Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

Məntiqli ölüm arzulayan azərbaycanlı...


Alpay Azər
Alpay Azər

-

"...Belə pis çıxmasın, qorxa-qorxa dua edirəm ki, tanışım bu həyatdan getməmiş, Allah-Təala onun hal-hazırda altmış-yetmiş yaş arasında olan ata-anasını səksən-səksən beş yaşında öldürsün..."

Alpay Azər

“Fraqmentlər” silsiləsindən 3 hekayə

Məntiqli ölüm arzulayan

Tanışım iş adamıdı, bir oğlu, bir qızı var. Arvadı necə deyərlər, nümunəvi evdar qadındır.

Uşaqların ikisi də Çağ Öyrətimin litseyində oxuyur, ikisinə ildə on altı min manat pul ödəyir tanışım.

Uşaqlar əla oxuyur deyə, ataları təhsil haqqını “ürəklə verir”, – özü bunu deyir mənə.

Səkkizdə oxuyan oğlunun fizika-riyaziyyat sahəsində xüsusi istedadı var, artıq şəhər olimpiadasında birinci yer tutub, respublika mərhələsinə adlayıb.

* Ay qardaş, respublikada ikinci yox e, lap üçüncü yer tutsun, nə istəsə, ona alacam.

Qoy məktəbi qurtarsın, onu Londonda oxutduracam. Lazım olsa, bağımı da, maşınımı da satacam, təki orda oxusun. Nə bilmək olar, bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm, qadası?

* Əlbəttə, düz deyirsən, – başımı tərpədirəm. Oğlunun Nobel almasını bərk arzulayır.

* Mənim vəzifəm nədi, ailəmin təminatını tam ödəmək, yeməyini-içməyini vaxtında vermək. Sezonnu paltarlarını almaq, külfəti ildə bir dəfə xaricə gəzməyə aparmaq. Düz demirəm?

* Düzdü, düzdü, – başımı tərpədirəm.

İndiyə qədər ailəsini Türkiyə, Misir, Çexiyaya aparıb gəzdirib, avqust ayında isə mütləq Pirquluda dincəlirlər.

* Yadında saxla, xaladennik (soyuducu) boş oldu ha, arvada vaxtında istədiyi paltarı almadın ha, sənin üzün arvadın da yanında qara olacaq, uşaqların da. Başını ağrıtmaq olmasın, mən hələ təzə ailə quranda, elə olurdu, evə iki kilo kartof almağa pulum olmurdu.

Amma yavaş-yavaş biznesə girişdim, bir gün bir toçka, o biri gün bir mağaza, arada əlim yandı. Sonra yenə əlimə pul gəldi, yaxşı pul qazanmağa başladım. Onda iki əlimi göyə açıb dedim, – əllərini göyə açır, – Allah sənə şükür ki, mənə ruzi göndərdin, həyatda məni bu mərtəbəyə çatdırdın.

“Bu mərtəbə”, – bir vaxtlar xırda bizneslə məşğul olan tanışım hal-hazırda İspaniyadan Azərbaycana topdansatış mebel vurur.

* ...Şükür ki, arvadımdan da razıyam, uşaqlarımdan da. Mən təzə evlənəndə, Allahdan üç şey istədim. Ailəmin namusu, ruzisi, bir də uşaqların sağlamlığı. Və çox şükürlər olsun ki, indiyə qədər bu üç arzum həyata keçir.

Onu deyim ki, həyat yoldaşı doğrudan, namuslu qadındır, amma özü qıraqda gəzməyinə baxmayaraq, arvadını çox istəyir, amma dediyinə görə, uşaqları lap çox istəyir. Hətta bir dəfə bu cür də demişdi mənə: “Sabah arvadı boşasam, gedib təzəsini alaram, amma uşaqları bir də hardan tapacam”. Daha qayıdıb deməmişdim ki, sən sabah təzəsini alsan, ondan da uşağın ola bilər. Birincisi, mövzunu uzatmaq istəməmişdim, ikincisi də, bilidim ki, bunu desəm, “İki uşaq bəsimdi” – deyəcək.

* ....Əzizim, yəni həyatda hər şey öz nizamıyla, öz məntiqiylə getməlidir. – ənənəsinə uyğun, -malı, -məli feilli cümlələrlə əsas məsələyə keçir, – Yəni ata-ana öz övladlarını böyüdüb başa çatdırandan, oxudandan, nəvə görəndən sonra bu dünyadan getməlidilər, – tanışımın valideynlərini tanıyıram, hələ sağdırlar. – Eləcə də mən bu iki balamı böyüdüb, oxudub, qıza ürəyi istədiyi cehizi verib layiqli bir oğlana ərə verməliyəm. Oğlum istədiyi işi əldə eliyəndən sonra, ona halal süd əmmiş bir qız tapıb evləndirməliyəm. Düz demirəm, qardaş?

* Düz deyirsən, qardaş, düz deyirsən.

* Sonra nəvələrimi görməliyəm, axşam işdən gələndə onlarla oynamalıyam. Yəni Allah eləməmiş, mənim, ya özümdən böyük qardaşımın ölümümü atam-anam görə, mən dədəmin, əmilərimin, dayılarımın çiynində gedəm. Ya Allah göstərməsin, – hər iki qulağını tutub “kış-kış” edir, – övlad itkisi başıma gələ.

* Allah eləməsin, o nə sözdü, – sözünü kəsirəm, istəmirəm çox dərinə getsin.

* Yəni demək istədiyim odur ki, həyatın qanunuyla, həyatın məntiqiylə atam-anam mənim çiynimdə getməlidi, eləcə də mən qocalıb yetmiş, səksənə çatanda, oğlumun, qardaşı oğlanlarımın çiynində getməliyəm o dünyaya.

Tanışımın həvəslə izah elədiyi məntiqli ölüm konsepsiyasını eşidəndə məni gic gülmək tutur, amma özümü bir təhər saxlayıram.

* Bəlkə səhv deyirəm, qardaş?

* Yox, əlbəttə düz deyirsən. Amma yetmiş, səksən yox, doxsan yaş arzulayıram sənə, – bunları deyəndə gülmürəm, amma dodağım qaçır.

* A kişi, sən elə bilirsən sənnnən zarafat eliyirəm? Bunları sənə ciddi deyirəm e.

* Nə deyirəm ki? Necə deyərlər, sənin həyat fəlsəfənə hörmətlə yanaşıram. Sən maraqlı söhbətinə davam elə görək, – yenə əvvəlki ciddi görkəmimə qayıdıb, qulaq asa-asa başımı tərpədirəm.

Tanışımla ildə bir-iki dəfə görüşürəm, hər dəfə də eyni həvəslə öz həyat arzularını mənimlə bölüşür, hər dəfə də oğlunun, qızının məktəbdəki uğurlarından danışır.

Soruşuram ki, işdi-şayət yuxarı siniflərdə oğlundakı kimi, qızında da hansısa fənn üzrə xüsusi istedadı üzə çıxsa, onu da tək xarici ölkəyə oxumağa göndərərsən.

Sanki bu sualı müxtəlif adamlardan bir neçə dəfə eşidibmiş kimi o dəqiqə cavab verir: “Ehh, sən elə bilirsən, mən onu fikirləşməmişəm. Oğlan qızdan yaşca böyükdü, düz?” Başımla “Hə” cavabımı verirəm. – “Oğlan məktəbi qurtarandan sonra gedib bir il Londonda oxuyar, oranın qayda-qanununa öyrəşər.

Sonra da qızı göndərərəm ora, bir yerdə qalarlar, həm ev işlərini görər, paltar yumaqdı, yemək bişirməkdi. Həm də dərsini oxuya-oxuya qardaş nəzarəti altında olar”. Beləcə, ona qulaq asa-asa başımı tərpədib deyirəm ki, hə, qardaş, düz deyirsən, Allah bütün bu gözəl arzularına görə ürəyincə versin.

Ayrılandan sonra həmsöhbətimin həyat eşqi, səliqəli-parlaq arzuları, ailəsinə bağlılığı haqqında fikirləşə-fikirləşə ürəyimdə, belə pis çıxmasın, qorxa-qorxa dua edirəm ki, tanışım bu həyatdan getməmiş, Allah-Təala onun hal-hazırda altmış-yetmiş yaş arasında olan ata-anasını səksən-səksən beş yaşında öldürsün.

Deməsə də, məntiqlə o, çox güman, özündən on iki yaş böyük olan, hardasa yaşı əllini keçmiş qardaşının özündən əvvəl, kiçik bacısından sonra isə özünün qocalıb ölməsini arzu edir, – Allah bu arzusunu da həyata keçirsin.

Eləcə də tanışımın oğlu-qızı sağ-salamat böyüsün, oğlan fizika üzrə Nobel də almasa, nüfuzlu beynəlxalq mükafatdan-zaddan alsın. Qız da qardaşıyla bir yerdə Londonda oxusun, hər ikisini istədiyi kimi evləndirsin, nəvələriylə oynasın, şənlənsin. Və nəhayət, tanışım səksən beş-doxsan yaşında gecə yuxudan ayılmadan qəfil rəhmətə getsin və sonda oğlu, qardaşı uşaqları bunu aparıb el adətiylə dəfn eləsinlər.

Sanki bu arzularımı onunla bölüşürmüş kimi, təsəvvürümdə də olsa, bu dəfə mən ona sual verirəm: “Düz demirəm, qardaş?” – “Əlbəttə, düz deyirsən”, – cavab verir.

19 oktyabr – 16 dekabr, 2014

Bakı

Balaca çinli və diktator

Pekindəydim, şəhərdə bir xeyli gəzəndən sonra avtobusla qaldığım otelə qayıdırdım. Arxa oturacaqda üç çinli oturmuşdu, – ər, arvad və onların ortasında oturmuş iki-üç yaşında olan toppuş, saçları düz qaşına qədər tökülən oğlan uşağı.

Bu uşaq o qədər şiriniydi ki, arada çönüb ona baxmaya bilmirdim. İki əliylə içində şüd olan şüşəni bərk tutmuşdu. Hər dəfə ona baxanda, uşağın qıyıq gözləri böyüyürdü, dodaqları bir-birindən aralanlrdı, deyəsən, məndən qorxurdu. Atası barmağını mənə tərəf uzadıb gülə-gülə oğluna nəsə deyird.

Öz-özümə fikirləşirdim ki, bu uşaq yəqin ilk dəfəydi mənim kimi bığlı qafqazsifət görür deyə təəccüblənir. Yeri gəlmişkən, elə mən də ilk dəfəydi qulağımın dibində çinli uşağın öz dilində şirin-şirin danışmasını eşidirdim.

Ərlə arvad öz aralarında kəsik-kəsik öz dillərində danışırdı, az sonra balaca da onlara qoşuldu:

* Tzı, pi, tszı uaa... dyau...

Çin dilini bilmirəm, yadımda qalan bu sözlər, daha doğrusu, hərflər, səs birləşmələriydi.

Ər-arvad yenə öz aralarında söhbət edirdi, toppuş uşaqları hərdən onlara qoşulurdu. Arada mənə elə gəldi ki, balaca nədənsə narazıdı: nəyəsə görə anasına etiraz edirdi, arada ağlamsınmış halda hıqqanırdı. (Bəlkə də, anası onu süd içməyə məcbur edirdi, uşaqsa istəmirdi).

Qəfildən başıma əcaib, qara-qura fikirlər girməyə başladı. Bu uşaq indi məsumdur, anasıyla-atasıyla şirin-şirin söhbət edir, əzizlənir, həyatda ilk suallarını verir, hamı onun suallarına həvəslə cavab verir, yeyir, yatır, oyuncaqlarla oynayır, karusellərdə əylənir.

Nə vaxtsa böyüyəcək, universitetə qəbul olacaq, Çin Kommunist partiyasına qəbul olacaq, partiyada, hökumətdə karyera uğurları aparıb, onu ölkənin birinci katibi, yəni başçısı edəcək. İllər sonra BBC-dən gedən sənədli verilişlərin birində onun uşaqlıq şəklini göstərəndə, evdəkilərə deyəcəm ki, a bunu mən Pekində avtobusla otelə qayıdanda görmüşdüm.

Və günlərin birində ölkədə inqilab baş verəcək, diktatorun əmriylə əvvəlcə dubinkalar işə düşəcək, sonra rezin güllələr, sonra əsl güllələr, tanklar, zirehli döyüş maşınları, – yəni yerə yapışdırılan insanlar, baş bir yerdə, ayaq-qol bir yerdə, qan gölməçələri. Sonra ordunun bir hissəsi keçəcək inqilabçıların tərəfinə, beləcə, inqilab vətəndaş müharibəsinə çevriləcək və hakimiyyətdən getmək istəməyən diktatorun növbəti əmriylə on minlərlə adam qətlə yetiriləcək, türmədə zorlanacaq, dırnaqları kəlbətinlə çıxarılacaq, elektrik cərəyanına veriləcək və s....

Bu fikirlərdən ətim ürpəşdi, elə bu vaxt kimsə arxadan yavaşca başıma toxundu, cuppulu, balaca, yumşaq əl toxunmuşdu mənə. Çevrildim, gülürdü, qığıldayırdı, qabaqda üç, altda iki dişi varıydı. Bu multfilm uşağın balaca gözlərinə və dişlərinə baxıb mən də gülməyə başladım.

Ata-anasını da gülürdü. Durub toppuş üzündən öpmək keçdi ürəyimdən, amma utandım: bunların adətlərinə bələd deyildim deyə, fikirləşdim ki, birdən hərəkətim ata-anasının xoşuna gəlməz. İstəyirdim uşaq bir də məni vursun, heç olmasa çönüb toppuş əlini tutub öpəm. Elə bilirdim, onda valideynləri heç nə deməz.

21 iyul, 2012 – 6 yanvar, 2015

Bakı

İlk təsəllim

Bir aya yaxın idi Hüseyn dayının “Semaşko” xəstəxanasında yatdığı....

Futbolu sevməyi öz yerində, Hüseyn dayı məhəllədə uşaqların futbol oynamasından başqa cür həzz alırdı: ayaqüstə oyunlara həm məşqçilik, həm də hakimlik edirdi. Zəif, amma oynamaq həvəsində olanları da komandalar arasında bölüşdürürdü ki, qıraqda bikef dayanmasınlar, hər komandaya bərabər şəkildə zəif uşaq salırdı ki, oyun bərabər səviyyədə getsin.

Hüseyn dayı əvvəlcə uşaqlara yüngül, sarırəngli top aldı. Sonra daha həvəslə oynayaq deyə, ilk dəfə olaraq, əsl futbolçuların oynadığı dəri topu alıb bizə bağışladı. Hərəmizə bir ad qoymuşdu, Elşad 9 nömrəli braziliyalı Sokratesiydi, İntiqam 10 nömrəli argentinalı Maradona, uzundraz İlqar 14 nömrəli alman Bertolduydu. Mən pis oynayırdım deyə, qapıda dayanırdım, düzü, heç qapıçı kimi də fərli deyildim.

Oyun lap maraqlı olsun deyə, Hüseyn dayı udan komandanın hər oyunçusuna, – hər komandada yeddi-səkkiz oğlan olurdu, – bir dondurma söz verirdi. Damağında siqaret, çirkli ağ xalat geyinmiş Qüdrət dayı içi dolu dondurmalar olan arabasını sürə-sürə “Marejni, kofeyni, plombir!!” sözləriylə məhləmizdə peyda olan kimi, udan komandanın uşaqları cumurdu Hüseyn dayıgilə.

O da sakitcə cibindən yaşıl üçlük çıxardıb komandanın kapitanına verirdi: “Kim hansından istiyir, ondan alsın özünə. Kim burda yoxdusa, onunkunu da alıb evlərinə çatdırsın. Puldan nə qalsa, özüvüzə simiçka (tum) alarsız”. Bəzən uduzan komandanın uşaqları pərt olmasın deyə, onlara nisbətən az pul, iki manat verirdi ki, özlərinə nisbətən ucuz, on beş qəpiklik meyvəli dondurma alsınlar. Sonra dondurma yeyə-yeyə öz aramızda danışırdıq “Canlara dəyən kişidi Hüseyn dayı”, – “Sabah da gərək udaq ki, plambir yeyək”, – “Allah rəhmət eləsin Hüseyn dayıya”, – “Şittəmə alə!” Şitlik eliyənə bir qapaz ilişdirirdik.

Hüseyn dayı yeganə kişiydi ki, məhlədən əndamlı, gözəgəlimli gəlin-qız keçəndə, nə açıq-aşkar, nə də guya təsadüfən baxırmış kimi, başını çevirib bircə dəfə arxasınca göz yetirirdi. Ya yerə baxırdı, ya da tamam əks tərəfə, – bu, onun daxili həyasından gəlirdi.

Bir dəfə Hüseyn dayının yoldaşı Mahizər xala qonşulara xəbər elədi ki, axşam saat altıda çölə çıxmayın, oturun televizorun qabağında, ərimi bir verilişdə göstərəcəklər. (Onda SSRİ-nin tərkibindəydik, doğma dildə bir AZ TV kanalı varıydı. O kanala düşmək isə xoşbəxtlik kimi bir şey idi).

İlk dəfəydi həmişə idman şalvarında, “Radopi” siqareti çəkə-çəkə bizə trenerlik, hakimlik edən, hoppanıb başıyla top vuranda, ağzını açan İntiqama “Maradona, topu vuranda ağzıvı açma, milçək girər,” – deyən Hüseyn dayını ciddi sifətdə, qara kostyumda, ağ köynəkdə, qalstukda görürürdük. Mövzu, yaddaşım aldatmırsa, orta peşə məktəblərində islahatlarla bağlıydı.

Böyük bir zalda auditoriyada ona da söz verdilər. Əlində mikrofon dörd-beş cümlə dedi, bircə “...Struktur dəyişiklikləri etmək lazımdır” cümləsi yadımda qalıb. O gündən Hüseyn dayı gözümüzdə bir müddət böyüdü, ciddiləşdi, ona olan hörmətimiz daha da artdı, az sonra yenə sadələşdi, yenə uşaqlar futbola canlarını qoyurdu ki, udub onun hesabına yağlı plombir dondurması, uduzanda da heç olmasa meyvəlisini alıb yesinlər.

...Bir aydan sonra təcili tibbi yardım maşını məhəlləmizə gəldi, maşından düşən, əynində zolaqlı xəstəxana xalatı olan Hüseyn dayı həyat yoldaşı Mahizər xalayla bir yerdə həyətə girdi. Uşaqlar hamısı sevinməyə başladı: yenə futbol, dondurma, tum sevinci yaşayacaqdıq... Hardasa iki saat sonra qəfildən onların həyətindən ağlaşma səsi gəldi. Kişili-arvadlı qonşular evlərindən çıxıb yüyürdülər ora...

Düzü, o həyətə getməyə qorxurdum, amma bəzi məhəllə uşaqları məndən cəsarətli çıxmışdılar. Eləcə çöldə dayanıb ağlaşma səsinə qulaq asırdım.

Eyni vaxtda da fikirləşirdim ki, Hüseyn dayını dəfn etmək üçün nəşini evdən çıxaranda, tez evə girəcəm.

Elə bu ağlaşmaya qulaq asırdım ki, Hüseyn dayıgilin dəmir darvazasının qapısı birdən açıldı və rəhmətliyin oğlu, ən yaxşı futbolçumuz, səkkizdə oxuyan Elşən həyətlərindən çıxıb qaçmağa başladı. Onun dalınca yaşca hamımızdan böyük, əsgərliyə çoxdan gedib-gəlmiş qonşumuz Daşdəmir, onun dalınca mən hərbi hospitalın divarı boyu qaçırdıq. Tramvay xəttinə çatmamış Daşdəmir onu tutdu və ərklə danlamağa başladı.

Az sonra mən də onlara çatdım. Elşən ağlamasa da, sifətində bir çaşqınlıq var idi, – bəlkə də, ağlamadığına görə, atasının ölümünə bu cür reaksiya verirdi, evdən qaçmaqla sanki ölümə qarşı üsyan edirdi.

Geri qayıdırdıq, Daşdəmir hələ də onun qolundan tutmuşdu, qorxurdu ki, birdən qaçar, hərçənd ki, qaçana oxşamırdı, mən isə əlimlə Elşənin belinə vura-vura deyirdim ki, möhkəm ol, olan şeydi, sən daha yekə oğlansan, bu gün-sabah məktəbi qurtarırsan. Onda mən ondan bir sinif yuxarı, doqquzda oxuyurdum.

Evlərinə çatana yaxın Elşənə bir də dedim ki, möhkəm ol, hər şey yaxşı olacaq. Təsəlli verməyimə hədsiz sevinirdim, bundan qürur duyurdum və anlayırdım ki, mən yavaş-yavaş böyüyürəm, – ilk dəfəydi həyatımda kiməsə təsəlli verirdim. Eyni zamanda mənə elə gəlirdi ki, rəhmətlik Hüseyn dayının indicə bədənindən ayrılmış ruhu onun oğluna ürək-dirək verməyimi görür və mənə “Sağ ol” deyir.

31 avqust, - 20 oktyabr, 2014

Bakı

XS
SM
MD
LG