Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 23:29

Qurtuluş günündən üç gün əvvəl...


Alpay Azər
Alpay Azər
-

Yazıçının təbii ki, kefinə soğan doğradılar, əlacı olsaydı, sol əliylə yanındakı jurnalistə tərs bir sillə vurardı. “Deyirəm axı, niyə bunun üzü gülmür...


Alpay Azər

Allah Çexova rəhmət eləsin.


YAZIÇININ ARZUSU


Qurtuluş günündən üç gün əvvəl Park İnn otelində yazıçı uzun, dairəvi masanın arxasında oturub hamı kimi Natiq müəllimin gəlməsini gözləyirdi.

Natiq müəllim Milli Məclisin İnsan İnkişafı komissiyasının sədr müaviniydi, bir azdan gəlib YAP-ın son on ildə gördüyü işlərdən məruzə eliyəcəkdi.

Yazıçı YAP-çı olsa da, orda oturanlar kimi deputat deyildi, nə də hökumət işində vəzifəsi varıydı. Daima tərifdən və rəsmi tədbir şəkillərindən bol hökumətyönümlü qəzetlərdən birinin baş redaktoruydu.

İki-üç kitabı çıxmışdı yazıçının, povestlər və hekayələr, daha doğrusu, uzun və kiçik əhvalatların publisistik dildə yazdığı kitablar, - ən əsası, onlardan biri mərhum prezident Heydər Əliyevi Azərbaycana dəvət edən 91-lər haqqında müxtəlif illərdə yazdığı məqalələr toplusu olan “Uzun illərin intizarıyla” kitabıydı.

Götürdüyü intervülərin, yazdığı məqalələrin və nəhayət, YAP-ın qurultayında mərhum prezidentin yanında farağat dayanıb gülümsər sifətlə çəkdirdiyi bircə şəklin hesabına getdiyi yerlərdən əliboş qayıtmırdı. Konvertdə iki-beş yüz manat pul öz yerində, rayonlarda olanda isə icra başçısının tapşırığıyla dana budu, çolpa, meyvə, nehrə yağı, pendir, təbii bal dolu qutuyla Bakıya qayıdıb evdəkiləri sevindirirdi.

Indi isə Natiq müəllimi gözləyə-gözləyə fikirləşirdi ki, görəsən, sağ tərəfində boş qalmış yerdə kim oturacaq. Solunda başqa tərif deyən (rəqib) qəzetlərdən birinin jurnalisti oturmuşdu və yazıçıya elə gəlirdi ki, o da yaman maraqlanır, gözləyir görsün, yazıçının yanında kim oturacaq.

Az keçmişdi ki, yazıçının sağında Şahin Qurbanov oturdu. “Yaxşı ki, üstümdə bir dənə var,” - fikirləşdi. Əmin olmaq üçün tez əlini portfelinə saldı, - “Uzun illərin intizarıyla” yerindəydi. Məsələ burasındadır ki, altı il əvvəl deputat Şahin Qurbanov hökumət qəzetlərindən birinə verdiyi müsahibədə 91-ləri “cəsur ziyalılar” adlandırmışdı. Bu ifadə elə o vaxtdan yazıçının yadında qalmışdı, - indi isə sanki yetişmiş armud onun başının üstündə nazik saplaqdan asılmışdı.

- Şahin məllim, necəsiz? - yanında oturan kimi yazıçı soruşdu.

- Yaxşıyam, sağ olun. Siz necəsiz?

- Yaxşı olasız, Şahin müəllim, - Şahin müəllimin “Mən axı səni tanımadım” deyən baxışlarını görüb tez özünü təqdim etdi: - Mən yazıçı Manaf Hüseynovam. “Uzun illərin intizarıyla” kitabının müəllifi.

- Çox gözəl, çox gözəl.

“Yalandan deyir, tanımadı”.

- Yəqin mətbuatdan da oxumusuz, dediyim kitab ümummilli li...

Davamını gətirəmmədi, bu vaxt Şahin müəllimin hansısa tanışı yaxınlaşıb salam-kəlamdan sonra onu söhbətə tutdu. “Bircə sən əskiyiydin, danabaş,” – yazıçı ürəyində söydü onun planını pozan və doğrudan, başı yekə olan adamı.

Yazıçı Şahin müəllimlə tanış deyildi, partiyanın bir-iki tədbirində görüşsələr də, indiki kimi başının üstünü kəsdirən “mərdimazarların” ucbatından tanış olmağa imkanı olmamışdı. Yazıçı fikirləşirdi ki, sağında oturmuş fürsəti əldən vermək olmaz. Tez portfelindən kitabını çıxartdı, dizinin üstündə açıb içini yazdı: “Müəllifdən öz vətənini həqiqi sevən Millət Vəkili, dəyərli ziyalı və gözəl insan Şahin Qurbanova dərin hörmətlə”. Sonda isə tarix və imza.

Şahin müəllim vətənini doğrudan sevirdi, - o, bu vətəndə deputat olmuşdu, deputatlığın sayəsində biznes qurmuşdu, çayxanası, restoranı, daş karxanası vardı. Iki oğlu əsgərlik çəkmədən biri Maliyyə Nazirliyində, o biri Əmlak Komitəsində işləyirdi, həm də atasının daş karxanasını işlədirdi. Oğlanlarının da hər ikisi təbii ki, bu vətəni sevirdi.

Yazıçı kitabı imzalayandan sonra dizinin üstündə saxladı, fürsət gözləyirdi ki, hədiyyə etsin. Fürsət isə hələ ki, bir növ onu söhbətə tutanın əlindəydi. Üstəlik, arada Şahin müəllimin gah telefonu zəng çalırdı, cavab verirdi, gah da içəri girənlərin salamını alıb üç-dörd kəlmə onlarla, sonra yenə tanışıyla söhbət edirdi.

Yazıçı həm buna, həm də solunda oturan jurnalistin bayaq kitabın içini yazanda gözünü ona zilləməsinə əsəbiləşirdi. Düzdü, jurnalist onun nə yazdığını görməmişdi, dizinin üstündə yazanda sol əliylə kitabın qırağında sədd çəkmişdi. Amma yenə də az qalırdı, jurnalistə çönüb desin: gözünü zilləmə, sənə aid deyil, elə maraqlıdırsa, get, beş manat verib akademik kitab evindən al.

Və birdən ayaqüstə Şahin müəllimlə pıçıltıyla danışan kişinin söhbətini yazıçının qulağı çaldı. Kişi:

- Şahin müəllim, bəs nə əcəb bu dəfə namizədliyinizi vermədiz?

- Elə məsləhət görüldü, - cavab verdi.

Kişi həm başını, həm də qaşlarını yuxarı qaldırdı, - yəni “yuxarıdan” elə məsləhət görüblər? Keçmiş deputat mimikalı suala cavab vermədi, guya başa düşmədi.
- Bəs gələn dəfə necə, fikriniz var, Şahin müəllim?

- Gələn dəfəyə üç il var hələ. Baxarıq, - eks-deputat könülsüz cavab verdi, yəni əl çək bu mövzudan.

Yazıçının təbii ki, kefinə soğan doğradılar, əlacı olsaydı, sol əliylə yanındakı jurnalistə tərs bir sillə vurardı. “Deyirəm axı, niyə bunun üzü gülmür. Hmm, az qala hər gün qəzet oxuyuram, necə olub, bilməmişəm bunu?” Yazıçıya elə gəldi ki, əgər Şahin bu dəfə deputat seçilmiyibsə, deməli, birdəfəlik bu şansdan məhrum olub və çox güman, biznesi ya tam əlindən çıxıb, ya da xeyli ziyana düşüb. Bir sözlə, Şahindən nə pul ummaq olardı, nə də BDU-nun dörd ildi kitabxanaçılığını qurtarmış oğlunu işə düzəltmək üçün ona ağız açmaq olardı.

Dizinin üstündəki kitabı açıb, hikkəylə qara rəngli gel pastalı qələmlə deputatın ad, soyadını bərk-bərk qaralamağa başladı. Fikirləşdi ki, evdə ağardıcıyla rəngləyər, üstündən qələmlə başqa lazım olan adamın adını yazar. Və birdən solundakı jurnalist mülayim səslə ”Məllim, baxmaq olar kitaba?” - dedi. Yazıçı heç nə demədən, fısıldaya-fısıldaya kitabı ona uzatdı. “Cəhənnəmə fikirləşsin ki, görən, kimin adını yazdı, sonra tez də pozdu. Bircə artıq-əksik sual verməyə.. Mən yedim, sən qaldın ha”. Jurnalist kitabı açıb vərəqləməyə başladı, sonda mündəricata baxdı, sonra yenə deputatın pozulmuş ad-soyadı olan ön səhifəyə qayıdıb dilləndi:

- Məllim, deyirəm, pozmusuz burda... - barmağıyla qaralmış yeri göstərdi.
Bunu eşidən yazıçının hirs necə təpəsinə vurdusa, beyni guppuldamağa başladı, dişlərini sıxdı bir-birinə. Elə hazırlaşırdı ki, gözləyəcəyi sualın ardınca ona qayıdıb “Bax, sənə nə?!” sualını versin, başqa şey eşidəsi oldu:

- ...Mənə hədiyyə eliyə bilərsiz, bu kitabı, mümkünsə?

- Yox, mümkün deyil. Nizami muzeyinin altındakı kitab mağazasında var. Beş manatdı, elə də baha deyil. Özümdə də az qalıb, - evdə iki yüz nüsvə varıydı.

- Hə? Necə məsləhətdisə, - deyib pərtliyini gizlətməyə çalışan jurnalist kitabı yazıçıya qaytardı.

- Yox, e məni düzgün başa düşün. Hamı bizdən kitab umur, amma görmədim ki, desinlər ki, məllim, kitabınızı hardan almaq olar?

- Yox, mən nə deyirəm ki, necə məsləhətdisə, elə də olsun.

- Filan qədər kitaba pul xərcləyirik. Deyirik, heç olmasa çəkdiyimiz xərc geri qayıtsın, hələ beş-on qəpik xeyirini qoyuram qırağa.

Jurnalist dinmədi, yəni əl çək də, bezdirdin artıq, yazıçı da onu başa düşdü, ürəyində isə hələ də gəlib çıxmayan Natiqi söydü: “Ay oğraş, gəl çıx da. Vaxtında gəlsəydin, bu, indi məndən kitab dilənməzdi”. Birdən eks-deputatla hələ də əyilmiş vəziyyətdə, bir əliylə stulun başından tutan kişinin söhbətinin davamını eşitdi.

-...Elədi, - Şahin aramla danışırdı, - Sən hardan eşitmisən təyinat məsələsini?

- Aparatda bir dost var, o dedi, - eks-deputatın tanışı cavab verdi. – Mən bilən prezident iki-üç günə sərəncam...

- Üzümüzə gələn həftə içində verəcək sərəncamı.

- Lap yaxşı. Qətərdə olmuşam, elə sakit ölkədi ki, tam təhlükəsiz, sakit, gecə də çıxa bilərsən şəhərə, servis də əla. Yəni deməyim odu ki, xoşunuza gələcək ora.
- Bircə isti hava işləri korlayır.

“A bunu deyəsən, Qətərə səfir təyin eliyiblər. Elə olar da. Sərəncamı prezident verirsə, deməli, o da bunu səfir təyin edəcək,” - yazıçı fikirləşdi.

- Vallah, inandırım sizi, oranın istisi min dəfə Bakıdakından dözümlüdü. Rütubət, tərləmək deyilən şey yoxdu. Bir də ki, “pastayannı” kandisioner, maşın, iş yeri, maşın, ev.

- Yox, onu bilirəm...

“Yüz faiz səfir. Başqa bunu nə təyin edə bilərlər Qətərə? Gicəm gic. Nəyə tezcə adını pozdum axı. Düz deyirlər də, tələsən təndirə düşər”.

- Bir şeyi də deyim, Şahin məllim...

Yazıçı söhbətin davamını eşitmədən, yerini başqası tutmasın deyə portfeli stulun içinə qoyub qoltuğunda kitab götürüldü. “Ay axmax, bunu at portfelinə də, yer də tutmur deyəm ki, ağırlıq eliyir,” - qələm, print yazısını pozan ağardıcını nəzərdə tuturdu. Dəhlizə çıxan kimi oğluna zəng elədi:

- A bala, mən Park İnndəyəm, bəlkə bilərsən, hardan tapmaq olar, o zəhrimarın adı... Imm, yarımmaye halında olur, ağ kraska kimi bir şeydi, yazdığını poza bilirsən.

- Zamaska?

- Hə ondan.

- Sən belə elə, ay ata, yaxınlaş oranın işçilərinə, inzibati şöbəyə, onlarda yüz faiz olar.

- Afərin, sən oğul deyilsən e, noğulsan, - deyib telefonun qırmızı düyməsini basan yazıçı həyəcanla dəhlizdə ora-bura baxdı, ilk gördüyü otel işçisinə, cavan oğlana yaxınlaşdı:

- Ay oğul, inzibati şöbə hardadı? Mənə ağ kley lazımdı, - bir az əvvəl oğlundan eşitdiyi “zamaska” sözü yadından çıxmışdı, uzun-uzadı izah eləmək istəmirdi deyə qısaca “kley” dedi.

Cavan oğlan şöbənin yerini göstərən kimi yazıçı dabanbasma şöbəyə tərəf getdi.

- Qızım salam, bəlkə sizdə olar, yazıları pozan, ağ rəngdə olur, kraska kimi.

- Zamaska?

- Hə-hə ondan.

Qız masanın üstündən ağardıcını götürüb yazıçıya uzatdı.

- Qadanızı alaram sizin, ay qızım, biləsiz, məni necə sevindirdiz.

Ağardıcını götürüb ehtiyatla “qaraltdığı” Şahin Qurbanovu “ağartmağa” başladı.

- Əsas o biri hərflərin üstünə düşməsin, - elə ayaqüstə ağarda-ağarda dodaqaltı danışırdı. - Qadanızı alaram sizin, biləsiz, məni necə çətin vəziyyətdən çıxartdız, necə savab iş gördüz.

Otaqdakı qızlar xısın-xısın gülürdülər.

- Qızlar həyatda heç vaxt tələsməyin. Tələsən nə olar?

Qızlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkdi.

- Tələsən təndirə düşər, qızım. Bunu atalar boş yerə deməyib ha.

Qızlar yenə təəccüblə ona, sonra bir-birilərinə baxıb pıqqapıq gülməyə başladılar. Sonra yazıçı “ağartdığı” keçmiş deputatı, Azərbaycanın bir həftə içində Qətərə təyin olunacağı yeni səfirini ağzının isti havasıyla “qurutdu”. Az qaldı “millət vəkili” sözünü pozub yerinə “cənab səfir” yazsın. “Olmaz, o dəyqə başa düşər ki, qulağımı şəkliyib söhbətlərinə qulaq asmışam”. Sonra qurumuş ağ maddənin üstündən yenidən Şahin Qurbanov yazdı. “Yaxşı, pozduğum “millət vəkili” sözünün yerinə nə yazım?...

Tapdım, gözəl vətəndaş. Əla. Müəllifdən öz vətənini həqiqi sevən, gözəl vətəndaş və gözəl insan Şahin Qurbanova dərin hörmətlə.” Gözəl vətəndaşı yenə ağzının havasıyla qurudandan sonra çeçələ barmağının azca uzanmış dırnağıyla qurumuş ağardıcı maddənin “çala-çuxurunu” qopartdı ki, pozub yazdığı o dəqiqə gözə çarpmasın, qeyri-estetik görünməsin.

Qurulaya-qurulaya, yaza-yaza, qızlara dönə-dönə təşəkkür edib otaqdan çıxıb dəhlizboyu iclas olan zala gedə-gedə kitabı verəndə nə deyəcəyi barədə plan qururdu. Eyni zamanda fikirləşirdi ki, səfirin Qətərdə onun kitabını oxumağa boş vaxtı çox olacaq. Yazıçı ümid edirdi ki, səfir Bakıda olan vaxt ziyafətlərin birində ona yaxınlaşıb salam-əleykümdən sonra kefini soruşacaq, ordan-burdan danışıb kitabından söhbət salacaq, ac gözlərlə baxa-baxa “Xoşunuza gəldi?”, “Yəqin ki, razılaşarsız, aktual məsələlərə toxunmuşam kitabda” - kimi ritorik suallar verəcək. “Bir də problemin-filanın yoxdu ki?” – kimi yersiz sual verməyəydi. Əslində cavab da tapardı. Boynunu büküb deyərdi ki, Şahin müəllim, YAP-ın yubileyi ilə bağlı nəfis tərtibatda, yağlı kağızda “YAP: dünən, bu gün və sabah” adlı kitab nəşr elətdirmək istəyirəm, fikrimdə var elə sizin də 91-lərlə bağlı intervünüzü, başqa məqalələrinizi də ora salım. “Nə qədər lazımdı?” – sualını eşidən kimi qısıq səslə deyərdi: “İki min beş yüz manat, Şahin müəllim”.

Ehh, kaş ki, növbəti görüşlərin birində səfir kitabla bağlı təəssüratlarını bölüşəndən sonra yazıçının təbəssümlə guya gizlətməyə çalışdığı miskin baxışlarına dözməyib onu ərkyana qırağa çəkib, adamların gözündən iraq əlini cibinə salaydı, ya da Bakıda olanda ona sürücüsüylə içində iki min beş yüz olmasın, min beşcə yüz manat olan konvert göndərəydi... “Belə götürəndə, ayda beş-altı min dollar maaş alan səfir üçün iki min beş yüz manat nədir ki. Üstəlik, biznesini tam əlindən almıyıblar... Yəqin ki, elə olmaz, yoxsa qəzetlər bar-bar bağırardı ki, Şahin Qurbanov müflis oldu-filan”.

Natiq müəllim artıq gəlmişdi, məruzəsini eliyirdi. Yazıçı oturan kimi lazım olan məqamı gözləməyə başladı, məqam isə diqqətlə çıxışa qulaq asırdı deyə hələ ki, yetişməmişdi. Kitabı yenə dizlərinin üstünə qoymuşdu yazıçı, dizlərini isə tərpətmirdi ki, kitab yerə düşməsin.

Elə Natiq çıxışını, oturanlar əl çalmağını qurtaran kimi yazıçı əlindəki kitabı dizinin üstündən götürüb Şahinə uzatdı:

- Şahin müəllim, bu, doxsan birlər haqqında kitabımdı. Bilirəm, sizin onlara həmişə böyük hörmətiniz olub, - yenə mərdimazarlardan birinin onun sözünü kəsə biləcəyindən qorxub əvvəlcədən əzbərlədiyi cümlələri birnəfəsə dedi.

- Həə, çox gözəl, çox gözəl, - kitabı götürüb açdı, yazıçının imzaladığı səhifəyə bir qədər baxdı, təşəkkür edib o biri səhifələrə keçdi. – Nə gözəl iş görmüsüz, Manaf müəllim.

- Həə, çox sağ olun. Şahin müəllim, yaxşı xatırlayıram, hardasa beş il əvvəl müsahibənizdə siz onları cəsur zıyalılar adlandırmışdız, - sevincindən səsi titrədi Manafın.

- Həə düzdü, sizin yaxşı yaddaşınız var ki.

Düzü, bu qədər isti reaksiya gözləmirdi, əksinə qorxurdu ki, səfir quru tonda iki-üç söz deyib onu başından eliyər, pərt olar yazıçı.

- Belə şeyləri unutmaq olmaz, Şahin müəllim. Deməli, bu kitabda müxtəlif illərdə doxsan birlər haqqında qəzet və jurnallarda çıxan, heç bir yerdə çıxmayan məqalələrimi də toplamışam.

- Hə, görürəm, görürəm, - kitabı bağlayıb yerindən durdu Şahin. - Oldu Manaf müəllim. Sizi bir daha təbrik edirəm, bu kitaba görə də sizə təşəkkür edirəm.

Yazıçı da ayağa durmuşdu, miskin baxışları isə bu sözləri deyirdi: “Şahin müəllim, nə vaxt, hara desəz gəlməyə hazıram”.

- ...İnşallah görüşüb bir də söhbət edərik, - Şahin müəllim o baxışları oxusa da bir az qeyri-müəyyən, amma ümidverici şey dedi.

Yazıçının təbəssümlü baxışlarının dərinliyində bu sual göründü: “Nə vaxt və harda?” Keçmiş deputat əlini pencəyinin döş cibinə saldı, yazıçının ürəyi döyünməyə başladı. Şahin müəllim döş cibindən dəri portmanatını çıxartdı. “Nə versə, sağ olsun, camaat da baxsın lap, heç vecimə də almayacam. Amma kaş ki...” Şahin müəllim portmanatını açıb iç cibindən vizit kartını çıxarıb yazıçıya uzatdı:

- Bu kartımdı, əlaqə saxlıyarsız.

- Çox sağ olun, Şahin müəllim, - pərtliyini yalançı təbəssümlə gizlətməyə çalışdı.
Ayrıldılar, ayrılan kimi yazıçı vizit kartına baxdı. “Şahin Qurbanov, “Perspektivlər” şirkəti, Prezident”, ünvan, ofis telefonu, email. Amma mobil nömrəsi yoxuydu kartda. “Eybi yox, hər halda kart vermək də elə diqqət deməkdir. Kitabıma görə iki dəfə “çox gözəl” dedi, təşəkkür elədi. Konkret gün deməsə də, “əlaqə saxlıyarsız” dedi. Hər şeyi birbaşa deməzlər axı. Gələn ay zəng edərəm, yəqin ki, ona qədər dörd-beş məqaləmi oxumuş olar. Qətərdə olsa yəqin ki, yeni il, Novruz bayramına yaxın Bakıya qayıdacaq, yenə zəng edərəm. Lazım olsa, lap şirkətinə də gedərəm. Əla”.
QHT-çilərin, jurnalistlərin şəxsi xahişlərindən qorxan deputat, vəzifəli hökumət işçiləri tezcə əkilib aradan çıxmışdılar. Yazıçı kitabını hədiyyə eləmək istəmədiyi jurnalistlə yan-yana yavaş addımlarla zalı tərk edirdi. Jurnalist düz qabağına, yazıçı isə tez-tez çönüb onun sifətinə baxırdı.

- Bayaq unutdum, - yazıçı birdən mülayim səslə dilləndi, - adınızı da soruşmadım, adınız necədi?

- Elxan Haşımov, “Ölkə palitrası” qəzetinin müxbiriyəm.

- Hə, çox gözəl, mən də Manaf Hüseynovam, yəqin bayaq kitaba baxanda...

- Mən sizi tanıyıram Manaf müəllim. Siz “Elita” qəzetinin baş redaktorusuz.

- Hə, çox gözəl, çox gözəl, - bunları deyə-deyə birdən yazıçıya elə gəldi ki, öncə eks-deputat və səfirin danışıq manerasının təsirindənmi, ya nədənsə onun dediyi sözləri istifadə edir, onun intonasiyası ilə danışır. – Elxan bəy, siz Allah, məni bağışlayın, bayaqkı o kitab məsələsinə görə.

- Yox, əstaafurullah, o nə sözdü. Beş manatdı, gedib alaram. Əslində mən sizi başa düşürəm, sadəcə...

- Yox, məsələ bir az başqa cürdü, Elxan bəy. Bura gələndə yolda bir pis xəbər almışdım, düzü, çox pis olmuşdum deyə kefim yoxuydu.

- Nə olmuşdu ki?

- Əsgərlik yoldaşım gecə Qazaxdan Bakıya gələndə avariyaya düşüb maşınında. Bütün sümükləri, qabırğaları qırılıb yazığın.

- Vaay, nə danışırsız, - jurnalistin sifəti acı ifadə aldı. - Allah şəfasını versin. Nə pis olub. Maşında tək olub, yoxsa?

- Hə, elə Allah tərəfi, yaxşı ki, arvad-uşağı olmuyub maşında. Nəysə, qorxulu bir şey yoxdu, amma gərək bir-iki ay xəstəxanada gipsdə yata.

- Allah köməyi olsun.

Altmış iki yaşlı yazıçının valideynləri hələ Sovet dövründə oğulları üçün yaladan xəstəlik kağızı çıxardıb əsgərlikdən yayındıra bilmişdilər.

- Sağ ol, nəysə. Gəl yaxşı şeylərdən danışaq, qayıdaq kitaba. Kitabı da ona görə Şahin müəllimə hədiyyə elədim ki, ona çoxdan söz vermişdim, yəni ağlınıza başqa şey gəlməsin deyə deyirəm bunu. İnanın ki, üstümdə bir dənə artıq olsa məmnuniyyətlə verərdim. Elə hardasa sizin sözünüzün qüvvəti, bir dənə artıq kitab verməklə mən də kasıb düşmərəm. Bir də axı, hər şeyi pulla ölçmək olmaz. Üstəlik, o şey ki, sənətə aid ola. İndi mənə deyin görüm, sizin redaksiya harda yerləşir?

- Azərbaycan nəşriyyatında.

- Çox gözəl. Neçənci mərtəbədə?

- Səkkizinci.

- Lap yaxşı, biz də altıncı mərtəbədə oluruq. Mən elə sabah işə gələndə dəyərəm sizə, kitabı...

- Nə əziyyət çəkirsiz, Manaf müəllim, vallah, özüm gedib kitab mağaza....

- Mağaza sözünü yadından çıxart, - sifətində özündənrazı təbəssüm, ərkyana əlini jurnalistin çiyninə qoyub. - İkincisi də, əziyyət-zad deyil. Sən, yaxşısı budu, mənlə mübahisə eləmə, yaşca da kiçiksən məndən, yəqin ki, inciməzsən sənlə danışsam.
- Yox, buyurun, Manaf müəllim, o nə sözdü.

- Bir şeyi deyim də. Oxucu əgər özü maraq göstərib müəllifdən onun kitabını istiyirsə, bu, müəllifə elə şərəf gətirmək deməkdi.

- Çox sağ olun.

- Ona görə qətiyyən sən narahat olub eləmə. Sabah hardasa saat on bir-on iki arası gələcəm redaksiyanıza, sənə kitabımı böyük məmnuniyyətlə hədiyyə edəcəm. Qabağıma qəndlə bir stəkan çay qoyarsan. Bəsimdi.

- Onda içini də yazarsız, zəhmət olmasa.

- İçini də yazaram, hələ istəsən, lap çölünü də yazaram.

Hər ikisi gülüşməyə başladı.

16 iyun – 27 oktyabr, 2013-cü il
Bakı – Altıağac - Bakı
XS
SM
MD
LG