-Cənab Kaspşik, Bakı sizin yanğınlarla bağlı hesabatınızdakı bəzi məqamlarla razılaşmır. Hətta rəsmilər arasında bu sənədin obyektiv olmadığını deyənlər də var. Rəsmilər yanğının təbii fəlakət olmadığını, qəsdən törədildiyini bildirir. Siz bu haqda nə deyə bilərsiz?
- Mən Azərbaycanın rəsmi rəyinin o qədər də kəskin olmadığını, hesabatı isə sərt qarşılamadığını düşünürəm. Həmişə demişəm ki, yanğınlar üzrə ekspert deyiləm. Mənim vəzifəm yanğınlarla bağlı baxış keçirməkdi. Mən də bunu etdim və tövsiyələrimi verdim. Üstəlik mən indi bu yanğının vurduğu ziyanı azaltmaq üçün səylərimi davam etdirirəm.
-Necə hesab edirsiniz ekoloqların iştirakı ilə ikinci monitorinq keçirilə bilərmi?
- Düşünmürəm ki, ekspertlərdən ibarət qrupun təkrar monitorinq keçirməsi heç bir əngəllə üzləşməyəcək. Amma buna əvvəldən hazırlaşmaq lazımdır. Çünki mənə və komandama hazırlıq və monitorinq aparmaq üçün az vaxt verilmişdi. Mən özümsə təkrar monitorinqin aparılması üçün tərəflərin qulluğundayam. Azərbaycan tərəfi tələb edir ki, ekspertlər gəlsinlər. Mən bu ideyanı dəstəkləyirəm. Amma qarşı tərəfi də nəzərə almaq lazımdır. Əgər onlar razıdırlarsa, ekspertlərdən ibarət qrupun gəlməsində problem olmayacaq.
-Demək, hər şey Ermənistanın razılığından asılıdır?
-Yox, bu tərəflərin razılığından asılıdır. Necə ki, bu münaqişə ilə bağlı hər şey birgə edilir.
-Ermənistanda bu haqda nə fikirlər var?
-Xarici İşlər naziri müsahibələrinin birində demişdi ki, bu yanğınlar bir elə də ciddi deyil. Ancaq bu bir neçə gün öncə idi. Mən özüm də bir müddət həmin bölgədə olmamışam. Üstəlik bu yanğınlar genişlənməkdədir. İndi yanğınlar deyəsən, Qarabağdan başqa Azərbaycan-Ermənistan sərhədində başlayıb. Ola bilər ki, bu məsələ indi daha da ciddiləşib. Ona görə mən Ermənistana getməyə, orda danışıqlar aparmağa hazırlaşıram. Eyni zamanda Qarabağda olacağam. Sərhəd bölgəsində və ya təmas xəttində yaşayan insanların fəlakətlə üzləşməməsi üçün əməkdaşlıq planını nəzərdən keçirməyi düşünürəm. Məncə, yanğın ucbatından kəndlilərin əməyinin batması arzuolunmazdır. Bildiyimə görə, həmin ərazilərdə su çatışmazlığı var. Yanğınla mübarizə aparmaq üçün su və müasir avadanlıq lazımdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Yerli mətbuat reallığa uyğun gəlməyən məsələlərdən danışır. Guya mən hesabatımda deyirəm ki, yanğınlar iqlimin nəticəsidir. Bu mənim hesabatımın təhrif olmasıdır. Mən demişəm ki, adətən iyulda başlanan istilərin bu il iyuna təsadüf etməsinə və güclü küləyə görə yanğının yayılması, təkrar edirəm yanğının yayılması əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə çox olub. Məncə, burda açıq deyilir ki, yanğının səbəbi iqlimlə, hava ilə bağlı olmayıb.
-Bəs yanğınlar nədən törənib?
-Səbəblər müxtəlif ola bilər. Bunu ancaq ekspert deyə bilər. Öz gözü ilə yanğının necə baş verdiyini görməyən adamsa bu haqda heç nə deyə bilməz.
-Siz adətən qoşunların təmas xəttində və sərhəd bölgələrdə atəşkəslə bağlı monitorinq aparırsınız. Azərbaycan Müdafiə Nazirliyi son yarım ildə 70 dəfə atəşkəsin pozulduğunu bildirir. Sizcə, son zamanlar atəşkəsin pozulması intensivləşibmi?
-Mən Azərbaycan Müdafiə Nazirliyindən məlumat almamışam. Aldığım məlumat mətbuatdandır. Bu məlumat nə qədər etibarlıdır, onu müəyyənləşdirmək mənim üçün çətindir. Amma monitorinqim əsasında deyə bilərəm ki, rəqəmlərdən asılı olmayaraq ilin əvvəli ilə müqayisədə son zamanlar atəşkəsin pozulması bir qədər azalıb.