Dünya xəbərləri
Polşa Rusiya ilə qarşıdurmaya hazırlaşır

Polşa prezidenti Bronislaw Komorowski yeni milli müdafiə strategiyasını imzalayıb. Bu sənəd Rusiya tərəfdən “qarşıdurma siyasətinin gücləndirilməsi” və Ukrayna böhranından dolayı regional təhlükəsizlik məsələlərindən bəhs edir. 57 səhifəlik sənəd 2007-ci ildə hazırlanmış planı əvəzləyir.
Sənəddə deyilir ki, Rusiya regional təhlükəsizlikdə neqativ faktora çevrilib. Səbəb də “ətrafdakıların hesabına dövlət statusunu artırması” və Moskvanın Ukraynanın Krım yarımadasını anneksiya etməklə “qarşıdurma siyasətini gücləndirməsidir”.
Komorowski noyabrın 5-də Varşavada jurnalistlərə deyib ki, “Polşanın şərqinə doğru, sabitsizlik yaranan ərazidə işlər pisləşib”. Onun sözlərinə görə, Polşanın Rusiyanın yaratdığı hədələrə qarşı müdafiəsini gücləndirməsi NATO-nun müdafiə qabiliyyətinə də öz töhfəsini verəcək.
Bütün xəbərləri izləyin
NATO ölkələrindən yalnız üçü yeni xərc hədəfini tam ödəyib

NATO-nun yeni hesabatına görə, bu il alyansa üzv bütün dövlətlər ÜDM-in 2 faizi həcmində uzun müddətdir mövcud olan müdafiə xərcləri hədəfinə çatıb. Lakin hazırda NATO-nun yeni hədəfini - 3.5 faizi - yalnız üç ölkə yerinə yetirir.
Hesabata görə, İspaniya, İtaliya və Belçika kimi əvvəllər hərbi xərclərlə bağlı geridə qalmış NATO ölkələri də hazırda müdafiə xərclərini 2014-cü ildə Uelsdə keçirilən NATO sammitində razılaşdırılan səviyyəyə (2 faiz) çatdırıb.
Alyans üzvləri Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən və ABŞ prezidenti Donald Trampın Avropa müttəfiqlərinin öz müdafiələrinə daha çox sərmayə qoyması tələbindən sonra hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb.
Hazırda yalnız üç NATO üzvü iyunda Haaqada razılaşdırılmış ÜDM-in 3.5 faizlik yeni hədəfinə çatıb. Bu ölkələr Polşa (4.48 faiz), Litva (4 faiz) və Latviyadır (3.73 faiz).
ABŞ isə bu il ÜDM-in 3.22 faizini müdafiəyə xərcləmək niyyətindədir.
NATO üzvləri 2014-cü ildə ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləmək barədə razılığa gəliblər. İllər ərzində çoxları bu vədi yerinə yetirə bilməyib. Lakin alyans bildirib ki, 2025-ci ildə bütün 32 üzv hədəfə cavab verəcək, yeddi ölkə minimum hədd olan 2 faizi, digərləri isə bir qədər yuxarı vəsait xərcləyəcək.
İyunda Haaqada keçirilən NATO sammitində razılaşdırılmış yeni hədəf ÜDM-in 3.5 faizi olsa da, liderlər 2035-ci ilə qədər buna çatmağı öhdələrinə götürüblər. Həmin sammitdə ümumilikdə ÜDM-in 5 faizini müdafiə və təhlükəsizliklə bağlı investisiyalara sərf etmək kimi daha geniş bir hədəf də müəyyən edilib. NATO bildirib ki, bu xərclərə kibertəhlükəsizlik və ağır hərbi texnikanı daşımaq üçün yolların və limanların modernləşdirilməsi daxildir.
Ukrayna və Macarıstan xarici işlər nazirləri arasında gərginlik yaranıb

Ukrayna qüvvələrinin "Drujba" neft kəmərinə son zərbəsinə cavab olaraq, Macarıstan hökuməti həmin hücuma görə məsul olan hərbi birliyin komandirinin Macarıstana və bütövlükdə Şengen zonasına daxil olmasını qadağan etmək qərarına gəlib.
Bunu Macarıstan xarici işlər naziri Peter Siyarto X platformasındakı paylaşımında bildirib.
Nazir Ukraynanın zərbələrini "Macarıstanın suverenliyinə hücum" kimi qiymətləndirib və qeyd edib ki, bu, ölkənin enerji təhlükəsizliyini risk altında qoyub.
"Ukrayna çox yaxşı bilir ki, "Drujba" kəməri həm Macarıstanın, həm də Slovakiyanın enerji təchizatı üçün həyati əhəmiyyət daşıyır və belə zərbələr Rusiyadan daha çox bizə zərər vurur. Enerji təhlükəsizliyimizə və suverenliyimizə hücum edən hər kəs nəticələrə hazır olmalıdır", - Siyarto vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa macar həmkarının bu açıqlamasına reaksiya verib. Sibiqa macar XİN rəhbərinin paylaşımını "utanmazlıq" adlandırıb: "Peter, əgər sənin üçün Rusiya kəməri bu səhər Rusiyanın öldürdüyü ukraynalı uşaqlardan daha vacibdirsə, bu, mənəvi tənəzzüldür. Macarıstan tarixin yanlış tərəfindədir".
Ukraynanın baş diplomatı əlavə edib ki, Kiyev Budapeştə eyni addımla cavab verəcək.
Ukrayna kəşfiyyatı Azovda Rusiya raket gəmisinin vurulduğunu deyir

Ukrayna hərbi kəşfiyyatı Azov dənizində Rusiyanın 21631 "Buyan-M" layihəli kiçik raket gəmisinin zədələndiyi haqda məlumat yayıb.
Gəmi ilhaq edilmiş Krımın sahillərində yerləşirdi. Məlumata görə, gəminin radar sisteminə (RLS) dron, gövdəsinə isə Hərbi Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları (Xüsusi Qüvvələr) hücum edib. Bəyanata drona quraşdırılmış kamera ilə çəkilmiş video əlavə edilib.
Hansı gəminin hücuma məruz qaldığı dəqiq göstərilmir. 21631 layihəsinə aid gəmilər 2014-cü ildən Rusiya donanmasının tərkibindədir. Ümumilikdə 12 gəmi hazırlanıb, hər biri səkkiz qanadlı raket, artilleriya qurğusu və zenit top silahları ilə təchiz olunub.
Rusiya Müdafiə Nazirliyi isə avqustun 28-də Don çayının mənsəbində Ukraynanın "Simferopol" kəşfiyyat gəmisinin batırıldığını açıqlayıb.
Əliyevlə Paşinyan da Çində parada qatılacaqlar

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya rəhbəri Kim Çen In İkinci Dünya müharibəsinin sona çatmasının 80 illiyi ilə əlaqədar gələn həftə Pekində keçiriləcək hərbi paradda iştirak edəcəklər. Bu barədə Çin və Şimali Koreya mətbuatı məlumat yayıb. Putin və Kim Çen In mərasimdə iştirak edən 26 ölkənin liderləri arasında olacaq. Hərbi paradda ABŞ və Qərbi Avropa ölkələrindən heç kim iştirak etməyəcək.
Aİ ölkələrindən yalnız Slovakiyanın baş naziri Robert Fitso tədbirə qatılacaq, Bolqarıstan və Macarıstan isə nümayəndələr göndərəcək.
Çinin "Sinxua" agentliyinin yaydığı siyahıda Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın da adları var.
Çin, Rusiya və Şimali Koreya yaxın müttəfiqlərdir. Pekin uzun müddətdir Pxenyanın ən böyük yardım və ticarət tərəfdaşıdır, Kim Çen In isə Moskvanın Ukraynadakı müharibəsinə yardım üçün Rusiyaya əsgər göndərib.
Avqustun 31-i və sentyabrın 1-də Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Azərbaycan prezidentinin sammitdə iştirak edib-etməyəcəyi haqda rəsmi informasiya yoxdur. Kremlin sözçüsü Dmitri Peskov isə Əliyevlə Putinin Çində mümkün görüşü haqda sualı cavablandırmayıb.
Tramp administrasiyası xarici tələbələrin ABŞ-də təhsil müddətini azaltmaq istəyir

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələrin ölkədə qalmasına icazə verilən müddətin məhdudlaşdırılması ilə bağlı təklif olunan layihəni açıqlayacaq.
1978-ci ildən bəri xarici tələbələr, yəni "F" vizası sahibləri, ABŞ-də "statuslarının qüvvədə olduğu müddət" ərzində qala bilirdilər, yəni tələbə kimi təhsil aldıqları müddətcə. Bu gün açıqlanması planlaşdırılan layihəyə görə isə xarici tələbələr, mübadilə proqramı iştirakçıları yalnız qatıldıqları proqramın müddəti boyu qala biləcəklər, lakin bu müddət 4 ili keçməməlidir.
Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) rəsmiləri bildiriblər ki, yeni qayda xarici tələbələrin ABŞ-nin "səxavətindən sui-istifadə edərək" "əbədi tələbələrə" çevrildiyi sistemi düzəltməyi hədəfləyir.
"Çox uzun müddətdir ki, əvvəlki administrasiyalar xarici tələbələrin və digər viza sahiblərinin ABŞ-də demək olar ki, qeyri-müəyyən müddətə qalmasına imkan verib, bu isə təhlükəsizlik riskləri yaradıb, saysız-hesabsız amerikalı vergi ödəyicisinin pullarına başa gəlib və ABŞ vətəndaşlarını əlverişsiz vəziyyətə salıb", - deyə DHS sözçüsü açıqlamasında bildirib.
"Yeni təklif olunan qaydalar isə müəyyən viza sahiblərinin ABŞ-də qalma müddətini məhdudlaşdırmaqla bu sui-istifadəyə birdəfəlik son qoyacaq və federal hökumətin xarici tələbələri və onların fəaliyyətlərini düzgün nəzarətdə saxlaması yükünü yüngülləşdirəcək".
Təklif olunan qaydalar təsdiqlənərsə, xarici tələbələrin ABŞ-də daha uzun müddət qala bilməsi üçün DHS tərəfindən mütəmadi qiymətləndirmədən keçməsi tələb olunacaq.
Xarici tələbələri təmsil edən hüquq müdafiəçiləri isə bildirir ki, bu qaydalar tələbələrə qeyri-müəyyənliklər yaradacaq və onlar əlavə bürokratik maneələrlə üzləşəcəklər.
Logistik çətinliklər, məsələn, viza müsahibələrindəki fasilələr, artıq beynəlxalq tələbə qəbuluna mənfi təsir göstərib. Bu payız üçün universitetlərin 35 faizində müraciətlərin sayı azalıb. Bunu ABŞ Təhsil İnstitutu yüzlərlə ali təhsil müəssisəsindən toplanan rəylərə əsaslanan hesabatında qeyd edib. Halbuki əvvəlki tədris ilində bu azalma yalnız 17 faiz olmuşdu.
Əgər xarici tələbələrin sayı azalarsa, universitetlər üçün ciddi maliyyə nəticələri ola bilər. Çünki adətən onlar daha yüksək təhsil haqqı ödəyirlər və daha az təqaüd dəstəyi alırlar.
Tələbələrlə yanaşı, təklif olunan qaydaya əsasən xarici jurnalistlər üçün ilkin qəbul müddəti ən çoxu 240 gün olacaq. Onlar müddətin daha 240 günə qədər uzadılması üçün müraciət edə bilərlər, lakin bu müddət onların ezamiyyətinin (iş tapşırığının) davametmə müddətindən artıq ola bilməz.
Almaniya ordunun sayını artırır

NATO ilə Rusiya arasında yüksək gərginlik fonunda Almaniyanın hökumət kabineti ölkənin silahlı qüvvələrinin sayını artırmaq və hərbi hazırlığı gücləndirmək üçün müəyyən qərarlar qəbul edib.
Hökumət kabineti könüllü hərbi xidməti nəzərdə tutan və çağırışçı sayı plan göstəricilərinə çatmadığı təqdirdə gələcəkdə hərbi mükəlləfiyyətə gətirib çıxara biləcək qanun layihəsini qəbul edib. Qanun layihəsini parlament də təsdiqləməlidir.
Almaniya Müdafiə Nazirliyi ümid edir ki, altı aylıq könüllülük proqramı hazırkı təxminən 100 minlik ehtiyatda olan təlim görmüş hərbçilərin sayını ikiqat artırmağa kömək edəcək və bəzi könüllülər sonradan aktiv xidmətdə karyera quracaqlar.
"Reuters"in məlumatına görə, müdafiə naziri Boris Pistorius NATO-nun hədəflərinə çatmaq və müdafiəni gücləndirmək üçün həm də xidmətdə olan hərbçilərin sayını 180 mindən 260 minə qədər artırmaq istəyir. Bu, hərbi xərclərin planlaşdırılan artımının bir hissəsidir və 2030-cu illərin əvvəlinədək həyata keçirilməsi nəzərdə tutulur.
Avqustun 27-də müdafiə naziri B.Pistorius və kansler Fridrix Merts qanun layihəsi ilə bağlı birgə mətbuat açıqlaması ilə çıxış ediblər.
Almaniya kansleri Merts bildirib ki, "Rusiya Avropada azadlığa, sülhə və sabitliyə ən böyük təhlükədir və bundan sonra da uzun müddət belə qalacaq".
Kanslerin sözlərinə görə, Almaniyanın təhlükəsizlik siyasəti buna cavab olaraq formalaşır. O, Almaniyanın NATO-nun Avropada ən böyük orduya malik ölkəsi olmaq məqsədini vurğulayıb.
Müdafiə naziri Pistorius isə deyib ki, Almaniya silahlı qüvvələri beynəlxalq təhlükəsizlik vəziyyətinə, xüsusən də Rusiyanın təcavüzkar davranışına cavab vermək üçün böyüməlidir.
"Bizə təkcə yaxşı təchiz olunmuş ordu lazım deyil, biz artıq iki il yarımdır ki, bunun üzərində işləyirik və dayanmayacağıq. Amma güclü kadrları olan orduya da ehtiyacımız var. Yalnız bundan sonra Rusiyaya qarşı bütövlükdə çəkindirmə siyasəti həqiqətən güvənilir olacaq", - Pistorius deyib.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə, kansler Angela Merkelin dövründə rəsmi şəkildə dayandırılıb.
Gürcüstanda 7 QHT-nin bank hesabına həbs qoyulub

Tbilisi şəhər Məhkəməsi Baş Prokurorluğun tələbi ilə etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham olunan 7 qeyri-hökumət təşkilatının (QHT) bank hesablarını dondurub. Məhkəmənin qərarı ilə Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Demokratiya Müdafiəçiləri, Gürcüstan Demokratiya Təşəbbüsü (GDI), "Sapari", Sosial Ədalət Mərkəzi QHT-lərinin hesabları bloklanıb.
Baş Prokurorluq bildirib ki, hesabların bloklanması təxribat fəaliyyəti və ya ona cəhd halları, xarici təşkilatın və xarici qurumlara tabe olan təşkilatın fəaliyyətinə kömək göstərilməsi, həmçinin konstitusiya quruluşuna və ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinin təşkili ittihamları ilə bağlı istintaqla əlaqədardır.
Qeyd olunub ki, sözügedən yeddi təşkilat etirazçılar üçün xüsusi qaz maskaları, qoruyucu eynəklər, maskalar, bibər qazı və digər avadanlıqlar alıb ki, bunlardan nümayişçilər polislə "şiddətli" toqquşmalar zamanı istifadə ediblər.
Bundan əlavə, prokurorluq bildirib ki, bu QHT-lərin rəhbərləri "ictimaiyyəti açıq şəkildə itaətsizliyə və müqavimətə çağırıb, onların təşkilati və maliyyə fəaliyyəti bütünlüklə aksiyalarda zorakılıq hərəkətləri törədən şəxslərin və onların ailə üzvlərinin maddi müdafiəsinə yönəlib".
İddia olunub ki, bu təşkilatlar qayda pozanların yerinə cərimələri və digər müdafiə xərclərini ödəyib.
Ötən ilin noyabrında Gürcüstan hökuməti 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan edib və bu qərar ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Polşa, Almaniya və Fransa dinc nümayişçilərə, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı zorakılığı, həmçinin siyasətçilərə qarşı təhdidləri pisləyib. Bir sıra Qərb ölkələri, o cümlədən Latviya, Litva və Estoniya etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib.
Qırğızıstanda 20 mindən çox tələbə universitetlərdən xaric edilib

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) apardığı antikorrupsiya auditindən sonra xaricilər də daxil olmaqla 20 mindən çox tələbənin yerli universitetlərdən xaric edildiyini bildirib.
"Qırğızıstanın ali təhsil sistemində korrupsiyaya qarşı mübarizə üzrə davam edən tədbirlər çərçivəsində Milli Təhlükəsizlik Dövlət Komitəsi ölkənin ali məktəblərində sistemli pozuntu faktlarını müəyyən edib", - "İnterfaks" hökumət qurumunun sitatını dərc edib.
Bildirilib ki, tədris prosesində faktiki iştirak etməyən, lakin tələbə kimi qeydiyyata alınan şəxslər müəyyən edilib. Bu faktlar əsasında Qırğızıstan Cinayət Məcəlləsinin "Vəzifə saxtakarlığı" maddəsi ilə cinayət işi açılıb. Ölkə üzrə 20 mindən çox tələbə xaric edilib.
MTDK bildirib ki, xaric edilənlər arasında Pakistan, Hindistan, Banqladeş, Özbəkistan, Tacikistan və digər ölkələrdən olan tələbələr var. Onların bir çoxu Oş və Bişkekdəki tibb fakültələrində təhsil alıblar.
Hindistan və Pakistandan olan çox sayda tələbələr Qırğızıstanda təhsil alırlar, çünki buradakı təhsil onların öz ölkələrindən xeyli ucuzdur. Amma hələ 2020-ci ildə Pakistan hökuməti Qırğızıstanın bütün tibbi universitetlərini qara siyahıya daxil edib. Pakistanlılara həkim və tibb bacısı ixtisasları üzrə bu universitetlərdə təhsil almaq tövsiyə edilməyib. Pakistan bu qadağanı təhsilin aşağı keyfiyyəti ilə izah edib. İddia olunub ki, Qırğızıstan tibbi universitetlərinin məzunlarının 90 faizi öz vətənlərində sertifikasiya imtahanlarından keçə bilməyib.
2024-cü ildə Qırğızıstanda Hindistan, Pakistan və Banqladeşdən olan tələbələrin yerləşdiyi yataqxanalara hücumlar baş verib. İnsident nəticəsində 29 nəfər xəsarət alıb.
ABŞ-nin Hindistan mallarına 50 faizlik rüsumu qüvvəyə minir

ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara tətbiq olunan rüsumları 50 faizə qədər artırılması barədə qərar bugündən qüvvəyə minir və strateji tərəfdaşları arasında gərginliyi artırıb.
Hindistanın Rusiya nefti almasına görə tətbiq edilən əlavə 25 faizlik cərimə rüsumu bu ölkədən idxal olunan bir çox məhsullara daha əvvəl tətbiq olunmuş 25 faizlik rüsuma əlavə olunub. Nəticədə geyim, qiymətli daşlar və zinət əşyaları, ayaqqabı, idman ləvazimatları, mebel və kimyəvi maddələr kimi mallar üçün ümumi rüsum 50 faizə qədər yüksəlib.
ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Keçən il onun ABŞ ilə ticarət profisiti təxminən 46 milyard dollar olub. ABŞ-nin idxal tariflərinin Hindistanın avtomobil, kimya, qida, zərgərlik və tekstil sektorlarına ciddi zərbə vuracağı gözlənilir. Hindistan hökuməti tariflərdən təsirlənən kiçik istehsalçılara güzəştli kreditlər və Hindistan malları üçün yeni bazarlar tapılacağını vəd edib. Baş nazir Narendra Modi bazar ertəsi deyib ki, onun hökuməti kiçik sahibkarların, heyvandarlıqla məşğul olan fermerlərin zərər görməsinə icazə verməyəcək.
Hindistandan idxal olunan mallara əlavə gömrük rüsumunun tətbiqinin rəsmi səbəbi ölkənin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya nefti idxalını dəfələrlə artırması olub. ABŞ-nin maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Piter Navarro Hindistanı Rusiya nefti alaraq Moskvanın təcavüzünü maliyyələşdirməkdə ittiham ediblər. Müharibədən əvvəl Rusiyanın Hindistanın neft idxalındakı payı cəmi 1 faiz idisə, indi bu göstərici 42 faizə çatıb.
"Bloomberg"in məlumatına görə, Hindistandakı neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft idxalını bir qədər azaltmağı planlaşdırır.
Ukrayna Baş Qərargahı Dnepropetrovsk vilayətində döyüşlərin getdiyini təsdiqləyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq Dnepropetrovsk vilayəti ərazisindəki yaşayış məntəqələri uğrunda döyüşlərin getdiyini təsdiqləyib. Bununla yanaşı, qurum "DeepState" monitorinq platformasının Rusiya qüvvələrinin vilayət ərazisində iki kəndi ələ keçirməsinə dair məlumatını təkzib edib.
Baş Qərargahın avqustun 26-da dərc olunan məlumatında bildirilib ki, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin şərqində, Donetsk vilayəti ilə sərhəd yaxınlığında yerləşən Zaporojskoye və Novoqeorqiyevka kəndləri ərazisində döyüşlər aparır. "Ukraynanın müdafiə qüvvələri rus işğalçılarının irəliləməsinin qarşısını alıb və Zaporojskoye kəndinə nəzarəti davam etdirirlər", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, "Novoqeorqiyevka kəndi ərazisində fəal döyüş əməliyyatları davam edir".
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dnepropetrovsk vilayəti ərazisində döyüşlər barədə Rusiya və bir sıra Ukrayna mənbələrinin məlumatlarını şərh etməmişdi, baxmayaraq ki, Rusiya diversiya qruplarının regiona sızdığı bildirilmişdi.
"DeepState" layihəsi daha əvvəl yazmışdı ki, Rusiya hərbi qüvvələri artıq bir müddətdir həm Dnepropetrovsk vilayətinin sərhədi boyunca, həm də artıq onun ərazisində hərbi əməliyyatlar aparır.
Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya qoşunları Zaporojskoye və Novoqeorqiyevka da daxil olmaqla, regionda bir neçə yaşayış məntəqəsini ələ keçirib. Söhbət kiçik kəndlərdən gedir. Hazırda cəbhə xəttinin keçdiyi ərazidə, Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin qovşağında iri yaşayış məntəqələri və ya şəhərlər yoxdur.
Donetskdən fərqli olaraq, Dnepropetrovsk vilayətinin ilhaqı Rusiya hakimiyyəti tərəfindən rəsmən elan edilməyib, yəni Moskva hələ də onu Ukrayna ərazisi hesab edir. Rusiyalı hərbi bloqerlər bir neçə həftə əvvəl Rusiya qüvvələrinin Pokrovskdan cənubda yerləşən rayonların sərhədlərinə çatması barədə məlumat vermişdilər, o vaxtdan bəri "DeepState" xəritələrinə əsasən, Rusiya hərbçiləri bəzi ərazilərdə bir neçə kilometr irəliləyə bilib.
'Reuters': Ukrayna dronlarının hücumlarına görə Rusiyanın neft emalı 17 faiz azalıb

Ukrayna dronlarının hücumları nəticəsində Rusiya neft emalı gücünün 17 faizini itirmiş ola bilər. Bu barədə "Reuters" agentliyi yazıb. Agentlik bildirir ki, Rusiyanın bir sıra iri neft emalı zavodlarında istehsal tamamilə dayanıb. Bu hücumlar mövsümi tələbatın pik dövründə baş verib.
Dron hücumları səbəbindən Volqoqrad, Novokuybışevsk, Samara, Saratov və Sızran neft emalı zavodları tamamilə fəaliyyətini dayandırıb. Hücuma məruz qalan zavodlar arasında Afipski, Slavyanski və Novoşaxtinski neft emalı zavodları da var.
"Verstka" yazır ki, yanacaq qiymətləri üzrə birja kotirovkaları qışdan bəri artmaqdadır və bu fonda benzinin qiymətini artırmadan satmaq yanacaqdoldurma məntəqələrinə sərf etmir.
"The Moscow Times" qeyd edir ki, benzinlə bağlı problemlər artıq Krım, Transbaykaliya, Primorye və Kuril adalarına təsir edib. Avqustun 25-də neft şirkətlərinin rəhbərliyi baş nazirin müavini Aleksandr Novakla görüşə dəvət olunub. "İnterfaks"ın xəbərinə görə, görüşdə istehsalçıların rezervində olan benzin ehtiyatlarının bazara çıxarılması imkanları müzakirə olunub.
Ərdoğan: 'Zəngəzur sülh layihəsidir'

"Zəngəzur keçidi bütün bölgə üçün bir sülh layihəsidir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də deyib. Onun sözlərinə görə, layihənin bütün tərkib hissələri ilə gerçəkləşdirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni bir mərhələyə keçirəcək.
Ərdoğan əlavə edib ki, avqustun 22-də təməli qoyulan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmiryol xətti "Zəngəzur dəhlizi"nin onurğa sütunudur.
"Hədəfimiz dəmiryol şəbəkəmizi 2028-ci ildə 17 min 500 kilometrə, 2053-cü ildə isə 28 min 600 kilometrə çatdırmaqdır", – o söyləyib.
Prezidentin dediyinə görə, xətt sayəsində ildə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq, ümumi dəyəri 2,4 milyard avro olan layihə istifadəyə veriləcək, bununla da Çin-dən İngiltərəyə uzanan beynəlxalq ticarət xətti daha səmərəli hala gələcək. Layihə Xəzər və Aralıq dənizi hövzələrini birləşdirərək Türkiyənin şərqi və cənub-şərqi Anadolu bölgələrinin istehsal gücünə, ixracına və nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək.
Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz" termininə qarşı çıxıb, belə bir əlaqəyə "sülh yolu" deyib.
Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.
Avstraliya İran səfirini ölkədən çıxarır

Avstraliya ötən il Melburn və Sidneydə törədilən antisemit hücumlarda İranı ittiham edərək bu ölkənin səfiri Əhməd Sadiqini "persona non-qrata" elan edib. Səfir və səfirliyin üç əməkdaşına 7 gün ərzində Avstraliyanı tərk etmək barədə xəbərdarlıq edilib.
Avstraliya baş naziri Entoni Albaniz mətbuat konfransında deyib ki, ölkənin kəşfiyyat xidmətləri İranın ən azı iki antisemit hücumu təşkil etdiyi barədə "dərin narahatedici" nəticəyə gəlib.
Baş nazirin sözlərinə görə, 2024-cü ilin oktyabrında Sidneyin Bondi ətrafında yerləşən "Lewis Continental Cafe" adlı yəhudi kafesində baş verən yanğının arxasında Tehran dayanır. O, həmçinin kəşfiyyat məlumatlarına istinad edərək 2024-cü ilin dekabrında Melburndakı İsrail sinaqoqundakı irimiqyaslı yanğının da İran tərəfindən təşkil olunduğunu bildirib: "Bunlar Avstraliya torpağında yad bir ölkə tərəfindən təşkil edilən təhlükəli təcavüz aktlarıdır. Bunlar cəmiyyətimizdə sosial birliyi pozmaq və nifaq salmaq cəhdləri idi. Bu, tamamilə qəbuledilməzdir".
Albaniz əlavə edib ki, onun hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı siyahısına daxil edəcək.
Avstraliya həm də İrandakı səfirini geri çağırıb və səfirliyin Tehrandakı fəaliyyətini dayandırıb.
Avstraliya xarici işlər naziri Penni Vonq bildirib ki, onun ölkəsi İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hər hansı səfiri ölkədən çıxarır.
Vonq deyib ki, Avstraliya Tehranla bəzi diplomatik əlaqələri davam etdirəcək, lakin işçilərinin təhlükəsizliyi üçün İrandakı səfirlik fəaliyyətini dayandırıb. O, həmçinin avstraliyalıları İrana səyahət etməməyə çağırıb.
Rusiya daha bir Avropa konvensiyasından çıxır

Rusiya hökuməti prezident Vladimir Putini işgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyasını denonsasiya etməyə çağırıb. Bu barədə avqustun 25-də hökumət saytında dərc olunan qətnamədə bildirilib.
Baş nazir Mixail Mişustinin imzaladığı qətnamədə Rusiyanın həm konvensiyadan, həm də əlavə protokollardan çıxması istənilir.
Avropa Şurasına üzv dövlətlər 1987-ci ildə işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasını qəbul ediblər. Rusiya onu Avropa Şurasına qoşulduqdan iki il sonra, 1998-ci ildə ratifikasiya edib.
2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsinə başlayandan sonra Rusiya beynəlxalq təşkilatlardan, konvensiyalardan və proqramlardan çıxmağa başlayıb. Rusiya Avropa Şurasından çıxmaqla yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasına da üzvlüyü dayandırıb və Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasından imtina edib.
Polşa oktyabrdan Ukrayna üçün 'Starlink' peyk internetinin ödənişini dayandırır

Polşanın avqustun əvvəlində vəzifəsinin icrasına başlayan yeni prezidenti Karol Navrotski oktyabrın 1-dən Ukraynaya "Starlink" peyk internetinin maliyyələşdirilməsi üçün yardım ayrılmasını faktiki olaraq dayandırıb. Bu barədə Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski X sosial şəbəkəsindəki paylaşımında bildirib.
Nazirin sözlərinə görə, prezident Navrotski ukraynalı vətəndaşlara yardım haqqında qanuna veto qoyub və həmin qanuna bu təklif də daxil idi.
"Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir, çünki onun Ukrayna vətəndaşlarına yardım haqqında Qanunla bağlı qərarı de-fakto məhz bunu ifadə edir. Bu, Polşanın müharibədə olan Ukraynaya təqdim etdiyi "Starlink" internetinin sonudur. Bu, həmçinin Ukrayna administrasiyasının məlumatlarının təhlükəsiz yerdə saxlanmasına göstərilən dəstəyin də sona çatmasıdır", –o qeyd edib.
Navrotski avqustun 25-də bildirib ki, o, parlament tərəfindən təsdiqlənmiş və Polşada yaşayan ukraynalı qaçqınların uşaqlarına ödənişlərin uzadılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub. Polşa prezidentinin saytında dərc olunmuş izaha görə, Navrotskiyə bu ödənişlərin Polşada işləməyən ukraynalılara da verilməsi xoş gəlməyib.
Kiyev "Starlink" peyk internetindən həm cəbhədə hərbi məqsədlər üçün, həm də dövlət sektorunda istifadə edir. Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bildirmişdi ki, Ukrayna üçün "Starlink" xidmətləri Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən ödənilir və bu, ildə təxminən 50 milyon dollara başa gəlir.
Milli-mühafizəkar PiS partiyasının nümayəndəsi olan prezident Navrotski Ukrayna əleyhinə digər bir neçə təşəbbüs də irəli sürüb. O, Polşada vətəndaşlıq üçün müraciət müddətini üç ildən 10 ilə qədər, üç dəfədən çox artırmağı təklif edib. Ukrayna millətçilərinin OUN-UPA simvolikasını faşist və sovet kommunist simvolikası ilə eyniləşdirən və onu qadağan edən qanun layihəsini irəli sürüb. Bu qanun layihələri, hələlik, rəsmi şəkildə parlamentə təqdim edilməyib.