Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 23:32

Dostu: «Dilqəmi Kəlbəcərə aparan onun vicdanı olub»


Kəlbəcərdə Ermənistan hərbçilərinin girov götürdüyü Dilqəm Əsgərov
Kəlbəcərdə Ermənistan hərbçilərinin girov götürdüyü Dilqəm Əsgərov

-

Kəlbəcərdə Ermənistan hərbçilərinin girov götürdüyü Dilqəm Əsgərovun dostu AzadlıqRadiosuna danışıb. Adının çəkilməsini istəməyən həmin şəxsin müsahibəsi diqqətinizə çatdırırıq.

-Siz Dilqəm Əsgərovun Kəlbəcərdə girov götürülməsini necə bildiniz, hardan eşitdiniz?

-Ağcakənddə dağda idim. Dağdan enəndən sonra Dilqəmin telefonuna dəfələrlə zəng etdim, ona zəng çatmadı. Sonra mənə xeyli zəng gəldi ki, bəs Dilqəmdən nə xəbər var, Ermənistan agentlikləri onun Kəlbəcərdə tutulduğunu yazır. Ondan sonra bildim ki, onu ermənilər girov götürüblər. Mən Dilqəmlə Permdə bir az işləmişəm. Sonra mən çıxdım gəldim, amma o qaldı. Yayda gələndə həmişə gedib doğulduğu Şaplar kəndinə baş çəkirdi.

-Belə məlumatlar yayılmışdı ki, guya o bu barədə özü telefonla zəng edib xəbər verib.

-Bu tamamilə yalan məlumatdır, belə bir şey olmayıb. Hər bir söz danışır. Neyləmək olar ki...

- Ermənistan tərəfi onunun təxribatçı kimi Kəlbəcərə səfər etdiyi yazır. Dilqəmlə yaxın dost olduğunuzu deyirsiniz, o necə adamdı?

-Onun hansısa təxribatlar törətmək üçün Kəlbəcərə getdiyini demək tamamilə yalandır. Bu adam o torpaqlara getməsəydi dayana bilmirdi. Doğulduğu yerə, valideynlərinin məzarını ziyarətə gedirdi. Onunla bağlı yayılan videolarda da görünür ki, o oralarda gəzir, yeyib-içir, kabab çəkir və s. Onun məqsədi işğal altındakı vətənini görmək, oralardakı bulaqlardan su içmək, oranın təmiz havasını udmaq olub. Azərbaycan hökuməti onu ora təxribatçı kimi göndərsəydi o adam bir parça çörək üçün məcbur olub Permə gedib meşələrdə işləməzdi. Dilqəm kimi oğul nəinki Kəlbəcərdə, heç bütün Azərbaycanda yoxdur. Hər dəfə gedən də mənə təklif edirdi ki gedək nə isə mən getmədim. Bu dəfə mən də planlaşdırmışdım getməyə, amma mənə qismət olmadı. Dilqəmi Kəlbəcərə aparan onun vicdanı olub, başqa bir şey yoxdur. Bir dəfə Bakıda ondan soruşublar ki, sən Kəlbəcərə niyə gedirsən? Dilqəm də həmin adamdan soruşub ki, sən ata-ananın qəbrini ziyarət edirsənmi, deyib hə. O da deyib ki, mən də Kəlbəcərə ona görə gedirəm. Bu həqiqətən də belədir. Onun başqa məqsədi olmayıb.

-Siz özünüz necə Kəlbəcərə gedib-gəlməmisiniz ki?

-Mən hər yay bir dəfə Murova qalxıb o biri tərəfə keçib hava almasam yaşaya bilmərəm. Gedirəm bir-neçə gün qalıb havamı dəyişib qayıdıram. Amma sözün düzünü deyim ki, Kəlbəcər rayon mərkəzinə risk edib gedə bilmirəm, çünki mənimlə heç kim getmir.

-Yəni siz getdiyiniz yerlər də işğal altındadır?

-Bəli. Mən Azərbaycan hərbçilərinin də, erməni hərbçilərinin də postunu keçib gedirəm. Orda nəfəs alıram, gül-çiçək yığıram, sonra qayıdıram evə. Mənim cəsarətim ora qədər çatır. Amma Dilqəm müəllim lap mərkəzə gedib çıxırdı. Biz Dilqəm ola bilmərik. Ümumiyyətlə heç kim Dilqəm ola bilməz. Mən Murova gedib hava alıram, o da Kəlbəcərin mərkəzinə gedib hava alırdı.

-Bəs siz o, hərbi postları necə keçirsiniz?

-Gecə keçirsən, gündüz mümkün deyil...Bu həyata risk hesabına mümkün olur, elə belə şey deyil... Mən Kəlbəcərliyəm, o yerlərin hər bir nöqtəsinə bələdəm. Dövlət məni göndərsə tək Kəlbəcərə yox, Laçına da gedərəm, Şuşaya da... Əgər belə bir tələb olsa mən torpağımdan, vətənimdən ötrü hər yerə, hara qədər desələr gedərəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG