Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:18

Gözəl Bayramlı: «Fəalların həbsi aksiyalarla bağlı deyil»


Türkel Əlisoy (Azərtürk) Bakıda keçirilən etiraz mitinqində iştirak edərlən. 5 aprel 2015
Türkel Əlisoy (Azərtürk) Bakıda keçirilən etiraz mitinqində iştirak edərlən. 5 aprel 2015

-

Milli Şuranın «Talana son!» şüarı ilə aprelin 5-də keçirdiyi mitinqdən sonra 3 AXCP fəalı ard-arda həbs olunub. Mitinqdən bir gün sonra, aprelin 6-da partiyanın Səbayel rayon şöbəsinin sədri Sadif Qurbanov məhkəmənin qərarı ilə 25 sutka azadlıqdan məhrum edilib. Elə, həmin gün axşam saatlarında digər partiya fəalı Türkel Əlisoy (Azərtürk) 30 sutka azadlıqdan məhrum edilib. Aprelin 7-də isə partiya gənclər təşkilatının fəalı Ruslan Nəsirli 20 sutkalıq həbs olunub. Fəallar ayrı-ayrı yerlərdə, ayrı vaxtlarda və ayrı səbəblərdən həbs olunsa da onlara qarşı ittihamlar demək olar ki eynidir – polisə müqavimət və ya tabe olmamaq, xuliqanlıq.

Hər üç həbsin mitinqdən dərhal sonraya təsadüf etməsi sosial şəbəkələrdə müzakirə olunur və bəzi suallar ortaya çıxarır. Bir çoxları hesab edir ki, hakimiyyət bu həbsləri həyata keçirməklə mitinqlərin davamlı olmasının qarşısını almağa çalışır.

«15 MANAT QARŞILIĞINDA TÜRKELİN ÜZÜNƏ DURUBLAR»​

Türkel Əlisoyun qardaşı Eltac Əlisoy isə qardaşının həbsini sosial şəbəkələrdəki fəallığı ilə bağlayır. O, Türkelin həbsinin heç bir hüquqi əsasının olmadığını bildirir:

Burada yaşlı bir kişini şahid kimi onun üzünə qoyublar. Həmin kişi məhkəmədə etiraf edib ki, 15 manat qarşılığında Türkelin üzünə durur

«Həmin gün evdən çıxıb dostlarının biri ilə görüşə gedirdi. Avtobusa minərkən polislər onu saxlayıb Xətai rayon 35-ci polis bölməsinə aparıblar. Burada onu ictimai asayişi pozmaqda günahlandırıblar. Türkelin bununla bağlı ərizəyə qol çəkmək istəməsə də zor tətbiq edərək imza atdırıblar. Sonra Xətai Rayon Məhkəməsinə aparıblar. Burada yaşlı bir kişini şahid kimi onun üzünə qoyublar. Həmin kişi məhkəmədə etiraf edib ki, 15 manat qarşılığında Türkelin üzünə durur. Polisdən bizə demişdilər ki, 15 sutka həbs cəzası verilib. Bu gün atam Binəqi rayonundakı müvəqqəti saxlanma təcridxanasında qardaşımla görüşüb. Məlum olub ki, cəza 20 yox, 30 sutka imiş. Türkel bildirib ki, polis bölməsində ona işgəncə veriblər və izahata zorla qol çəkdiriblər».

«BU GƏNCLƏR ONSUZ DA HƏBS OLUNACAQDILAR»​

Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlı da gənclərin həbsini daha çox siyasi fəaliyyətləri ilə əlaqələndirir:

«Hökumətin AXCP-yə qarşı apardığı repressiya siyasəti uzun müddətdir davam edir. Ötən ilin sentyabrından bu repressiyalar daha da güclənib. Heç bir əsas olmadan üzvlərimiz polisə müqavimət və xuliqanlıqda günahlandırılaraq həbs olunurlar. Şəki rayon şöbəsinin rəhbərliyi tam tərkibdə bu ittihamlarla həbs olundular. Göyçayda üzvümüzü gəlib evdən aparıblar, sonra polisə müqavimətdə ittiham edib sutkalıq həbsə göndəriblər. Son həbslər də mitinqlə bağlı deyil. Sadəcə hakimiyyətin aksiyadan sonranı seçməsi həm də bir qorxu mühiti yaratmaq məqsədi daşıyır ki, aksiya keçirənləri həbs edə bilərik. Bu gənclər onsuz da həbs olunacaqdılar. Onlar bundan əvvəl də bir neçə dəfə həbs olunublar. Artıq həbslərin saylarını da itirmişik. Onların fəaliyyəti təkcə mitinqlərlə məhdudlaşmır. Bu gənclər sosial şəbəkələrdə hakimiyyətin qanunsuzluqlarını əsaslı şəkildə sübut edərək cəmiyyətə çatdırırlar. Həbslərinin də səbəbi budur».

OMBUDSMAN XƏBƏRSİZDİR...

Xətai rayon 35-ci polis bölməsindən AzadlıqRadiosuna Türkel Əlisoyun bölmədə zorakılığa məruz qalması ilə bağlı deyilənləri təkzib etdilər.

Ombudsman Aparatından isə həbslərdən xəbərsiz olduqlarını bildirdilər. Aparatın hüquqşünası Adil Eyvazov məsələni aydınlaşdırdıqdan sonra məlumat verəcəklərini bildirdi.

Son yarım ildə AXCP-nin 10-dan artıq fəalı polisə müqavimət və xuliqanlıq ittihamları ilə sutkalıq həbs olunublar.

Ötən ilin avqustun 11-də partiya fəalı Murad Ədilov narkotik ittihamı ilə Sabribadda həbs olunub. Hazırda onun məhkəməsi davam edir.

Bundan bir neçə gün sonra isə AXCP rəyasət heyətinin üzvü Seymur Həzi xuliqanlıqda ittiham olunaraq həbs olunur. Məhkəmə onun haqqında 5 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.

XS
SM
MD
LG