Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:17

İlham Əliyev demokratiyanın inkişafı üçün islahatların davam edəcəyini deyir


Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda - 27 may 2014
Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda - 27 may 2014
-
Mayın 27-də Bakıda Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Prezident İlham Əliyev mərasimdə çıxışında bildirib ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti 2 il sonra süquta uğrasa da, böyük işlər görüb:

«Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsinə həmişə böyük ehtiramla yanaşır. 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı».

Dövlət başçısı vurğulayıb ki, bundan sonra da demokratiyanın inkişafı, azad cəmiyyətin formalaşması sahəsində islahatlar davam etdiriləcək:

"İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq."

Amma prezident həmin çıxışında müxalifətdə olan partiyalara ittihamlarını da əsirgəməyib:

"Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq..."

Mərasimdə həmçinin 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində bir sıra şəxslərə dövlət mükafatları təqdim edilib:

Oqtay Sadıxzadə - milli təsviri sənətin inkişafında xidmətlərinə görə,
Respublika Günü münasibətilə rəsmi qəbul - 27 may 2014
Respublika Günü münasibətilə rəsmi qəbul - 27 may 2014


Ramiz Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə,

Tofiq Nağıyev – «Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları» monoqrafiyasına görə,

Elmira Axundova – «Heydər Əliyev. Şəxsiyyət və zaman» altıcildlik roman-tədqiqatına görə.

İlham Əliyev həmçinin mayın 27-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

President.az-ın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Prezident İlham Əliyev Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edərkən - 27 may 2014
Prezident İlham Əliyev Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edərkən - 27 may 2014

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 96 illik yubileyidir. Cümhuriyyət 1918-ci il 28 mayda Tbilisi şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. 23 aydan sonra isə Sovet ordusunun müdaxiləsi ilə süqut edib.

Azərbaycanda tənqidçiləri prezident İlham Əliyevi əsası 96 il öncə qoyulan respublikaçılıq ənənələrini pozmaqda günahlandırırlar. Onlar xüsusilə prezidenti ölkəni avtoritar qaydada idarə etməkdə, söz azadlığı və insan haqlarının kobud pozuntularında ittiham edirlər.

Müxalifət partiyaları atasından sonra hakimiyyətə gələn İlham Əliyevin dövründə Azərbaycanın demokratiya sarıdan daha da gerilədiyini deyir.
XS
SM
MD
LG