapmaq çox çətindir, kirayə haqqı olduqca yüksəkdir. Yataqxanaların hamısı dolu olduğundan bizə yer yoxdur». Onun dediyinə görə, Bakıda yerli əhaliyə 100 Amerika dollarına kirayə verilən mənzil türkiyəli tələbələrə 200 və daha çox Amerika dollarına təklif olunur. Türkiyədən gələn tələbələrin əksəriyyətinə isə nə Azərbaycan, nə də öz hökumətləri təqaüd vermədiyindən maddi sıxıntı içərisində yaşayırlar. Azərbaycan hökuməti türkiyəli tələbələrin çox az bir hissəsinə, təxminən 10%-nə təqaüd verir. Təhsil Nazirliyinin şöbə müdiri Qulu Novruzovun dediyinə görə hazırda Azərbaycanda 5500-dən çox xarici tələbə təhsil alır ki, onların da böyük əksəriyyəti Türkiyədən gələnlərdir. Azərbaycan hər il onlara olan güzəştləri artırmağa çalışsa da, hər bir xarici tələbəyə güzəşt etmək mümkün olmur: «Şərait yarandıqca, öz tələbələrimizin problemlərini həll etdikcə daha çox xarici tələbəyə təqaüd veriləcək».


O ki qaldı, yataqxana probleminə Qulu Novruzov deyir ki, ali məktəblərin mövcud yataqxanalarından qaçqın və məcburi köçkünlərin çıxarılması ən azı 2-3 il çəkəcək. Yeni yataqxanalar tikmək üçünsə hökumət nazirliyə xüsusi vəsait ayırmalıdır.


Amma, Bakı Dövlət Universiteti yeni tələbə yataqxanası tikmək üçün hökumətin vəsait ayıracağı günü gözləmir. Universitetin xarici tələbələrlə iş üzrə dekanı Həzrət Ağabəyli deyir ki, türkiyəli iş adamlarının vəsaitləri hesabına yataqxana tikmək üçün danışıqlar aparırlar: «İstəyirik ki, türkiyəli iş adamlarını türkiyəli tələbələrin qalması üçün yataqxana tikməkdə maraqlandıraq. Biz demirik ki, bu xeyriyyə işi olsun. Tələbələr bu yataqxanada qalmaq üçün pul ödəyəcək, amma bu məbləğ onun kirayə mənzil üçün ödədiyi məbləğdən xeyli az olacaq».


Həzrət Ağabəylinin dediyinə görə belə bir yataqxana hətta növbəti tədris ilinədək tikilə bilər. Fərhad Unutmaz isə əmindir ki, türkiyəli iş adamları bu işə imza atacaqlar və Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin sayı növbəti ildə daha da artacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG