Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Azərbaycanda istehlak zənbili – bir ilə 5 kq balıq, 30 kq ət və ilyarıma 7 cüt corab


Foto: Arxiv
Foto: Arxiv
-
«Dolana bilmirəm. 44 manat ünvanlı sosial yardım alıram. Ailəm 6 nəfərdən ibarətdir. Qaz, işıq, su pullarını çatdıra bilmirəm. 20 manat işıqpulu, 30 manat qazpulu... Necə çatdırım? Bizə qidalanmaq da lazımdır, axı».

Bunu aprelin əvvəlində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun qəbuluna düşməyə çalışan Baba Vüsalov deyirdi. Onun 44 manatdan əlavə gəliri olub-olmadığını bilmirik. Bəs, görəsən, 150 manat alan müəllimin maaşı nəyə çatır? Hər ay nə yeyə, nə geyə və hansı xidmətdən yararlana bilir?

Bütün bu ərzaq, qeyri-ərzaq malları və xidmətlər istehlak səbəti ilə müəyyənləşir. Bu zənbil bir şəxsin ilboyu rahat həyatını təmin edən, onun minimal tələblərini ödəyən mal və xidmətlərdən ibarətdir.

Nazirlər Kabinetinin 2009-cu ilin aprelində təsdiqlədiyi istehlak səbətinin tərkibinə baxaq.

8 İLƏ 3 PALTO, 4 İLƏ 9 KOSTYUM

Beləliklə, əmək qabiliyyətli insan ildə 150 kq çörək, 47 kq-dək kartof, təqribən 96 kq tərəvəz və bostan məhsulları yeyib-tükədir. Bu siyahıya 38 kq meyvə və giləmeyvə, 30 kq ət, 193 kq ağartı, 5 kq balıq, 135 ədəd yumurta, 16 kq şəkər və qənnadı məmulatı da artıra bilərik. Yağ, çay, duz və digər məhsullarda həmçinin (11 kq bitki yağı və digər yağlar, 8 kq kərə yağ, 3.6 kq çay, duz və digər məhsullar).

Doğulandan ta 14 yaşına çatanadək uşaqlar və pensiyaçılar üçün həmin rəqəmlər dəyişir. Məsələn, uşaqlar ildə 98 kq çörək, 25 kq ət və 169 ədəd yumurta yeyir.
Kalori baxımından, çörək ət və balığı da üstələyir. Çörək yemək – günə minimum 2 min 232 kalori almaq deməkdir.

İndi də qeyri-ərzaq – geyim-kecim mallarına baxaq. Əməkqabiliyyətli insan 8 ildə 3 palto tipli üst geyiminə, 4 il 2 ayda 9 kostyum tipli paltara ehtiyac duyur. O, 2 il yarıma 9 alt geyimindən, ilyarıma 7 cüt corabdan, 5 ilə 4 ədəd baş geyimindən – papaq və ya baş örtüyündən, 3 il yarıma 6 cüt ayaqqabıdan yararlanır, 7 ildə 11 yataq dəstindən, ildə 3 məktəb-yazı ləvazimatından, 10 ilkin tələbat və sanitariya əşyasından istifadə edir və dərmanlar işlədir.

Xidmətlərə gəlincə, iş qabiliyyətli insan, eləcə də pensiyaçılar və uşaqlar adambaşına ilə 12 kv.m mənzildə yaşayır, 12 kv.m-lik sahəni qızdırır, ayda 6 kubmetr isti və soyuq su işlədir. Aylıq kanalizasiyanın miqdarı da adambaşına 6 kub metrdir. Bundan başqa ayda 50 kv/s enerjidən yararlanır, ildə 606 dəfə nəqliyyatdan (pensiyaçılar 365, uşaqlar 370) istifadə edirik. Bir ailə üçün mövcud abunə haqqını ortalama ailə sayına bölməklə adambaşına rabitə xərcləri də müəyyənləşdirilir. Bu zaman, sadəcə, aylıq tariflərin müxtəlifliyini nəzərə almaq yetər.

Beləliklə, sözügedən istehlak, yəni yeyib-tükətmə səbətinə dayanaraq yaşayış minimumu hesablanır. 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, ölkə üzrə 116 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.

Qadir İbrahimli
Qadir İbrahimli
Qeyri-hökumət təşkilatlarının göstəriciləri xeyli fərqlidir. Məsələn, İqtisadi Tədqiqatlar Mərkəzi ötən ilin sonunda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyərinin 172.48 manat, pensiyaçılar üçün 154.64 manat, 0-14 yaşlı uşaqlar üçünsə təxminən 210 manat olduğunu açıqlamışdı.

ACINDAN ÖLMƏMƏK SƏBƏTİ?

İqtisadçılar istehlak səbətini yeniləməyə, buraya telekommunikasiya, internet, tibbi xidmət xərclərini daxil etməyə, müasir standartlara uyğunlaşdırmağa çağırırlar.

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli səbətin tərkibi ilə bağlı problemləri vurğulayır:

«Azərbaycan hökuməti hesab edir ki, həmin zənbilə ancaq insanın acından ölməməsi üçün zəruri qida növləri daxildir. Ancaq bu zənbilin təşkilində insanın normal yaşaması üçün vacib xidmətlər – məsələn, ailələrin pullu təhsilə əlçatımlığı da nəzərə alınmalıdır. Ailənin bahalı sosial xidmətlərə əlçatımlığı yoxdursa, o, normal təminatlı deyil, yoxsullar sırasına daxil olmalıdır».

Qadir İbrahimlinin fikrincə, inflyasiyadan asılı olaraq, bu səbətə altı aydan bir yenidən baxıla bilər.

Xatırladaq ki, ötən il qlobal HR məşvərət şirkəti olan «Mercer» 214 şəhərdə həyat səviyyəsinin dəyərini hesablamışdı. Bakı bu siyahıda bir il əvvəlkindən bir pillə irəliləyib 48-ci ölkə olmuşdu.

Dəyərləndirmə 200-dək meyar üzrə – ev, nəqliyyat, ərzaq, geyim, ev əşyası və əyləncə növlərinə görə aparılmışdı. Bütün bunların qiyməti vətəndaşların gəlirlərinə nisbətdə hesablanmışdı. Dəyərləndirməyə görə, məsələn, Tel-Əviv 31-ci pilləni tutmuşdu. Skopye (Makedoniya) Avropada ən ucuz (207) yer sayılmışdı. Şimali Karolina (ABŞ) isə 195-ci yerdə qərarlaşmışdı.

GÜRCÜSTAN, ERMƏNİSTAN VƏ RUSİYA

Bəs qonşu postsovet ölkələrdə əhalinin qazanında nə qaynayır?

Bu ilin əvvəlində Gürcüstanda istehlak səbəti yenilənib. Səbətə 288 adda mal və xidmət salınıb, ancaq demək olar ki, bütün mal və xidmətlər dəyişdirilib. Gürcüstan mediası yazır ki, yerli əhalinin ən çox aldığı ərzaq və alkoqolsuz içkilərdir ki, bu da azgəlirli ölkələr üçün səciyyəvidir.

Yeni siyahıda «Avrostat»ın tövsiyələri nəzərə alınıb.
Tbilisi bazarı
Tbilisi bazarı
Tutalım, maşının 3 dəfə bahalaşması inflyasiya artımı sayılmır, ancaq çörəyin bahalandığını göstərir. Yeniliklərə gəlincə, bir neçə il əvvəl Gürcüstan istehlak səbətində audiokasset vardısa, indi bu siyahıya kompakt-disk salınıb. Kompüterlər çox alındığı üçün siyahıya onlar da artırılıb.

Ermənistanın illik istehlak səbətinə 91 kq çörək, 36 kq ət, 91 kq kartof, 73 kq meyvə, 18 kq şəkər, 182 ədəd yumurta, 7.3 kq bitki yağı, 11 kq balıq, 3.7 kq marqarin daxildir.

Rusiyada bu il yanvarın 1-dən yeni istehlak səbəti qüvvəyə minib və 2018-ci ilədək qüvvədə olacaq. Bu ölkədə əməkqabiliyyətli əhali ilə 100 kq kartof, 114 kq tərəvəz, 60 kq meyvə, 126,5 çörək, 58.6 kq ət, 18.5 kq balıq məhsulu tükədir. Əmək veteranının ildə 21.2 kq şəkərə, pensiyaçınınsa 45 kq meyvəyə ehtiyacı var.

Rusiyada uşaqlarla böyüklərin yemək normasında bəzi gözəçarpan fərqlər də var. Məsələn, uşaqlar ildə azı 118 kq, əməkqabiliyyətli əhali az qala 2 dəfə az – 60 kq meyvə yeməlidir. Yaşlılar 58 kq ət yeməlidirsə, uşaqlar ildə 44 kq-la yetərlənə bilər.

Rusiyada istehlak səbətinin təxminən 50%-i ərzaqdır (Qərbi Avropada bu rəqəm 20%-i aşmır). Orada, adətən, ailə büdcəsinin yarıdan çoxu azuqəyə xərclənir. Aylıq xərclərin 5%-i də mədəniyyətə sərf olunur.

Rusiyada süd məhsullarının – ağartının istehlakı – əməkqabiliyyətli əhali – 290 kq, təqaüdçü – 257 kq, uşaqlar – 360 kq.

Azərbaycanda – əməkqabiliyyətli əhali –194 kq, təqaüdçü – 223 kq, uşaqlar – 247 kq.

ÇÖRƏK AZALDILACAQ, ƏT ARTACAQ, BALIQ...

Azərbaycanda istehlak səbətinin tərkibi yenidən hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Bunu AzadlıqRadiosuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Çingiz Tağıyev açıqlayır:

– Hazırkı istehlak səbətində çörək çox, ət azdır. Yeni tərkibdə azacıq dəqiqləşdirmələr var. Qeyri-ərzaq mallarında isə əsas tələbimiz hər bir malın istifadə müddətinin çoxluğu ilə bağlı idi. Yəni palto, çəkmə, köynək və sairənin istifadə müddətini qısaldırıq.

– Yəni istehlak səbətində çörəyin miqdarı azala, ət arta bilər?

Bakıda ət bazarı
Bakıda ət bazarı
– Hə, dəqiqləşdirmə gedəcək. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi var ki, əhali arasında kökəlmənin qarşısını almaq üçün yağ kimi qidaların miqdarını azaltmaq, meyvə-tərəvəzi əlavə etmək lazımdır. Biz bir az həmin tövsiyələri nəzərə almışıq.

– Bəs balığın miqdarı artırıla bilər?

– Yox, deyəsən, balıq artırılmayacaq.

Çingiz Tağıyevin dediyinə görə, «Yaşayış Minimumu haqqında» Qanun bu hesablamaların orta bazar qiymətinə uyğun aparılmasını nəzərdə tutur. Orta bazar qiyməti yüksək olsa da, indiyədək istehlak səbəti əhalinin ən çox istifadə etdiyi mal və xidmətlərə görə hesablanıb. Yeni səbətdə dəyişikliklər nəzərə alınıb:

«Misal üçün, satışda 50 qəpikdən tutmuş 2 manatadək alma var. Hesablayanda, orta bazar qiyməti 80 qəpik, 1 manat edir. Ən çox istifadə olunan deyəndə isə, 50-70 qəpiklik alma götürürdülər».

Qeyd edək ki, Statistika Komitəsi mal və xidmətlərin 2011-ci il üzrə qiymətləri barədə məlumat verir. Həmin cədvəldə sümüklü mal əti 7 manat 20 qəpik, sümüksüz mal əti 8 manat 70 qəpik, sümüklü qoyun əti 7 manat 60 qəpik göstərilir. Balıq məhsullarından kütüm, sazan, xəşəm 5 manat 87 qəpik, nərə balığı 28 manat 90 qəpik, ağ balıq 16 manat 83 qəpik göstərilib. Meyvələrdən portağalın qiyməti 2 manat 25 qəpikdən, naringi 1 manat 87 qəpikdən, banan 2 manat 64 qəpikdən, alma 1 manat 43 qəpikdən hesablanıb.

Xidmətlərdən bir-ikisinə baxaq – dişin çəkilməsi 4 manat 83 qəpik, dəfn mərasimi üçün çadır kirayəsi 42 manatdır.

Çingiz Tağıyevin bildirdiyinə görə, hazırda əhalinin 73 faizinin 200 manatadək gəliri var. Qüvvədə olan istehlak səbətinə uyğun olaraq, 200 manatın 60-65 faizi yeməyə gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG