Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:43

«Yanğın diplomatiyası»


Azərbaycan yanğınlarla bağlı faktları BMT Baş Assambleyasına da təqdim edib
Azərbaycan yanğınlarla bağlı faktları BMT Baş Assambleyasına da təqdim edib
Azərbaycan sanki ekologiya və ətraf mühit məsələlərinin beynəlxalq münasibətlərdə həssas olduğuna əsaslanıb işğal altında olan ərazilərin yandırılması barədə diplomatik kampaniya apardı. Son bir neçə ayda davam edən «yanğın diplomatiyası» nəyə hesablanmışdı və hansı nəticələr əldə edildi?

Bu kampaniyanın müsbət nəticələr verəcəyinə rəsmi dairələrdə ümidlər səslənir. Ancaq ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin hazırladığı hesabatda yanğınların əsasən isti hava şəraiti ilə izah edilməsi Azərbaycanın rəsmi dairələrində narazılıqla qarşılanıb. Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib ki, hesabat obyektiv deyil və orda yanğınların qəsdən törədilməsi öz əksini tapmayıb. Cənab Kaspişik də cavabında bildirib ki, Azərbaycan yanğınların Ermənistan tərəfindən törədildiyini sübut edən faktlar ortalığa qoymayıb.


Məsələnin ATƏT çərçivəsində qaldırılması gözlənilən nəticəni verməsə də, Bakı təşəbbüslərini davam etdirməkdədir. Araz Əzimov bildirir ki, həm işğal altında olan ərazilərin məskunlaşdırılması, həm yanğınlar, həm də mədəni abidələrin dağıdılmasıyla bağlı sənəd və fotoşəkillər BMT Baş Assambleyasına da təqdim edilib: «Artıq BMT Baş Assambleyasının toplantısında Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşma, yanğınlar və mədəni abidələrin dağıdılması məsələsiylə bağlı müzakirələrin aparılacağı gözlənilir».


Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Mətin Mirzə isə deyir ki, onlar bu məsələylə bağlı BMT-də qətnamənin qəbuluna çalışacaqlar. Ancaq o, hesab edir ki, BMT qətnaməsi hələ problemin aradan qalxması demək deyil: «Hərçənd indi qətnamələri nəzərə alan yoxdur. Anacaq hər halda sənəddir».


Amma Azərbaycanda heç də hamı yanğınlarla bağlı başlanan kampaniyanın bir nəticə verəcəyinə inanmır. Düzdür, son vaxtlar bu istiqamətdə səylərin artması Azərbaycan diplomatiyasının müdafiədən hücuma keçməsi kimi dəyərləndirilir. Bununla belə, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, işğal altında olan ərazilərdə məskunlaşma məsələsi ilə müqayisədə yanğınlar problemini gündəliyə gətirmək o qədər də uğurlu təşəbbüs deyil. Çünki Azərbaycanın işğal altında olmayan ərazilərində də tez-tez yanğınlar baş verdiyindən erməni tərəfini qəsdən yanğınlar törətməkdə günahlandırmaq bir qədər məsuliyyətli məsələdir. Cənab Şahinoğlunun sözlərinə görə, Azərbaycan belə uğursuz cəhdlərdənsə ictimaiyyətin diqqətini ATƏT-in Minsk Qrupunun təklif etdiyi prinsiplərin müzakirəsinə yönəltməlidir: «Fikir verirsinizsə, ATƏT-in Minsk Qrupuna qarşı da kampaniya başlanılıb».


Ekspert deyir ki, yanğınlarla bağlı kampaniya ictimai fikri Qarabağ münaqişəsinin həlli planı ətrafında müzakirələrdən bir xeyli yayındırıb. Politoloq Rasim Musabəyov isə bildirir ki, nəticə verib-verməməsindən asılı olmayaraq Azərbaycan işğal altında olan ərazilərdə vəziyyətlə bağlı kampaniyanı davam etdirməlidir. Onun sözlərinə görə, bu, istər-istəməz həm işğal faktını daim diqqətdə saxlayır, həm də Ermənistanı beynəlxalq təşkilatlara cavab vermək məcburiyyəti qarşısında qoyur. Bununla belə, cənab Musabəyov hesab edir ki, bu kampaniyanın beynəlxalq təşkilatların hədəf seçilməsi ilə müşahidə edilməsi gözlənilən nəticənin effektini heçə endirə bilər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG