
Hüseyn Çelik məktəblilərlə görüşür, Bakı, 1 noyabr 2006
«Hazırda Türkiyədə 1500 azərbaycanlı, Azərbaycanda isə 4000-ə yaxın türkiyəli tələbə təhsil alır. Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir». Azərbaycanın Təhsil naziri Misir Mərdanov noyabrın 1-də türk həmkarı Hüseyn Çeliklə görüşündən sonra keçirilən brifinqdə belə dedi. Cənab Mərdanovun sözlərinə görə, iki ölkənin təhsil sahəsində əməkdaşlıq etməsilə bağlı problemlər hələ də qalır: «Hələ də diplomların qarşılıqlı tanınması barədə razılıq əldə olunmayıb. Ancaq bu məsələ Azərbaycanın «Boloniya prosesi»nə cəlb edilməsiylə tədricən aradan qalxacaq».
Hüseyn Çelik isə Azərbaycandakı türkiyəli tələbələrin daha çox yataqxana, tibbi sığorta, təhlükəsizlik problemlərinin olduğunu bildirdi.
İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə protokolun imzalanmamasını isə nazirlər «müəyyən səbəblər»lə əlaqələndirsələr də, bu barədə geniş açıqlama vermədilər.
Azərbaycanla Türkiyə arasında təhsil sahəsindəki əlaqələr 1992-ci ildən qurulub. Həmin dövrdən tələbələrin təhsil mübadiləsinə başlanıb. Bundan başqa, Bakıda və Azərbaycanın bir neçə bölgəsində Türkiyənin «Çağ öyrətim», «Anadolu», «Atatürk» litseyləri fəaliyyət göstərir.