Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

"Məgər Seyfəddinin yazdığında uyğunsuzluq yoxdur?"


Rasim Qaraca
Rasim Qaraca

Yazıçı Rasim Qaracanın tənqidlərə münasibəti.

-

"Əli Novruzovun fikrinə hörmət edirəm, amma kim deyir ki, nəsr əsəri poetik olmamalıdır..."

"Onlar yazdığım nəsr əsərlərini kölgədə tutmaq üçün nədənsə birdən-birə şeir yaradıcılığımı önə çıxardırlar.

Guya, mənim şeirlərim bunların xoşuna gəlib. Mən 55 yaşıma çatmışam, hələ öz şeirlərim haqqında yaxın çevrədən savayı, heç kəsdən xoş bir söz eşitməmişəm".


"Mətanət Vahidin və Azad Yaşarın yazıları tutarlıydı".


Yazıçı Rasim Qaracanın "On bir gecə” romanının “Oxu zalı”nda müzakirəsi başa çatır. Ənənəmizə uyğun olaraq, əsəri müzakirə edilən yazara sonda tənqidlərə münasibət bildirmək imkanı yaradırıq.


- Qarabağ müharibəsi haqda əsər yazmaq ideyası haradan yarandı? Bildiyim qədəriylə sən Qarabağda müharibədə olmamısınız, bu halda müharibə haqqında yazmaq nə dərəcədə doğrudur?

- Şərif Ağayar kitabım haqqında yazdığı məqalədə maraqlı bir məqama toxunmuşdu, yazmışdı ki, mən də çox hadisə bilirəm, amma onların təqdimetmə formasını tapmaqda çətinlik çəkirəm.

Hər bir yazıçının başına gələn və ya bildiyi çox sayda hadisə var, amma bunun necə təqdim olunması önəmlidir. Məsəlçün, bu hekayələri bir sistemdən kənar ayrı-ayrı hekayələr kimi təqdim etsəydim, inanıram ki, maraqsız alınardı. Nisbətən qeyri-adi bir forma taparaq mən oxucuya danışmaq istədiyim hadisələrə fərqli bir rakursdan baxmağı təklif edirəm, ona vermək istədiyim siqnallar polifonikdir, hansı oxucu hansı siqnalı alır, bu ayrı məsələdir.

Elə oxucu var, erotika axtarır, bu məqamda o, xəyal qırıqlığına uğraya bilər, çünki mənim əsas məramım bu deyil. Əsərdəki digər ana xətlərdən biri mənim patriotik düşüncələrimlə bağlıdır. Qarabağ savaşında bizim 20 mindən çox gənc insanımız həlak olub, indiki nəsil onları demək olar ki unudub, və ya onlara təqdim olunan qəhrəman obrazları reallığa uyğun deyil, daha doğrusu, həlak olanların kimliklərini tam əks elətdirmir.

Sadəcə şəkillərdə, küçə adlarında, filmlərdə, əsərlərdə yalançı obrazları qalıb. Amma onlar real şəxsiyyətlər olublar, cəbhəyə gedənə qədər çoxu ilk sevgini dadıb və ya dadmayıb, - mən öz hekayələrimdə diqqəti buna yönəltmişəm, onların özəl nakam həyatına və inanıram ki bu nakamlıq onların əksəriyyətinə xas olub.

Bir daha diqqəti ona çəkmişəm ki, müharibə çirkindir, müharibədə yaxşı heç nə yoxdur, orda həlak olan gənc insanlar qurban gediblər və onların həyatı yaşanmamış həyatdır. Bu kitabı oxuyan insanlar 20 mindən artıq gənc insanın nakam taleyini düşünməliydi, mənim görüşümcə, müharibə haqqında əsl həqiqətlər həm də döyüşlərdə həlak olanların arxa cəbhədəki taleləri ilə bağlıdır.

Bundan əlavə, bu kitabı yazmaq üçün müharibədə olmaq lazım deyil, çünki kitabdakı hekayələrin əksəriyyəti cəbhə bölgəsindən kənarda baş verir.

- Kitabınızın müzakirəsindən razı qaldınızmı?

- Mənə xüsusi ləzzət etdi müzakirə. İlk dəfədir ki, mənim kitabım belə müzakirə olunurdu. Amma yazılan tənqidlərin ümumi səviyyəsindən razı qalmadım. İstər mənim haqqımda deyilən xoş sözlər olsun, istərsə də mənfi planda deyilən sözlər olsun, məni qane etmədi. Ümumi professionallıq dərəcəsi aşağı idi. Bu müzakirədən sonra əmin oldum ki, bizdə ciddi tənqidçi məktəbi yoxdur, qazanılmış ənənələrdən də bir az geri qalmışıq.

- Roman haqqında müsbət fikirlərdən əlavə çoxlu tənqidlər də var, hamı deyir ki, bu roman deyil, hekayələr silsiləsidir. Bu kitabı nəyinə görə roman adlandırırsız? Dünya ədəbiyyatında belə, hekayələr şəklində yazılmış roman varmı?

- Bu, spesifik bir janrdır. Əlbəttə, dünya ədəbiyyatında belə əsərlər var. Mətanət Vahid öz yazısında belə bir kitabın adını çəkib, “SPA stilində Dekameron” - müəllifi Fey Ueldon. Maraqlıdır ki, mən bu kitabla tanışam. Dekameron stilində yazılmış çox sayda əsərlər və filmlər var. Bunu mən yalnız təqdimetmə forması kimi istifadə etmişəm, məncə, uğurlu alınıb. Bizim şablon hekayəçilik janrında bir yenilik də demək olar.

- Axı romanda, süjet xətti olur, başlanğıc, son olur, ardıcıllıq olur.

- Məsələ burasındadır ki, hər bir yazıçının üslub olaraq öz seçimi olmalıdır, bu, ənənəvi üslublardan fərqələnə də bilər. Məsələn, yazıçı oxucu qarşısında belə neytral suallar qoya bilər, oxucunu düşündürən suallar, elə deyilmi? Roman ilk baxışdan, ilk oxunuşdan oxucunun qarşısında açılmamalıdır. Mən də bu sual işarətlərini həm romanın təqdim edilməsində, süjet xəttində, hadisələrin cərəyan etməsində qoymağa çalışmışam. Əsərdə hər şey real planda təqdim olunur, onu maraqlı etməkdən ötrü müxtəlif priyomlara əl atılıb, oxucu oxuduqca əcəba, əcəba, əcəba deməlidir, mənə görə. Mən bu sözü oxucuya əsər boyunca mümkün qədər dedirtməyə çalışmışam. Məsəlçün suallardan biri budur: Əcəba bu romandırmı? Bu hekayələrdə avtobioqrafik çalarlar varmı? Bir yazar başqalarının həyatına nə qədər nüfuz edə bilər, içərisində olmadığı halda başqalarının həyatını nə qədər əhatəli, detallı təsvir edə bilər? Sovet dövründə sevgililər həqiqətən bu cürmü sevişirdi?

- Bəs başqa nə kimi suallar var burda?

- Biri budur ki, bu hekayələr nə dərəcədə realdır? Gerçəkdən bu, Qarabağ döyüşçülərinin başına gəlib, ya gəlməyib? Bu suala oxucu əsər boyu nə yox deyə bilir, nə hə.

- Roman çıxana qədər sizin “Əyri evin qadını” adlı bir nəsr toplunuz olub. Amma roman çıxandan sonra onu oxuyanların başlıca tənqidi o oldu ki, Rasim Qaraca yaxşı şair idi, amma onda nəsr alınmadı. Bəlkə şair nəsrlə məşğul olmaq istəyəndə uğursuzluğa düçar olur. Məsəlçün, Əli Novruzov öz tənqidində bu haqda yazıb ki, “Kitabı oxuyanda Rasimin yazardan daha çox şair olduğunu düşünürsən”.

- Məsələ burasındadır ki, o adamlar ki, indi mənə yaxşı şair deyirlər, bu, Əli Novruzova aid deyil, onlar bunu əvvəllər heç vaxt deməyiblər. Onlar yazdığım nəsr əsərlərini kölgədə tutmaq üçün nədənsə birdən-birə şeir yaradıcılığımı önə çıxardırlar. Guya, mənim şeirlərim bunların xoşuna gəlib. Mən 55 yaşıma çatmışam, hələ öz şeirlərim haqqında yaxın çevrədən savayı, heç kəsdən xoş bir söz eşitməmişəm. Mən bunu səmimi qəbul etmirəm. Əli Novruzovun fikrinə hörmət edirəm, amma kim deyir ki, nəsr əsəri poetik olmamalıdır, poetizm Bukovskidə də var, Henri Millerdə də var, Dostoyevskidə də var. Bir çox yazarlar elə nəsrlərinin poetizminə görə uğur qazanıblar. Şeirdən nəsrə keçən xeyli şairi misal gətirə bilərəm. Mən ədəbi talantımı eyni dərəcədə şeirdə də, nəsrdə də göstərirəm. İkisini də mən yazıram, ilhamın gəlməyini gözləmirəm, nəşə çəkib yazmıram, ikisində də ağlım başımda, şüurum yerində olur, ona görə mənim baxışımda nəsr də, şeir də bir paydadır.

- Əksər tənqidçilər hekayələrin primitiv süjet xəttində yazıldığını, dilinin həddən artıq bəsit olduğunu və buna görə kitabın bir nəfəsə oxunduğunu deyirlər. Sizcə, bunun səbəbi nədir, vaxt azlığı, ya ədəbi zövqün aşağı olması?

- Mən şeirdə də, nəsrdə də minimalistəm. Məsəlçün, “Birlər” adlı iki-üç misradan ibarət silsilə şeirlərim var. Həmişə çalışıram az sözlə çox şeyi çatdırım. Bu kitabda da o üslubdan istifadə etmişəm. Məsəlçün, Borxesin çox qısa hekayələri var, heç bir təsvirə yol vermədən bir romanın mövzusunu bir səhifəlik, yarım səhifəlik hekayələrdə təqdim edir. Dünya praktikasında bu üsul olduqca yayğındır. Mənə görə əhvalatların bir dəyəri də, onu ekranlaşdırmağın mümkün olub-olmamasıdır. Elə romanlar var ki, ondan bir film düzəltmək mümkün deyil, amma “On bir gecə” kitabındakı hekayələrin ən az doqquzundan film çəkmək olar. Bu, insan taleləridir, orda nə demək mümkündürsə deyilib, daha uzunçuluğa getməmişəm, bu, bilərəkdən edilmiş bir şeydir. Mənim kifayət qədər vaxtım da, qabiliyyətim də olub ki, bunu daha çox uzada bilim sadəcə buna lüzum görməmişəm.

- Kitabdakı hadisələr baş vermə yerinə görə, obrazlara görə tamam fərqlənir. Bunları yazmaq üçün başqa kitablardan, kinolardan ya da müharibəni görmüş adamlardan təsirlənibsinizmi? Məsəlçün, sizin kitab haqda yazmış, Etibar Salmanlı qeyd edir ki, “Nasos stansiyasında işləyən adam”ın hekayəsi Sofinin seçimi (“Sophies Choice”) filmindən plagiatdır.
Rasim Qaraca
Rasim Qaraca

- Kitabda hadisələrin hərəsi bir coğrafiyada baş verir, çalışmışam Azərbaycanın xəritəsini yaradım. Orda başqalarının danışdığı hadisələr də var. Kitabı yazmaq üçün bir il əvvəldən əhvalatları toplamışam, müharibədə olmuş adamlarla söhbət etmişəm. Məsəlçün, orda 300 litr çaxırın tapılıb əsgərlərin arasına gətirilməsini bir nəfər müharibə iştirakçısı danışıb mənə. Yaxud da əsərdə çoxlu postmodern keçidlərdən istifadə etmişəm. Tutaq ki, əvvəldəki hadisəni bir adam, ortadakını başqa adam, axırdakını isə tamam başqa bir adam danışıb. Beləliklə, bir hekayədə üç müxtəlif adamın əhvalatının calağını yaratmışam ("Yol azmış iki nəfər" - Fəxrinin hekayətində olduğu kimi). Etibar Salmanlının iddia etdiyi filmi təəssüf ki, görməmişəm, amma həmin hekayədəki hadisə Hacıqabulda baş verib, mən arvadını öldürmüş həmin adamın məhkəməsində iştirak etmişəm. Həmin vaxt mən rayon qəzetində müxbir işləyirdim.

- Seyfəddin Hüseynli məqaləsində sizin “On bir gecə”də çoxlu məntiq xətalarının olduğunu, ardıcıllığın tez-tez pozulduğunu yazır. Ümumiyyətlə, bu qüsuru əksər tənqidçilər qeyd edir. Bəlkə bunları kitabda hadisələri qeydə almış Kamil Dadaşovun ayağına yazmaq lazımdır?

- Belə qüsurlar ola bilər, amma onlar əsərin ümumi məğzini, təsirini azaltmır, onlar xırda detallardır. Seyfəddin Hüseynlinin tutduğu məntiqi pozuntuları elə də ciddi hesab etmirəm. Məsəlçün, Seyfəddinin tutduğu bir qüsur budur ki, “qız əvvəlcə özü haqqında yalanlar danışır, sonra isə mən deyirəm "özü haqqında danışdığı bu gerçəklər”, vəziyyətdən asılı olaraq bir insan əvvəl özü haqqında yalanlar danışar, sonra özü haqda gerçəkləri deyə bilər. Bu, real həyatda tez-tez olur, bu, qüsur deyil. Məgər Seyfəddinin yazdığında uyğunsuzluq yoxdur? O, əsərdən yazmaq əvəzinə götürüb mənim öz kitabım haqqında hazırladığım karikaturadan yazır, məgər bu, uyğunsuzluq deyil? Ümumiyyətlə, tənqidçilərin çoxu, xüsusilə də Seyfəddin Hüseynli şəxsiyyət mərkəzçidir, onun yazısı daha çox müəllifin şəxsiyyətinə hesablanıb, tənqiddə çox piyadadır, haralardansa bir şeylər oxuyub özünə ədəbi zövq formalaşdırıb, amma bu zövqü çox aşağılardadır.

- Nərgiz Cabbarlı öz məqaləsində yazıb ki, “burda nə Qarabağ var, nə də Dekameron”. Axı doğrudan da kitabda Qarabağ müharibəsindən səhnələr yoxdur, Dekameron isə on gün deməkdirsə əgər, burda söhbətlər on birinci gecədə danışılır.

- Nərgiz Cabbarlı tənqidçi kimi, çox diletantdır, onun yazdıqlarının ədəbiyyata dəxli yoxdur. Kiməsə xoş gəlmək üçün əsəri qaralayır. Necə yəni Qarabağ haqda heç nə yoxdur, hekayələrin biri Qarabağda baş verir, hekayəni danışanlar Qarabağda döyüşdədirlər. Dekameron sözü isə on gün deməkdir və şərti addır. Mən də götürüb on bir gecə ərzində baş verənləri yazmışam. Bir müəllifin bu cür şeylər etməyə haqqı var.

- Bəs, sizcə, daha çox hansı tənqidçi əsəri aça bilib. Tənqidçilərin gözündən qaçan başqa bir şey varmı?


- Mənim ən çox Əli Novruzovun yazısı xoşuma gəldi, yazısında bir oxumuşluq hiss olunur. Mətanət Vahidin və Azad Yaşarın yazıları tutarlıydı. Orda tənqidçilərin gözdən qaçırdığı bir məqam var ki, rus jurnalist Darya Aslamovanın kitabından götürülmüşdü. Darya Aslamova müharibə vaxtı Qarabağa səfər etmiş, orda Azərbaycan əsgərləri ilə qarşılaşmış və 90-cı illərin əvvəllərində bu haqda "Gicbəsər qızın gündəliyi" adlı bir kitab yazmışdı. O kitabda Qarabağa gəlişindən və azərbaycanlı əsgərlərin onu zorlamasından bəhs edirdi. “On bir gecə”nin "Çətini ölənəcəndi" adlı sonuncu hekayəsində Darya Aslamovanın Qarabağa gəlişi başqa bir bucaqdan təsvir olunur. Belə ki, başqa bir əsərdəki hadisəni, artıq mənim hekayəmin qəhrəmanı danışır. Bu, Azərbaycan ədəbiyyatında bir yenilikdir.

"Oxu zalı"nda keçirilmiş bütün roman müzakirələri
XS
SM
MD
LG