Avqustun 23-də Rusiya sərhədçiləri Xəzərin Dağıstan hissəsində Azərbaycanın «Xəzər» balıqçı gəmisini saxlayıblar. Mahaçkala sərhəd nəzarəti bölməsindən «Azadlıq» radiosuna verilən məlumata görə, gəminin anbarında nərəkimilər cinsindən olan xeyli balıq aşkarlanıb. Araşdırma aparılması üçün gəmi Mahaçkala limanına aparılıb. Gəmidə neçə nəfərin olması ilə bağlı hər hansı məlumat verilmir.
Sərhəd nəzarəti bölməsindən bildiriblər ki, qanunsuz nərə ovuyla məşğul olanlarla bağlı hansı addımın atılacağı aparılan araşdırmalardan sonra məlum olacaq.
«Xəzər» bu il Rusiya sularında saxlanan Azərbaycanın dördüncü balıqçı gəmisidir. Bəzi məlumatlarda bu gəminin «Kaspian Fiş So» Şirkətinə məxsus olduğu bildirilsə də, oradan deyilənləri təkzib etdilər.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən də həmin gəminin sahibini öyrənmək mümkün olmadı. Oradan bildirildi ki, balıqçı gəmiləri ayrı-ayrı özəl şirkətlərə məxsus olduğundan, «Xəzər»in idarəyə heç bir aidiyyatı yoxdur.