Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:23

10 ildə 300 faiz artan ÜDM


Samir Əliyev
Samir Əliyev
-
Prezident İlham Əliyev Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışında deyib ki, son 10 ildə ölkədə Ümumi Daxili Məhsulun artımı 300 faiz təşkil edib və bu, dünyada rekord rəqəmdir.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev AzadlıqRadiosuna bildirir ki, ölkədə ÜDM-nin artımı baş verir, ancaq bu, daha çox neft sektorunun inkişafı hesabınadır:

– Hökumət son vaxtlar qeyri-neft sektorundakı böyüməni xüsusi vurğulayır, məsələn, ötən il neft sektorunda azalma, qeyri-neft sektorunda artım oldu. Qeyri-neft sektorunun hesabına ÜDM də artdı. Mənzərə odur ki, bu gün neft sektoru artır, neft gəlirləri ÜDM-də oturur. Ancaq qeyri-neft sektorunu araşdırsaq, onun özünün də neft sektoruna aid olduğunu görərik. Məsələn, otellər tikilir. Belə baxanda, bu, neft sektoruna aid deyil. Ancaq neft sektorundan əldə olunan pullar hesabına burada yarış keçirilir. Neft pulu olmasa, yarış da keçirilməz, mehmanxana tikilməz, körpülər salınmaz. Neft sektoru tikinti sektorunu, tikinti sektoru da digər xidmət sahələrini inkişaf etdirir. Yəni, bu gün neft sektoru olmasa, Azərbaycanda ÜDM artımından söhbət gedə bilməz.

– ÜDM-nin artımı əhalinin qazancına, cibinə necə təsir göstərir?

– ÜDM ölkə iqtisadiyyatının həcmini göstərir. ÜDM artırsa, deməli, ölkədə istehsal, xidmət artır. Xidmətin artımı o deməkdir ki, iş yerləri açılır. Məsələn, restoran, yaxud mehmanxana şəbəkəsi, ya başqa bir xidmət sahəsi fəaliyyətə başlayır. İstehsal da belədir. Müəssisə açılırsa, istehsal olunan məhsul camaata satılır, tələbat ödənilir, həm iş yerləri açılır, həm də xaricə məhsul göndərilir. Ölkənin tanınması, eləcə də ölkəyə valyuta gətirilməsi baxımından bunun faydası var. Nəzəri cəhətdən belədir. Ancaq praktik baxımdan, Azərbaycanda ixracın 90-95 faizi neftdirsə, büdcənin 80 faizə qədəri neftin hesabına formalaşırsa, deməli, bu ölkədə neftdənkənar iqtisadiyyat yoxdur. Bu halda ÜDM artımının əhalinin həyat səviyyəsinə təsirindən danışa bilmərik. Bu, statistik rəqəmdən başqa bir şey deyil.

– Digər ölkələrdə əsas hansı iqtisadi göstəricilərə üstünlük verilir? Yəni, ÜDM necə bir iqtisadi göstərici sayılır?

– Başqa ölkələrdə hökumətin sosial-iqtisadi addımları iş yerlərinin açılmasına yönəlib. İstər Amerika, istər Avropada prezidentlər yeni iş yerlərinin açılmasından danışırlar. Hər bir ölkə sahibkarlığı stimullaşdırmağa çalışır. Çünki iş yerlərinin açılmasını istəyir. Bu, dövlət büdcəsinə gələn vəsaiti də artırır. Sahibkar qazanır və vergi ödəyir. İnsanların məşğulluğu çoxalır. Onların vergisi hesabına dövlət büdcəsi də artır. İnsanlar işləməyəndə büdcəyə də pul gəlmir, üstəlik, dövlət də məcbur olub işsizlərə pul verir. Bu gün bir sıra iqtisadi yanaşmalar, göstəricilər var ki, onların əsasında ölkə iqtisadiyyatının inkişafından danışmaq olar. Onlardan biri işsizlikdir. Yaxud müxtəlif indekslər var, məsələn, mülkiyyət hüququ, iqtisadi azadlıq indeksləri. ÜDM artımı ABŞ kimi ölkədə vacibdir. O baxımdan ki, ÜDM artımına görə ölkədə tənəzzülün-çöküşün olub-olmadığını müəyyənləşdirilir. Azərbaycan kimi ölkədə isə ÜDM artımı neftin qiymətinin artması hesabına baş verir ki, onun da insanların həyatına təsirindən danışmaq mümkün deyil.
XS
SM
MD
LG