Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:40

Milli Şuranın «Talana və Yalana Son!» şüarı ilə mitinqi

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyanın gedişi barədə bütün xəbərləri ardıcıllıqla burada izlə.

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları “Talana və Yalana Son!” şüarı ilə keçirilən aksiya ilə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

18:48 5.4.2015

POLİS AKSİYAYA 500 NƏFƏRİN QATILDIĞINI IDDIA EDIR

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı rəsmi məlumata görə aksiyada 500 nəfərə qədər adam iştirak edib. Polis həm də aksiyada "radikal dini qrupların" olduğunu iddia edir:

"Toplantıda ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib" - deyə rəsmi məlumatda bildirilir.

Polis aksiyada hansı "radikal dini qrupların" olduğu barədə ətraflı məlumat vermir.

Aksiyanın təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzadllqRadiosuna deyib ki, mitinqdə radikal dini qrupların iştirak etməsi fikri yalandır:

“Tamamilə əsassız məlumatdır. Mitinq Milli Şura tərəfindən çağırılmışdı. Mitinqdə Azərbaycan ictimaiyyətini təmsil edən müxtəlif sosial qrupları təmsil edən insanlar iştirak edirdi. Hər hansı radikal təmayüllü qrup aksiyada iştirak etməyib. Mitinqin təşkilatçısı kimi mən bunu tam məsuliyyətlə deyirəm. Görünür, polis aksiyanı gözdən salmaq üçün belə məlumatları dövriyyəyə buraxır. Tamamilə əsassız və yersiz fikirdir. Aksiyada heç bir radikal qrupun təmsilçisi iştirak etməyib”.

Mitinq iştirakçılarını sayına gəldikdə, Fuad Qəhrəmanlı deyir ki, 500 nəfər rəqəmi də yalandır: “Minlərlə insan iştirak edirdi. Meydana kifayət qədər adam toplaşmışdı. Ona görə də 500 rəqəmini demək açlq şəkildə aksiyaçıların sayını təhrif etmək deməkdir. Bu da mitinqdə toplaşan insanların kütləviliyindən narahat olmağın göstəricisidir”.

Təşkilatçılar aksiyada 10 min nəfərin iştirak etdiyini deyirlər.

17:08 5.4.2015

MİTİNQ BAŞA ÇATDI

Milli Şura rəhbərləri aksiyaların bundan sonra da davam edəcəyini bildirərək aksiyanı sonra çatdırıblar. Növbəti etiraz aksiyasının vaxtı hələ elıan edilməyib.

Aksiyanın təşkilatçıları orada 10 mindən çox adamın iştirak etdiyini bildirirlər.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə APA informasiya agentliyinə deyib ki, “Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.

Siyavuş Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: “Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.

16:51 5.4.2015

MİLLİ ŞURANIN SƏDRİ CƏMİL HƏSƏNLİ:

"Bu qara neftdən xalqa düşən qara qəpik də heç kimə çatmayıb.

Mitinqlərimiz davamlı olacaq. Növbəti mitinqlərdə xalqın, millətin hüququnun qorunması istiqamətində nə etmək olarsa hamısını edəcəyik.

Sag olun ki, talana və yalana son dediniz."

***

"Müstəqil olmaq hələ azad olmaq deyil. Azərbaycan xalqı özəl mübarizə yolu keçməlidir, bu mübarizənin önündə gedən sizlərsiniz.

Talana və yalana son deməklə bərabər namuslu adamları, vicdanlıları müdafiə etmək hamımızın borcudur. Ona görə bu mübarizədə varıq ki, Azərbaycan cəmiyyətinə böyük mübarizə nümunəsi verən Xədicə İsmayılı müdafiə edək, Leyla Yunusu müdafiə edək.

Saxta ittihamlarla, böhtanla həbsdə olan Rəşadəti, Öməri, Məhəmmədi müdafiə edək.

Hakimiyyətin səbrini sındırmış İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqovun ittihamlardan azad olaraq sizin sıralarınıza qoşulması üçün siyasi məhbuslara azadlıq tələb etməliyik.

Sevgili gənclik!

Bir neçə gün əvvəl İlkin Rüstəmzadə zəng edib, mübarizənizi alqışlayır, sizinlə birgə olduğun bildirib.

Bu ölkənin rüşvəti bank hesabına köçürürlər. İntiqamı, Rəsulu ona görə həbs edirlər ki, guya vergidən yayınıblar. Sübut tapmadıqlarına görə İntiqamın ofisindən möhürü sənədləri görütüb kimə istəyirlərsə maaş yazır, saxta ittihamla onu həbsdə saxlayırlar. Bu saxta işləri görənlər çox keçməyəcək ki, xalqın qarşısında cavab verəcəklər.

Ölkəmizdə ədalət ərşə çəkilib.

Şəhid ailəsi illərdir ona çatacaq qan pulunu gözləyir, vermirlər."

***

"Bu ölkədə iqtisadiyat deyilən şey yoxdur, neft var. Neft pulları ölkəyə gəldikcə onu sağa-sola dağıtdılar.

Millət öz iradəsini nüamiş etdirməlidir. Talana, soyğunçluğa, yalana, ədalətsizliyə, dinsizliyə son deməlidir.

Bir anlığa 100 bundan qabaqkı hadisəyə diqqət yetirək.

Əhmədbəy Ağaoğlunun Zərdabinin dəfnində deyir:

"Sən ki gedirsən. O dünyada tutarsan babalarımızın yaxasından, soruşarsan a kişi, bu nə Vətəndir qoymusan: vəzifəliləri rüşvətxor, ziyalıları didişir bir-biri ilə."

Üzərindən 100 ildən çox vaxt keçib, nə dəyişdi? Gənclik, Ağaoğlunun səsini eşit, bu millətin taleyini sizlər həll edəcəksiz.

Kreditlər kredit kimi verilmir əsarət aləti kimi verilir - 25-30 faizlə kredit alıb nəyi inkişaf etdirmək olar? Elə bir ailə yoxdur ki, kredit əsarətinə düşməsin. Fevraldan sonra kredit faizlərini ödəmək imkanı yoxdur.

Ölkəni, xalqı bu vəziyətə satanlar düşünməlidir ki, Azərbaycan xalqı ona görə müstəqil olmuşdu ki, vəzifəlilərin əsarətinə düşsün?"

Davamı

XS
SM
MD
LG