Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:59

«Hamının gözü qabağında patronları çarpayının altına atıblar»


Foto: Arxiv
Foto: Arxiv

-

Hüquq-mühafizə orqanlarının martın 11-də yaydığı məlumata görə, Tərtərdə bir qrup saxlanıb. Həmin qrupun üzvlərinin Azərbaycan vətəndaşlarını Suriyada döyüşməyə yolladıqları deyilir. Həmin şəxslərin arasında Vüqar Əliyevin və Zülfüqar İbrahimovun da adı var. Onlar rayonda siyasi fəaliyyətlə məşğul olublar, eləcə də Qarabağ Azadlıq Təşkilatının üzvləridir.

«Şərdir. Böhtan atıblar qardaşıma. Qardaşımın nə dindarlarla əlaqəsi var, nə də kimisə xaricə döyüşməyə göndərib. Qardaşım özü dindar da deyil». Tərtər sakini Anar Əliyev qardaşı Vüqar Əliyevin həbsindən danışanda ilk sözü bu olur. O, qardaşının kimlərisə xaricdə döyüşməyə yollaması haqda deyilənləri qətiyyətlə rədd edir.

«O KÖRPƏLƏR DƏ QANBAĞIR OLUBLAR»

«Hüquq-mühafizə orqanları qardaşınıza niyə şər atmalıdır?» sualına cavab verə bilmir:

«Bütün qapılar üzümüzə bağlıdır. Nə baş verir bilmirik. Bir onu bilirik ki, martın 10-da səhər saat 5, ya 6-da maskalılar qapını qırıb vəhşicəsinə içəri giriblər. Evdə altı azyaşlı uşaq var. Onlardan böyüyü 11 yaşındadır, kiçiyi 2. Səhər o başdan qapını qırıb içəri girəndə o körpələr qanbağır olublar. Ana da xəstədir.... Şər atıblar, guya evdən patron çıxıb. Amma yalandır. Evdəkilər şahiddir. Mən özüm həmin gün evdə olmamışam. Bunlar qapını qıranda qardaşım qabağa çıxıb ki, «nə baş verir?», onu dərhal qolunu burub evdən çıxarıblar. Vüqarın otağını soruşublar. Anamgilin gözlərinin qabağında patronları çarpayının altına atıb, sonra da tapdıqlarını yazıblar. Vüqar neyləyir axı patronu? Nə ehtiyacı var? Cəfəngiyat. Yaraşmayan bir ləkə. Evdəkilər hamısı pərişandır... Başqa nə deyim».

43 yaşlı Vüqar Əliyev iki qız atasıdır. Kiçik bizneslə məşğul olur. O bir müddət Ümid Partiyasının üzvü olub. Daha sonra partiyadan gedib. Qardaşının dediyinə görə, ürəyində problem olan Vüqar Əliyev təxminən iki il əvvəl şəhərin səs-küyündən uzaqlaşmaqdan ötrü rayona köçüb. «O da belə. Heç səhhətindən də xəbər ala bilmirik» deyə nigaranlığını gizlətmir Anar Əliyev.

Ümid Partiyasının sədri İqbal Ağazadə «Yeni Müsavat»a deyib ki, Vüqar Əliyev dini yox, dünyəvi görüşləri ilə seçilirmiş: «Vüqar Əliyev ciddi karyerası olan bir şəxsdir. O, Gənclər və İdman Nazirliyinin tərkibindəki qurumlardan birində beynəlxalq əlaqələr üzrə katib olub. Eyni zamanda Avropa Şurasında Azərbaycan gəncliyini təmsil edirdi – Avropa Şurasının milli komitəsində gənclər üzrə katib idi. O heç vaxt dindar olmayıb, heç vaxt namaz qılmayıb. Onun çalışdığı ən son qurumlardan biri Avroatlantik məkana inteqrasiya ilə bağlı bir QHT idi».

İqbal Ağazadə bildirir ki, radikal dini qurumlara mənfi münasibəti ilə seçilən Vüqar Əliyev yeznəsi vəhhabi olduğuna görə bacısını boşatdırıb: «Onun kiçik qardaşı isə 2003-cü ildə «Qarabağ partizanları»nın tərkibində tutulmuşdu. Sonradan Vüqar Əliyev qardaşını da həmin dəstədən tamamilə uzaqlaşdırdı. Ehtimal edirəm ki, onu yanlış informasiya ilə həbs ediblər».

