Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Demokratiyanın buxovlanması doktrinası


Christopher Walker
Christopher Walker
Avtoritar ölkələr demokratiyanı yaxın buraxmamaq üçün özlərinin media və vətəndaş cəmiyyətinə qarşı işlətdikləri metodları kənara ixrac edirlər və bunu nəzərə almağın vaxtı çatıb. Bu, Milli Demokratiya Fondunun (National Endowment for Democracy) Demokratik Tədqiqatlar Forumunun icraçı direktoru Christopher Walker-in fikridir. O AzadlıqRadiosundan Golnaz Esfandiariyə “Demokratiyanın Buxovlanması Dokstrinası” barədə müsahibə verib.

AzadlıqRadiosu:
Siz "The Washington Post" qəzetində dərc olunmuş məqalənızdə bildirirsiniz ki, bir neçə avtoritar ölkə, gənc demokratiyaların və ya demokratiya ambisiyaları olan ölkələrin qarşısını kəsmək üçün xarici siyasətdən istifadə edir.

“Demokratiyanın buxovlanması doktrinası” adlandırdığınız anlayışın nümunəsi kimi Ukraynada Rusiyanın avtoritar sisteminə təhlükə ola biləcək hesabatlı hökumətin yaradılması cəhdlərinin qarşısının alınması məqsədilə ilə Krımın Moskva tərəfindən ilhaq edilməsini göstərmisiniz. Lütfən bu məqamı bir qədər geniş aydınlaşdırın…

Christopher Walker:
Düşünürəm ki, Rusiya da daxil olmaqla, avtoritarların yanaşma metodlarından biri də daxildə tətbiq etdikləri standartları sərhədlərindən kənara yaymaq cəhdləridir.

Beləliklə, bunlar vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə çox
dar meydan verən ölkələrdir və belə görünür ki, onlar xarici siyasətlərinə bu baxımdan yanaşırlar.

Rusiyadan danışırıqsa, misal kimi, ilhaq olunmuş Krımda medianın Rusiyanın standartlarına uyğunlaşdırılmasını gətirə bilərik. Bir sözlə, Rusiyanın repressiv standartları Krım mediasına, siyasətinə, onun vətəndaş cəmiyyətinə tətbiq edilir.

Ukraynanın şərqində geniş mənada Rusiyanın təxribatı ilə yaradılan hadisələr ukraynanıların daha az korrupsiyalı və daha çox hesabatlı hökumət yaratmaq cəhdlərini əngəlləyir. Çünki ölkənin nəzərəçarpacaq dərəcədə geniş ərazisində Rusiyanın törətdiyi böhran şəraitində belə bir hakimiyyəti yaratmaq çətindir.

AzadlıqRadiosu:
Siz məqalənizdə yazırsınız ki, Ukrayna regionda Rusiyanın repressiv xarici siyasətinin yeganə hədəfi deyil və bu mənada Gürcüstan və Moldovanın adlarını çəkirsiniz. Rusiya demokratik dəyişikliklərə çalışan ölkələrə qarşı necə işləyir?

Christopher Walker:
Biz görürük ki, islahatları həyata keçirmək istəyən ölkələr üçün Ruysiya çox ziyanlı partnyordur. Biz Gürcüstana qarşı hərbi müdaxilənin, ona və regionun başqa ölkələrinə qarşı iqtisadi sanksiyalar və blokadanın tətbiqinin şahidi olmuşuq. Bütün bunları Rusiya son 20 ildə vaxtaşırı Baltikyanı ölkələrə qarşı da edirdi. Beləliklə, biz görürük ki, Rusiya, yerli idarəetmələrini daha böyük demokratiya və hesabatlılıq istiqamətində aparan ölkələrin qüdrətini məhdudlaşdırmaq üçün cidd-cəhdlər edir.

AzadlıqRadiosu:
Gəlin, Rusiyanın və adını çəkdiyiniz başqa ölkələrin – İranın, Çinin və Səudiyyə Ərəbistanının demokratiyanın yayılmasının qarşısını almaq məqsədilə istifadə etdikləri strategiyalardan danışaq. Siz “buxovlanmanın üç sferasını” göstərirsiniz: beynəlxalq təsisatlar, gənc demokratiyaların və demokratik ambisiyaları avtoritar ölkələr və onların nüfuz dairələri üçün təhlükəli olan ölkələrin buxovlanması…

Christopher Walker:
Əgər regional və beynəlxalq təsisatların səviyyəsinə baxsaq, adını çəkdiyiniz ölkələrin – Çin, Rusiya, Səudiyyə Ərəbistanı və İran hökumətlərinin (Latın Amerikasında bu, Venesuelaya da aiddir) - əsas diqqəti demokratik standartlar sahəsində onları tənqid edən təşkilatların standartlarını aşındırmağa və tükəndirməyə yönəlib. Belə tənqidçi qurumlar Avrasiyada Avropa Şurası, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır (ATƏT).

Eyni zamanda, zənnimcə, hazırda bu rejimlərin diqqəti avtoritar normaları bərqərar etmək məqsədilə alternativ təsisatların yaradılmasına yönəlib. Şanxay Əməkdaşlıq Təşkilatının təkamülü və Avrasiya Gömrük İttifaqı kimi qurumların yaradılması məhz bu məqsədə xidmət edir.

Böyük həqiqət bundan ibarətdir ki, həmin rejimlərin yaratdığı təsisatlar onların öz normalarını artıq oturuşmuş demokratik normalara qarşı qoyur. Bu isə o deməkdir ki, həmin normaların qoyulması və onlara əməl edilməsinin bütöv çərçivəsi sual altına salınır. Bu bütün demokratiyaların, xüsusilə həmin təsisatların yurisdiksiyasında yaşayan demokratiyaların problemidir.

AzadlıqRadiosu:
Bu rejimlər təbliğatın mühümlüyündən xəbərdardırlar və dövlət mediasından, həmçinin sosial mediadan yerli və beynəlxalq miqyasda faydalanaraq vəziyyəti nəzarətə götürürlər. Onların bu cəhdləri nə dərəcədə səmərəlidir?

Christopher Walker:
Bəli, bu doğrudan da elə bir sahədir ki, adı çəkilən rejimlər bu sahəyə külli miqdarda vəsait xərcləyir və bir çox hallarda özlərinə ayaqyeri edə bilirlər. Odur ki, biz dövlət mediasındakı mənzərəyə baxsaq, bütün adını çəkdiyimiz ölkələrin daxilində yerli cəmiyyət üzərində elə dövlət mediasının hegemon mövqeyə malik olduğunu görərik.

Heyrətamizdir ki, öz sərhədləri içərisində ideyalar axınına nəzarətə can atan ölkələr öz sərhədlərindən xaricdəki ideyalar bazarında iştiraka da eyni səylə can atırlar.

Lakin bu, çox hallarda çox qeyri-azad bir formada baş verir. Əgər Rusiyadan, Russia Today və onun kimi Rusiya dövlətinin təbliğatı üçün yaradılmış başqa təşkilatlardan və media qurumlarından başlasaq, deməliyik ki, bunlar son illərdə çox böyük əmək və qüvvə tələb edib. Bu ölkələr belə qurumlara böyük əhəmiyyət verib, geniş vəsaitlər ayırıblar. Beləliklə, indi söhbət Rusiyanın sərhədlərindən kənardakı auditoriyaya təsir göstərilməsindən gedir.

Russia Today-in kifayət qədər diqqət çəkməyə nail olduğu təkcə ingilisdilli ölkələr deyil. Daha önəmlisi budur ki, belə təsir hazırda ideyalar rəqabətinə meydan olan regionlara da edilir.

Rusiya öz ideologiyasını ərəb və ispan dillərində də müntəzəm qaydada xaricə yönəldir.

Çinin CCTV kanalı öz materiallarını ən müxtəlif regionlara yayır. CCTV Afrikasında da öz ideologiyasını bütün qitəyə yaymaq cəhdləri edir.

Və bütün bunlar elə bir vaxtda baş verir ki, başqa demokratiyayönlü media kiçilir və geriləyir. Çox ciddi suallar yaranır: necə olur ki, öz daxillərində bu qədər repressiv və qeyri-azad olan ölkələrin mediası həqiqi media üzərində üstünlük qazana bilir.

AzadlıqRadiosu:
Elə isə müzakirə etdiyimiz bu məsələlərə necə reaksiya verilməlidir? Demokratik dövlətlər Rusiya, İran və başqa ölkələrin repressiv metodlarına necə reaksiya göstərməlidirlər?

Christopher Walker:
Bu müəyyən mənada çox çətin dövr olub, çünki demokratiyaların özlərinin də üzləşdikləri ciddi problemlər var. Lakin bu problemlər, demokratiyaların öz dəyərləri və standartları barədə aydın səslə danışmalarına mane olmamalıdır.

Düşünmürəm ki, öz səhvlərini etiraf edən demokratiyalar düz hərəkət etmirlər. Demokratiyaların səhvləri olur.

Lakin bu arada baş verən budur ki, demokratiyaların səsləri son illərdə daha az inamlı və daha az birbaşa olub. Demokratiyalar üçün ən azı daha səmimi danışmaları və insan haqları standartlarına ehtiram edilməsi ehtiyacı barədə daha açıq olmaları faydalı olardı.

Onlar, həmçinin, məsələn, bizim haqqında danışdığımız ölkələrdə, media sistemlərinin güclü məhdudiyyətlərinə diqqət yetirməlidirlər. Çünki daxildə bu sayaq son dərəcə dərin repressiv media sistemlərinə malik ölkələrin, öz sərhədlərindən kənardakı media bazarında iştirak üçün bu qədər can atması arasında böyük bir uyğunsuzluq var. Bu məsələyə çox diqqətlə yanaşılmalıdır.
XS
SM
MD
LG