Göygöl rayonunun Qırıxlar kəndində yerləşən Qadın Ruhi Əsəb Dispanserliyi. Jurnalist Aytən Fərhadova bu xəstəxana üçün ayrılmış vəsaitin çox hissəsinin müəmmalı şəkildə «itdiyini» araşdırır. Abbas Atilay isə çəkir.
Qadın Ruhi Əsəb Dispanserinin adamı dəli edən «haqq-hesabları»

1
Göygöl rayonunun Qırıxlar kəndində Qadın Ruhi Əsəb Dispanserliyinin yaşlı xəstəsi.

2
“Mənə bir məmməd ver, mənə də bir məmməd ver!”, - bağlı darvazanın arasından iki cüt göz baxırdı. “Neynəyəcəksən bir məmmədi?” “Çörək alacam”. Göy-Göldəki 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evinin önündəydik. Əlimizdə olan bəzi faktlar bizi bura gətirmişdi. Faktlar deyirdi ki, bu internat evinə ayrılan dövlət vəsaitində yeyinti halları mövcuddur. Məhz bunu öyrənmək üçün burda idik.
Aytən Fərhadova (solda) və xəstəxananın gənc sakini.

3
İnternat evinin mühasibi Nigar Şərifovanın sözlərinə görə, burada əvvəllər 115 nəfər yaşayırdı. 2011-ci ilin oktyabrından isə onların sayı artıb. Buna da səbəb Buzovnadakı 9 saylı internat evinin təmirə dayanmasıdır. Buzovna internastının 23 sakini də 115 nəfərə əlavə olub. N.Səfərova: “Hazırda 138 nəfər üzvümüz var. Ərzaq təminatında heç bir problemimiz yoxdur. Dövlət bizi hər şeylə təmin edir...”

4
Göy-Gölün Qırıxlı kəndində yerləşən internat evinə 2011-ci il 423.522 manat, o cümlədən “dərman-sarğı ləvazimatları və materialların alınması” maddəsinə 18500 manat, ərzaq məhsullarının alınmasına 121.800 manat smeta təsdiq olunub. 2012-ci ildə internata 481.822 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınmasına 18500 manat, ərzaq məhsullarının alınması maddəsinə isə 178.000 manat vəsait nəzərdə tutulub. Növbəti illərdə də smeta təqribən buna yaxın olub.