QAT BƏYANAT VERİB

Bir qədər əvvəl Zülfüqar İbrahimovun da, Vüqar Əliyevin də Qarabağ Azadlıq Təşkilatının üzvləri olduğunu qeyd etdik. Təşkilat baş verənləri şər, böhtan sayır. QAT sədri Akif Nağı AzadlıqRadiosuna deyib ki, istər Zülfüqar İbrahimovun, istərsə də Vüqar Əliyevin vəhhabilərlə ya başqa dini qruplarla əlaqəsi yoxdur:

Niyə bunları həbs ediblər, baş açmırıq. Bəlkə kimlərinsə, hansısa məmurların intriqasının nəticəsidir?

«Niyə bunları həbs ediblər, baş açmırıq. Bəlkə kimlərinsə, hansısa məmurların intriqasının nəticəsidir? Mən daxili işlər nazirinə, baş prokurora müraciət etmişəm. Bəyanat vermişik. Vəkil tutmuşuq. Hələlik vəkillə onları görüşdürməyiblər. Hüquq müdafiəçisi Elçin Behbudovdan xahiş etmişəm gedib onlarla maraqlansın. Gözləyirik».

«YALANDIR! AMMA SÜBUT DA EDƏ BİLMİRİK»

Zülfüqar İbrahimovun bacısı Yeganə İbrahimova da qardaşına qarşı irəli sürülən ittihamları rədd edir: «Səhər saat 6-da maskalılar tökülüşüblər içəri. Hamının gözü qarşısında – anam, xalalarım orda olub – avtomatı öz əlləriylə stolun üstünə qoyublar. Sonra da tutub aparıblar».

Yeganə İbrahimova qardaşının şərə qurban getdiyini deyir: «Tərtərdə əqli problemləri olan bir nəfəri tutublar. Anasına deyiblər ki, oğlunu tuturuq, sən də ifadəndə Zülfüqarın onu Suriyaya göndərdiyini yaz. O da razılaşıb. Yalandır! Amma sübut da edə bilmirik. İki gün evdə aparılan çəkilişi verə bilmədilər, çünki boyunlarına qoya bilmədilər. Sonra da onların görüntüsünü, bir də avtomatla qumbara şəkli verdilər. Dəhşətli bir şeydir. Hər yerə yazıram, çıxılmaz vəziyyətdəyik. Bütün rayon qardaşımı tanıyır. Hamı bilir o, necə adamdır. Heç kim buna inanmır. Hamının gözü qabağında silahı atıb, sonra da götürüblər. Etiraz edəndə də deyiblər ki, yaxşı eləmişik, biz belə tuturuq adamı. Çəkinməyiblər...».

Zülfüqar İbrahimovun 23 yaşlı qızı iflicdir. Bibisi iki gündür onun zəruri müalicə ala bilmədiyini, həyəcandan, imkansızlıqdan vəziyyətinin kəskinləşdiyini deyir: «Bilmirik onun dərdini çəkək, bilmirik həbsdəki qardaşımın...».

Heç kim buna inanmır. Hamının gözü qabağında silahı atıb, sonra da götürüblər. Etiraz edəndə də deyiblər ki, yaxşı eləmişik, biz belə tuturuq adamı...

Zülfüqar İbrahimov QAT-la yanaşı, Böyük Quruluş Partiyasının üzvüdür. Rayonda danışdığımız müxtəlif siyasi partiya üzvləri Zülfüqar İbrahimov haqqında deyilənlərə inanmadıqlarını bildirirlər. Onu vətənpərvər, əxlaqlı biri kimi təqdim edirlər, radikal qüvvələrlə əlaqəsinə inanmadıqlarını söyləyirlər. Hərçənd adlarının çəkilməsini istəmirlər. «Eyni ittihamla bizi də tuta bilərlər» - deyə çəkindiklərini gizlətmirlər.

VƏKİL GÖRÜŞƏ BİLMİR

Vəkil Cavad Cavadov isə AzadlıqRadiosuna hüquqlarını müdafiə etdiyi həmin şəxslərlə görüşə bilmədiyini deyib.

Rəsmi məlumatda deyilir ki, Tərtərdə Azərbaycan vətəndaşlarının xaricdə silahlı birləşmələrə qoşulmasını təşkil etmək ittihamı ilə bir qrup adam saxlanıb. Həmin məlumatda DİN-ə müraciət edən rayon sakininin yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunduğu və sonra Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməyə göndərildiyi deyilir:

«Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar».

Rəsmi məlumata əsasən, onların yaşadıqları mənzillərə baxış zamanı 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG