Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:14

Barroso Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb


Arxiv fotosu. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso (solda) Bakıda prezident İlham Əliyevlə görüş zamanı. 13 yanvar 2011
Arxiv fotosu. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso (solda) Bakıda prezident İlham Əliyevlə görüş zamanı. 13 yanvar 2011
Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso iyunun 14-də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə ifadə azadlığı da daxil olmaqla, fundamental azadlıqların vəziyyəti haqqında da danışılıb.

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus da Avropa Komissiyasının sədri Jose Manuel Borroso ilə görüşüb.

“Avtoritar rejim rəhbərlərinin bu cür çıxışları təbiidir. Onlara həmişə bu cür görüşlərdə qaraya ağ deyə bilirlər”.

Hüquq müdafiəçisi AzadlıqRadiosuna deyib ki, o, Borrosoya son vaxtlar Azərbaycanda hakimiyyətin opponentlərinə qarşı repressiyaları gücləndirməsi barədə məlumat verib.

Sülh və Demokratiya İnstitunun yanında yaradılmış Repressiyalara Müqavimət Mərkəzi ilk müraciətini də Avropa Komissiyasının sədrinə təqdim edib.
Leyla Yunus
Leyla Yunus


Həmin müraciətdə deyilir ki, “ABŞ və Avropa Birliyinin diqqətini özünə cəlb edən Ukrayna hadisələri avtoritar Əliyev rejiminə ölkədə qalan müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarının tam məhvinə başlamasına imkan yaradıb. Azərbaycanda 130 nəfər siyasi repressiya qurbanı var. Onlardan 40-ı “vicdan məhbusu”, 90-ı siyasi məhbusdur.

Vicdan məhbusları” arasında 11 jurnalist və bloger, 4 hüquq müdafiəçisi, 11 gənc fəal var. Onların əksəriyyəti ABŞ və Avropa Birliyi ölkələrində təhsil alıb, 2 nəfər qərbyönlü müxalifət lideri, 12 nəfər dindardır”.

Repressiyalara Müqavimət Mərkəzi avtoritar Əliyev rejiminin siyasi repressiyalarının qurbanlarının dərhal azadlığa buraxılmasını, cinayət işlərinin saxtalaşdırılmasında və işğəncələrdə iştirak edən prokurorluq, DİN, MTN əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını, siyasi motivli hökmlər çıxaranların məhkəmə heyətindən kənarlaşdırılmasını tələb edir.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov isə Avropa Komissiyası sədrindən İlham Əliyevlə görüşündə həbsdə olan jurnalistlər və bloqqerlər, media qanunvericiliyində islahatlar məsələsini qaldırmağı xahiş edib.

«Görüşdə internet azadlığı sahəsindəki mövcud durumdan da ətraflı danışıldı. Avropa Birliyi və Barroso-nun kabineti fundamental azadlıları diqqətdə saxlayırlar. İnsan haqlarına hörmət, demokratiya sahəsində islahatlar və vətəndaş cəmiyyətini rolunun artırılması məsələləri onlar üçün prioritetdir» - deyə Emin Hüseynov əlavə edib.

Emin Hüseynov ölkədə insan haqlarının vəziyyəti barədə Jose Manuel Barroso-ya ayrıca məktub da ünvanlayıb.

Məktubda Avropa Komissiyasının sədrindən xahiş olunur ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ölkədə insan haqları, ifadə azadlığı sahəsində problemləri qaldırsın və prezidentdən aşağıdakı sahələrdə addımlar atmasını tələb etsin:
Emin Hüseynov
Emin Hüseynov
• İfadə azadlığı hüququndan istifadəyə görə həbs olunmuş jurnalistlər, bloggerlər, hüquq müdafiəçiləri və müxalifət fəalları daxil olmaqla bütün vicdan məhbusları azad edilsin, tənqidçilərin və müxaliflərin həbsi üçün məhkəmələrdən istifadəyə son qoyulsun.

• Azərbaycanda ifadə azadlığına əlverişli şəraitin yaradılması üçün təcili və konkret addımlar atılsın. Jurnalistlərə qarşı zorakılığa görə cəza verilməməsinin bütün formalarına son qoyulsun, baş verən bütün zorakılıq halları lazımınca araşdırılsın və cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun. Məlumat azadlığı qanunvericiliyinə jurnalistlərin və media qurumlarının fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə edilmiş reqressiv dəyişikliklər ləğv edilsin. Diffamasiya ilə bağlı müddəalar Cinayət Məcəlləsindən çıxarılsın.

• Sərbəst toplaşma, birləşmə və din azadlığı hüququna qanunvericilikdə və təcrübədə hörmət edilsin. Toplaşma azadlığı haqqında qanuna edilmiş və icazəsiz nümayişlərin təşkilatçıları və iştirakçıları üçün yüksək məbləğli cərimələr nəzərdə tutan sərt dəyişikliklər ləğv edilsin. QHT haqqında qanuna və digər qanunlara edilmiş və müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran reqressiv dəyişikliklər ləğv edilsin.

• İnsan hüquqları ilə bağlı əsas narahatlıq doğuran məsələlərin müzakirəsi üçün vətəndaş cəmiyyəti ilə dərhal dialoqa başlansın.
Məktubla ətraflı burada tanış ol.

President.az saytının məlumatına görə, Jose Manuel Barroso ilə prezident İlham Əliyevin görüşündə demokratik islahatlar və fundamental azadlıqlar ümzakirə edilib. prezident çıxışında bu mövzuda deyib:
“Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur”.
Barroso-nun Bakıya səfəri zamanı Avropa Birliyinin proqramlarında Azərbaycanın iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi və Birlik, həmçinin də ona üzv olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb.

Avropa Komissiyasının prezidenti Bakıda Səngəçal neft Terminalına və Heydər Əliyev Mərkəzinə baş çəkib. Onun Bakıya səfəri iyunun 14-də başa çatıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG