Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:29

İ.Əliyev Avropadan xüsusi status istəyir


Ilham Əliyev və Jose Manuel Barroso, 2011
Ilham Əliyev və Jose Manuel Barroso, 2011
Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsselə səfər edir. Səfər zamanı Əliyev Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso, Genişlənmə və Qonşuluq siyasəti komissarı Stefan Fuele və Avropa Şurasının prezidenti Herman Van Rompuy ilə görüşəcək.

Görüşlərdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən enerji sahəsində əməkdaşlıq- Cənub Qaz dəhlizi məsələsi və insan haqları sahəsində islahatların müzakirə edilməsi gözlənilir.


ƏLİYEVİN BRÜSSELDƏN İSTƏDİYİ STATUS

Avropa Birliyinin siyasəti üzərində ixtisaslaşan Avropanın Səsi qəzeti yazır ki, Cənub Dəhlizi ilə bağlı qərarı Azərbaycan və enerji şirkətləri iyunun 28-də açıqlayacaq. Amma artıq indidən Avropaya qaz satmaq müqabilində İlham Əliyev Barrosodan Azərbaycana özəl münasibəti göstərən xüsusi status istəyir - Strateji tərəfdaş statusu. Avropanın səsi iddia edir ki, təklifə görə. Azərbaycan Strateji tərəfdaş statusunda olmaqla 2009-cu ildən qoşulduğu Şərq Tərəfdaşlığı planından çıxa biləcək. Bununla da, Azərbaycan plan çərçivəsində üzərinə götürdüyü insan haqları sahəsində götürdüyü öhdəliklər kimi baş ağrısından qurtula bilər.


HÜQUQ-MÜDAFİƏÇİLƏRİ XÜSUSİ STATUSA QARŞI

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə araşdırmaçısı Giorgi Gogia məsələ ilə bağlı yazır ki, 2009-cu ildən Azərbaycan Şərq tərəfdaşlığı planına qoşulsa da, insan haqları və demokratik islahatlar qarşılığında sərbəst ticarət və viza imkanları yolunda irəliləyiş əldə edə bilməyib. Gogia deyir ki, ildən ilə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşdiyindən indi Əliyevin xüsusi status tələbinə müsbət cavab verilə bilməz.


AVROPA BİRLİYİ AZƏRBAYCAN HAQDA NƏ DÜŞÜNÜR?

May ayında Avropa Parlamentinə yazdığı məktubda Avropa Birliyinin genişlənmə komissarı Stefan Fuele də Azərbaycanın yeni tərəfdaşlıq statusu forması təklifini doğrulamışdı. Ancaq Fuele məktubda yazırdı ki, Avropa Birliyinin xüsusi önəm verdiyi dəyərlər sahəsində Azərbaycan hakimiyyəti islahatlar keçirməyə niyyətli görülmür, əksinə, fundamental insan haqları sahəsində vəziyyət pisləşib.

Üstəlik, Avropa Parlamenti ötən həftə Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid edən qətnamə qəbul elədi, qətnamə real hərəkatının həmsədri İlqar Məmmədovun və başqa siyasi məhbusların azadlığa buraxılmasına çağırırdı.


SƏFƏRDƏN BİR GÜN ÖNCƏYƏ TƏSADÜF EDƏN TƏNQİDİ KONFRANS

İlham Əliyevin səfərindən cəmi bir gün öncə, iyunun 20-də isə Avropa Şurasının İnsan Haqları komissarı Nils Muižnieks Brüsseldə mətbuat konfransı keçirib. Mayın sonunda Bakıya səfəri haqda danışan Muiznieks Azərbaycanda insan haqları sahəsində durumudan narahat olduqlarını bir daha dilə gətirib. Xüsusən də Azərbaycanda söz və özünü ifadə azadlığı, böhtan və təhqirlə bağlı cəzaların ağırlaşması, internetlə bağlı yeni məhdudiyyətlərin tətbiqi, jurnalist və siyasi fəalların qurama ittihamlarla həbsi, sərbəst toplaşmaq azadlığının təmin edilməməsi kimi problemləri qabardıb.

Komissar Azadlıq Radiosuna deyib ki, Azərbaycanın kürü diplomatiyası və bahalı hədiyyələrlə Avropalı deputatları ələ alması kimi iddiaların yayıldığı, Avropanın da Azərbaycanın qaz ehtiyatı üzündən demokratiyanı arxa plana atdığı fikirlərinin səsləndiyi bir vaxtda Əliyevlə görüşəcək Barrosonun ona bir mesaj verməsini istəyərdi.

Muiznieks:

“Mən ümid edərdim ki, Barroso ifadə azadlığı, toplaşmaq azadlığının vacibliyini və Avropa Birliyinin fundamental haqlarının durumunu izlədiyini Əliyevin diqqətinə çatdıracaq. Azərbaycanın Avropa Şurasının üzvü olduğunu və irəliləyişlər etməli olduğunu vurğulayacaq. Bakının mərkəzində kütləvi aksiyalara icazə vermək çətin olmamalıdır, çünki, rəsmilər tərəfindən önə çəkilən tıxac problemləri başqa Avropa ölkələrində də var, amma bu kütləvi aksiyalara mane olmur. Nəyə görə internetdə böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul edilir? Əgər siz eyni vaxtda Venesiya komissiyası ilə ümumiyyətlə diffamasiyanın dekrimanllaşdırılması üçün məsləhətləşmə aparırsınızsa, indiki addımınız təzadlı səslənir. Yəni mesajım belə olardı ki, Azərbaycan Avropa Birliyi ilə münasibətdə etibarlı görünmək üçün irəliləyişlər əldə etməlidir. Özü də seçkiönü dövrdə. Çünki əgər seçkiönü dövrdə bu problemlər davam edəcəksə, bu ümumilikdə prezident seçkilərinin legitimliliyini şübhə altına salacaq".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG